Modern.az

«Nə qədər dolandım Turan elini»

«Nə qədər dolandım Turan elini»

Mədəni̇yyət

16 Sentyabr 2013, 11:52

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

XIX əsrdə yaşamış Azərbaycanın el sənətkarlarından Aşıq Alının (1801-1911) şöhrəti yalnız dünyaya göz açdığı Göyçə mahalında deyil, bütün Türk ellərində geniş yayılmışdır. Ağ Aşığın (Allahverdi) şəyirdi, Dədə Ələsgərin ustadı olan Aşıq Alının yaradıcılığında milli-mənəvi dəyərlər, o cümlədən Türklük və İslam dini ilə bağlı məsələlər mühüm yer tutmuşdur.

Bu baxımdan onun «Dövran», «Bax», «Çəkibdi», «Gələcəkdi», «Gələcək» və digər şeirləri diqqətəlayiqdir. Məsələn, «Dövran» adlı gəraylısında Aşıq Alı deyirdi ki, yadlar (ermənilər, ruslar və b.) millətimizin arasına girərək eli elin üstünə saldırmış, fitnə-fəsad yaratmış, milli və dini dəyərlərimizə qarşı çıxmışlar. Şübhəsiz, o, bunu deyərkən çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsi, bunun ardınca rusların, ermənilərin qədim Türk torpaqlarına yerləşdirilməsini və onların yerli xalq arasında nifaq toxumu səpmələrini nəzərdə tutmuşdur:

Eli-elə saldı yadlar,
Matəm oldu dövran.
Uydu ağıldan kasadlar,
Düşdü fitnə-felə dövran.

Arif olan, qəmin artdı,
Piran imdaddan kasaddı,
Nə dövrandı, nə həyatdı,
Viran qalsın belə dövran.

Fikrimizcə, Aşıq Alı bu sözləri ilə dövranın korlanmasında ad çəkməsə də, «yadlar» anlayışı altında rusları və erməniləri ittiham etmiş, eyni zamanda onların fitnə-fəsadlarına uyaraq milli və dini dəyərlərdən uzaqlaşanları isə qınaq obyektinə çevirmişdir. Çünki məhz yadların gəlişindən sonra bəzi mollalar, möminlər yolundan azmış, xalq arasında qafillik və cahillik artmağa başlamışdır:

Molla, mömin olub ası,
Qur mərəkə, saxla yası.
Cövlan, ötən qəm dəryası,
Qafil düşdü selə dövran.

El aşığı «Çəkibdi» qoşmasında da deyirdi ki, artıq bəylər, varlılar, mollalar yadların fitnə-fellərinə uyub yoxsulları, kasıbları dara çəkməyə başlayıblar:

Mollaynan, varlılar uyublar felə,
Köyxaynan birləşib qururlar tələ.
Ağaynan bəyləri demirəm hələ,
Zülmü gəlib ol üqbayə çəkibdi.

Aşıq Alı «Bax» şeirində isə daha açıq formada, yadların (rusların, ermənilərin) gəlişindən sonra xalq arasında milli-mənəvi dəyərlərin aşılanmasına nəzər yetirmişdir. Onun fikrincə, artıq satıcılar yalandan and içir, bəzi hacılar fırıldaq işlərlə məşğul olur, dövltəlilər sələm verir, baqqallar, əllaflar tərəzidə aldadır, dəyirmançılar, nalbəndlər xalqın cibini soyurlar:

İnanmayın boyaqçının dilinə,
Cövhər, aşqar - yaman qatır lilinə.
Baxmayın hacının yoğun şalına,
Gedib evlərində günlərinə bax.

Dövlətlilər əzrayılsız can alır,
Pulun sələminə ot, saman alır,
Əvvəlcə beş verib, sonra on alır,
Qiyamət günündə hallarına bax.

Ümumiyyətlə, Aşıq Alının yaradıcılığında Türklük mühüm yer tutur, onun üçün Turan bir məfkurədir. O, Turan dedikdə özəlliklə Türküstan, Türkiyə və Azərbaycanı nəzərdə tutmuşdur. Alının doğulduğu Göyçə mahalı isə Turanın bir hissəsidir: «Nə qədər dolandım Turan elini, Yenə öz torpağım yadıma düşdü. Sarınər yaylağı, Göyçə mahalı, Öz gözəl oylağım yadıma düşdü». Aşıq Alı hesab edirdi ki, Göyçə mahalı bizim ulu babamız oğuz tayfalarının doğma vətənidi.

Dinə münasibətə gəlincə, Aşıq Alı birmənalı olaraq hesab edirdi ki, Axirət var, Cəhənnəm var, Sirat körpüsü var və hər bir müsəlman öz əməlinə görə gec-tez cavab verməli olacaqdır. Ona görə də, bu dünyada heç bir kəsə edilən zülm Allah tərəifndən cavabsız qalmayacaqdır:

Həqiqət, axirət vardı, deyirəm,
Yeddi cəhənnəmi vardı deyirəm.
Yoxsulun Allahı vardı deyirəm,
Siratın körpüsü, var, gələcəkdi.

Nökər saxlamağın çoxdu günahı,
Aləmə yetəcək miskinin ahı.
Zülm edənə zülm eliyər İlahı,
Yoxsulun üzünə var, gələcəkdi.

Bu baxımdan Aşıq Alı şeirlərində tez-tez xatırladırdı ki, bu dünya fanidir heç kəsə qalmayıbdır. Ona görə də müsəlman olan kəsin bu dünyanın var-dövlətinə aldanmaması gərəkdir. Əksinə, müsəlman çalışmalıdır ki, həmişə Allahın və peyğəmbərlərin yolu ilə getsin. Xüsusilə, mömin müsəlmanlar yaxşını yamandan, düzü əyridən, halalı haramdan seçməli, ilqarı unudub imanı satmamalıdır:

Yamanı götürüb, yaxşını atma,
İlqarı unudub, imanı satma,
Oruc tut, namaz qıl, duasız yatma,
Alı, dünya malı sənə var olmaz.

Və yaxud da:

Alıyam, çağırram sirri xudanı,
Bu dünya fanidi, köçəcək hamı,
Tamam müəmmadı Haqqın Quranı
Oxuyub bilənə çox mənası var.

El aşığı «Gələcək» şeirində də deyirdi ki, müsəlmanlar çalışıb savab qazanmalıdır. Çünki bir gün Qiyamət divanı olacaq ki, həmin gün hamı Allahın qarşçısında cavab verəcəkdir. Ona görə də bu fani dünyada müsalman olan kəs dindaşını incitməməlidir:

Anadan olduğun günü,
Bilginən ki, qəzan vardır.
Nə iş tutsan bu dünyada,
Xeyri-şəri yazan vardır.
Sağır-fağır incitməsən
Yaxşı əməl düzən vardır.
Torpaq altda lət içində
Nəkreyilə can gələcək.

Bu mənada, Aşıq Alı özü bütün ömrü boyu şəriətin müəyyənləşdirdiyi qayda-qanunlara əməl etməyə çalışmışdır. Hələ gənc yaşlarından dini biliklərə sahib olan el aşığı şeirlərində Peyğəmbərə (s), onun Əhli-Beytinə, o cümlədən Həzrət Əliyə (ə) bağlı olmasını dəfələrlə ifadə etmişdir:

Mehdiyi-peyğəmbər, sahibi zaman,
Sən yetiş dadıma on iki imam.
Aşıq Alı deyər: ya şahi-Mərdan,
Oxudum dərsimi əzbər-əzbəri.

Yaxud da:

Alıyam, çağırram gözəl Allahı,
Dilimdən tərk etmə simi billahı
Əlliyi-mürtəza şahların şahı
Şahi-mərdan açar dərdim birisin.

Ümumiyyətlə, Aşıq Alının yaradıcılığında Əhli-beytə, o cümlədən Həzrət Əliyə (ə) və on iki imama olan sevgisi ayrıca yer tutur. Belə ki, el aşağı şeirlərində tez-tez onlardan misallar gətirir, imamların İslam dini uğrunda apardığı mübarizəni müsəlmanlara örnək kimi təqdim edir. Məsələn, «Yaratdı» şeirində o deyirdi ki, Allah öncə iki nur yaratmışdı:

İki nurdu: Məhəmməddi, Əlidi
Cəbrayıla yol göstərən vəlidi.
Fatimədi iki nura bəllidi,
Xudam nurdan on bir imam yaratdı.

İmam Həsən gözəllərin gözüdü,
İmam Hüseyn şəfaətçi özüdü.
Zeynəlabdin zindan çəkdi düzüdü,
Yezidə Mürəyyib talan yaratdı.

Fikrimizcə, Aşıq Alının yaradıcılığında suifiliyin də izləri vardır. Belə ki, el aşığı bəzi şeirlərində sufiliyin mərhələlərindən (şəriət, təriqət, mərifət və həqiqət), onun tanınmış nümayəndələrindən bəhs etmişdir (Həllac Mənsur və b.). Bununla da kifayətlənməyən Aşıq Alı özünü də bu yolun yolçusu kimi qələmə vermişdir:

Mərifətdən, təriqətdən gəlmişəm,
Təriqətə yol-ərkanı bilmişəm,
Alı deyər özüm mətəl qalmışam,
Bu çərxi-davvarın neçə dili var.

Doğrudur, Aşıq Alı öz-özünə deyirdi ki, sufilik yolu ilə gedib havalanmaq heç də asan deyil. Çünki könülü havalanları Mənsur kimi Hələbdə dar ağacı gözləyir:

Havalanma, dəli könül,
Zorunan işin nədi?
Mənsur tək Hələbdə
Darınan işin nədi?
Tut orucun, qıl namazın,
Şükür et Allahına,
Yoxsulsan alçaqdan yeri,
Varınan işin nədi?

Aşıq Alı bir tərəfdən Mənsurun cəsarətinə heyranlığını, hörmətini etiraf etsə də, digər tərəfdən dilini dinc saxlamağa üstünlük verir. Çünki başa düşür ki, Mənsurun yolunu tutanları ya dar ağacı, ya da qürbət gözləyir:

Gəl, biçarə Aşıq Alı,
Qafil olma dilindən,
Şükr eylə iqbalına,
Cüda düşmə elindən,
Əl uzatma hər deşiyə,
Şahmar vura əlindən
Sən ki, ovsunçu deyilsən,
Marınan  işin nədi?

Gördüyümüz kimi, Aşıq Alı dövründəki haqsızlığı və ədalətsizliyi tənqid etmiş, xalq arasında yaranmış mövhumat və xurafatı pisləmişdir. Aşıq Alını digər müasirlərindən fərqləndirən əsəas cəhətlərindən biri odur ki, o, xalq arasında milli-mənəvi dəyərlərə, o cümlədən Türklüyə və İslam dininə münasibətin dəyişməsində yad amilləri doğru sezmişdir. El aşığı çox haqlı olaraq yadların (rusların, ermənilərin) gəlişindən sonra müsəlmanlar arasında mövhumat və xurafatın güclənməsini ifadə etmişdir. Bu mənada, Aşıq Alının milli-mənəvi dəyərlərin qorunması və yaşadılması uğrunda apardığı mübarizə təqdirəlayiqdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!