Modern.az

“Azanfilm”in direktoru: “Rusların cizgi filminə, türklərin seriallarına baxan uşaqlarımızın danışığı da dəyişib” - MÜSAHİBƏ

“Azanfilm”in direktoru: “Rusların cizgi filminə, türklərin seriallarına baxan uşaqlarımızın danışığı da dəyişib” - MÜSAHİBƏ

25 Sentyabr 2013, 12:54

Fariz Əhmədovu: ”Müəllimim dedi ki, Rusiyada ildə sənin kimi 200-300 rejissor buraxılır, sən öz ölkənə lazımsan”


Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Azanfilm” cizgi filmləri studiyasının direktoru təyin olunmasından təxminən bir il vaxt keçir. Əksər sahələrdə yaşlı kadrların “kreslodan bərk-bərk yapışdığı” bir vaxtda 30 yaşlı gənc mütəxəssisə belə bir etimadın göstərilməsi müsbət haldır. Ötən bir il ərzində görülən işlər, eləcə də animasiya sahəsindəki son durumu öyrənmək məqsədilə Fariz Əhmədovla görüşdük.
Modern.az “Azanfilm” cizgi filmləri studiyasının direktoru ilə müsahibəni təqdim edir.

- 2005-ci ildə Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Müxtəlif televiziyalarda işləmişəm. Son iş yerim AzTV-dir. Bir ildir “Azanfilm” cizgi filmləri studiyasının direktoru təyin olunmuşam.

- Bir il ərzində hansı işləri görmüsünüz?

- “Azanfilm” studiyası olaraq artıq bir cizgi filminin istehsalına başlamışıq. Bu, “Ən güclü kimdir” adlı 15 dəqiqəlik çoxpersonajlı cizgi filmidir və Azərbaycanda ilkdir.

- Kimin ssenarisi əsasında çəkilir?

- Uşaqlar arasında çox sevilən Gülzar nənə adlı yazarın hekayəsi xoşumuza gəldi. Nəticədə Ramil Ələkbərovu dəvət elədik ki, bunu dramaturji nağılı ssenari halına salsın. Ssenarini nazirliyə təqdim etdik, təsdiqləndi. Qalib Məhərrəmovu quruluşçu rejissor kimi dəvət etdik. Hazırda işin 40 faizi görülüb. İndi animasiya işləri gedir, ilin sonunda render məsələlərinə baxacağıq. İlin əvvəlində Mədəniyyət və Turizm Nazirliyini dəstəyi ilə “Əriyən ada” adlı sənədli filmin istehsalını da bitirdik. Xəzər dənizində yerləşən bir adada yaşayan insanların həyatından bəhs edən bir filmdir.

- “Əriyən ada” hardasa yayımlanıb?

- Film hazırda festivallardadır. Bu yaxınlarda Rusiyada ən yaxşı sənədli film nominasiyasında mükafat qazanıb. Ardınca isə Batumidə, Bosniya və Hersoqovinada festivallarda olacaq. Ümumilikdə 20-yə yaxın festivala dəvət almışıq. Hazırda Yavər Rzayev studiyamızda “Həyatın işığı” adlı sənədli filmin üzərində işləyir. Bu film Azərbaycanın görkəmli heykəltəraşlarından olmuş Həyat Abdullayevaya həsr olunub. Həyat xanım Azərbaycanda bir sıra heykəllərin, o cümlədən Natəvanın güllələnmiş heykəlini, Sarabskinin Fəxri Xiyabandakı heykəlinin müəllifidir.

- Bir az da animasiya filmlərindən danışaq. On dəqiqəlik  animasiya filmi neçəyə başa gəlir?

- Burda prinsiplər müxtəlifdir. 2D, 3D başqa, “Flash” basqadır. Qiymətlər Azərbaycan üçün başqa, Avropa üçün bir ayrıdır. Azərbaycanda bir filmin 2D formatında klassik üsulla istehsalı 100-130 min manata başa gəlir.

- Bəs Avropada?

- Avropada 300 min avrodan başlayır. Amma İran kimi ölkədə bu işi 40 min dollara da görmək olar.


- Niyə?

- Bir misal deyim. İranda ailə tanıyıram - ata, ana, oğul və gəlin hamısı animatordu. Bunlar evdən qırağa çıxmadan filmlər hazırlayırlar, 50-100 min dollar qazanırlar. Burda personajların sayından, ssenarinin qəlizliyindən çox şey asılıdır.

- Animasiya bu qədər gəlirli sahədirmi ki, 300 min pul qoyasan, qoyduğun pulu çıxarıb, sonra da qazanc əldə edəsən?

- Burda digər nüanslar da  var. Özümüzdən bir misal çəkim. “Ən güclü kimdir” layihəsində kimlər var? Quruluşçu rejissor, quruluşçu rəssam, ikinci rəssam, rejissor assistenti, inzibatçı, dörd animator-qrafist, kompüterdə rəngləmə ilə məşğul olan rəssam. Yəni  ilboyu proses gedir. Üstəgəl ümumi məbləğin 18 faizi vergiyə çıxılır və yekunda büdcə şişir.

- Yerli serialların bir seriyası 8-10 min manata başa gəlir. Amma 10 dəqiqəyə 130 min manat...

- Deməzdim ki, 8-10 minə başa gəlir. Mən də qısametrajlı film çəkmişəm.  Əgər keyfiyyətli iş istəyiriksə, çox lazımdır.

- 130 min manata 12-13 seriya çəkmək olar...

- Bilirsiniz niyə bahalıdır? Kinoda yarım saatlıq filmi 10 çəkiliş gününə çəkə bilərəm. Amma animasiya filmində personaj, fon və sair sıfırdan yaradılır. Kinoda aktyor, operator var, kamera qoyulur, çəkiliş başlayır. Yəni fonu və aktyoru yenidən yaratmağaa ehtiyac yoxdur.

- Burda material olaraq nədən istifadə edilir?

- 3D-də proses necə baş verir? Məsələn ssenari var. Artıq rejissorla rəssam fikirləşirlər ki, bu ayı necə görünəcək. Ayının bir neçə formada-öndən, yandan, yuxarıdan  şəkli çəkilir, animasiya sexinə gəlir. Burda o şəkillər 3D-də yığılır, sonra gedir rənglənməyə. Ardınca sümükqoyma prosesi baş verir. Yəni hərəkəti qoymaq, əl-ayaq necə tərpənəcəksə, ona uyğun sümüklər qoyulur. Bu, rejissorun izahı ilə baş verir. Bundan sonra animasiya və fonların yaradılması prosesi başlayır. Bütün bunlar büdcəni qaldırır. Kinoda isə bu proseslər yoxdur. Dünyanın hər yerində animasiya kinodan bahadır.

- Animasiya filmi hardan gəlir əldə edir?

-Müxtəlif üsullara bölünür. Məsələn, “Şrek” prokat kinosu oldugundan, ilk növbədə kinoteartlardan gəlir götürür.


- “Şrek” kimi bir animasiya filminin 10 dəqiqəsini çəkmək üçün nə qədər vəsait lazımdır?

- Bu filmin büdcəsi 20-30 milyonu keçir. Filmin bir saatı 20-30 milyona başa gəlir. Keyfiyyətli və prokata çıxan kinonun büdcəsi 10 milyondan aşağı olmamalıdır.

- Hazırda uşaqlarımızın da böyük maraqla baxdığı “Maşa i medved”in büdcəsi yəqin ki, nisbətən aşağıdır.

- Bu filmin 10 dəqiqəsi 300 mindən aşağı deyil.

- Bizdə hansısa animasiya filminə 300 min manat ayrılarsa, o səviyyədə çəkmək olar, yoxsa seriallarımız kimi olacaq?

- Bizdə bu sahəni bilən 5-6 mütəxəssis var ki, onlar da yaşlı adamlardır. Azərbaycanın heç bir universitetində animasiya təhsili verilmir. Mütəxəssislər olmalıdır ki, həmin kadrları yetişdirsinlər. İnsanların kurslara gedib öyrənməyə marağı da yoxdur. Bu, spesifik sahədir.

- Belə görünmürmü ki, siz bu sahəni zorla ayaqda saxlamaq istəyirsiniz?

- Hazırda nazirlik bu sahəni zorla ayaqda saxlayıb. Rusiyada əksər televiziya şirkətlərinin studiyası var və belə filmlər istehsal edir. Ukraynada böyük bir animasiya studiyası var ki, 200-300 nəfər adam işləyir, dövlət üçün bu studiyanı saxlamaq maraqlıdır. Böyük bir ölkədir, vətəndaşını “Şrek”lə tərbiyə etmək istəmir. İstəyir  ki, uşağı öz tarixini bilsin. Animasiya kinonun ən prestijli sahələrindən biridir. Bizdə problem kadrdan başlayır. Bu dəqiqə 10 filmə də pul tapmaq olar. Amma o 10 filmi kim çəkəcək? Aparıb o pulu rusa verəcəyiksə... Lap burdakından ucuz eləsə də, heç bir mənası yoxdur. Bu Azərbaycan kinosudursa, azərbaycanlı çəkməlidir. Bununla bağlı bir məsələni danışım.

Ümumrusiya Kinematoqrafiya Universitetində təhsilimi başa vurandan sonra Rusiyanın müxtəlif telekanalları məni işə dəvət edirdilər. Gəldim müəllimim, SSRİ xalq artisti Aleksandr Proşkinin yanına dedim nə məsləhət görürsünüz? Dedi ki, Rusiyada ildə sənin kimi 200-300 rejissor buraxılır. Sən hər halda ölkəndə lazımsan. Rus kinosunu rus çəkməlidir. Çünki bu, mentalitet və kolorit məsələsidir.



- Bizdə animasiyaya nə dərəcədə tələbat var?

- Çox yaxşı tələbat var. Bu gün mənim də ətrafımda dostlarımın uşaqları var. Bu uşaq nəsli iki hissəyə bölünür. İndi qapı qonşunun birinin uşağı “Maşa i medved”ə baxır, o biri qonuşun uşağı türk serialına. Bu artıq onların danışığında da hiss olunur.

- İndiyə qədər hansısa animasiya filminə qoyduğunuz vəsaiti götürə bilmisiniz?

- Kinoda gəlir məsələsi necədir? Qəpik-quruş olsa da, filmlərin televiziya nümayişindən pul gəlir. Rusiyada film bu ardıcıllıqla qazanır: prokat, DVD və sonra televiziya. Hər bir televiziya filmin nümayişinə görə pul ödəyir. Azərbaycan balaca olduğuna görə, məbləğ də balacadır. Rusiyada yaxşı filmin ilk yayımı 300-500 min dollardır.

- Bizdə nə qədərdir?

- 200-300 manatdan söhbət gedir.

- O pul kimə çatır?

- Kinorejissorlar Gildiyası bu işi tənzimləyir. Filmi “Azanfilm” çəkibsə, ordan əsas müəlliflərə-ssenari müəllifi, rejissor, operator, rəssama müəyyən məbləğ çatır.

- Köhnə filmlər nümayiş olunanda necə olur?

- Əgər müəllif dünyasını dəyişibsə, qonorarı övladı alır.

- Və son olaraq. Niyə tammetrajlı film çəkmirsiniz?

- Gələn il üçün tammetrajl bədii film çəkmək fikrimiz var.



İntiqam Valehoğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır