Modern.az

Əbuturab Axundoğlu Əli bəy Hüseynzadəyə qarşı

Əbuturab Axundoğlu Əli bəy Hüseynzadəyə qarşı

Ədəbi̇yyat

25 Sentyabr 2013, 09:53

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

XIX əsrin sonu - XX əsrin əvəllərində «islam milləti», «islam ümməti», «islam birliyi» və bu kimi anlayışıları önə çəkərək milli mənsubiyyəti dini kimliyin içində əridən, Azərbaycanın tanınmış din xadimlərindən və mütəfəkkirlərindən biri də Əbuturab Ax­und­­oğlu olmuşdur.  O, hesab edirdi ki, xalqın keçmişdən uzaqlaşması, əxlaqın pozulması, köhnə ehkamların zəifləməsi, ifrat sərbəstlik müsəlmanlara üz verən bütün bəlaların yeganə mənbəyidir. Onun fikrinə görə, islam aləminin xilası üçün Avropaya üz tutub köhnə həyatın dəyişdirilməsinə ehtiyac yoxdur. Sadəcə keçmişə, ilkin islama qayıtmaq kifayətdir, bunun özü müsəlmanları xilas edəcək. Beləliklə, Axundoğlu müsəlmanların nicatını yalnız ilkin islam və şəriət qanun-qaydalarına əməl etməkdə görməklə yanaşı, bu qayda-qanunlarında istənilən yeniləşmənin, islahatların aparılmasının əleyhdarı idi.

Ə.Axundoğlu islama əsaslanan «islam birliyi» ideyasını bir çox əsərlərində, o cumlədən «İslamın təfriqəsi səbəbləri», «Bizə hansı elmlər dazımdır?» və başqalarında təbliğ etmişdir. Bunun nəticəsi idi ki, o, «Həyat» qəzetində nəşr olunan «Bizə hansı elmlər lazımdır?» (1905) məqaləsində hətta dünyəvi elmlərin öyrənilməsini belə qəbul etməmişdi. O yazır: «Əgər bir şəxs təmam ömrünü ülumi-riyazi və hikməti-təbii təhsilində sərf edə, müəllimi-əvvəl Aristotels məqamını dərk edə, əlbəttə, təriqi-übudiyyətə, Həqq-təalaya alim və arif olmayacaq və insaniyyət və mədəniyyət şəhərinə daxil olmayacaq… Bizim oxuclarımız: «Avropa əhalisi insaniyyət və mədəniyyətdə dərəcəyi-kəmalə yetibirlər» - deyirlər, amma mən deyərdim ki, Avropa əhəalisi qanuni-siyasiyyəvi ilahiyyətdən azad olduqlarına görə, eyni vəhşətdədirlər… Bizim bu zəmanəmizdə biz müsəlmanların insaniyyəti və mədəniyyəti moqufdur diyanəti-islamiyyəni bilib əməl etməyə. Elmi-həndəsədə kamil olmaq ilə insaniyyət təhsil etmək olmaz… Elmi-hesabda kamil olmaqla insan olmaq olmaz. Bəlkə, insan elmi-diyanət və şəriəti bilib… insan olur. Elmi-tibbdə Calinus olmaqdan emrazi-bədəniyyəyə əlac etmək olmaz… İnsan olmaq, nəfsi-mərəzlərinə əlac edib o mərəzlərdən mübbara və misfa olmaqdadır. Mərəzlərin şəfası Qurani-Şərifdir». Ə.Axundoğlu yazır ki, insaniyyət Allaha həbib olmaq və Onun peyğəmbərini qəbul etməkdir.

Axundoğlunun fikrincə, yalnız Allahın tərəfndən zahir olan zatti-müqəddəsin ürfanı ürfani-Allahdır və itaəti-Allahdır: «Allah həzrətlərinin ürfanı iki qismdir: Birinci qismi künhi-zati-əqdəsə arif olmaqdır. İkinci qismi həqqi-təalanın sifəti-cəmali və cəlalına arif olmaqdır. Əvvəlincə qismə arif olmaq cəmi məxluqatın vəsvə və taqətindən xaric bir şeydir. Bu qismə mərifətin barəsində buyurmuşdur: «Yol bağlıdır və tələb məhduddur».

İkinci qism ürfana cəmiyyi-müxəlliflər məmurdurlar və məxluqati-ilahidə nəzər və təfəkkür etməyə mükəlləfdirlər və ayati-ilahi afaq və ənfəsdə seyr və səyahət etməyə təhriz və tərğib olmuşlar: «Onun haqq olduğu meydana çıxana qədər varlığımızın dəlillərini onlara həm xarici aləmdə və həm də öz içlərində göstərəcəyiz».

Qeyd edək ki, Ə.Axundoğlunun bu fikirləri bir çox mütəfəkkirlər Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Cəlil Məmmədquluzadə və başqaları tərəfindən tənqid olunmuşdur. Yalnız dini elmlərin öyrənilməsi ilə bağlı Ə.Axundoğlunun mühafizəkar mövqeyinə qatılmayaraq tərəqqi etməyin zəruriliyndən bəhs edən Ə.Hüseynzadə yazırdı ki, «elmi-əbdanla» (dünyəvi elmlərlə) «elmi-ədyanı» (dini elmləri) bir-birindən ayırmaq lazımdır: «Axund həzrətləri, biz böylə zənn ediriz ki, bizə ülumun kaffəsi eyni dərəcədə lazımdır: həm ülumi-diniyyə, şəriyə və ruhaniyyə, həm də riyaziyyat və təbiiyyat kimi ülumi-mücərrədə və cismaniyyə». Dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsində dini elmlərin önə çəkilməsi bağlı  Ə.Axundoğlunun bu fikri ilə razılaşmayan Ö.Faiq Nemanzadə də hesab edirdi ki, islamın əsil mahiyyətini dərk etmək, onun dünyəvi elmlərlə bağlı cəhətlərini mənimsəmək vaxtıdır. Çünki Quranın özünün də  böyük qismi dünyəvi elmlərə aiddir: «Bu qəziyyələrdən şu nəticəyi çıxarmaq istəyirəm ki, Quranı, islamı bilmək, Allahı tanımaq, insan kamil olmaq üçün şəriət elmini bilmək on dərəcə lazımsa, dünyəvi elmləri bilmək doxsan dərəcə lazımdır».

Ə.Axundoğlu «İslamın təfriqəsi səbəbləri» əsərində isə «İttihadi-islam»ın (islam birliyinin) reallaşması üçün yollar aramışdı. Onun fikrinə görə, bütün islam millətinin, onun alimlərinin və s. niyyəti və amalı «ittihad» olsa da, həqiqətdə isə bunun əksinə, onların arasında ixtilafın olduğunu görürük. Axundoğlu yazır: «Müqəddəs islam dini daxilində olan müxtəlif firqələrindən, insaflı alimlərindən, himmətli ariflərindən və və mürüvvətli aqillərindən sual olunur ki, aya ümumi firqələrin iqrarı və niyyəti, amalı v əvə arzusu ittihad deylmi? Bəs ortalıqda olan ixtilaf haradan tövlid (yaranıb) edib; bunun məbdən, mənbən və məsrəri kimdir?».

Axundoğlu özü bu suala cavab verərək yazır ki, ixtilafın və iftiraqın başlanğıcı hələ, islamın yayıldığı ilk dövrlərdə qoyulmuşdur. Belə ki, islama zahirən tapınan münafiqlər və müanidlərin «təvilati-nəfsianiyyəsi» möminlərin ixtilafına səbəb olubdur. Eyni zamanda ixtilaf və iftiraq salmağa səbəb münafiqlərin küfri-batinəsi olubdur. Axundoğlunun fikrinə görə, münafiqlər və müanidlər əhli-iman libasını geyinsələr də, zahirən müsəlman, daxilən isə kafirdirlər. Çünki Məhəmməd peyğəmbərin (s.) günbəgün tərəqqi və inkişaf edən «diyyanəti-islamı»nı görən, bu səbəbdən batinləri nifaq və inad odu ilə dolan münafiqlər «bu xəyalə düşdülər ki, kəlməyi-həqqi nüfuz və cərəyanından manne olsunlar və diyanəti-islamiyyənin möhkəm əsasına xələl yetirib xərab etsinlər».

Bu baxımdan Axundoğlunun fikrincə, əsas məsələlərdən biri də «islam birliyi»nə nail olmaq üçün, münafiqləri və mütəqqi müsəlmanları bir-birindən ayırmaq lazımdır: «Yəni adları bir olan iki qism möminlərin bir-birindən təfavütü nədir ki, bir qismi Allahın vəhdaniyyətində qəlbdən və dilən iqrar edən və ənbiyayi-kiramiın nübüvvətini yəqin eyləyən və əimməyi-ətharın vilayətinə qail olan mütəqqi qismidir ki, və o biri qismi yalnız dildə iqrar eyləyib qəlbdən inanmayan münafiq qismidir. İndi bu iki qism mömündən  hər birisi öz həddi zatında məlumdur və bir-birindən yerdən göyə qədər təfavütü vardır». Axundoğlu yazır ki, indi xalis müsəlmanla münafiqi bir-birindən ayırmaq çox çətindir. Çünki hər ikisi özünü haqlı bilir və haqlı olmasına sübut kimi də həm mütəqqilər, həm də münafiqlər Qurandan dəlil gətirlər. Beləliklə, həqiqi müsəlmanla münafiqi ayıra bilməldiymizə görə də islam heyətinin vahid mərkəzi, yəni isam birliyi yarana bilmir.

Axundoğlu ümumilikdə belə bir qənatə gəlir ki, islam millətlərinin bir araya gələ bilməməsində isə əsas günahkar ikiüzlü ruhanilər və müsəlmanlarıdır. Çünki daxilən kafir olan bu zahiri müsəlmanlar «islam milləti»nin birliyinin yaranmasına əngəlləyir, «islam milləti» arasında məzhəbçiliyə, təriqətçiliyə səbəb olurlar. Axundoğlu qeyd edir ki, «islam milləti»nin birliyinə nail olmaq üçün, ilk növbədə həqiqi və yalançı müsəlmanları bir-birindən ayırmaq, məzhəb ayrılığına son qoymaq lazımdır. Bunun üçün, bütün müsəlmanlar sidq ürəkdən Qurani-şərifə və Məhəmməd peyğəmbərin (s) əhli-beytinə tapınmalı, tovhidi əsas kimi götürməlidirlər. Çünki Peyğəmbğər (s) vəfatından bir neçəgün əvvəl buyurmuşdur: «İki nəfis şey aranızda qoyuram: biri Allahın kitabı və biri mənim əhli-beytim. Nəqdiri-zaman bu ikiyə cəng ürəsinz zəlalələtə düşməyəcəkəsiniz».

Axundoğluna görə, Peyğəmbərin (s) əhli-beytinin və Quranın ayələrinin məqsəd və mənasına isə insan yalnız fəhm və idrakla nail ola bilər. Bunun üçün kor-koranə islamı qəbul etmək kifayət deyildir. Ona görə də lazımdır ki, Allahın ürfanını və mərifətini də dərk etməyə cəhd göstərəsən.

Ümumilikdə, Ə.Axundoğlu «İslam birliyi»nə nail olmaq üçün birincisi, müsəlman xalqları arasında məzhəb ayrılığına son qoyulmasını, ikincisi, Avropa mədəniyyətinin islam mədəniyyətinə təsirinin qarşısının alınmasını vacib hesab etmişdir. Fikrimizcə, burada xüsusilə, Axundoğlunun islam mədəniyyəti xaricində, bütün mədəniyyətlərə, o cümlədən Avropa elminə qarşı olması düzgün hesab oluna bilməz. Hər halda, islam mədəniyyəti kimi, Avropa xalqlarının, o cümlədən başqa dinə sitayiş edən millətlərin də bəşər mədəniyyətinə və insaniyyətə müəyyən xidmətləri olmuşdur. İslam xalqları arasındakı məzhəb və digər ayrılıqların, fərqlərin onların ən azı mənəvi birliyinə əngəl olması məsələsində isə Axundoğluyla razılaşmamaq mümkün deyildir. Ancaq bu məsələdə Axundoğlu özü də islamın müəyyən bir hissəsinin müdafiəçisi kimi çıxış etmişdir ki, şübhəsiz bu da, birmənalı qəbul edilə bilməz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?