Modern.az

Umud Rəhimoğlu Beynəlxalq Sülh Bürosunun Ali Şurasına üzv qəbul edildi - FOTOLAR

Umud Rəhimoğlu Beynəlxalq Sülh Bürosunun Ali Şurasına üzv qəbul edildi - FOTOLAR

13 Sentyabr 2013, 18:11

O, təşkilatın Stokholmda keçirilən Üçillik Dünya Toplantısında tədbir iştirakçılarına təqdim olunub

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu 13-15 sentyabrda İsveçin paytaxtı Stokholm şəhərində Beynəlxalq Sülh Bürosunun (BSB) Üçillik Dünya Toplantısına qatılıb. Bu mötəbər tədbir zamanı bir qədər əvvəl Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü seçilmiş U.Rəhimoğlu tədbir iştirakçılarına təqdim olunub. U.Rəhimoğlu Beynəlxalq Sülh Bürosunda Qərbi Asiya ölkələri üzrə 18 ölkənin -Azərbaycan, Gürcüstan, Ermənistan, Qatar, Yəmən, Fələstin, Oman, İsrail, İordaniaya, Səudiyyə Ərəbistan, Türkiyə, Kipr,  Livan, Bəhreyn, İraq -  təmsilçisi kimi çıxış edəcək. Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu missiyanı yerinə yetirəcək Azərbaycandan olan ilk QHT-dir. Tədbir ərəfəsində U.Rəhimoğlunun Nüvə Silahları Əleyhinə Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının, Qadın və Sülh Mədəniyyəti cəmiyyəti, Beynəlxalq Sülh Bürosunun, İsveç İnkşaf Agentliyinin rəhbərliyi ilə görüşləri olmuş, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Hər üç ildən bir keçirilən Beynəlxalq Sülh Bürosunun ali yığıncağının bu ilki toplantısında BSB üzvləri və tərəfdaşları qeyri stabil və silahlandırılmış dünyada həyata keçirilən sülhməramlı layihələr barədə müzakirələr aparmaq məqsədilə bir araya gəliblər. Beynəlxalq Sülh Bürosunun bu ilki toplantısında, liderlərin birbaşa müdaxiləsi olan münaqişələrin həlli, sülh quruculuğunun daha perspektivli imkanları və mülki müdafiə yanaşmaları, silahlanma və hərbi xərclərin (1.7 trilyon dollar)  sülh proseslərinə təsiri, Suriya, Əfqanıstan, Yaxın Şərq kimi mövzular barədə ənənəvi  müzakirələr başlayıb. Bu ilki ali toplantıda əsasən qeyri-zorakı strategiyaların tətbiqinə dair təcrübələrin təqdimatı əsasında müzakirələr aparılıb.

Tədbirdə bir çox ölkələrdən tanınmış ictimaiyyət nümayəndələri,  ekspert hüquqşünaslar, ölkə diasporu nümayəndələri, siyasətçilərlə yanaşı, Nobel Sülh mükafatı laureatları Mairead Maguire, jurnalist və Yaxın Şərqlə bağlı ekspert Bitte Hammarqen, insan hüquqlarının müdafiəsi və bəşəri təhlükəsizliyin qorunmasındakı səylərinə görə mükafatlandırılmış Jodi Vilyamsın, bir neçə dəfə Nobel Sülh mükafatına layiq görülmüş Terumi Tanakanın çıxışları xüsusi diqqətlə izlənilib.

Müzakirələr zamanı mötəbər tribunadan cənubi Qafqazda baş verən münaqişələrin yaratdığı çətin vəziyyətdən, qaçqın və məcburi köçkünlərin ağır həyat şəraitindən, münaqişələrin həlli istiqamətində qəbul edilmiş beynəlxalq hüquqi aktların və qətnamələrin icra edilməməsindən, ikili standartların yaratdığı qəbul edilməz status kvodan danışan U.Rəhimoğlu Azərbaycan dövlətinin və hökumətinin daim sülh proeseslərinə dəstək verdiyini, regionda sülhün və sabitliyin qarantı olduğunu bildirib. Tədbirin sonunda Nobel Muzeyində sülhlə mübarizəyə həsr edilmiş 120-dən çox şəkillərin sərgisi və Beynəlxalq Sülh Bürosunun İllik Mak Brayd Sülh mükafatının təqdimetmə mərasiminin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Beynəlxalq Sülh Bürosu Avropadan və Şimali Amerikadan olan Milli Sülh Cəmiyyətlərinin keçirdiyi Beynəlxalq Sülh Bürolarının konstitusiyaları, illik geniş toplantıları nəticəsində 1892-ci ildə təsis edilib. 1901-1982–ci illərdə Büronun 13 əməkdaşı Nobel Sülh Mükafatına layiq görülüb. Büronun özünə isə bu ali mükafat 1910-cu ildə təqdim edilib. MakBrayd Sülh mükafatı isə BCB tərəfindən hər il bir şəxsə və ya təşkilata sülh, tərki-silah və ya insan hüquqları üzrə təqdim edilən xüsusi mükafatdır.








Modern.az
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!