Modern.az

Diktor: “Oxuyur xalq artisti Platin Kazımzadə”

Diktor: “Oxuyur xalq artisti Platin Kazımzadə”

Mədəni̇yyət

13 Sentyabr 2013, 22:26

Bütün televiziyaları izləyirsiniz. Hamısında bu hal mövcuddur. Ona görə də ad çəkməyəcəyəm. Lakin televiziyalardan birinin yubiley günündə efirə çıxan səhər buraxılışında bu məqam daha çox diqqətimi cəlb etdi. Bu yazını yazmağa məcbur oldum. Verilişə qonaq qismində gələn xalq artisti, qocaman diktorlardan birinə növbəti nömrəni təqdim etmək həvalə olundu. O da elan etdi: “Oxuyur xalq artisti “Platin Kazımzadə””. İnsafən onu da etiraf  etdi ki, mən ömrümdə musiqi nömrəsi təqdim etməmişəm. İndi deyəcəksiniz ki, axı burada qəribə nə var ki?.. Qəribəlik yox,  cox böyük qəbahət var.

Gəlin xırda bir araşdırma aparaq. Çox hörmət etdiyim həmin diktorlar televiziya ilə bağlı xatirələrini danışanda bildirdilər ki, Moskva televiziyasında efirə gedəcək materialı diktorlara 10 gün qabaqcadan verirdilər. O da 10 gün hazırlaşır, yazını “özününküləşdirir” və yüksək səviyyədə tamaşaçıya təqdim edirdi.

Televiziya tamaşaçıları üçün aydın olsun deyə bir az xırdalayım: Jurnalist ssenarini yazır. Rejissor, operator, səs rejissoru işıqçı, sürücü ilə birlikdə lazımi videosüjetləri çəkir. Ssenarist həm də diktora videoların təqdimatı  və keçidlər üçün mətn də nəzərdə tutur. Aparıcı üçün 10 nəfərlik bir qrupla studiya çəkilişləri aparılır. Sonra montaj prosesi başlayır. Musiqi tərtibatı və s. Nəhayət ki, ortaya bir veriliş çıxır. Əlbəttə ki, tamaşaçı diktoru görür, onu tanıyır, onu sevir və elə bilir ki, bütün gördüklərini o yaradıb. Ancaq verilişin sonunda 20 nəfərlik yaradıcı heyətin adı titrdə gedəndə hər şey aydınlaşır. Veriliş böyük bir yaradıcı qrupun məhsuludur.

Eyniylə də opera-teatr səhnəsində gedən konsertlərdəki kimi: Tamaşaçı dirijoru, solistləri, aktyorları görür. Sonda məlum olur ki, bəs onların uğurunda orkestrin,  səhnəyə baş əyməyə çıxan rejissorun, işıqçının, bəstəkarın, rəssamın və digərlərinin də böyük əməyi var.

İndi deyəcəksiniz ki, axı “Oxuyur “xalq artisti Platin Kazımzadə”” təqdimatı ilə yazdıqlarımın arasında nə oxşarlıq?

Mahnı da veriliş kimidir. Bir mahnı tamaşaçıya  20-30 nəfərin zəhməti hesabına çatır. Təkcə “Oxuyur Platin Kazımzadə” deməklə biz onların hamısının üstündən xətt çəkirik.

Qocaman diktorumuza  bir xatırlama verim. Yaxud da ki, “diktorum sənə deyirəm, aparıcı sən də eşit”. Sovet dövründə mahnının təqdimatı belə gedirdi:

1-ci mahnının adı. 

2-ci şairin və bəstəkarın adı.

3-cü müğənninin adı.

4-cü müşayiət edən çalğı ansamblının adı.

5-ci xor müşayiət edirsə, onun adı.

6-cı dirijor və  konsertmeystrin adı. 

Bu dolğun bir təqdimatdır. Bu təqdimatlarla Əhsən Dadaşov, Baba Salahov, Gülarə Əliyeva, Vaqif Mustafazadə, Haçı Xanməmmədov, Əfsər Cavanşirov, Rafiq Babayev və digərləri, onların rəhbərlik etdikləri “Qırmızı qərənfil”, “Bənövşə”, “Dan ulduzu”, “Sevil” kimi kollektivlər yaddaşıma həkk olunmuşdu. Əlbəttə ki, o vaxt həm də  televiziya verilişləri proqramlarını oxuyan, konsertlər aparan Rafiq Hüseynov, Şərqiyyə Hüseynova, Ofeliya Sənani, Həqiqət Əsgərzadə, Gülşən Əkbərova, Natəvan Hacıyeva, Nailə İslamzadə, Hicran Hüseynov  kimi diktorların vasitəsilə. Bəs indi nə oldu? Aparıcıların ustad kimi baxdığı qocaman diktora indi nə oldu?

Deyəcəksiniz ki, axı o diktordur, nəyi veriblər, onu da oxuyub ...

Bir tərəfdən də axı diktor və ya adını səriştəsiz, savadsız qoyduğumuz redaktor nə desin? Tutaq ki, mahnının adını dedi, kim bəstələyib - onları da dedi. Gəlib çıxacaq müşayiətə və ya oxuyana.  Nə desin?! Desin ki, müşayiət edir fonoqramma, ağzını açır, yumur filankəs. Yaxud da müşayiət edir minusovka, canlı oxuyur filankəs. Bax burda qocaman diktora tam bəraət qazandırıram. Taqsır onda yox, fonoqrammanı efirə gətirənlərdədir. “Space”in səhər proqramının şənbə - yubiley buraxılışları kimi. Müğənni oxuyur, arxada dayananlar öz söhbətlərindədir. Deyib-gülürlər. Müğənni də özünü cırıb-dağıdır. Amma nədənsə arxadakıların səsi efirə getmir, ancaq mahnı eşidilir. Müğənni də hoppanıb düşür, ona ayrılan vaxtın bitməsini gözləyir. Amma onu da deyim ki, bu da bir məharətdir. İş o yerə çatıb ki, aşıq Əhliman da fonoqramma ilə oxuyur.

Moskva televiziyalarında Polad Bülbüloğlunun yaradıcılıq gecəsini verirdilər. Orkestrin müşayiətilə gözəl ifa. Bir mahnını da xahiş etdilər ondan. Sanki bir anlıq tutuldu. Əvvəlcədən izahın verdi ki, bəs o mahnını minusovka ilə oxumaq məcburiyyətindədir, çünki orkestrdə mahnının notu yoxdur. Üzrxahlıqdan sonra ifa etdi.

Yaxud da ki, klipləri götürək. Necə olur ki, klipin rejissorunu da, operatorunu da, oranjimançını da bəh-bəhlə təqdim edirlər, titrlərini də verirlər, amma mahnını ifa edən musiqiçilər yaddan çıxır? Özü də həmişə, hər yerdə. Görəsən musiqiçilər çalmasa, müğənni nə oxuyar?

Son illər bir söz də dəbə minib. “Canlı musiqi”. Hörmətli kolleqalar görəsən cansız musiqi də var? Əlbəttə ki, deyəcəksiniz ki, var. Onun  adına fonoqramma deyirlər.

Əvvəllər “Xəbərlər” proqramının 17.00 buraxılışında efirdə 2 aparıcı olurdu. Onlardan biri  xəbərləri  təqdim edir, o birisi isə lal və karlar üçün əl-qol ilə subtərcümə edirdi. Fonoqramma ilə oxuyan müğənniləri görəndə nədənsə o yadıma düşür. Sonda aparıcı və diktorlarımıza çıxış yolunu da göstərmək istəyirəm.

Təqdimat belə olmalıdır: “Sən gəlməz oldun”, Musiqisi Ələkbər Tağıyevin, sözləri isə Mədinə Gülgünündür. Müşayiət edir Fonoqramma. Kar və lallara tərcüməni isə təqdim edir estradamızın ulduzu, “xalq artisti Platin Kazımzadə”. Buradan bir sual da doğur: “Görəsən televiziyalarımız musiqinin inkişafına xidmət edir, yoxsa?..”

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub