Modern.az

Kukla Teatrının direktoru: “Orta məktəbə gedib teatrı gözdən saldılar" - MÜSAHİBƏ

Kukla Teatrının direktoru: “Orta məktəbə gedib teatrı gözdən saldılar" - MÜSAHİBƏ

24 Sentyabr 2013, 13:54

Rəşad Əhmədzadə: “5 kukla teatrı var, amma universitetdə kukla teatrı aktyoru fakültəsi yoxdur”


Son günlər yeni teatr mövsümünün başlaması ilə əlaqədar bu sahədə canlanma hiss olunur. Tətildən qayıdan səhnə ustaları yenidən iş başındadırlar. Modern.az olaraq mövsümün başlaması ilə əlaqədar Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə görüşüb suallarımızı ünvanladıq. Müsahibimiz həm teatrdakı yeniliklərdən, həm qarşılaşdıqları problemlərdən, həm də yeni təhsil naziri Mikayıl Cabbarovun məktəblərdə bilet satışının ləğv olunması ilə bağlı qərarından danışıb.

- Sentyabrın 18-də dahi Üzeyir Hacıbəylinin doğum günü idi. Elə mövsümü də həmin gün bəstəkarın “O olmasın, bu olsun” tamaşası ilə açdıq. İnanıram ki, bu ilimiz də uşaqlara xoş günlər gətirəcək. Arzumuz, istəyimiz də bundan ibarətdir. Repertuarda 24 tamaşamız var. Bütün tamaşalarımız oynanılır. 

– Bu 24 tamaşa arasında yerli müəlliflərin əsərləri varmı?

Bəli, həm klassik əsərlərə, həm xarici, həm də yerli müəlliflərə üstünlük veririk. Artıq “Cırtdan, “Göyçək Fatma”, “Məlikməmməd” kimi tamaşalar uşaqlar üçün klassikaya çevrilib. Repertuarımızı bu tamaşalar olmadan təsəvvür etmək mümkün deyil.

– Bu il yeni tamaşalarınız olacaq?

Var. Bütün teatrlarda olduğu kimi bizdə də qəbul olunmuş dövlət proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə tamaşalar hazırlanır. Bu tamaşaların quruluşçu rejissorları, rəssamları, bəstəkarları xaricdən dəvət olunur.

– Teatrın mərhum baş rejissoru Rəhman Əlizadənin quruluş verdiyi tamaşalar repertuarda saxlanılıb?

Əlbəttə. Tamaşa tamaşaçı gətirirsə, rejissorun kimliyindən asılı olmayaraq, repertuardan çıxarılmır.

– İndiyə kimi xaricdən kimlər dəvət olunub?

“O olmasın, bu olsun”da Sankt-Peterburqun “Kuklnıy dom” teatrının rəssamı Tatyana Melnikova dəvət olunmuşdu. Tamaşanın kuklaları da orda hazırlanmışdı. Bu rəssam iki dəfə “Qızıl maska” mükafatı laureatıdır. Bundan sonra Mirzə Fətəli Axundzadənin 200 illiyi ilə əlaqədar bir çox teatrlarda dövlət proqramlarına əsasən tamaşalar hazırlandı. Bizim də teatrın payına “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası düşdü. Tamaşanın quruluşçu rejissoru Sankt-Peterburqdan Aleksandr Maksimiçev, quruluşçu rəssamı Tatyana Melnikova idi. Çox uğurlu tamaşa alındı. Artıq Finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdanın bizim repertuarda iki tamaşası var. Tamaşalardan birinin həm müəllifi, həm də quruluşçu rejissorudur. Digər tamaşa isə Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanıb.

– Kənardan hansısa mütəxəssisin dəvət olunması tamaşaların keyfiyyətinə təsir edir?


Söhbət keyfiyyətdən getmir. Bu, sadəcə yaradıcılıq mübadiləsidir. Teatrı kənardan müşahidə edən adamlarda sual yaranır ki, bizdə rejissor yoxdurmu xaricdən dəvət edirlər. Əslində bütün sahələrdə hardansa dəvət olunmuş bir mütəxəssis varsa, mübadilədən söhbət gedir və bu da teatrın inkişafına qulluq edir. Bizdən də hansısa rejissor başqa ölkədə tamaşa qurur. Hər rejissorun öz-dəst xətti var. Aktyor eyni rejissorla işləyəndə bütün müsbət tərəfləri ortaya çıxmır. Axı hər kəsin baxış bucağı eyni deyil.

– Bu mütəxəssislərin Bakıya dəvət olunması neçəyə başa gəlir?

Bizim ödədiyimiz məbləğ o qədər də yüksək deyil. Səmimi deyirəm ki, xaricdən dəvət olunan rejissorlara özümüzünkülərdən o qədər də çox vermirik. Qurulan tamaşanın mürəkkəbliyindən asılı olaraq 2500-5000 dollar xərcimiz çıxır. Burda kuklaların sayı da önəmlidir. Hardansa rəssam dəvət edəndə çalışırıq ki, kuklaları da orda sifariş edək. Ona görə də bu gün bizim hər bir növdə kuklamız var. 

– Kuklalar neçəyə başa gəlir?

Dəyərli hər bir şey bahalıdır. Müəyyən məsələlər var ki, nöqtəsinə qədər ona toxunmasaq yaxşıdır. Bu, bizdən çox kuklaları istehsal edən insanın gizli məqamlarıdır.

– Amma ümumi vəziyyətdən hər kəs xəbərdardır. Oxucunu maraqlandıran tərəflər də var axı...

Valideynlər bəzən dükanda satılan kuklalarla bizim kuklaları müqayisə etmək istəyirlər. Ancaq bu müqayisə olunası məsələ deyil. Elə kuklalarımız var ki, 5-6 funksiya yerinə yetirir. Qaşı ayrıca tərpənir, bığı ayrıca, kirpikləri, qolu, ayaqları, hətta topuları tərpənir. Bu çox qəliz məsələdir. Ona görə hansısa kuklanın qiymətindən danışmaq istəmirəm. Amma təxminən 300-500 manat arasındadır. Bütün kuklalar eyni qiymətdə olmur. Funksiyalarından asılı olaraq qiymət dəyişir. Tamaşada aparıcı və köməkçi kuklalar olur. Bizim üçün əsas zövqdür. Hansısa uşaq tamaşamızdan zövq alırsa, bu, bizim üçün xoşbəxtlikdir. Bizim ən qəliz problemlərimizdən biri həm uşaqların, həm də böyüklərin xoşuna gələn tamaşa hazırlamaqdır.

– Tamaşaçı sarıdan korluq varmı?

Hələ ki korluq çəkmirik. Heç kim deyə bilməz ki, kukla teatrının bileti məcburən hardasa satılır.

– Neçəyədir biletləriniz?

– Uşaqlar üçün gündüz tamaşaları 2 manatdır. Axşam tamaşaları isə 5 manat.

– Niyə 5 manat?


– Axşamlar böyüklər üçün kuklalar hazırlanmış tamaşalarımız olur. Elə tamaşalarımız da var ki, sintezdir – həm aktyorlar, həm kuklalar. Tamaşalarımızın əksəri anşlaqla keçir, biletlərimizi heç yerdə satdırmırıq. Elə tamaşaçılarımız var ki, bütün repertuarı əzbər bilir.

– Bakda eyni istiqamətli iki teatr var – Bakı Uşaq Teatrı və Kukla teatrı. Sizin fərqiniz nədədir?

– Yönüm etibarı ilə eynidir. Bizdə sırf kukla teatrıdır. Amma rejissorun verdiyi quruluşdan asılı olaraq canlı plan da olur. 

– Məktəblərdə biletləriniz satılır?

Əgər məktəbdən müəllimlər, valideynlər uşaqları qrup şəklində gətirmək üçün müraciət edirlərsə, əvvəlcədən gəlib biletlərini alırlar.

– Yeni təhsil naziri Mikayıl Cabbarovun məktəblərdə bilet satılmaması ilə bağlı qərarına münasibətiniz necədir?

Yeni nazirin əmrindən xəbərim yoxdur, amma elə bir söz eşitmişəm. Belə bir əmr 1997-ci ildən verilib ki, məktəblərdə tamaşa göstərmək, bilet satmaq olmaz. Dolayı yolla belə alınır ki, bu yeni qərar deyil. Deməli, məktəblə teatrın əlaqələri kəsilir.

– Direktor yox, ziyalı kimi sizcə doğru qərardır?

Teatr direktoru kimi deyirəm ki, bu, doğru qərar deyil. Ancaq məsələnin başqa tərəfi də var. Bizim xəbərimiz olmadan bir də görürsən zəng edirlər ki, bizdə tamaşanız var, aktyorlar gəlib çıxmayıblar. 

– Bu necə olur?

Dövlət teatrlarından ayrı onlarla teatrlar var.

– Yəni adınızdan istifadə edirlər?

İki nəfər birləşib, hərəsinin də əlində bir kukla. Adını qoyublar kukla teatrı. Gedir məktəbə və deyir ki, kukla teatrından gəlmişəm. Demir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından gəlmişəm. Yəni məsələyə birtərəfli baxmayaq. Belə adamlar teatrı gözdən saldılar. Burda nə təhsil nazirini, nə də məktəb direktorunu qınayıram. Yaxşı olardı ki, dövlət teatrları ilə Təhsil Nazirliyinin, yaxud məktəblərin rəsmi müqavilələri olsun. Yoxsa sabah nazir desə ki, biletlərin satılmasına icazə verirəm, dövlət teatrlarından çox özəl teatrlara xeyri dəyəcək. Hər bir şagirdə teatr lazımdır. Mən Milli Dram Teatrına, Opera və Balet Teatrına, Gənc Tamaşaçılar Teatrına, Rus Dram Teatrına məktəbdən getmişəm. Əvvəl özəl teatrlar da yox idi. Ona görə də naziri qınamıram. Biz də teatr olaraq belə qərara gəlmişik ki, elə tamaşalar hazırlayaq məktəblilər özləri bura gəlsin. Səviyyəmizi qaldırmalıyıq və son illər qaldırmışıq.

– Neçə ildir bu teatra rəhbərlik edirsiniz?

Dörd ilə yaxındır direktoram. 15 il direktor müavini olmuşam.

– Bakıətrafı kəndlərdən uşaqlar gəlir?

Vaxtaşırı ətraf kəndlərdən də müraciətlər olur. Gedib tamaşaları da göstəririk. Tutaq ki, Mərdəkandan bir neçə məktəbdən dəvət olursa, rayonun mərkəzindəki mədəniyyət sarayında konsertimizi təşkil edirik. 

– Tamaşaların stasionardan çıxmaq imkanı varmı?



Əlbəttə. İnternatlar, uşaq evlərinə gedib təmənnasız tamaşalar veririk. Bundan əlavə hər tamaşamızda xeyriyyə təşkilatlarına bir neçə pulsuz biletlər veririk.

– Zalın tutumu nə qədərdir?

200 nəfər.

– Teatr özünü dolandıra bilir?

Dövlət sağ olsun, nə qayğı lazımdırsa, göstərir.

– Əməkhaqları necədir?

Bütün teatrlarda olduğu kimi. İş kateqoriyasından, təcrübəsindən asılı olaraq 130 manatdan 400 manata qədər alırlar.

– Ali məktəbi yeni bitirən gənclərlə işləyirsiniz?

Zəif yerimizə toxundunuz. Azərbaycanda 5 dövlət kukla teatrı olmasına baxmayaraq, Mədəniyyət və İncəsənət Universitetində kukla teatrı aktyoru fakültəsi yoxdur. Teatr ola-ola fakültənin olmaması qəribədir. Teatrımızın artıq 81 yaşı var. Bu illər ərzində aktyorlarımız ancaq kukla teatrının özündə yetişib. Aktyorların əksəri başqa fakültələri bitirirlər. 

– Onlar burda necə yetişirlər?

Dövlət proqramına əsasən 7-8 ildir ki, teatrlarda studiyalar fəaliyyət göstərir. Son 3 ildə ştata qəbul etdiyimiz insanların əksəriyyəti bir illik studiyalarına keçib. 

– Aralarında ali təhsili olmayanlar da var?

Var, amma o qədər də çox deyil. Ali təhsili olsa da, kukla teatrının quruluşu ayrıdır. İstənilən adam burda təcrübə keçməlidir.

– Neçə əməkdaşınız var?

118 nəfərik, 30 nəfəri aktyordur.

– Bəzi teatrlarda direktor gün ərzində kabinetdən çıxmır. Sizcə rəhbər gün ərzində kabinetdə oturmalıdır, yoxsa yaradıcı heyətlə bir yerdə?

Direktorun teatrı gəzdiyi vaxtlar da olur. Səhər iş başlayanda texniki yoxlama olur. Saat 9-da işçilər yeni gələndə binanın vəziyyəti ilə tanış oluram. Müavinlərimlə zirzəmidən otaqlara qədər hamısını gəzirəm. 

– Neçə müavininiz var?

İki. Biri bilet satışı, digəri texniki məsələlər üzrə.

– Bilet satışı üzrə müavin? Maraqlı ştatdır.

Ştatda sadəcə müavin gedir.

– Baş inzibatçı?

Baş inzibatçının vəzifəsi başqadır. Ştatda nə üzrə müavinlik göstərilmir.

– Bəzi aktyorlarınızı seriallarda da görürük. Belə məqamda aktyorlara güzəşt edirsiniz?

Məhz kukla teatrının aktyoru seriallarda, televiziya verilişlərində çıxış etməlidir. Açıq deyək də. Heç bir insan aktyorluğa qəbul olanda 4 il aktyorluq oxuyub sonra pərdənin dalında gizlənmək istəməz. Hər insanın ürəyindən filmdə baş rollar oynamaq keçir. Amma bu bizim teatrın tilsimidir. Çox böyük aktyor olacaq biri bir müddət işləyəndən sonra ayrı teatra getmək istəmir. Bəlkə də uşaqlara olan sevgidən irəli gəlir. Bizim xoşbəxtliyimiz odur ki, həm canlı planda, həm də kuklalarla oynaya bilirik.

– Amma heyətinizin əksəriyyəti gənclərdir.

Bəli. Amma əməkdar artist Mansur Mansurov, Tamilla Bünyadova, Elmira Hüseynova, Sona Quliyeva, Rəhman Rəhmanov kimi təcrübəli aktyorlarımız da var. Cavanlar onlardan öyrənirlər.

– Tamaşaçı qismində digər teatrlara gedirsiniz?

Bəli, ötən mövsüm Gənc Tamaşaçılar Teatrı və Dövlət Musiqili Teatrında tamaşalara baxmışam. 

– Özünüz aktyor kimi çıxış etməyiniz mümkündür.

Mədəni maarif fakültəsini bitirmişəm. Hər adamın öz işi var.

– Bacarmazsınız?

– Əlbəttə.

– Amma bir çox direktorlar, o cümlədən Hacıbaba Bağırov aktyor olduğu dönəmlərdə də tamaşalarda oynayıb. 

Hacıbaba müəllim direktorluqdan əvvəl 40 il aktyor olmuşdu. Bu, mənlik deyil. Ümumiyyətlə, ailəmiz teatra yaxın olub. Atam Rüfət Əhmədzadə Hacıbaba Bağırovla dost olmaqla yanaşı, bir çox tamaşaların müəllifi idi. 1980-ci ildə “Muskomediya”ya gəlməyimin səbəbkarı da Hacıbaba Bağırov oldu. Orda səhnə maşinistindən direktor müavini vəzifəsinə qədər işləmişəm. 1996-cı ildə bu teatrda gəldim. 

– Xarici qastrollarınız olurmu?

2010-cu ildən bu yana iştirak etdiyimiz bir neçə festival olub. Onlardan üçündə qalib olmuşuq. Rusiya kimi bir yerdə tamaşamız birinci sayılırsa, deməli, inkişaf edirik. Mərakeşdə də birinci olmuşduq. İndi şəraitimiz elə düzəlib ki, hansısa xarici ölkəyə gedəndə tamaşanın müəyyən hissəsini çıxardırıq. Çünki orda həmin avadanlıq olmur.

– Xaricdə ölkələrdə tamaşalarımız hansı dildə olur?

Həm rus, həm Azərbaycan dilində. Əksər hallarda tələbimiz sinxron tərcümə ilə təmin olunmaq və öz dilimizdə oynamaq olur. Mərakeşdə Nizaminin “Xeyir və Şər” əsərini oynadıq. Orda uşaqlar bizi elə qarşıladılar ki. Tamaşadan sonra aktyorlarımız əllərində gəzdirirdilər. Kukla teatrında dil rol oynamır. Sadəcə tamaşanı normal oynamaq lazımdır.


İntiqam Valehoğlu 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?