Modern.az

Azərbaycanda vəfat edən jurnalist haqqında NEKROLOQ

Azərbaycanda vəfat edən jurnalist haqqında NEKROLOQ

13 Sentyabr 2013, 15:34

Mətbuat Şurası jurnalist Rafiq Niyazi oğlu Sədrəddinovun ölümü ilə bağlı nekroloq yayıb. Modern.az nekroloqu təqdim edir:

Neçə gündür “Kaspi” qəzeti redaksiyasının adi iş ahəngi pozulmuşdu. Hamı tanınmış jurnalist,  siyasət şöbəsinin redaktoru Rafiq Sədrəddinovun səhhətindən nigaranlıqla xəbər gözləyirdi. Halbuki həkimlər sürətlə inkişaf edən xəstəliyin artıq ümid yeri qoymadığını Rafiq müəllimin yaxınlarına, doğmalarına bildirmişdilər. Bu cür amansız diaqnozla xəstənin daha nə qədər ömür sürəcəyini təxmin edən də yoxdu, eyni zamanda onun bu qədər tezliklə dünyasını dəyişəcəyini güman edən də.

Rafiq Niyazi oğlu Sədrəddinov 1945-ci il avqustun 14-də Şəki şəhərində doğulub. Jurnalistikaya 1969-cu ildə “Kimyaçı” qəzetinin məsul katibi olaraq qədəm qoyub. Bir il sonra “Kommunist Sumqaita” qəzetinə ədəbi işçi vəzifəsinə qəbul olunub, sonra redaktor kimi fəaliyyət göstərib.

Rafiq müəllim idman jurnalistikasında da öz sözünü deyib. Müxtəlif illərdə sovet dövrünün məşhur yerli mətbu orqanlarında - “İdman”, «Bakinskiy raboçiy» qəzetlərində çalışıb, habelə Moskvada çıxan “Sovetski sport”, “Qudok” kimi məşhur nəşrlərin Azərbaycan üzrə xüsusi müxbiri işləyib.

İstedadlı həmkarımız 1987-ci ildə SovİKP MK-nın orqanı olan “Pravda” qəzetinin Azərbaycan bölməsinə baş müfəttiş təyin edilib. 1990-cı ildən “Tərəqqi” qəzetinin redaktoru, 1992-ci ildən “Mir futbola” qəzetinin redaktor müavini, 1999-cu ildən isə “Naş vek” qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Son iş yeri “Kaspi” qəzeti olub.

Gözəl ailə başçısı, mehriban ata, peşəkar jurnalist, həqiqi ziyalı, nəcib və təvazökar insan, yüksək mədəniyyət sahibi olan Rafiq Sədrəddinovin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir