Modern.az

AYB, bəsdir də... ayıbdır axı...

AYB, bəsdir də... ayıbdır axı...

Ədəbi̇yyat

14 Sentyabr 2013, 21:41

-  AYB. Mən nə qədər bu təşkilatın fəaliyyətiylə yaxından maraqlanıram, yenə də mənə qaranlıq qalır. Rəhbərliyi nə işlə məşğuldur? Məramı nədir, məqsədi nə? Niyə gəncləri irəli çəkirlər, parladırlar. Amma yaşlı, istedadlı adamların irəli çıxmasına imkan vermirlər. Bu qədər pul qazanırlar. Qazanmırlar e, qırırlar. Amma yenə də  gözləri doymur. Hər il 3-4 istedadlını, bəlkə də gələcəyin sənətkarını qapı arxasında qoyurlar. Nədi-nədi üzvlük haqqını ödəməyib. Bununla da AYB-nin rəhbərliyi gözə.., gözə yox, gözlərə kül üfürmək istəyir ki, guya üzvlük haqqı ilə dolanır. Bəs KİV-də, televiziya kanallarında camaat üçün çıxartdığınız şoular Sizə bəs eləmir, ay AYB rəhbərliyi. Hətta Aygün Kazımova, Röya, üstə gəl 10 estrada ulduzu belə, Sizin göstərdiyiniz şoulara həsəd apara bilər. Haram olsun gəzdiyiniz “BMV”lər Sizə. Axı, Sizə bu yaraşmaz. Çünki qədim təşkilatsınız. Yaşınız da ki, səhv etmirəmsə 60-ı çoxdan keçib. Amma saqqalınızdan utanmırsınız. Üzvlük haqqı almayanda ağlayırsınız. Həmən təşkilatdan çıxarırsınız. Bəs seçim edəndə yığdığınız pullardan niyə danışmırsınız? Hətta qoluboylara rəğbətinizi də açıq-aşkar ifadə edirsiniz.İlk olaraq onlara yol açırsınız ki, “buyurun istedadınızı nümayiş etdirin”. Bir sözlə AYB və onun rəhbərliyi Sizə ayıb olsun. Adınızı “istedad axtaran” qoymusunuz. Amma əslində pul yığmaqla, büdcənizi talamaqla məşğulsunuz. Balaca bir kitabçanı, şəkli qiymətindən beş qat artığına sırıyırsınız. Bəlkə bəsdir, dayanasınız! İstefa verəsiniz! Yeniləri gəlib yenilik etsinlər. Qoy hamıya yol açılsın. AYB və onun rəhbərliyi...

- Mahir, ay Mahir bəsdir də.... Qurtar da Azərbaycan Yazıçılar Birliyinin qarasına danışmaqla. Sözün var konkret de. Ad çək. Yoxsa ki, yenə də başlamısan qırıldatmağa. Bilmirəm... bəlkə də böhtan atmağa. Sözün var söz de də...

- Nə Yazıçılar Birliyi, Yazıçılar Birliyi salımısan. Mən heç onun adın çəkdim? Mən AYB dedim.

-  Bəs AYB nə deməkdir ki...

-  AYB, yəni Avropa Yayım Birliyi. “Avroviziya”nı keçirən təşkilat. Keçən il türk qardaşlarımız üzvlük haqqı vermədilər. O saat onları yarışdan uzaqlaşdırdılar. Nəinki seçim turuna, məşq prosesinə də biletləri baha qiymətə satdılar. Azərbaycanda qəttəzə BMV-lərdə gəzdilər. Reklamdan pul yedilər. Hələ bu azmış kimi hər il qoluboyların paradını keçirib turist də cəlb edirlər. Bütün bunlardan gələn gəlir bəs eləmir onlara?

-  Sən Allah bağışla. Mən də sən AYB deyəndə bizim AYB-ni nəzərdə tutduğunu anlamışdım. Amma düz deyirsən e... bu nə addır? Bu təşkilatın anadan olanda adı Azərbaycan Yazıçılar İttifaqı deyildi? Kim bunu dəyişdirdi axı.

-  Vallah, birliyin saytını on dəfə ələk–fələk etmişəm. Tapmamışam adının nə vaxt dəyişdirilməsini. Kim tərəfindən dəyişdirilməsini. Bax mən sənə bir bənzətmə deyim. Sən anadan olanda adını Məmmədqulu qoyurlar. Atan, anan, əmin, dayın öləndən sonra isə  dəyişdirib Fırtışqulu etsələr xoşuna gələr?

-  Əlbəttə yox. AYB doğurdan da ayıb səslənir. Yəqin ki, İttifaqı Birlik edənlər növbəti qurultayda xələflərinin onlara qoyub getdiyi mirasın adına hökmən qayıdarlar –necə təhvil alıblarsa, eləcə də sələflərinə təslim edərlər. Şan-şöhrətin deyə bilmərəm, heç olmasa adını -  Azərbaycan Yazıçılar İttifaqını qaytararlar.

-  Düz deyirsən, çox möhtəşəm səslənir- Azərbaycan Yazıçılar İttifaqı.

-  Həm də əzəli, qədimi, tarixi.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!