Modern.az

Kamran Həsənli və Azərbaycan mentaliteti

Kamran Həsənli və Azərbaycan mentaliteti

25 Sentyabr 2013, 13:32

Ariz Abduləliyev,
Bakı Musiqi Akademiyasının müəllimi

Özünü şoumen adlandıran Kamran Həsənlinin iştirak etdiyi və ya apardığı verilişlərə mümkün qədər baxmaq istəmirəm. Olub ki, əvvəllər bəzi verilişlərinə baxmışam, olur ki, hərdən baxıram da. Amma “Spase” kanalının “Qış nağılı” adlı iki hissəli yeni il çəkilişindəki və bir klipdəki  “aşıq rolu”na baxandan sonra, açığı, ondan lap zəhləm getdi. Bu səbəbdən, onu televizorda görən kim kanalı çevirirəm. Telekanalı dəyişmək hüququ insan üçün nə böyük azadlıq, xoşbəxtlik imiş! Xoşuna getməyən verilişi də, aparıcını da, insanı həmən an  görmürsən və eşitmirsən. Kanalı çevirmək olmasaydı, inanın, Azərbaycan əhalisi telekanallırmızdakı verilişlərin və aparıcıların, efiri bürümüş qeyri-peşəkar vıə əttökən komiklərin sayəsində ürək xəstəliklərinə tutular, infarkt keçirər, yaxşı halda əsəbləri pozulardı. Bəlkə rəhmətlik Mirzə Ələkbər Sabir televiziyanın olmadığı vaxtlarda “harda müsəlman görürəm, qorxuram” sözünü belə oyunbazlara (xalqımız aktyora və şoumenə oyunbaz deyir), yaxud danışanlara görə yazıbmış?..

Düzü, bu adamın həmişə özündən çox razı halda xalqı təhqir etdiyini görəndə, məni ona qarşı gülüş qarışıq bir yazıqlıq hissi bürüyür. Görəsən, televiziyada qətiyyən görmək istəmədiyim bu şoumenə niyə yazığım gəlir? 

Əvvəla deyim ki, “tənqid” yox, “təhqir” ifadəsini bilərəkdən işlətdim. Bu adam danışığı ilə “hər şeyi bilən diletant” olduğunu nümayiş etdirsə də, işi-gücü efirdə milli mentaliteti “tənqid etməkdir”. Efirə çıxanda xalqımızın özündən razı olduğunu, “mənəm-mənəmliyə” tutulduğunu, özünü “analoqu olmayan” zənn etdiyini deyir, üstəlik xalqın adət-ənənələrini, dini inancını, əxlaqını, qadınlarını, kişisini, mətbəxini, musiqisini, mollasını, geyimini, aşıq sənətkarını ironiya hədəfinə çevirir.

Kamran Həsənli – Azərbaycan efir məkanının “həmişə haqlı” personu.

Kamran Həsənli – Azərbaycan efir məkanının “həmişə tənqidçi” personu.

Kamran Həsənli – Azərbaycan efir məkanının “nə deyirsə, düş deyən” personu.

Kamran Həsənli – Azərbaycan efir məkanının “həmişə özündənrazı” personu.

Kamran Həsənli – Azərbaycan efirində xalqa yol göstərən “universal mədəniyyət eksperti”.

K. Həsənli həmişə efirdən mentalitet söhbətinə başlayıb, onun nə olduğunu millətə izah eləyəndə və adətinə rəğmən milləti başdan ayağa “alt-üst” eləyəndə, onu efirə çıxarıb belə şeyləri ondan öyrənən TV işçilərinə “xoşa halınıza” deyirəm. Elə belə “xoşa” bəxtəvərliyi ilə bərabər Kamrana da yazığım gəlir. O danışan kimi,  nədənsə elə zavallı görsənir ki, gülmək qarışıq halına da vaysınıram. “Mentalitet eksperti” boş danışıqlarına elə ciddi sifət verir ki, yazığım gəlməyə bilmir. Allaha yalvarıram ki, bu şoumen-teleaparıcı-ekspert bəndəsinə yazığı gəlsin, Quranda yazıldığı kimi, onun ağlını və qəlbini bağlamasın. Neyləmək olar, telekanalların köhnə şakəridi, danışmağa mövzunu bilən ekspert, mütəxəssis dəvət edə bilməyəndə, mövzunu ya mahnı oxuyanlara izah elətdirir, ya da “süjetimiz var” deyib, üz tutur ekstravakant stilistlərlə qədeş meyxanaçılara, ən yaxşı halda mövzudan qətiyyən xəbəri olmayanlara, ya da yaxşı əl çalmağı bacaran Badamdar, Yasamal “ekspertlərinə”. Çox ciddi mövzular haqqında sual verib, müsahibin əvəzinə özü də cavab verən; verilişdə hamıdan çox danışan; elementar sual vermək mədəniyyəti və şəxsi mədəniyyəti olmayan; verilişdə aparıcılıq edə bilməyən, aparıcılığın  adi “əlifba qaydaları”na riayət eləməyən; başqalarına ironik atmacalar atan; aylarla-illərlə insanların zəhləsini aparan teleradio aparıcılarını  isə ölkədə bir sinif kimi ləğv etmək lazımdır! Görəsən, tele-radio rəhbərləri aparıcı seçməyi və aparıcı seçəndə ictimaiyyət qarşısında məsuliyyətli olmağı nə baxt öyrənəcəklər?!  

Birini deyim, siz də gülün. Günlərin bir günü həmən Kamran Həsənli Telli Borçalını (təəssüf ki, bu qadının soyadını bilmirəm) verilişə dəvət edib, özünə müsahib elədi. Verilişində intellektual sual verdi ki, bəs “Koroğlu” dastanını ilk dəfə kim yazıya alıb? Sonra da ürəyi soyumadı, İnternetdə intellekruallıq (!) barədə özü müsahibə verdi, bu dəfə də Telli Borçalını intellektual mövzusunun “primeri” elədi, saz çalıb-oxuyan bu qadını ittihamladı ki, ayə, Azərbaycan sənətçisi niyə Jorj Sandın dastanı yazıya almasından bunca bixəbərdi?

Bu nə sual, bu nə məsuliyyətsizlik, bu nə diletantlıq, bu nə düşüncə, bu nə nəticə? Aşığa da belə sual verərlər? Məgər “Space” kanalının bütün peşəkar işçiləri, aparıcıları televiziya tarixi və nəzəriyyəsi bilirlər? Bəlkə Azərbaycanda baxılan ilk televizorun adından xəbərləri var? Məgər V.Mustafayevin kinoya çəkdikləri aktyor sənətinin tarixini bilirlər? Məgər qəzet işçiləri ilk mətbəənin kim tərəfindən yaradıldığını bilirlər? Məgər Azərbaycandakı şoumenlər və aparıcılar şou estetikasına və teleaparıcılığa dair dünya ədəbiyyatlarını oxuyublar? Məgər şair olmaq üçün mütləq ədəbiyyat tarixi və nəzəriyyəsi üzrə dərslikləri oxumaq gərəkdir? Muğam ustadı Arif Babayevdən, yaxud Əlibaba Məmmədovdan soruşsan ki, Üzeyir Hacbəyli Rast ladının səsdüzümünü necə göstərib, əlbəttə heç biri bilməz. Bu suala heç ustadlar ustadı Cabbar Qaryağdıoğlu, yaxud Qurban Pirimov da cavab verə bilməzdi. Lap yaxşı da eləyib cavabı bilmirlər və vermirlər. Çünki xanəndəlik sənətinin özünün peşə qanunları və cəmiyyət qarşısında rolu var. Peşəkar xanəndənin Motsartı tanımaması da qəbahət deyil, necə ki Avropada musiqi peşəkarları Şərqin professional musiqi janrı olan muğamı, yaxud Şərqin Avropa tipli ilk peşəkar bəstəkarı Üzeyir bəyi tanımamağa və ya Stravinskini dinləməməyə normal yanaşırlar.

Başa sala bilmək üçün lap K.Həsənlini misal göstərim. Elə bilirəm, K. Həsənli konservatoriyanı klarnet (nəfəs aləti) ixtisası üzrə birib. İnanıram ki, ixtisasını bilir, yəni klarnet də, digər nəfəs alətlərini də çalmağı bacarmamış deyil. Amma bir kimsə ondan soruşsa ki, Kamran Həsənli müəllim, dünyada klarnet haqqında ilk kitabı kim və nə vaxt yazıb, haqqüçünə deyər ki, bu sualın mənim peşəkar klarnet ixtisasıma aidiyyatı yoxdur.

Tam məsuliyyətimlə deyirəm ki, K. Həsənli Telli Borçalıya verdiyi sualını Aşıq Ələsgərin özünə belə versəydi, cavab ala bilməyəkdi. Çünki aşıq yaddaşında yüzlərlə bənd şeir, onlarla melodiya və dastan saxlayır, onun peşəkar vəzifəsi aşıq havalarını və dastanlarını yüksək peşəkarlıqla ifa etməkdir, aşıq ənənələrini və aşığın minillik repertuarını yaşatmaqdır. Yeri gəlmişkən, aşıq sənətində qıfılbənd janrı var. Bu janrın tələbi deyişən aşığın bədahətən sual verməsindən və qarşıdakı aşığın bədahətən cavab verməsindən ibarətdir. Əgər K. Həsənli ustad deyişmələrindəki qıfılbəndlərə baxsa, sualların necə çətin və mürəkkəb olduğunu görər. Sirr deyil ki, aşıq sənətkarlığında ustadlıq həm də çoxsahəli biliyi, məlumatlılığı nəzərdə tutur. Və  K. Həsənlinin Telli Borçalıya yönəlik “intellektual testinin” cavabsız qalmasında intellektuallıq adlı nəsnə ilə bir əlaqə yoxdur. Bir də Kamran Həsənli aşıqların qəfəlbənd şeirlərində müxtəlif sahələrə aid suallara cavab verə bilərmi?  Qətiyyən! Lap Kafka ilə birlikdə yüz il baş sındırsa belə... Kamran Həsənlinin “məntiqi” ilə yanaşsaq, özü qarışıq heç kimin intellektual səviyyəsi olmaz ki! “Koroğlu” dastanının kim tərəfindən yazılmasını bilməməyi aşığa qəbahət tutmağın özü savadsızlıq deyilmi?    

...Ötən şənbə (21 sentyabr) televiziyanı açanda birbaşa ANS kanalını göstərdi və efirdə “İncə maraqlar” verilişinin getdiyini gördüm. Lənət kor şeytana, gördüm ki, Kamran Həsənli yenə də adətinə xilaf çıxmayıb mentalitetimizi incələyir və milli mentalitetin “incə maraqlar” kontekstindən “təhlilini” aparır.  Efirimizin, bəlkə də ölkəmizin “baş şoumeni”nin efir mədəniyyətini, danışıq etiketini bir daha izləmək, həm də bir az gülmək üçün, istəməsəm də verilişə baxmaq qərarına gəldim.  Səhv eləmirəmsə, onu həmin verilişdə bir, ya iki dəfə görmüşdüm. Əvvəl nə danışıbsa, indi də həmən onu danışdı.

Verilişdəki stilist Samirin termini ilə desək, “avara geyim” üslubunda geyinmiş, tam “sərbəst” (!) oturmuş, danışığı, geyimi və oturuşu ilə milli mentalitetinə “meydan oxuyan” Kamran Həsənli verilişdə nədən danışdı? Soruşun nələrdən danışmadı?

Deyim ki, televiziya və radiolarda işləyən savadsızların sayı günbəgün azalmaqdan, əksinə, artmaqdadır. Mentalitet mövzusunda, həm də Azərbaycan ənənəsində qadın azadlığına dair elə aşağı səviyyəli verilişlər, sorğu-suallar, danışıqlar yayımlayırlar ki, elə bil mentalitet, qadın azadlığı adlı nəsnə və Azərbaycan adlı ölkə bunların, əstəğfürullah,  əzəli nəsil-qan düşmənidi. Bilmədiyiniz mövzunu təşkil edə bilmirsinizsə, eləməyin. Bu mentalitetimizə niyə qənim kəsilibsiniz? Milli mentalitetimizi ayrı-ayrı fərdlərinin əxlaqslızlığı, səviyyəsizliyi səviyyəsinə endirmək qədər savadsızlığınızı, bacarıqsızlığını və mədəniyyətsizliyini nədən bu qədər bol-bol nümayiş etdirisiniz? Ölkəmizdə televiziya, radio deyilən şeylər yəni bu qədər...  

Kamran Həsənli verilişdə əvvəlcə bir xeyli Azərbaycan xalqının nədən mədəniyyətsiz, geri qalmış, dünyadan bixəbər, tərbiyəsiz olmasını saxta artistizmlə, bir qədər də Türkiyə ləhcəsində “şərh” elədi, xalqın sərhədi keçəndə mədəniyyətsiz xalq kimi tanınmağını, özünü apara bilməməsini yenə də öz üslunda xır-xır “xırdaladı”; sonra  tamaşaçılara sakit danışmağın, maşın sürməyin, növbədə dayanmağın da mədəniyyət olduğunu “izah” elədi. Sonra keçdi öz mövzusuna, yəni mentalitetə. Yenə də ürəyi boşalana qədər xalqın ünvanına “döşədi”. Eləmə tənbəllik, mentaletin axarında həcc ziyarəti mövzusundən dini əxlaqa adladı, hacı və hacılıq haqqında bir lətifə danışıb, reklamlardan sonra baş vurdu ev xanımının geyimi ilə müğənni qadının səhnə geyimləri arasında fərqə, tamaşaçılara başa saldı ki, bəs qadın səhnədə bədəninin gözəlliyini mütləq göstərməlidi, buna görə də açıq-saçıq geyinməkdə qəbahət yoxdu. Hətta bir aktual məsələni də unutmadı, izahladı ki, bizim camaat Avropanın açıq-saçıq geyinmiş müğənnisini görsə deyər ki, “az, ayıbdı, bu nə geyimdir, bizim mentalitetimiz var, abırın-həyan olsun”. Sonra da xalqın bu yanaşmasını qiymətləndirdi: Bu mədəniyyətsizlikdi! Nəhayət qızların qaşını almasından da danışdı. Əlqərəz, lap axırda tamaşaçılara irad tutdu ki, mentalitetin nə olduğunu bilmək üçün heç olmasa kompüterdə bu sözü yazıb mənasını öyrənsinlər. Bu yerdə Kamranı sağ olsun, tamaşaçılara  Kafkanı oxumağı yox, çox asan bir məsələni başa saldığını da anlatdı. Bəli də nə çətin şeydir ki, kompüterdə “men-ta-li-tet” yazsınlar və oxuyub, nə demək olduğunu bilsinlər.

Mən verilişə Səidə adlı aşağı-orta səviyyədə oxuyan müğənninin, dəvətli  xanımın da mentalitet məsələlərinə nə qədər ironiyalı və “tənqidi” yanaşdıqlarını gördüm və çox (!) təəssüfləndim - onlara yox, ANS-ə...

Verilişi xatırlamağımın bir səbəbi də var. Kamran Həsənli verilişdə xalqımızı “özündən razı” adlandırdı və üstəlik bu qədər özündən razılığa “mani veliçi” dedi, belə şeyləri psixi anormallıq, çatışmazlıq kimi şərh elədi. Həm də sakit danışmağın  da mədəniyyət olduğunu milyonlu auditoriyaya xatırlatdı. Azərbaycan xalqının ünvanına bunları deyəndə və veriliş boyu onun özündən razı oturuşuna, özündən razı intonasiyalarına, özünə qarşı olan razı görkəminə, bərk-bərk danışmağına, həm də danışanda göz bəbəklərini necə geniş açmasına  baxıb düşündüm ki, bəlkə K.Həsənli xalqı özündənrazılıq xəstəliyində və bərk danımaqda ittiham eləyəndə,  ilk növbədə özünü nəzərdə tutur? Bəlkə özünün özünə xoş gəldiyi və öz mentalitet “tənqidlərindən” xoşhallandığı üçün özünün bu qədər özündənrazılıq və bərk danışmaq mərəzinə tutulmasından xəbəri yoxdur. Nə isə, adama yenə də yazığım gəldi, dedim iki-üç kəlmə nə olan şeydi, yazım ki bəlkə necə bir vəziyyətdə olduğunu anlasın.

Sonda bir neçə kəlmə K.Həsənliyə aid olmayan məsələlər barədə, özü də qısaça.

Sən demə, “tənqidbazlıq” adətkarlığı var imiş...

Sən demə, milli natamamlıq kompleksləri yaşayanlar öz çatışmazlıqlarını başqalarında axtarır və bu üzdən xalqı həmişə tənqid edirlər...

Sən demə, ifrat özündənrazılıq kimi, ifrat özünütənqid də xəstəlikdir...

Sən demə, beyində, düşüncədə, əməldə, sözdə “tənqidçilik” formatı stereotipşirsə, tənqid eləmək bir növ adətkarlığa çevrilirsə, bu adamın psixikasında pozuntulara, anormallığa  meyllər yaranır və tənqid eləməyəndə başı ağrıyır...

Sən demə, ermənilər Azərbaycan xalqını təhqir etmək istəyəndə dünyanın hər yerində bizlərə qarşı Mirzə Cəlildən, Sabirdən və c. sitatlar gətirirlər, bizləri satirik və ironik fonda vəhşi, anti-humanist, oxumaq istəməyən, bir-birinə nifrət edən  xalq kimi təsvir edirlər və bu, düşməni dünya gözü qarşısında arqumentli alçatmağın köhnə metodu imiş...

P.S. İstərdim, Azərbaycan Milli Televiziya və Radio Şurası adlı qurum telekanallardakı və radiolardakı verilişlərin məzmunu, səviyyəsi üzərində tez-tez monitorinqlər aparsın, hərdən öz mövcudluğunu ictimaiyyətə göstərsin. Vallah, Azərbaycan efiri bəzi aparıcılardan necə illərdir yorulubdu, bezibdi.
Azərbaycan televiziları və radioları bu gün ölkədə kütləvi narazılığın obyektidir.
Tamaşaçıları televiziyalardakı verilişlərdən və aparıcılardan xilas edin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir