Modern.az

“Yoldaşım məndən 10 santimetr hündürdür” - Məşhur aktyorun evindən REPORTAJ+FOTOLAR

“Yoldaşım məndən 10 santimetr hündürdür” - Məşhur aktyorun evindən REPORTAJ+FOTOLAR

2 Oktyabr 2013, 14:48


Bəlkə də xalq artistlərimizin bir çoxu onun çəkildiyi qədər filmə çəkilməyib. Hər halda bu, mənim subyektiv, amma yetərincə həqiqət payı olan fikrimdir. Yəqin çoxlarınız şəkli görən kimi “aa, balacaboy kişi” deyə reaksiya da verdiniz.

Modern.az saytına məlum olub ki, 38 filmə çəkilmiş bu bəstəboy kişi, aktyor-rejissor Arif Qasımov həyatının ən ağır dönəmlərini yaşayır.

…Həyat yoldaşı Sevil xanıma zəng vururam. “Azdrama”nın qarşısında görüşüb evlərinə gedirik. İçəri girən kimi ayağa qalxır, görüşürük. Söhbətə başlamazdan əvvəl mənzilə göz gəzdirirəm. İki darısqal otaqdan və bir dəhlizdən ibarətdir. Amma buna rəğmən bədbin görünmür. Taqətdən düşdüyü açıq aşkar hiss olunur. Çünki ayaq üstə çox çətinliklə bir neçə saniyə dayana bilir. Bu məqamda sual vermək də çətindir. Həm də nitqi qismən itib deyə bəzi cavabları Sevil xanımdan almağa məcburam.

– 1950-ci ildə Bakıda anadan olmuşam. İndiyə kimi 38 filmə çəkilmişəm. Özümün də çəkdiyim “Dağlı çörəyi” adlı film və silsilə verilişlər var. 1968-ci ildə orta məktəbi bitirəndən sonra 3 il institutdan kəsilmişəm. Sonra Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olmuşam. Fəxrəddin Manafovla bir yerdə oxumuşuq. İnstitutu  bitirib Moskvada Ali Rejissorluq Kursuna daxil olmuşam.

Arif müəllim deyir ki, çəkildiyi 38 film arasında 2000-ci ildə ekranlaşdırılan “Ayna”nı daha çox bəyənir. Fəxri adlarla maraqlanmır. Xanımı isə deyir ki, onları daha çox Arif müəllimin sağlamlığı düşündürür.
“Təki Arifin canı sağ olsun. Onun bacısı oğlanları olmasa bizə yaşamaq çətin olar. Çünki daim dəstəklərini əsirgəmirlər. Görünür o da yaxşı dayı olub. Sizə bir əhvalat danışım. 90-cı illərin əvvəli idi, axşam 8-dən sonra heç yerə çıxmaq olmurdu. Bacısı zəng elədi ki, oğlu xəstələnib. Uşaq deyir ki, Arif dayı, məni masaj eləsə sağalaram. O gecə 12-də piyada durub getdi bacısıgilə. İki-üç ay əvvəl öd kisəmdən əməliyyat olundum, xərcini onlar çəkdilər.

Arifi bütün rejissorlar tanıyırlar. Ona nə verirlərsə, qane olur. Deyir ki, bazardayam bəyəm alver edim? Arifin ən yüksək qonorarı “Yoxlama” filmində olub. Orda baş rollardan birinə çəkilirdi. Hətta gecələr də çəkilişlər olurdu. Cəmi 300 dollar qonorar aldı. Ən böyük qonorarı o olub”.


– Arif müəllim, niyə gec ailə qurmusunuz?

– Evlənəndə mənim 42, xanımın 40 yaşı var idi. O vaxta kimi heç birimiz ailə qurmamışdıq.

– Sevil xanım, Arif müəllim maraqlı, tanınan insandır. Amma boy fərqiniz var. Ailə quranda bu məqam sizi narahat etmirdi ki?

– Bizi Məhərrəm Bədirzadənin qardaşı arvadı tanış edib. Əvvəlcə mənə deyəndə, etiraz elədim. Bizi xəbərimiz olmadan tanış elədilər. Bəlkə də 20 yaşım olsaydı, razılaşmazdım. Heç 20 yaşlı gəncə özündən balacaboy insanı təklif etmək də olmaz. Ancaq fikirləşdim ki, əsas xasiyyətimiz tutsun. Ailə qurmazdan öncə də mənə boy-buxun, maddiyyat maraqlı deyildi.

– Arif müəllim nə əcəb 42 yaşa qədər evlənməmişdiniz?

– Başım kinoya, televiziyaya qarışıq idi.

Sevil xanım:

– O çox ciddi və utancaq insandır. Bizi tanış edəndə də özü bilmirdi. Biz getdik teatra və orda tanışlıq yarandı. Çünki boy kompleksi var.

– Boyunuz nə qədərdir?

– 150 santimetr mənim, 160 Sevil xanımın boyudur. O məndən 10 santimetr hündürdür.

– Arif müəllim, sənətdə dostlarınız kimlərdir?

– Yaşar Nuri ən yaxın dostum olub. Məni televiziyaya o aparıb. Həmidə Ömərova ilə də yaxın dostuq.

– Son dəfə hansı sənət yoldaşınız zəng vurub, baş çəkib?

– Heç kəs gəlmir. Amma bu yaxınlarda Həmidə xanım bizə gəlmişdi.

Bayaqdan söhbətimizi diqqətlə dinləyən qızına, Nigara sual verirəm-atanı çox istəyirsən, ananı? Düşünmədən atasını daha çox istədiyini deyir.

– Mənə həmişə deyirlər ki, o atasını çox istəyir, qısqanmırsan? Deyirəm ki, atasını çox istəyir də, başqasını istəmir ki. Çünki 2-3 yaşından onunla Arif məşğul olub, tamaşalara, konsertlərə, sərgilərə aparıb. Mən evdə qalıb iş görürdüm, onlar evdə tamaşalar qururdular. Harasa gedirdilər. Atası insult olandan sonra Nigar dərslərindən geri qaldı, məcbur olub doqquzuncu sinifdən çıxdı.


– Arif müəllim, neçə uşaq olmusunuz?

– İki qardaş, bir bacı idik, tək mən qalmışam. Mənim xəstələnməyimin səbəbi də hər şeyi içimdə çəkməyimdir. Adımı Sidqi Ruhulla kimi böyük sənətkar qoyub. Atam başqa ad qoymaq istəyirmiş, o da qonşumuz idi. Deyib ki, uşağın adını Arif qoy. Atam tibb polkovniki olub. Uşaq vaxtı kloun olmaq istəyirdim. Sirkin direktoruna tapşırmışdı ki, məni götürməsinlər, Götürmədilər də.

– Gənclik illərində öz sevdiyiniz olub?

– Yox (gülür).

Sevil xanım:

– (zarafatyana) Arif, nə varsa, aç tök qorxma.

– Yox olmayıb, baş qarışıq idi də.

– Deyəsən nəsə olub axı. Sevil xanımı da sevməmisiniz?

– Sevmişəm.

– Son üç ildə heç bir filmə çəkilməmisiniz?

– Xeyr.

– İçinizdə peşmançılıq var?

– Yox. Nə etmişəmsə sənət üçündür.

– Yeni seriallardan təklif olub sizə?

– İki il əvvəl İTV-dən dəvət etmişdilər, amma sağlamlığım imkan vermədi.

– Yerli seriallara baxırsınız?


– Belə də.. Bu onlar üçün işdir də.

– Sizcə nə çatmır?

– Peşəkarlıq, aktyor oyunu çatmır.

– Siqaret çəkirsiniz?

– Gündə qutuyarım çəkirdim. 6-7 ildir çəkmirəm.

– Korifey sənətkarlardan kimləri görmüsünüz, işləmisiniz?

– Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin “Diplom işi” filmində çəkilmişəm.

– Hansı rejissorla işləmək sizə rahatdır?

– Ramiz Həsənoğlu ilə.

– Özünüz sərbəst harasa çıxa bilirsiniz?

– Yox, uzaqbaşı qapının ağzına çıxıram. Qızım bütün günü yanımdadır. Son günlər vəziyyətim bir az da ağırlaşıb. İldə iki dəfə müalicə olunuram. O gün 250 manatlıq dərman yazıblar, hələ yarısını almamışıq. Hazırda yoldaşımın 250 manat məvacibi və pensiyası ilə dolanırıq.

– Nə vaxtsa teatrda işləmisiniz?

– Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olmuşam. Yusif Vəliyev, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Firəngiz Şərifova teatrda işləyirdilər o vaxt.

– Pərəstiş etdiyiniz kimsə var?

– Fazil Salayev və Çarli Çaplin. Hər  ikisi komediyanı təbii oynayıblar.

Söhbətimiz sona yaxınlaşdıqca, Arif müəllimin durumunun nə qədər kritik olduğunu daha çox hiss etməyə başlayıram. Sanki danışmaq da onu yorur. Sevil xanım isə deyir ki, nə fəxri ad, nə başqa bir şey istəyirlər.

– Bu yay bir neçə yerə gedə bilərdik. Amma bütün yayı 33 kvadratmetrlik evdən bayıra çıxmadı. Çünki harasa getsə, taksi tutmalıyıq, ona da imkanımız yoxdur. Yəqin ki, bu sahəyə rəhbərlik edən insanlar nə vaxtsa, Arifi də yada salıb adını prezident təqaüdçüləri siyahısına salacaqlar. Çünki o gördüyü işlərlə buna layiqdir.

Aktyor-rejissor Arif Qasımovun çəkildiyi filmlər:  

Diplom işi (film, 1979)
Vah!.. (film, 1980)
Böyüyəndə bilərsən... (film, 1981)
Marş (film, 1982)
Ömrün yolları (film, 1982)
Balıq günü (film, 1983)
Evlənmək istəyirəm (film, 1983)
Bayramda yağış (film, 1985)
Mastika (film, 1986)
Yenilik (film, 1986)
Bu da bir naxışdır (film, 1987)
Yaramaz (film, 1988)
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Ac həriflər (film, 1993)(tammetrajlı film-tamaşa)(AzTV) - rol: sarı pencəkli kişi,
"Fransız" (film, 1995)
Səhər (veriliş, 1995)
Qarabağ şikəstəsi (film, 1996)
Hər şey yaxşılığa doğru (film, 1997)
Otel otağı (film, 1998)
Yerlə göy arasında (film, 1999)
Ayna (film, 2000)
Nekroloq (film, 2001)
Hacı Qara (film, 2002)
Yaşıl eynəkli adam-3 (film, 2002)
Dəvətnamə (film, 2003)
Milli bomba (film, 2004)
Əlvida, cənub şəhəri (film, 2006)
Kişiləri qoruyun (film, 2006)
Yoxlama (film, 2006)
Dağlı çörəyi (film, 2007)
Halal pullar (film, 2008)
Qocalar (film, 2008)
Ci-Mi (film, 2008)
Pilləkən (film, 2008)
İstanbul reysi (film, 2010)













İntiqam Valehoğlu

Fotolar müəllifindir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi