Modern.az

Dəmirçi Şəmil

Dəmirçi Şəmil

17 Sentyabr 2013, 18:17

Bəzən “Dostluğa”  gedir, bir bəhanə tapıb ağsaqqallarla söhbətə  mən də qoşuluram...

Bizim də öz “Dostluğu”muz var idi. Tikintisini erməninin rəhbəri olduğu müəssisə həyata keçirmişdi. Gücü ona çatmışdı ki, tikintini iki il yubatmışdı. Yanında çayxanası, su “budka”sı, hətta “Şeytan” təkəri də  var idi. Lap Bakıdakı kimi. Elə bil hamı burda özünü Ağdamdakı kimi hiss etmək istəyir. O abu havanı yaşatmaq istəyir qəlbində...

1964-cü ildə istifadəyə verilmişdi. Təmtəraqlı bir açılış mərasimi də keçirilmişdi kinoteatra. Fazil Qasımovun  çalışdığı illəri isə kinoteatrın qızıl dövrü hesab etmək olar. O da cox maraqlı adam idi. Onun fikrincə, hind kinolarının ilk təqdimatı yalnız “Dostluq”da olmalıydı....

Haqqında danışacağım söhbəti də burda, hörmətli ziyalı, hamının doktor deyə müraciət etdiyi   İnqilab Məmmədovun dilindən eşitmişəm...

Şəmil kişi sıravi ağdamlılardan biri idi.  Fərq ondaydıki, doğma şəhərini hamıdan çox sevirdi.  İkinci Dünya müharibəsinin  çətin, ağır  illərini qəhrəmanlıqla yola vermişdi. Sinəsi dolu orden-medalla qayıtsada, o illərin ağrı-acısını ömrü boyu unutmadı. Müharibədən qalib çıxmış ölkənin vətəndaşında ruh yüksəkliyi çox idi. Hamı sevinir, qurub yaratmaq eşqilə yaşayır və qırx beş ildən sonra başımıza nələrin gələcəyini təssüvürmüzə gətirmirdik...

Torpaq uğrunda ölməyin nə demək olduğunu yaxşı bilirdi Şəmil kişi...

Müharibədən qayıdandan sonra bacardığı işin qulpundan yapışmağı qərara aldı. Elə buna görə də daha çox sevdiyi sənətlə məşğul olmaga başladı... 

Ağdamda dəmirçilik sənətinin öz tarixi var. İlk olaraq İslam Hacıyev küçəsi ilə Əzizbəyov küçəsinin səmtində olan qədim karvansara və ona bitişik ərazilərdə dəmirçi sexləri fəaliyyətə başlamışdı. Qalayçılarda burda otururdu.

Dəmirçilk sənəti öz sahəsində üç yerə ayrılırdı-tənəkəçilər, nalbəndlər və dəmirçilər. Hər biri dəmirlə işləsələrdə, ayrı-ayrı peşələr  hesab olunurdu. Tənəkəçilər, adətən yumşaq dəmirlə, dəmirçilər isə ağır və qalın dəmirlə işləyirdilər. Tənəkəçilər “peç durpası”, odun “peçi” düzəldərdilər. Hər ilin öz dəbi olardı.  Bəzən odun sobasının həndəvərinə və qapısına əlli cür naxış vurulardı...

Nalbəndlərin işi isə bəlliydi. Avtomobil dövrü başlasada 80-ci illərdə nalbəndlərin sayı az deyildi...

Əlavə edək ki, 50-ci illərdə qaynaqla iş görmək başlamamışdı. Nə iş görülürdüsə ağır əl əməyinin köməyi ilə edilirdi.

60-ci illərin əvvələrində Ağdamda, sonralar “Abu”nın univermağı kimi tanınan, univermaq məhz həmin dəmirçixananın yerində tikiləsi oldu. Bazarın arxa hissəsi boş sahə olduğundan dəmirçilərə böyük bir mərkəz tikib ora köçürdilər. Şəmil kişidə köçənlər arasında idi....

Beləcə, illəri bir birinə calayan Şəmil kişinin xoş günləri başladı...

Maraqlı adam idi dəmirçi Şəmil. Deyirlər yığdığı pulları həmişə üstündə gəzdirərmiş. Gördüyü işə  isə qulp qoymaq olmazmış...

“Yamangünlüyünü“ isə ayrıca  saxlayarmış.  Ona heç vaxt toxunmazmış...

80-cı illərin sonu. Müharibə ab-havası Qarabağı bürüməkdəydi. Hər ehtimala qarşı hamı ehtiyatla davranır, özünü namərd mərmisinin qəlpəsindən qorumaga çalışardı. Şəmil kişi də ehtiyatını əldən verməmişdi. Səksən yaşını təmtəraqla keçirməsədə,  doxsana çatacağına əmin idi. Elə bu arzuylada yaşayırdı...

Vəziyyətin düzəlcəyinə inamı var idi. İnana bilmirdi ki, Ağdam işğal edilə bilər. Şəhərin qüdrətini görmüşdü. Elə buna görə idi ki, hər gün işə  gələr,  sanki bununla ətrafında olanlara enerji verərdi. İşindən bir gün belə ayrılmazdı. Heç bu barədə  düşünmək istəmirdi...

1993-cü ilin iyul 22-si...

Şəhərdə gərgin dəqiqələr yaşanırdı. İş yerinə bir neçə dəfə  “Qrad” mərmisi düşmüşdü. Özünə gələ bilmirdi. Axı belə olmamalıydı...

Qısıla-qısıla passaj tərəfə gələndə sarı “PAZ”  avtobusunu gördü.  Gözləri  işığa gəldi. Yüyürüb minmək istədi, amma bacarmadı. Təntimişdi. Nə edəcəyini bilmirdi. Qırx il çalışdığı dəmirçi sexini, torpağını, əziz Ağdamını tərk etmək istəmirdi...

Bir anlıq, ikiaddımlığında olan avtobusu belə  seçə bilmədi. Avtobusda olanlar ona tərəf elə   hey qışqırsalarda eşitmirdi Şəmil kişi...

Bu məqamda  “Dözə bilmirəm bu ayrılığa,  ay camaat”,- deyib əlini ürəyinə apardı...

Özündə deyildi artıq. Ruhu göylərə qalxmışdı...

Sanki o anda ruhu sevinirdi... Şəhəri tərk etmədiyinə görə. Axı ruhu daim şəhərdə olacaqdı Şəmil kişinin...

Elə avtobusdaca dünyasını dəyişən dəmirçini, avtobusda olanlar çətinliklədə olsa  döyüş zonasından çıxarmışdılar. Uzundərədə dəfn etmək istəsələrdə alınmamışdı...

Mərmilər Narlı dəryə  düşürdü...

Sonradan   qohumlarına xəbər göndərilmiş və Üçoğlan kənd qəbrstanlığında dəfn olunmuşdu Şəmil kişi...

Bu sadə bir ağdamlının qısa həyat tarixçəsi idi. Sadə, 82 yaşlı bir dəmirçinin...

Hər birimiz torpağa qovuşacağımız günü gözləsəkdə, üstündə gəzdiyimiz torpaqdan ayrıla bilmirik...Dəmirçi Şəmil Allahverdiyev kimi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır