Modern.az

Kodların məxfi dili

Kodların məxfi dili

Ədəbi̇yyat

14 Sentyabr 2013, 17:29

(esse)

Müəllim şagirdinə çölləri gəzməkdən usanmayan müdrik, dərvişvari  həyat tərzi keçirən nurani bir insandan danışırdı. O insanın bütün gizli qalan şifrələrin dilini bilməsi şagirdin heyrətinə səbəb oldu. Səbir etməyib müəlliminin sözünü kəsdi:

- Müəllim, anlaşılır ki, nurani insan keçdiyi kimsəsiz çölləri, ucu görünməyən yolları qət edərkən həmin şifrələrdən istifadə edib. Məgər onlar açılmasaydı, qoca bu yolları gedə bilməzdi?

Şagirdin sualına gülümsünən müəllim tərəddüd etmədən cavaba keçdi.

- Oğlum, xoşbəxtlik insanla daim paralel addımlayan, onunla çiyinbəçiyinə hərəkət edən bir məfhumdur. Lakin biz onu görmürük, daha doğrusu onu dərk etməkdə xaliyik. Çünki nisbi bir anlayış olan xoşbəxtlik gizli bir kod şəklində ətrafda gördüyümüz cisimlərin və seyr etdiyimiz hadisələrin daxilində cəmlənib. Fərqi yoxdur, həmin hadisə bədbəxt sonluqla bitə bilər, amma onun mahiyyətindəki xoşbəxtlik gizli bir şifrələrlə örtülmüşdür. Sufi babalarının əsrlər öncə gəldiyi qənaət  bu gün elm tərəfindən tam olaraq sübuta yetirilib. Həmin elmi fakt budur - bütün kainat kosmik kod vasitəsilə yazılmış məlumatdır. Onlar əsrlər öncə kainatın Allahın hikmətlərini özündə gəzdirən bir məfhum olduğunu demişdilər. Kainatın quruluşundakı  mexaniki hadisələr insan daxilində və xaricində cərəyan etdiyindən ondakı bütün baş verənləri insandakı bütün yaşantılarla uyğunlaşdırmaq mümkündür. Mükəmməl bir kod sistemi ilə haşiyələnmiş insan bu gizli nəsnələri aça-aça Xaliqinə daha da yaxınlaşır, səyyahı olduğu yolları daha  asan qət edə bilir. İndi anladınmı qoca müdrikin gizli şifrələri açması müasir insana nə kimi yardım edə bilər?

Hələ də püxtələşməmiş şagird gözlərini döyə-döyə müəllimin üzünə baxdı. Təmkinini pozmayan aqil yenə də nəyisə izah etməyə başladı:

 - Oğlum, həmin qoca bilirsənmi harda səyahət edir?

- Müəllim bayaq özünüz dediniz ki, çöllərdə səyahət edir.

- Yaxşı, bəs çöl nədir?

- .............

- Oğlum , sən ətrafında insanları, əşyaları, canlıları görmürsən? Sən onların timsalında gizli ilahi aləmin özünəməxsus kod sistemini, bir növ DNK-nı  gözdən keçirirsən. Sufi babalar toxuduqları xalçaların üzərində, çəkdikləri nəbati rəsmlərin üstündə, yazdıqları sözün altında, ifa etdikləri musiqinin, rəqsin daxilində bu kodları qoruyub saxladılar və bütün çətinliklərə baxmayaraq onları bizlərə ötürməyə müyəssər oldular. Mən bu şifrələrdən cəmi 2-ni sənə açım. Sən də bundan sonra öz sualına özün cavab ver.

Sufi babalardan Nəsiminin
 
Yeddi əvvəl , yeddi axır,
Yeddi göydür, yeddi yer.

kəlamı bu gün fəlsəfə, psixologiya, astronomiya, fizika və digər elmləri özündə birləşdirir. Meqaaləm olan kainatda göyün yeddi qatı olduğu kimi, mikroaləm insanda da mənəvi inkişaf sferalarının sayı məhz yeddiyə bərabərdir. Qədim hind fəlsəfəsində Ümumdünya İdrakına və Ali Şüura qədər gediləcək yollar yeddi mərhələyə bölünüb. O da aydındır ki, Ümumdünya İdrakı məhz insanın öz daxilində yerləşdiyindən, o yalnız ruhunda kod halında gizlətdiyi bu yeddiliyi aşaraq öz xoşbəxtliyinə qovuşa bilər. Deməli, xoşbəxtlik həqiqətən də bizdən çox uzaqda deyil. O yolumuzun üstünədir, lakin ona çatmaqdan ötrü biz həmin müdrik qoca kimi kodların dilini bilməliyik. Yolumuzun üstündəki yeddi məqamı biz həftənin yeddi günü ilə, musiqinin yeddi notu ilə, əsas rəng çalarlarının , atmosfer təbəqəsinin yeddi olması ilə və bütün bunların sonunda yeddinin müqəddəs rəqəm olma faktı ilə əlaqələndirsək, həqiqətən şifrələrin açmasının bizdən ötrü necə də lazımlı olduğunun fərqinə vararıq. İnsan daxilindəki yeddi lətif çarxın hər biri  enerji dalğalarının müəyyən tezliyi ilə əlaqədardır. İnsanın müəyyən məqama çatması o məqama uyğun olaraq topladığı enerjinin səviyyəsindən asılıdır. Həmin enerji isə bəsirət gözünün açılması və kodların sübut olunmasından asılı olaraq dəyişə bilir. Bir az Şeyx Nizamidən danışım sənə. Şeyxin “Yeddi gözəl” poeması başdan–başa yeddi məfhumunun şifrə kimi açılması üzərində cərəyan edir. Burda yeganə insan obrazı olan Bəhram şahın yeddi gözəli əslində yeddi xanım kimi qəbul olunmamalıdır. Burada yeddi gözəl Bəhramın bir-bir keçdiyi 7 mənəvi inkişaf qatlarının obrazlaşdırılmış nümunələridir. Onun “Sənsiz “rədifli qəzəlinə fikir verək. Orda deyilir:                            

 Hər gecəm oldu kədər, qüssə, fəlakət Sənsiz.
 Hər nəfəs çəkdim hədər, getdi o saət Sənsiz.

Burada söhbətin nədən getdiyini anlayırsanmı? Burda “gecə” sutkanın yarısı yox, insan daxili aləminin, psixoloji məqamının qaranlıq məqamını göstərir. Böyük Şeyx o məqamdan çıxa bilmir, o Sən dediyi qüvvəyə yəni İlahi məqamın astanasına qədəm qoya bilmir. Odur ki, aşiqin həyatı, hər saatı bir növ əzab-əziyyətlə keçir. Oğlum, bayaq səndən soruşdum ki, müdrik qoca harda səyahət edir. Çöllərdə gəzir cavabını verdin. Amma o çölün məhz öz daxili aləminin, sənin timsalında əksər adamların ruhi aləmi olduğunu anlamadın. Anlamadın ki, ruhun o çöl kimi boşdur. Nə yaxşı ki, o qoca kimi müdrik adamlar həmin ruhda gəzirlər və açdığı şifrələrlə oranı gözəlləşdirirlər. O qoca bilirsənmi kim idi?

- Xeyr, bilmirəm.

- O, Şeyx Nizami idi...

Şagird duruxdu. Nə deyəcəyini bilmədi, sonra bütün gücünü toplayaraq:

- Şeyx Nizami həqiqətən də böyük koddur...

Cavabında isə ancaq müəllimin mehriban gülüşünü gördü....                

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır