Modern.az

“Məhəmməd Əmin Rəsulzadəyə aid olan videoyazılar var”

“Məhəmməd Əmin Rəsulzadəyə aid olan videoyazılar var”

13 Sentyabr 2013, 17:04

“Sən bizimsən, bizimsən, durduqca bədəndə can 
 Yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan” 

Ünlü şair Gültəkinin bu misralarını Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadə 1953-cü ildə “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına müraciətində istifadə etmişdi. O zaman soyuq müharibə dövrü idi və Azərbaycan Xalq Cümhuriyyəti adlı bir dövlət tarixin yaddaşından çoxdan silinmişdi.

Rəsulzadə mühacirətdə olan ziyalılara və təzyiq altında yaşayan həmvətənlərinə məhz, bu yolla müraciət edərək onları yenidən mübarizəyə, mücadiləyə səsləmişdi. Bu audioyazı Rəsulzadənin səsini bizlərə çatdıran yeganə vasitədir. Amma həmin dönəmdə onun bir çox konfranslarda iştirakı və radiolarda çıxışı olmamış deyildir. Təəssüf ki, 60 ildir dövlət radiosunun arxivində saxlanılan bu qısa audioyazıdan savayı M.Ə.Rəsulzadəyə məxsusu heç bir audio və videomaterial əldə olunmayıb.

Modern.az saytı bu məsələ ilə bağlı cumhuriyyət dövrünün araşdırmaçısı, tarix elmləri namizədi Nəsiman Yaqublu ilə əlaqə saxlayıb. Xarici arxivlərdə Rəsulzadəyə aid olan audio və videomaterialların mümkünlüyünü bildirən mütəxəssis bunu araşdırmaq üçün xeyli vəsait lazım olduğunu da qeyd edib:

“Rəsulzadənin 1953-cü ildə “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına müraciətinin audioyazısı var və o da radiomuzun arxivində qorunub saxlanılır. Güman edirəm ki, ona məxsus videogörüntülər də var.  Rəsulzadəyə aid olan yeni audio və videomaterialların əldə edilməsi üçün ciddi araşdırmalar aparılmalıdır. Mən Rəsulzadə irsi ilə bağlı araşdırma apararkən onları  görməmişəm, tapmamışam. Amma o, bir sıra beynəlxalq konfranslarda iştirak edib ki, orda da videoçəkilişləri olub. Sadəcə, arxivlərə gedib saatlarla, günlərlə, aylarla orda araşdırma aparıb o lentlərə baxıb tapmaq lazımdı. Bundan ötrü isə ciddi maliyyə dəstəyi lazımdı. Təəssüflər olsun ki bu cür dəstək hələ ki yoxdu. Mən Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasını çap etdim amma Azərbaycan tərəfdən kimsə maddi dəstək olmadı. Yalnız Rusiyada yaşayan bir-iki dostumuz kömək etdi.  
Bizlərdə görkəmli şəxsiyyətlərin təbliği üçün maddi vəsait sərf etmirlər, biganəlik var. Rəsulzadənin yalnız bir audioyazısı tapılıb və şübhəsiz yenə də var. Axtarış aparılsa, yəqin ki, bir neçə audio və videoyazıları tapıla bilər. Almaniya, Türkiyə, Fransa, Amerikaya gedib orda o işləri görmək olar. Məndə olan məlumata görə Amerikada audio və video materialların arxivləri var ki, Rəsulzadəyə aid orada nəsə tapmaq olar”.

Modern.az saytı Rəsulzadənin 1953-cü ildə “Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına etdiyi audio müraciəti təqdim edir.



Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu