Modern.az

«…dilim türki, kəlamım həcv-məcv»

«…dilim türki, kəlamım həcv-məcv»

Ədəbi̇yyat

2 Oktyabr 2013, 12:05

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

XIX əsr Azərbaycan mütəfəkkirlərindən Seyid Əbülqasim Nəbati (1812-1873) Qaracadağ mahalının Üştibin qəsəbəsindədir. Uşaqlıq yaşlarından ana dili türk dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl mənimsəyən Nəbati dini elmlərlə də yaxından tanış olmuşdur.

Bir məqamı da qeyd edək ki, Nəbati şeirlərində şəcərəsini bir tərəfdən seyid peyğəmbər övladı kimi ərəblərə, digər tərəfdən xançobanlı kimi türklərə bağlamışdır. Belə ki, şair şeirlərinin birində ərəb olmasını belə yazmışdır:

Meydani-eşq içrə səyirtdim atı,
Müsəxxər eylədim Rumu, Heratı,
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız Haşimi, əslimiz ərəb.

Ancaq başqa şeirlərində isə Nəbati milli kimliyini və dilini türk kimi qələm vermiş və türk olması ilə fəxr etmişdir:

Bəççeyi-türkəm, dilim türki, kəlamım həcv-məcv
Xançobani can alan cancanı gözlər gözlərim.

Ümumiyyətlə, Nəbatinin yaradıcılığında dinə münasibətində şiəlik və sufilik istiqamətləri daha çox özünü büruzə vermişdir. Gənc yaşlarından şeir yazan Nəbati Azərbaycanın bir çox şəhər və kəndlərini (Əsgəran, Ağdam, Təbriz, Lənkaran, Salyan, Hindarx və b.) gəzərək dərvişlik etmişdir. Bu isə o deməkdir ki, Nəbati gənc ikən sufiliyin təsiri altında olmuşdur. Onun sufiliyə meyil etməsində kainatın sirlərini öyrənmək istəyi mühüm rol oynamışdır:

Cumdum  genə qəvvas tək dəryayə mən, dəryayə mən,
Qıldım nəzər bir lövlövü-laləyə mən, laləyə mən.
Sən sanma mən bu bəhrdə hər inci, mirvari gəzim,
Göz dikmişəm bir gövhəri-valəyə mən, valəyə mən.
Getdim biyaban gəştinə, vurdum təcəlla dəştinə,
Etdim tamaşa Turdə Musayə mən, Musayə mən.

Başqa bir şeirində isə o yazırdı:

Güşeyi-vəhdət nə əcab ca imiş,
Sirri-nihan onda hüveyda imiş.
Aşiqi-divanələrin mənzili-
Rütbəyə bax, ərşi-müəlla imiş.
Qafil idim b udili-viranədə,
Dil demə, oğlan, bu ki dərya imiş.

Ancaq Nəbatinin yaradıcılığında sufilik qədər şiəliyin də mühüm təsiri olmuşdur. O, şeirlərində Həzrət Əlinin (ə) yolunun davamçısı olduğunu  dəfələrlə ifadə etmişdir. Nəbati yazırdı ki, bütün daxili tərəddüdlərə son qoyub qurtuluş yolu tapmaq üçün sidq ürəklə «Şahi-Mərdanə»yə üz tutmaq lazımdır:

Qorxma nirani-fəraqın şərərindən, ey gül,
Sidqilən tut üzünü bircə şahi-Mərdanə.

İsmi-əzəm deyilən ismi-Əlidir, billah,
Gəzmə bica yerə Nəsnas kimi hər yanə.

Etməz iqrar, Nəbati, bu sözə zahidi dun,
Gəlməz imanə yəqin and içəsən Quranə.

Və yaxud:

Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda,
Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.

Nəbatinin yaradıcılığında bəzən dinə münasibətdə müəyyən tərəddüdlərə, yaxud da ziddiyyətlərə rast gəlirik. Belə ki, şair bəzən abid ikən brhəmən olduğunu, məscidən üz döndərib bütxanəyə getdiyini yazır:

Gah abid oldum, gah brəhmən,
Gah məscid, gah bütxanə oldum.
Gah dərviş oldum, gah qələndər,
Gah məst, gah da məstanə oldum.

Ancaq abid, dərviş, brhəmən, qələndər və s. arasında tərəddüd etdiyi zaman belə Nəbati şiəlik təəssübündən əl çəkməmiş, həmişə gözləri Həzrət Əlini gözləmişdir:

Müxtəsər, yeydir, Nəbati, bir sözü çox çeynəmə,
Söylə bir yol Heydəri-kərrarı gözlər gözlərim.

Göründüyü kimi, Nəbatinin yaradıcılığında şiəliyin, xüsusilə Həzrət Əlinin (ə) ayrıca bir yeri olmuşdur. Onun düşüncəsində Həzrət Əli (ə) bir həqiqət meyarı,  ərənlər ərəni, ən adil hökmdar və güclü alim olmuşdur:

Ya Əli, ya övliya, ya Bülhəsən, ya Butürab!
Şiri-həqq bir qüdrəti-yəzdanı gözlər gözlərim.

Lafeta, illa, Əli, laseyf, illa, Zülfüqar
Seyheyi-Düldül-fələkcövlanı gözlər gözlərim.

Başqa bir şeirində isə Nəbati Həzrət Əlini (ə) daha yüksək məqamlara qaldırır, onu aləmin sultanı, şahların şahı kimi qələmə verir. Nəbati yazırdı ki, birinci imamın məqamı Makedoniyanın İskəndərindən, İranın Daralarından qat-qat yuxarıdır:

Mənim aləmdə sultanım Əlidir,
Mənim miri-cahanbanım Əlidir.
Nə Dara tanıram mən, nə İskəndər,
Mənim Fəğfurü xaqanım Əlidir.
Behişti zahidə versəm sərasər,
Mənim gülzari-rizvanım Əlidir.
Əgər hər kimsənin bir şahi olsa,
Mənim də şahi-şahanim Əlidir.

Bütün bunlarla yanaşı, şair Həzrət Əlinin Allah səviyyəsinə qaldırmasına qarış çıxır, xüsusilə bu məsələdə əliallahiləri tənqid edirdi:

Mən ruzi-ənzəldə sevmişəm bir şahi,
Allah deyər, ona əliallahi,
Hər kim ona Allah desə, kafirdir,
Şəkkaldır ol Nəbati tək, vallahi.

Şairin yaradıcılığında ikizülü zahidlərin, riyakar ruhanilərin tənqidi də mühüm yerlərdən birini tutur. Nəbati məsciddən üz döndərib meyxanələrə üz tutmasının günahkarı kimi yalançı zahidləri göstərmişdir:

Məscidləri ver zahidə,  qoy xanəgahı abidə,
Gəl, sən, Nəbati məskən et meyxanəni, meyxanəni.

Və yaxud da:

Eşqi, aşiqliyi mən eyləmə, zahid, billah,
Əqlini başına yığ, aşiqi-bir  yar ol-ol.

Zahidi zikri bəd, adı yaman, xalq yanında üzü xar kimi qələm verən Nəbati yazırdı ki, bu cür müsəlmanlıqdansa Şeyx Sənan, Məcnun kimi eşq dəlisi olmaq yaxşıdır. Çünki zahidə bu dünyada yaşamaq üçün Allah, Nəbati kimlərə isə mövla gərəkdir:

Zahid, əl çək, sən tari, yeri get, dəng etmə,
Sənə Allah gərəkdir, mənə mövla, mövla.

Nəbati hesab edirdi ki, yalançı ruhaniləri ikiüzlü əməllərinə görə qınamaq əslində mənasızdır. Çünki onların da bu dünyada özünəməxsus rolları vardır:

Mən qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.

Bu mənada, şairin fikrincə, Allah eşqi nədir zahid anlamaz. Bunu üçün insanda Allahı sevən odlu bir ürək olmaladır. Belə bir ürək zahiddə isə yoxdur. Ona görə də zahidin işi-gücü saxta qəlblə və riyakar dillə Allahı anmaqdır. Bunu, isə kimsə anlamasa da, Nəbati kimi Tanrı aşiqləri yaxşı anlarlar:

Zahid, az danış, get gözümdən it!
Eşqdən məni çox da danlama,
Mən məgər əbəs olmuşam dəli,
Bir o mimü dal, bavü rayə bax.

Göründüyü kimi, Nəbatinin dünyagörüşündə şiəlik və sufilik əsas yer tutmuşdur. Düzdür, bəzi şeirlərində onun tərəddüd içində olduğunu, hansı tərəfə yön alması ilə bağlı qəti qərara gələ bilmədiyi hiss olunur. Şairin  bu tərəddüd lərində riyakar zahidlərin də mühüm rol oynamasını unutmamalıyıq. Ancaq bu tərəddülər daimi xarakter daşımır və şair daha çox özünü İslama bağlamaqla xilas yolünü görür.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar