Modern.az

Avropa gəncləri Bakıda beynəlxalq tədbirə toplaşacaqlar

Avropa gəncləri Bakıda beynəlxalq tədbirə toplaşacaqlar

24 Aprel 2010, 20:17

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndə heyəti Belçikanın paytaxtı Brüsseldə rəsmi səfərdədir. Bu barədə Modern.az-a Şuradan məlumat verilib.

Nümayəndə heyətinə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri, Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü deputat Fuad Muradov rəhbərlik edir.

23 – 25 aprel tarixində Avropanın 100 – dən artıq aparıcı gənclər təsissatlarını birləşdirən, ən iri gənclər platforması olan və ARGTMŞ – ın da üzvü olduğu Avropa Gənclər forumu (AGF) özünün növbəti üzvlər şurasının iclasını həyata keçirməkdədir.

 

Tədbirdə 50-dən artıq ölkənin 200-dən artıq gənc liderləri təmsil olunmaqdadırlar. Aprelin 24-də keçirilən iclasda Avropa Parlamentində Avrokomissiyanın vitse-prezidenti Maros Shevkovic çıxışında Avropa məkanında işsizlik, təhsil və gənclərlə bağlı aktual məsələlər haqqında danışıb. O, bildirib ki, bu gün Avropada 5.5 milyon gənc işsizdir və bu göstərici artmaqda davam edir. Maros Shevkovic öz çıxışında onu da qeyd edib ki, əsas narahtlıq doğuran məsələ isə gənclərin təhsillərini erkən buraxmalarıdır. Maros Shevkovic deyib ki, bu göstərici Avropada təhsil alan gənclərin təxminən 15 faizini təşkil etməkdədir. O, bildirib ki, bu məqsədlə də hal-hazırda bütün sadalanan neqativ halların qarşısının alınması istiqamətində Avropa komissiyası xüsusi proqram həyata keçirməkdədir.     

Qeyd edilib ki, bugünlərdə keçirilən iclaslarda – “Peşə məktəblərində təhsil”, “Gənclər Təşkilatları və Demokratiya”, “İqlim dəyişikliyi”, “Uşaq hüquqları”, “Qloballaşma və Qlobal idarəetmə”, “Yoxsulluq”, “Media”, “Gənclər işinin inkişafı fondu”, “Beynəlxalq gənclər təşkilatlarının Balkanlarda gənclər təşkilatlarının Milli Şuralarının təsis olunmasında rolu” və  AGF – nin təşkilati məsələləri və gələcək fəaliyyət planı ətraflı müzakirə olunub.  

Tədbirin plenar iclasında Avropa Gənclər Forumu ilə səmərəli əməkdaşlığına görə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzvlər adından təşəkkür ünvanlanıb və  qərara alınıb ki, yaxın zamanda Bakıda AGF üzv təşkilatlarının iştirakı ilə növbəti beynəlxalq tədbirlər həyata keçirilsin.

Eyni zamanda tədbirdə Avropanın Gənc Federalistlər Birliyinin fəaliyyəti ilə bağlı monitorinq nəticələri təqdim olunub və təşkilatın fəaliyyəti qənaətbəxş hesab olunub. 

Nümayəndə heyətimizin rəhbəri Fuad Muradov bildirib ki, ötən 2 gün ərzində ARGTMŞ 10 ikitərəfli görüş həyata keçirib.      

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi