Modern.az

İzmirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara aid fotosərgi açılıb

İzmirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlara aid  fotosərgi açılıb

Qarabağ

22 Aprel 2010, 15:59

Aprelin 22-də Türkiyənin İzmir Tarixi Hava Qazı Fabrikasında ermənilərin Azərbaycanda törətdikləri soyqırımla bağlı fotosərgi açılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə baş tutan fotosərgiyə Türkiyə Qəzetçilər Federasiyası dəstək verir. Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının Modern.az-a verdiyi məlumata görə, fotosərgiyə İzmir bölgəsinin jurnalistləri, İzmirdə fəaliyyət göstərən televiziya, radio və qəzetlərinin əməkdaşları, ictimaiyyət nümayəndələri gəlib. Tədbirdə İzmir şəhərinin rəhbərliyi də iştirak edib. Türkiyə Qəzetçilər Federasiyasının və Azərbaycan Parlament Jurnalistləri İctimai Birliyinin təşkil etdiyi bu sərgi yüksək səviyyədə keçib. Tədbirdə İzmir Böyük Şəhər bələdiyyəsinin sədri Aziz Koçoğlu çıxış edib. O, ermənilərin Azərbaycanda törətdikləri soyqırımları və ermənilərin qondarma “soyqırım” iddiaları barədə danışıb. Aziz Koçoğlu Türkiyənin daim Azərbaycanın yanında olduğunu və Azərbaycanı dəstəklədiyini vurğulayıb. Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də çıxış edib. O, fotosərginin təşkilinin məqsədi və 24 aprel ərəfəsində ermənilərin dünyada qondarma “soyqırım” iddiaları ilə bağlı fəaliyyətlərinə qarşı Azərbaycanın dövlət strukturlarının, diasporunun və qeyri-hökumət təşkilatlarının gördüyü iş barədə danışıb. Sonra jurnalistlər və İzmir Böyük Şəhər bələdiyyəsinin sədri Aziz Koçoğlu sərgiyə baxıb, telekanallara müsahibə veriblər. Tədbirin sonunda Azay Quliyev və Türkiyə Qəzetçilər Federasiyasının başqanı Atilla Sertel mətbuat konfransı keçiriblər. Mətbuat konfransında bir daha sərginin məqsədi və ermənilərin Azərbaycanda törətdikləri soyqırımlarla bağlı fikirlər söylənilib, jurnalistlərin sualları cavablandırılıb. Bu günkü tədbirlər proqramında Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İzmir Böyük Şəhər Bələdiyyə sədri Aziz Koçoğlu, İzmir valisi Cahid Kıraçı ilə görüşləri planlaşdırılır. Nümayəndə heyətinin tədbirlərdə iştirakı davam edir. Qeyd edək ki, İzmir Tarixi Hava Qazı Fabrikası fabrik olub, hazırda muzey kimi istifadə olunmaqdadır, çox böyük zalları var. Fotosərgi də bu böyük zalların birində keçirilir. Azərbaycan Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Türkiyə Qəzetçilər Federasiyası ilə birgə belə tədbirlər Türkiyənin digər bölgələrində də təşkil olunacaq. Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır