Modern.az

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr

22 Aprel 2010, 15:15

Modern.az “Media əhvalatları» rubrikasının budəfəki qonaqlarını təqdim edir. Əhvalatları Milli.az portalının redaktoru Zahir Əzəmət, “Presspost” qəzetinin baş redaktoru Nigar Almanqızı, “Şərq” qəzetinin əməkdaşı Vüsalə Rafiqqızı və Modern.az saytının əməkdaşı Lalə Musaqızı danışır.

Zahir Əzəmət, Milli.az saytının redaktoru 

"Nəəə, "Alma" qəzeti..?”

 

- Üç il "Alma" qəzetində şef-redaktor olmuşam. Qəzet yeni açılanda zəng etdiyimiz adamların ilk reaksiyası adətən bu olurdu: "Nəəə, "Alma" qəzeti..?". Hər dəfə biz hansısa quruma zəng edəndə qəzetin adının “Alma” olması hamını təəccübləndirirdi. Onlar bu adda qəzetin ola biləcəyinə çətin öyrəşdilər.

 

Huşsuz redaktor

- “Alma” qəzetində redaktor kimi çalışan Elnur Astanbəyli öz huşsuzluğu ilə məşhur idi. O, hər gün işdən evə gedərkən, mütləq yarıyoldan qayıtmalıydı. Çünki hər dəfə nəyisə unudurdu. Bir dəfə isə işə mobil telefonu əvəzinə evdən televizorun pultunu gətirmişdi. İndi də yadımıza düşəndə buna gülürük.

 

"Çörəkpulu" qəzeti 

- "Alma" ümumiyyətlə, yaradıcı insanlardan ibarət idi, burada əhvalatlardan daha çox yaradıcı zarafatlar baş verirdi. Deyə biləcəyim ən maraqlı əhvalat isə şəxsən tanıdığım “reket” jurnalistlərdən birinin başına gəlib. Bunu özü danışıb mənə.

Deməli, mətbuatın, televiziyanın “reket” jurnalistlərin üstünə bərk düşdüyü günlərdə bu da cənub rayonlarından birinə həmişəki "reyd"inə çıxır. Gəlib girir rayon Polis İdarəsi rəisinin qəbul otağına. Sən demə, elə həmin dəqiqələrdə rayona "reyd"ə gələn daha 3 “reket” jurnalisti "ovlayıb" gətiriblərmiş rəisin otağına. Katibə rəisə zənə açıb deyir ki, “budu, biri də öz ayağıyla gəlib, qəbul otağındadır”. Onu da tutub salırlar rəisin yanına. “Reket” jurnalistlərin əlindən bərk qəzəbli olan rəis bir-bir onlara yaxınlaşıb qəzəblə soruşur: "Hansı qəzetdənsən?!". Hərəsi adı it dəftərində olmayan hansısa qəzetin adını çəkir. Rəis bizim qəhrəmandan da soruşur: "Ə, bəs sən hansı qəzetdənsən?". Bu da yazıq-yazıq dillənir: ""Çörəkpulu" qəzetindən". Rəis duruxur: "Hansı qəzetdən..?". Bu yenə təkrarlayır: ""Çörəkpulu" qəzetindən". Rəis birdən onun nə dediyini anlayıb, şaqqanaq çəkib, gülür. Deyir, "kişi adamsan". Çıxarıb cibinə yüz dollar qoyub, yola salır...

 

Nigar Almanqızı, “Presspost” qəzetinin baş redaktoru

 

“Fısıdırıq” qəzeti və polis rəisi

- 2002-ci ildə “Ekspress” qəzetində işlədiyim dövrlər idi. Qəzetin kriminal yazarı Elman Malıyev Nərimanov rayonunun o zamanki polis rəisi Şamil müəllimə zəng edib, hansısa bir hadisəni dəqiqləşdirmək istəyirdi. Elman öncə özünü təqdim etdi.

- Salam Şamil müəllim, sizi “Ekspress” qəzetindən narahat edirik.

Qeyd edim ki, dialoq telefonun sellektoru ilə aparılırdı, biz də kənardan eşidirdik. Şamil müəllim Elmanın sualını eşidib dedi: - Nə “Fısdırıq qəzeti? O nə qəzetdir? Elman Malıyev israrla bir daha sualını təkrarladı. Bu minvalla sual bir neçə dəfə təkrarlansa da, Şamil müəllim Malıyevin hansı qəzetdən zəng etdiyini anlamadı. Allahdan həmin vaxt Şamil müəllimin yanında onun o zamankı müavini Əli Mərdanov varmış. Şamil müəllim də əlacsız qalıb, eyni ilə belə dedi: - Ə Əli, bax gör bu kişi nə deyir...

Əli Mərdanov da dəstəyi rəisdən alıb Elmanla danışdıqdan sonra dedi ki, “Şamil müəllim,  “Ekspress” qəzeti deyir.

Şamil müəllim də heç nə olmamış yenə dəstəyi götürüb belə dedi: “Allah köməyin olsun, bayaqdan denən “Ekspress” qezetindənəm dəə...  İki saatdır tutdurmusan ki, “Fısdırık” qəzetindən narahat edirik”.

 

Yalan jurnalisti həbsdən xilas edib

 

- 2003-cu il 15oktyabr seçkiləri günü idi. “Azadlıq” qəzetinin o zamanki müxbiri Abbasəli, “Ekspress” qəzetindən Xalidə Hüseynova və mən keçmiş “26-lar” bağının qabağındakı məktəbdə yerləşən seçki məntəqəsində müşahidəçi kimi iştirak edirdik. Məntəqənin sədri də məktəbin direktoru idi. Qutular açılan zaman Abbasəli ilə direktor mübahisə etdilər. Bu zaman məntəqə sədri polisi çağırıb Abbasəlini həbs etdirdi. Mənimlə Xalidə Hüseynova  həmrəylik nümayiş etdirərək Abbasəli ilə birlikdə Səbail rayon Polis İdarəsinə getdik. Yol boyu polislərə nə qədər dil töksək də bir şey alınmadı. Abbasəlini həbs etdilər və biz də idarənin dəhlizində qaldıq. Həmkarımızı orada qoyub çıxmaq istəmirdik. Həmin vaxt o zamanki polis rəisi Nazim Nağıyev qapıdan içəri girdi. Mən Nazim müəllimə yaxınlaşıb yalandan dedim: “Nazim müəllim, “Azadlıq” qəzetinin müxbiri Abbasəlini tutub gətiriblər bura. Onun da ürəyi xəstədir, dərman qəbul etməsə, ölə bilər. Mümkünsə soruşun görün Abbasəlinin üstündə ürək dərmanı var, yoxsa alıb gətirək?”.

Bu zaman oradakı zabitlərdən biri Abbasəlinin saxlanıldığı otağa girib ondan üstündə ürək dərmanının olub-olmadığını xəbər aldı. Abbasəli də təsadüfdən atası üçün dərman alıbmış. Validol dərmanı üzərində imiş. O, da düşünüb ki, polislərdən hansısa biri xəstələnib və cibindən dərmanı çıxardaraq deyib: “Bəli, var. Lazımdırsa, verə bilərəm”. Zabit də dərmanı götürməyib çölə çıxdı. Bizə dedi: “Narahat olmayın, üzərində dərmanı var”. Bunu eşidən Nazim Nağiyev sanki yuxudan ayılıb səsinin tonunu qaldıraraq: - Nə deyirsən əə sən? Aç onu tez burax. Deyirsən ölsün üstümdə qalsın..?

Bizim söylədiyimiz yalan təsadüf nəticəsində Abbasəlini həbsdən xilas etdi. Çünki yalanı ilk söylədiyimizdə Nazim müəllim əvvəlcə bizə inanmamışdı. Abbasəlinin üzərində dərmanın olması yalanı “gerçək” etdi.

 

Vüsalə Rafiqqızı, “Şərq” qəzetinin əməkdaşı

  

Medal əhvalatı - Bir neçə il əvvəl mətbuat günü ərəfəsində bir qrup jurnalist «Tərəqqi» medalı ilə təltif edilmişdi. Beynəlxalq Mətbuat Mərkəzində medallar sahiblərinə təqdim olunan günün axşamı biz Lənkərana səfərə gedirdik. Qatara minəndən sonra AzərTAc-ın o vaxtkı müxbiri Əsgər İbrahimov gətirib bizim kupedəki qızlara konfet payladı. Bizə də «xeyirli olsun. O gün olsun fəxri ad alasan» deyib onu təbrik etdik. Birdən «Frans-press»də işləyən Səbinə Əliyeva qayıtdı ki, «Əsgər konfeti gətirmisən lap yaxşı, bəs medalın hanı?». Əsgər İbrahimov da təəccüblə çevrilib, dedi: «Medal burda nəyə lazımdı, medal evdədi». Səbinə də eyni ciddiyətlə ona dedi: «Bəs bilmirsənmi medal üstünüzdə olmalıdı?”. Səbinə bu sözü demişdi ki, bir də gördük Əsgər tez qardaşına zəng edib deyir ki, «tez evdən medalı da götürüb təcili özünü Biləcəriyə yetir». Hamı soruşdu ki, «ay Əsgər nə edirsən?» O da qayıtdı ki, «nə edəcəm evə zəng etdim ki, medalı gətirsinlər”. O bunu demişdi ki, daha biz özümüzü saxlaya bilmədik. Səhərə qədər bu əhvalata güldük. Deyəsən onda Əsgər bizdən bir az incimişdi. Amma sonralar qatarla hər dəfə səfərə gedədə birinci bu əhvalat yadımıza düşürdü.

 

“Yeni işçi məni də özünə tay etdi”

- Bu hadisə isə 7-8 il öncə «Şərq»də olub. Redaksiyaya  Kəmalə adlı bir qız gəlmişdi. Jurnalist olmaq istəyirdi. Bizim rəhbərlikdən də ona demişdilər ki, “get jurnalistlərin yanına iş prosesinə bax, gör onlar necə işləyirlər”. Bu qızın da nədənsə bizim otaqdan xoşu gəlirdi. Səhər işə gələndə görürdüm ki, hamıdan əvvəl gəlib oturub. Bir neçə gün bu minvalla keçdi. Kəmalə hər gün gəlir axşama qədər söhbət edib gedirdi. Bir gün dedim: «Ay Kəmalə neçə gündü gəlirsən, heç nə ilə maraqlanmırsan. Bəs sən yazı yazmaq istəmirsən?». Dedi: «Yazacam». Mən də soruşdum ki, «nə vaxt?». Kəmalə cavabında  «əşi sən yazını neynirsən. Onu həmişə yazmaq olar. Gəl mən sənə axşam bacıma elçi gəlməyindən danışım. Elçiliyə qədər bilirsən neçə karobkanı alıb yemişik?». O qədər gülmüşdüm ki, həmin gün özüm də yaxşı işləyə bilmədim”.              

 

Musa Nağıyevi axtaran əməkdaş

- Həmin qız bizim redaksiyamıza bir aya yaxın gəlsə də, çox komik qız idi. Bir gün mənə dedi: “Bu gün yazı yazacam. Amma bilmirəm nə yazım?”. Mən də ona dedim ki, ən yaxşısı odur ki, sən kriminal xəbərlərdən başlayasan. Jurnalistlərin əksəriyyəti yazmağa o sahədən başlayıb. Təəccüblə üzümə baxıb, dedi: “Nə edim?” Mən də dedim: «Get Musa Nağıyevə zəng elə».  Nağıyev adına xəstəxanın qəbul telefonunu da verib, dedim: “Ora zəng elə de, qəzetdənsən. Sənə lazım olan məlumatları verəcəklər. Sən də onları götürüb yaz”. Kəmalə zəng etmək üçün o biri otağa getdi. Üstündən bir dəqiqə keçməmişdi ki, gördüm qonşu otaqda bərk gülüşmə qopdu. Sən demə ,Kəmalə xəstəxanaya zəng edib deyib: “Bura Musa müəllimin evidir? Zəhmət olmasa onu telefona çağırın”.

Uşaqların bunun dediklərinə gülməsindən pərt olmuşdu, qapıda məni görən kimi dedi: «Ay Vüsalə, yekə qızsan. Mənə niyə ayrı nömrə vermisən? Telefondakı arvad mənə dedi ki, “bura Musa müəllimgilin evi deyil, xəstəxanadır”. Uşaqlar təzədən gülüşdülər. Mən də güldüm. Çünki o mahiyyəti başa düşməmişdi. Kəmalə yaxşı qız idi. Amma ictimai dünyagörüşü yox idi. Ona görə də jurnalist ola bilmədi. Onunla bağlı əhvaltlar hələ də yadımızda qalıb.

 

 

Lalə Musaqızı, Modern.az-ın əməkdaşı 

«Aydın müəllim, mən Rəbiyyət xanım deyiləm ey…»

- Keçən ilin martın 8-idi. Anama bağışladığım köhnə nömrəmə təbrik mesajı gəldi. Təbrikin sonunda da «Hörmətlə Aydın Mirzəzadə» yazılmışdı. Mən də jurnalist həmkarlarımla tez-tez zarafat etdiyimdən əmin oldum ki, kimdisə tanış adamdı. «Gizlətsell»dən mənə mesaj gələn nömrəyə zəng etdim ki, mesaj yazanın kimliyini müəyyənləşdirib ona uyğun cavab yazım. Səsin kimə məxsus olduğunu aydınlaşdıra bilməsəm də, həmin nömrəyə yeni nömrəmdən mesaj yazdım. İsmarıcda Aydın müəllimə təbriki üçün təşəkkürümü bildirdim və ailəsinin digər xanım üzvlərini də təbrik etdim. Sonda da yazdım ki, «sevgi və sayqılarla: Rəbiyyət Aslanova». Üstündən 2 dəqiqə keçmişdi telefonuma zəng gəldi. Həmin nömrədən idi - Alo, salam, Rəbiyyət xanım. - Salam, Aydın müəllim. - Necəsiniz? - Çox sağ olun yaxşıyam, siz necəsiniz? - Yaxşıyam, Rəbiyyət xanım. - Təbrikinizə görə təşəkkür edirəm, Aydın müəllim. - Rəbiyyət xanım… Birdən ayıldım. Danışan deputat Aydın Mirzəzadənin özü idi. - Aaaaaa, Aydın müəllim sizsiz? - Bəli, Rəbiyyət xanım. - Aydın müəllim, mən Rəbiyyət xanım deyiləm ey… - Necə yəni..? Aydın müəllimə məsələnin nə yerdə olduğunu anlatdım, izah etdim ki, elə bilmişəm kimsə mənimlə zarafat edib. O da xeyli güldü. Dedi ki, 8 martda Rəbiyyət xanımı təbrik etməyib deyə, mesaj gələndə elə bilib ki, Rəbiyyət xanım onu utandırmaq üçün yazıb icmarıcı. Demə mən əvvəllər Aydın Mirzəzadədən açıqlamalar aldığımdan, nömrəm onun telefonunun yaddaşında qalıbmış. Diqqətcil deputat da jurnalisti 8 martda təbrik etmək qərarına gəlib.

Yeni yaranan partiya haqqında informasiya - Jurnalistikaya gəldiyim təzə vaxtlar idi. İşlədiyim qəzetdə redaktor dedi ki, yeni partiya yaranıb, rəhbəri də yazıçıdır (adını unutmuşam - L.M.) telefon nömrəsini də verdi. Ona zəng edib partiyanın məqsədi və s. barədə informasiya yazmalı idim. Partiya rəhbərinə zəng edib qurumu yaratmaqda məqsədlərini, neçə üzvləri olduğunu, seçkilərdə iştirak edib-etməyəcəklərini öyrənib təxminən 2000 işarəlik informasiya topladım. Telefonun dəstəyini yerinə qoydum və tələsik informasiyanı yazmağa başladım ki, redaktora tez verim, desin «nə qoçaq qızdır». Elə informasiyanı təzəcə yazmağa başlayırdım, bir də məlum oldu ki, hər şeyi soruşsam da, yeni yaranan partiyanın adını soruşmamışam. Xeyli gözlədim ki, uşaqların hamısı otaqdan çıxsın, sonra utana-utana zəng edib partiyanın adını soruşum, əks təqdirdə, redaksiyada hamı məni «prikol»a tutacaqdı. Amma uşaqların hamısının eyni vaxtda otaqda olmamasını gözləməyim 1-2 saat çəkdiyindən informasiyanı tez verə bilmədim. Qeyd edim ki, informasiyanı verəndən 1 həftə sonra həmin partiya rəhbəri rəhmətə getdiyindən redaksiyada uşaqlar zarafatla «ayağımın yüngül olduğunu» deyir, növbəti müsahibimin kim olacağını, daha kimi «əcəl girlədiyini» soruşurdular.     

Hazırladı Günay Musayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi