Modern.az

Rafiq Əliyevə Amerikadan təklif gəlib

Rafiq Əliyevə Amerikadan təklif gəlib

Ədəbi̇yyat

1 Oktyabr 2013, 12:49

Azərbaycanlı professor dünyanın məşhur elmi jurnallarında ən çox istinad olunan alimdir 

Dünya şöhrətli alim Rafiq Əliyevin təklif etdiyi və yaratdığı elmi nəzəriyyələr, o cümlədən, mürəkkəb sistemlərdə koordinasiya nəzəriyyəsi, ümumiləşmiş dayanıqlıq nəzəriyyəsi, imperfekt (mükəmməl olmayan) informasiya şəraitində ümumi qərarqəbuletmə nəzəriyyəsi, 2–ci tip qeyri-səlis məntiq nəzəriyyəsi dünya elmi ictimaiyyətinin böyük marağına səbəb olub. Bu nəzəriyyələr ABŞ–da, Kanadada, Almaniyada, Fransada, Rusiyada və dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq konfranslarda müəllifin plenar məruzələrində müzakirə olunub, “İnformation sciences”, “İEEE Man, Machine, Cybernetics”, “Fuzzy sets and systems” və başqa özək elmi indeksli jurnallarda dərc edilib.

Bu günlərdə “Springer” nəşriyyatında Rafiq Əliyevin Kanada, ABŞ, İspaniya alimləri ilə birlikdə çap olunmuş  “Human–Sentric Decision Making Models for Social Sciences” kitabında bu elmi nəticələrin bəzilərinə yer verilib.

Bu ilin əvvəlində həmin nəşriyyat Rafiq Əliyevin binar məntiqə (Aristotel məntiqinə) söykənən klassik qərarqəbuletmə nəzəriyyəsindən fərqli olaraq real həyata daha adekvat olan qeyri–səlis məntiqə əsaslanan yeni qərarqəbuletmə nəzəriyyəsini ehtiva edən “Fundamentas of the Fuzzy Logic Based Generalized Theory of Decisions” monoqrafiyanı çap edib. Müəllifin bu nəzəriyyəsinin inkişafı onun dünyanın mötəbər nəşriyyatlarından olan “World Scintific” də yaxın aylarda dərc olunacaq “Decision  Theory with İmperfect İnformation” kitabında öz əksini tapıb.

Bir neçə gün öncə professor, New York, ABŞ, Spinger–dən yeni bir təklif alıb:

“Hörmətli doktor Rafiq Əliyev,

Lütfən icazə verin özümü təqdim edim. Mənim adım Hector Nazariodur. Mən Springer elm və biznes mediyasının redaktoruyam.

Mən Sizi təbrik etmək istəyirəm və diqqətinizə çatdırmaq istəyirəm ki, Sizin “İnformation Sciences” jurnalında dərc olunmuş elmi məqaləniz “Type–2 fuzzy neural networks with fuzzy clustering and differential evolution optimization” müvafiq elm sahəsində ən çox istinad olunan məqalələrdən biridir. Biz sizin iş və elmi cəmiyyətə verdiyiniz töhfəyə görə heyranlığımızı bildiririk. Bunu nəzərə alaraq mən və mənim nəşriyyat direktorum Sizi dəvət edirik ki, bu işinizi və ona yaxın olan başqa işlərinizi kitab kimi bizim nəşriyyatda çap edəsiz.

Lütfən bizə mümkün qədər tez cavab verin ki, bu ideyanı reallaşdıra bilək.

Hörmətlə, Hector Nazario, New York, ABŞ”.


Bir neçə ay öncə Rafiq Əliyev fundamental və sosial elmlər sahəsində genişləndirilmiş elmi indeksli “İnternational Journal of İnformation Technology and Decision Making” jurnalından da belə bir məktub alıb.

“Hörmətli professor Rafiq Əliyev!

Biz bu günlərdə Sizin “İnternational Journal of İnformation Technology and Decision Making” jurnalında şap olunmuş “Decision Theory with İmprecise Probabilities” məqalənizin ən çox istifadə olunan (downloaded) olduğunu gördük. Sizin növbəti məqalənizi bizim nəşrdə çap etməyimizdən qürur duyarıq.

Dərin hörmətlə, Winny Pratiwi, World Scientific Publishing Company”.

Onu da öyrəndik ki, Rafiq Əliyevin dərc etdirdiyi kitabların və elmi məqalələrinin heç biri tərcümə deyil, o, bunları birbaşa ingilis dilində yazır.

Qeyd edək ki, professor Rafiq Əliyev dünya elmində nüfuz sahibidir, söz sahibidir. O, çoxlu sayda mötəbər beynəlxalq jurnalların ya redaktoru, ya da redaksiya heyyətinin üzvüdür.

Professor Rafiq Əliyev öz kitabları, məqalələri, elmi diskussiyalardakı çıxışları ilə, öz elmi nüfuzu və şəxsiyyəti ilə Azərbaycanı dünyaya tanıdan alimdir.

Zəmanəmizin nəhəng elm dühası professor Lütfi Zadə Rafiq Əliyevin nəzəriyyələrini yüksək qiymətləndirir: “Rafiq Əliyevin nəzəriyyələrinin sadəcə böyük bir töhfə adlandırılması çox azdır. Professor Rafiq Əliyevin qərarvermənin ümumi nəzəriyyəsinin əhəmiyyəti danılmazdır. Onun nəzəriyyələri ənənəvi yanaşmalardan uzaqlaşaraq bir çox yeni konsepsiya və fikir təqdim edir”.

Elmin Nuri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır