Modern.az

Qəzəlxan-şair: “Bizim filmdə erotik səhnə yoxdur, qız yalnız üst paltarını soyunur...” - MÜSAHİBƏ

Qəzəlxan-şair: “Bizim filmdə erotik səhnə yoxdur, qız yalnız üst paltarını soyunur...” - MÜSAHİBƏ

14 Sentyabr 2013, 11:11

“Ağsaqqallar dünyasını dəyişəndən sonra o məclislərin ruhu da yox oldu”

Modern.az saytının müsahibi şair, yazıçı, ssenarist Azərbaycan Yazıçılar Birliyinin tərcümə seksiyasının rəhbəri və "Ulduz" jurnalının şöbə müdiri İlqar Fəhmidir.

– Bir deyiminiz var: “Mən qəzəlxanam. Mən ssenari da yazanda qəzəlxanam, pyes də yazanda. Hansı sahəyə getsəm divan ədəbiyyatı mənim içimdədir. Axıra qədər özümü onun adamı hesab edəcəm. Bir qəzəlxan və divan ədəbiyyatının təəssübkeşi kimi qəzəlin hazırda Azərbaycan ədəbiyyatında, poeziyasında yerini harda və necə görürsünüz?

– Bütün klassik sənət növlərinin indiki dövrdə də fəaliyyəti lazımdır. Dövrlə çətini ayaqlaşsa da, bu sənət növləri xalqın mənəviyyatını əks elətdirdiyinə görə, yaşamalıdır, xalq və dövlət tərəfindən qorunmalıdır. Bu baxımdan da şeir, poeziya sənəti sosiallaşmağa başladı, dövrdə baş verən hadisələri əks etdirməyə, daha dinamik olmağa çalışdı. İndi sürət əsridir və daha tez yazıla bilən sənət nümunələrinin meydanı genişdir. Klassik ədəbiyyatın qollarından olan əruz şeiri isə çətin yazılan bir janrdır və zamana adaptasiya olunması bir az gec baş verir. Tutalım, sosial hadisə baş veribsə, onu əruzla əks elətdirmək çətin olacaq. Amma hecada, yaxud ən rahat olan sərbəst şeirdə fərqlidir. Çünki şair içindən keçən ekspressiyaları olduğu kimi daha tez üzə çıxara bilir. Bu baxımdan şeir sənətinin sosiallaşdığı dövrdə əruzun yazılmağının çətinliyi onun ümumi axardan kənarda qalmağına səbəb oldu. Amma bu janr yenə də yaşayır, yenə də gənc nəsillər bu janra müraciət edir, lakin təkrar edirəm ki, hecada və sərbəstdə yazanlardan azdı əruzda yazanlar. Məncə bu təbiidir. Gələcəkdə də yəqin ki belə olacaq, əruzda yazanlar həmişə mövcud olacaq, lakin kəmiyyət etibariylə çox olmayacaqlar.

– Ötən əsrlərdə divan ədəbiyyatı yazarlarının toplaşdığı ədəbi məclislər vardı. İndi belə ədəbi məclislərə rast gəlmək mümkün deyil. Maraqlıdır, siz şair dostlarınızla harda toplaşıb şeir oxuyursunuz?

– Sözün düzü, uşaqlığımız, gəncliyimiz dediyiniz məclislərdə keçib. Bakıda “Məcməüş-Şüəra”, Füzuli ədəbi məclisi vardı, Lənkəranda. ”Fövcül-Füsəra” məclisi fəaliyyət göstərirdi. 90-cı illərin ortalarında belə poetik məclislər çox idi. Son 10 ildə o məclislər bir balaca avazıyıb. 2000-ci illərin ortalarında qədər ədəbi məclislərin yığılmamasının səbəbini internetin üzə çıxmasında görürəm. Sosial şəbəkələr çıxandan sonra şairlərin bir araya gəlib məclis təşkil etməsinə ehtiyac qalmadı. Ədəbi məclislər zamanla ayaqlaşma mexanizmini itirdiyi üçün onlara ehtiyac da qalmadı. Şeir isə həmişə var. Sadəcə oxucuya çatdırılma vasitələri artıq müasirləşib. Əvvəllər məclislərin başında ağsaqqallar dururdu. Məsələn, Hacı Mailin məclislərində toplaşırdıq. Amma ağsaqqallar dünyasını dəyişəndən sonra o məclislərin ruhu da yox oldu.

– Özünü modernist, postmodernist ədəbiyyatçı adlandıranların çoxunun saytları, bloqları, Facebook səhifələri var. Bəs qəzəlxanlar özünü oxuculara təqdim etmək üçün nədən istifadə edir?

– İndi biz də saytların, sosial şəbəkələrin istifadəçisiyik. Buna görə də yazılarımız sosial şəbəkələrdə daha sürətlə yayılır və oxunur. Düşünürəm ki, bu qədər oxuma vasitələri olduğu halda sayt açmağa ehtiyac qalmır. Bu məsələlərdə bir az tənbəl olsam da, düşünürəm ki, bəlkə də lazımdır. Çünki sosial şəbəkələrdə daha çox yeni əsərlər yerləşdirirəm. Amma köhnə arxivimi saxlamaq və açıq şəklə gətirmək üçün fərdi sayta ehtiyac var.

– “Qəzəl janrı” dedikdə ağla ilk gələn mürəkkəb ərəb-fars tərkibləridir. Sizin qəzəllərinizi oxuyanda isə ərəb-fars sözlərindən az istifadə etdiyiniz görünür.

– Yanaşmalar müxtəlifdir. Kimlərsə hesab edir ki, əruzun dilini sadələşdirsə onun ağırlığı azalacaq. Bir neçə şairlərimiz var ki, vaxtilə əruzu sadələşdirmək bayrağı qaldırmışdılar. Məsələn, şair Şahin Fazil qəzəl dilinin sadələşdirilməsinin ilk bayraqdarlarından idi. Onların şeiriyyətində poetik dəyərlər çox aşağı düşürdü. O cəhətdən başqa şairlərin çoxu əruzu sadələşdirməkdən qorxurdu. Mən isə əvvəldən qarşıma məqsəd qoydum ki sadələşdirim, amma ağırlığı itməsin, emosional təsiri azalmasın. Sizə deyim ki, bu böyük əziyyət bahasına başa gəlib. Şeirin strukturu qalmaqla, əruzun dili bir az yüngülləşdirilməlidir.

– Ərəb-fars tərkibli sözlərdən birdəfəlik imtina etmək mümkündürmü?

– Müasir dünyanın, müasir düşüncənin insanı sərbəst şeir oxuyursa, əruzu da başa düşməlidir.

Orta məktəb dərsliklərimizə nəzər salanda yenə də divan ədəbiyyatında Nəsimi, Füzuli tədris olunur. Sizcə, niyə müasir qəzəlxanlarımız dərsliklərə salınmır? 

– Orta məktəb dərsliklərinə nəyisə salmaq olduqca müşkül məsələdir. Təəssüflər olsun ki, ali məktəb dərsliklərində bir tək mənim materialım gedir, qəzəllərim tədris olunur. Çoxları deyir ki, sənin yaradıcılığın kinodan tutmuş şeirə qədər genişdir. Mənə elə gəlir ki, hələ də müasir divan ədəbiyyatı nümayəndələrinə lazımi münasibət yoxdur. Məncə, müasir dövrdə muğama necə dövlət qayğısı varsa, klassik ədəbiyyata da elə qayğı göstərmək lazımdır. Çox vaxt muğam oxuyanlarımız təkrar-təkrar eyni qəzəlləri oxuyurlar. Demirik ki, klassikləri oxumasınlar, oxusunlar, amma müasir qəzəlləri də oxusunlar. Əslində, Füzulinin qəzəllərinin də hamısını oxumurlar. Muğam oxuyanlarımız bir az tənbəldirlər. Füzulunun yalnız bir neçə qəzəlini bilirlər. Ona görə də bizim şairlər xanəndələrdən incikdir.

– Füzulidən söz düşmüşkən, Milli Məclisdə millət vəkili Siyavuş Novruzov çıxışlarının birində “Nə vaxtacan Füzulidən dissertasiya yazılacaq!?” deyə dad edirdi. Sizcə, düz deyir, Füzulini rahat buraxmaq lazımdır? Yoxsa Füzulu doğrudan da dibsiz quyudur, araşdırdıqca tükənmək bilmir?

–Mənə elə gəlir ki, Nizami, Füzuli haqqında lazım olan qədər yazılmayıb. Əslində, qəribə konteks var. Yazılan yazıya qiymət verən adam müasir ədəbiyyatı oxumur. Ona görə də müasir ədəbiyyatdan elmi iş yazmaq üçün mövzu verilmir. Xətirlərinə də dəysə deyəcəyəm. Elm sahəsi üzrə çalışan adamlar müasir ədəbiyyatı izləmirlər. “İndikilər zəifdir, Hüseyn Cavid, Füzuli olan yerdə müasirləri niyə oxumalıyam?!”-deyirlər.

– Sovet dövründə klassik şairlərin işlətdikləri ərəb-fars tərkibli ifadələrin izahlı lüğətləri əks olunurdu. Amma həmin lüğətlərə bəs deyən qədər yanlışlıqlar var.

– O, ədəbiyyat Şərq düşüncə tərzinə, İslam dininə söykənirdi. Amma sovet dövləti Nəsimi və Füzuli bizə ateist kimi təqdim edirdi. Klassik ədəbiyyatı tam silmək heysiyyətə toxunar deyə, onu təhrif olunmuş şəkildə xalqa çatdırırdılar. Məsələn, Füzuli sırf qadın gözəlliyini vəsf edən şair kimi təqdim olunub. Halbuki Füzulidə başdan-ayağa ürfandır.

– Son ssenarilərinizdən biri olan “Dərvişin qeydləri” filminin təqdimatı oldu. Bəs “Polkovnikin xəzinəsi” filmi nə vaxt ekrana çıxacaq?

– “Polkovnikin xəzinəsi”nin təqdimatı haqqında danışmaq hələ tezdir. Çünki filmin çəkilişləri  indi də davam edir. Paralel olaraq ssenarim əsasında serial çəkilişləri də gedir. Çox böyük həvəslə gözlədiyim “Çaqqal nəfəsi” serialıdır ki, rejissoru Babək Şirinsefətdir. Bu serial kino üslubunda olan bir serialdır. “Kaspi Qlobal” şirkətində çəkilir, baş prodüser Şamxal Həsənli montaj işlərini qurtaran kimi yəqin, filmi efirə verəcək.

– “Dərvişin qeydləri” filminin rejissoru Eldar Quliyev filmə ayrılmış büdcəni açıqlamaqdan imtina edir. Bəs yazdığınız ssenarilərə görə aldığınız qonorarı açıqlamaqdan imtina etməyəcəksiniz ki?

– Niyə deməkdən imtina etməliyəm ki?! Ssenarist qonorarı on dörd min manatdır. Onlardan da vergi-filan çıxılanda on mindən bir az çox qalır. O da ssenari müəllifləri arasında bölünür.

– Sizi qəzəlxan kimi tanıyırıq. Qəzəl təəssübkeşləri ağəır oturub batman gələn adamlardı. Amma ssenari müəllifi olduğunuz “Aktrisa” filmində erotik səhnə görənlər var. Bu necə olub, şair?

– Mən o filmdə erotik səhnə görmürəm. Həmin filmin yalnız bir yerində qız üst paltarını soyunub xələt geyir. Filmdə o rolda da belorus əsilli aktrisa Alesya Kaçer çəkilib.

– Nə yaxşı ki, bu filmdə azərbaycanlı aktrisa tapmadınız çəkməyə...

– Düzü o işləri rejissor həll edir, mən rejissor işinə qarışmıram, amma belə hiss elədim ki, bizim aktrisaların oyunundakı teatrallıq onları qane eləmədi. Bu sırf rejissor sənətinə aid incəliklərdir, mən çox dərinə gedə bilmərəm, mənim sahəm deyil. Bəlkə də başqa səbəblər olub. Bilmirəm, amma bildiyim odur ki, bizim aktrisalardan çoxu o filmdə baş rola çəkilməyə həvəsli idilər.

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir