Modern.az

Prezidentliyə namizədlər hansı bölgələrə səfər edəcək? - Onların Naxçıvana getmək fikri yoxdur

Prezidentliyə namizədlər hansı bölgələrə səfər edəcək? - Onların Naxçıvana getmək fikri yoxdur

Ölkə

13 Sentyabr 2013, 13:38

2013-cü il prezident seçkisində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyası (MSK) hələlik 9 nəfərin namizədliyini qeydə alıb. Seçkidə şansını sınamaq istəyən bu şəxslər təbliğat-təşviqat kampaniyasında təkcə paytaxtda deyil, bölgələrdə də öz PR kampaniyasını aparacaq Seçki kampaniyası zamanı namizədlərin regionlara üz tutub əhali ilə canlı ünsiyyətdə olması, onların sözünü və problemlərini dinləməsi, öz platformalarını açıqlaması prezidentlik kürsüsü uğrunda mübarizədə önəmli rol oynayır. Maraqlıdır, görəsən prezident olmaq istəyənlər blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında da təbliğat-təşviqat kompaniyası həyata keçirməyi düşünürmü?

Ümid Partiyasının prezidentliyə namizədi, millət vəkili İqbal Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev Modern.az-a bildirib ki, onlar MSK-dan namizədlərin səfəri ilə bağlı bölgələrdə və Bakıdakı qapalı yerləri müəyyən etməsini gözləyirlər.
“Bundan sonra həmin ərazilərdə seçim aparacağıq”. T. Əliyev əlavə edib ki, kütləvi tədbirləri keçirmək üçün 10-a yaxın yer nəzərdə tutulub. O, MSK-nın siyahısı açıqlanandan sonra Naxçıvanın da planda olub-olmadığının dəqiqləşəcəyini deyib.

BAXCP-nin prezidentliyə namizədi, millət vəkili Qüdrət Həsənquluyev də hələlik səfər edəcəyi bölgələri müəyyənləşdirməyib. Bu barədə partiyanın səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli məlumat verib. Onun sözlərinə görə, bölgələr ardıcıllıqla təyin olunduqdan sonra ayrılan yerlərdə təbliğatla bağlı müzakirələr aparılacaq.
“Yerlərin əlverişlilik dərəcəsini nəzərə alıb ondan sonra qərarımızı verəcəyik. Təbii ki, görüşlər keçirəcəyik, amma bunun hansı bölgədə olacağı tam olaraq bizdən asılı məsələ deyil. Müvafiq dairə seçki komissiyalarına müraciətlər ünvanlanmalıdır və onlar yer ayırıb vaxt müəyyən etdikdən sonra öz proqramımızı tutacağıq”, – deyə E. Mirzəbəyli vurğulayıb.

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş, millət vəkili Zahid Oruc Naxçıvanda təbliğat-təşviqat kampaniyası aparmağı arzu edir.
“Naxçıvan Azərbaycanın mühüm bölgələrindən biridir. Bu ərazi ötən illər ərzində müəyyən bir inkişaf yolu keçib. Lakin ora səfərimiz seçki planlarımızın necə cərəyan etməsindən asılıdır. Hədəflərimizə nail olmaq, öz seçki mesajlarımızı təqdim etmək üçün hansı ərazilərdə görüşlər keçirməyimizdən asılı olacaq”.
Z.Oruc vurğulayıb ki, bu mənada Naxçıvan da onlar üçün çox önəmlidir. O, qeyd edib ki, Azərbaycan dövlətinə və dövlətçiliyinə bağlı insanlar Naxçıvanda yaşadıqlarından onlarla ünsiyyət, görüş əhəmiyyətli olardı. “Amma bu məsələ ilə bağlı hazırkı gündə qəti fikir söyləməyimiz çox çətindir”.

ASDP sədri Araz Əlizadə təbliğat aparacağı bölgələr siyahısında Naxçıvanın olmayacağını vurğulayıb. O, birmənalı olaraq vurğulayıb ki, Naxçıvan müzakirə mövzusu belə deyil.

Müasir Müsavat Partiyası hələlik Naxçıvanda görüş keçirmək barədə düşünmür. Partiyanın prezidentliyə namizədi Hafiz Hacıyev yalnız zərurət yaranacağı təqdirdə Naxçıvana da gedəcəklərini dilə gətirib. “Orada gedib seçicilərlə görüşməyə dəyər”.

Əslən Naxçıvandan (Ordubad) olan Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi, Milli Məclisin deputatı Fərəc Quliyev deyib ki, böyük ehtimalla Naxçıvana getməyəcək. “Çünki coğrafi baxımdan çətinliklərimiz var. Qısa bir zaman ərzində televiziyada çıxışlar, görüşlərimiz olacaq. Ancaq Naxçıvana yəqin ki,  səfər edə bilməyəcəyik”.

Milli Şuranın namizədi Cəmil Həsənlinin seçki qərargahının AXCP-dən təyin olunan rəhbəri Həsən Kərimov bildirib ki, Naxçıvan məsələsində hələlik bir qərara gələ bilməyiblər. “Naxçıvandakı situasiya hamıya bəllidir. Yəqin ki, yaxın vaxtlarda hansı regionlarda görüşlər keçirəcəyimiz müəyyənləşəcək. Həmin səfərlərin qrafikini elan edəcəyik. Ola bilsin ki, Naxçıvan da siyahıda olacaq. Amma oradakı müxalifət namizədlərinin görüşlər keçirməsinə ciddi problemlərin olduğunu da gözəl dərk edirik”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər