Modern.az

Gerçəkliyi ötməməyin acısı

Gerçəkliyi ötməməyin acısı

2 Oktyabr 2013, 17:05

(Ədalət Əsgəroğlunun xatirəsinə)

Şair Ədələt Əsgəroğlu həmişə qayğılı idi. Elə bu səbəbdən son illərdə irfan şeirləri yarandı. Halından, danışığından açıq-aşkar görünürdü ki, özünü tapmaq istəyir. Onun faciəviliyi həyatın məngənəsindən çıxa bilməməsində idi. Yaşamındakı gərginlikdən şikayətlənirdi...

Onun insana həyanlığı, doğmalığı vardı. Son illərdə yazdığı şeirləri içinə, insana bələdliyindən, həqiqət şəkərini dadmasından yaranmışdı. Daddı və gördü ki, həqiqət tamam başqadır. Həqiqət tələbi gerçəkliyi ötməyi, hər mənada o tələbi yaşama gətirməyi istəyir. Onun gerçək durumu isə buna yetmirdi...

***

Ədəbiyyatın işi – insanın özünə, dünyaya, həyata münasibətini doğru ifadə etməkdir. İnsan məhv olur, özündən ayrılır, ədəbiyyat insanı xilas etməyin, yaşatmağın yanğılısı olmalıdır. Ədəbiyyat həmişə gerçəkləşən inam, canlı ömür içsəsi, solmaz ruhaniyyat gülü olmağı bacarmalıdır. İnsana mütləq inam aşılamayan – ədəbiyyat deyil. Yalnız böyük, ciddi duyğuların yaşamaq haqqı olur. İnsana sevgi əsilliyində yaşayan ədəbiyyat – əbədiliyə yüksəlir, insanı var etdiyi üçün var olur. İnam Atanın istədiyi ədəbiyyat budur. Ata şairdə bu cəhətləri görür: aşiqlik, filosofluq, cəngavərlik. Ədəbiyyatımız bu insani-milli-bəşəri görəvini heç vaxt unutmamalıdır.

 ***

Ədalət Əsgəroğlunun şeirlərində insana bələdlik, can yanğısı, həqiqətə təşnəlik var. Sonuncu kitabının (“Haqdan gələn gözəl gəlir”) təqdimatında bu istəyin, halın mütləqilik imkanında gerçəkləşməsini, yeni, ciddi yaradıcılıq örnəklərinin yaranmasını arzulamışdım ona.

Onun "Xocam Xocalı" poemasında dərdi dərindən duyması, yaşaması var. Gərək dərdinlə bir olasan, dərdlənəsən, dərd belini əyməyə. Dərdi çəkənlər azalıb çağımızda. Haradasa dərdə yiyə durmaq, dərdi yaşamaq ənənəmiz azalıb. Dərdimizin bayağı ifadəsi yaranıb. Bu, dərdsizlikdən betərdir əslində.

Ə.Əsgəroğluya demişdim, bu əsərini irfan şeirlərini yazdığı sayaq hecada yazması yaxşı olardı. Bütün hallarda isə o, faciə mövzusunu ürəkdən duyduğu, yaşadığı dərəcədə ifadə edə bilmişdi. Fərd inamsızdırsa, xalq da inamsız olacaq. Ləlimək yox, zarımaq yox, dərdi, faciəni qürurla yaşamağımız, faciədən üstün olmağımız gərək.

Adətən ədəbiyyatda söz deyilir, ancaq yerimir, yəni ömürləşmir. Ona görə də ən gözəl söz belə söz olaraq qalır. Söz əməllə birləşməyincə yaşamaz. Əsərdə habelə ilahiyə üsyan var. Yurddaşdan ummaq var, hiddət var. Poeziya gerçək olaraq ulusal qayğını həll edə bilmir, ancaq heç olmasa dərdi nişan verə bilir.

Ədalət Əsgəroğlu “Xocam Xocalı”dan sonra sanki bir az toxtamışdı...

***

Onun irfan şeirlərində özüylə üz-üzə qalması var. İtirilmiş çağlarını həqiqətlə doldura bilməməsinə kədərlənir Ə.Əsgəroğlu. Ancaq ömrün bu məqamında da olsa, özünü ifadə etdiyinə sevinir. Həqiqət ona deyir ki, məni gec tapdığına görə təlaşlanma.

Yar yaxasın çəkə yana,
Amansız qala divana.
Aşiq ki, qıymasın cana…
Cavabı yox, sualdı ki…

Durma, içinin ucalığına doğru yüksəl! Həqiqətin yoluna düşdünsə, gərək dayanmayasan. Dayanmaq - həqiqəti itirmək, yiyəsiz qoymaqdır. Ə.Əsgəroğlu içinin həqiqətiylə üz-üzə qalanda gerçəkliyinin halını çox gözəl görürdü:

Deyilənlər gerçəkdimi,
Könül onu göyçək saysın?
Yazılara qələm çalan
Gülün vursun, çiçək saysın…

Onun özüylə üz-üzə qaldığı məqamlar fitrətini, insan ilahiliyini dərk etdiyi məqamlardır. İnsan özümlüyünü şəxsində duymaq, fərəhlənmək, ilahiliyi dərk etmək gözəldir. Həqiqətini tapmısansa, ölümün nə vaxt gəlməsinin də qorxusu yoxdur.

Əsgəroğlum, ayrılıq var,
Yol bitirməz haça yollar.
Gedənə yar, gələnə yar,
Mənəm zəvvar, nə istəyir?

Əsgəroğlu faciəviliyini ötə, aşa bilməsə də, özünü yetə bildiyi məqamlarıyla, şeirləriylə ovundururdu. Bu, yarımçıq qalmış, insani-ilahi imkanlarını tam aşkarlaya bilməmiş bir yaradıcının kədəri deyil təkcə, elə hamının kədəridir. Həyatdan yarımçıq gedən hər kəsin kədərində özünün yarımçıq  qalmış arzularını görmək gərək. Bəs gedənlərin yarımçıq arzularını necə gerçəkləşdirməli? Özümlüyünə - İnsanlığına yetməklə.

Əgər varlığını təsdiq edirsənsə, dünyadakı bədbinliyi yox edirsən. Öz örnəyində yaratdığın insani dünyan həm də insanların istədiyi dünyadır.

Ədalət Əsgəroğlunun faciəviliyi gerçəkliyi ötə bilməməkdən yarandı. İllərin acı-ağrısı yığışdı, ona dov gəldi.
Ölümünü gözləyirdi. Gəldi və onu apardı. Ancaq xatirəsini öldürə bilmədi ölüm. İnsanı yaşadan elə budur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir