Modern.az

«Azərbaycan osmanlısı və ya osmanlı azərbaycanlısı»

«Azərbaycan osmanlısı və ya osmanlı azərbaycanlısı»

5 Oktyabr 2013, 11:03

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan mütəfəkkirlərindən Məhəmməd Ağa Şahtaxtlı (1846-1931) XIX əsrin sonlarında, 1891-ci ildə «Kaspi» qəzetində «Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?» məqaləsində yazırdı ki, ruslar Zaqafqaziya türklərini əsasən, milli kimlik baxımından müsəlman adlandırırlar ki, bu da, onların özlərindən qaynaqlanır. Son zamanlar isə ruslar Azərbaycan türklərini tatar adlandırmağa başlayıblar ki, bu, heç də uğurlu deyildir: «Zaqafqaziya müsəlmanlarının danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri…Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar,onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İrandan Rusiyanın payına düşmüş Aderbedjan (Azərbaycan) mahalı-indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır. Onları həm Şərq yazıçıları, eləcə də Avropa coğrafiyaçıları və etnoqrafları başqa adla yox, ancaq Azərbaycan türkləri adlandırırlar».

Şahtaxtlıya görə, Azərbaycan türkləri indiyə qədər öz dilərində əsər deyil, kağız və siyahı yazmağa belə hərəkət etməmişlər. Bu baxımdan bir çox Azərbaycan türk aydınları türk olluqları halda, fars və ərəb dilində yazıblar. Ümumiyyətlə, türk dili iki qismə bölünür: şərqi və qərbi: «Şərqi türkcəsi cığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq çox azdır. Hər ikisi bir bildir, bir ləhcədir… Qərbi türkcə Osmanlı ilə Azərbaycan türkcəsidir. Osmanlı türk dili ilə Azərbaycan türk dilinin arasında demək olar ki, heç fərq yoxdur… Bu dil osmanlı dilidir ki, azərbaycancanın eynidir. Bu dil azərbaycancadır ki, osmanlıcanın eynidir. Azərbaycan osmanlısıdır və ya osmanlı azərbaycanlısıdır. Bir sözlə türkcədir. Bu türkcəni bir az intizamla işlətsək az vaxtda gözəl ümumi bir dil olur ki, rusca, ingiliscə, ərəbcə kimi insanların fikir alveri üçün mükəmməl bir alət olur. Ən vacib şey fellərin və isimlərin siğələrini səhih bir qayda ilə həmişə bilatəğyir bir şəkil və surətdə istemal etməkdir».

1901-ci ildə qələmə aldığı «Türkiyəni necə xilas etməli?» əsərində isə Şahtaxtlı Osmanlı İmperiyasının düşdüyü acınacaqlı vəziyyətdən söz açaraq, türklərin bu quruluşu dəyişdirmək üçün çıxış yollarından biri kimi İslam dinində islahatların aparılmasını göstərmişdir. Onun fikrincə, türklər ilk növbədə bu məsələdə Qərb siyasi doktrinalarına müraciət etməli, müasirləşmək yolu tutmalı, konstitusiyalı dövlət olmalı, parlamentli ölkəyə çevrilməlidir. Şahtaxtlı yazırdı ki, türk millətinin inkişafına isə iki amil əngəl olur: despotizm və ruhanilərin hakimiyyəti: «Savadlı idarə üsulunun meydana gəlməsi ilə despotizmin yox olması kimi, onlar, ümid var ki, öz cürətli hərəkətləri ilə ruhaniliyə də qələbə çalacaqlar».

Ruhanilərin dövlətdə tutduğu mühüm mövqeyi tənqid edən M.Şahtaxtlı yazırdı ki, ruhanilik insanın qanunları və biliyi ilahi qüvvədən hazır şəkildə aldığını öyrədir. Bu baxımdan İslam dini adından bütün fəlsəfi təlim və mübahisələr, fikir və şüur azadlıqları ləğv edilmişdir. Eyni zamanda, dünyanın adət və tələbləri dəyişildiyi halda, dəyişilməyən islam qanunları cəmiyyəti əzir və təbii ədalət hissini məhv edir. Şahtaxtlının fikrincə, bütün bunları aradan qaldırıb Osmanlı cəmiyyətini müasirləşdirmək üçün, ilk növbədə islam xəlifəliyi, dövləti islam qanunları ilə idarə etmək ləğv edilməlidir. Başqa sözlə, din dövlətdən ayrılmalı, ruhanilər ölkənin idarə olunmasına qarışmamalıdırlar.

O yazırdı ki, qədim İslam mədəniyyətinin indi yalnız adı qalmışdır. Hazırda müsəlmanlar yalnız keçmiş mədəniyyətləri ilə fəxr etmək, eyni zamanda avropalı libası geyinib, onlar kimi oturub durmaqla kifayətlənir və bununla da özlərini mədəni sayırlar. Şahtaxtlıya görə, artıq müsəlmanlar da oyanmalı, qonşularından geri qalmamalıdır: «Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı qonşularımızınsağılan inəyi mənzilində, məzəllətində qalmışız. İlahi, bizim millətin mərifət baharı nə vaxt gələcək? Elm çiçəklərimiz nə zaman açılacaq? Həmişə belə gözü bağlı, dili lalmı qalacağız? Bu nə halətdir ki, düşmüşük? Bu nə yükdür ki, biz çəkiriz? Daha nə zamana qədər bu cəhalət boyunduruğundan qurtara bilməyəcəyiz? Axır biz də insanıq. Cəhalət ilə puç olub gedən mərifət ilə səlamətə çıxan millətlərdən ibrət alalım! Edəlim ki, bizə öncüllük, rəhbərlik edib, nümunə-misal olmuşlar».

Şahtaxtlıya görə, Rusiya millətləri arasında bütün cəhətlərə görə geri qalmağımızın, mədəniyyətmizin, məktəblərimizin, ədəbiyyatımızın və s. olmamasının günahkarı din alimləridir: «Üləmamızdır, əlbəttə üləmamızdır. Bunlar dinimizi, axirətimizi, ölümümüzü, orucumuzu, namazımızı, Quranımızı, təfsirimizi unutmamalıdırlar. Bizim üçün mexanika, fizika, tematika, finlar fənlər öyrənib, bizə təzə elmlər tədris etməlidirlər. Əqaidi-dinyədən daha çox avropalıların sosial (cəmiyyət) ülumunu bizə öyrətməlidirlər».

O yazırdı ki, axirət dünyası ilə uğraşan din alimlərindən dünyəvi elmləri öyrənmək istəyi isə səhv arzu olardı. Dünya işlərini dünya alimləri görməlidirlər ki ki, bu qism alimlərin heyətinə avropalılar «intelliqensiya» deyirlər. Yəni ziyalılar dünyəvi elmləri, dünya işlərini insanlara çatdırmalıdır. Onun fikrincə, ziyalılar millətin ən nüfuzlu sinfindən, sözləri millətləri tərəfindən ən çox eşidilən təbəqələrindən çıxar: «Bizim millətimizin içində ən çox nüfuzlu sinif ikidir: biri üləmadır, o biri nücəba. Üləmanın dünya işlərinə uğraşmaycağını biz keçən gün söylədik. Nücəbamız isə bizim Zaqafqaz məmləkətində qövmümüzün, cinsimizin, millətimizin dərdi ilə çox az müqəyyəddir. Bizim nücəbamız xanlar (Azərbaycan Türk Xanlıqları - F.Ə.) vaxtı və İran səltənəti (Səfəvilər - F.Ə.) zamanında məmləkətlərimizi idarə etmiş əsli və irsi məmurların, xan müqərriblərinin, xan əmələlərinin varisləridirlər ki, irəli zamanlardakı sinfi adətlərini və millətə və əhaliyə görə olan rəylərini və nəzərlərini indiyə kimi saxlamışlar. Bunların işi əhalinin dərdinə dərman etmək deyil, bəlkə əhaliyə əllərindən gəldiyi qədər cəbr və zülm etməkdir».

Onun fikrinə görə, nücəbalar arasında tək-tük millətini sevənlər bulunur ki, amma bir gül ilə bahar olmaz: «Baharımız o vaxt olur ki, millətimizin maarifli qismi öz vəzifəsini millətimizin içində maarifi, elm və dəbi və Avropa üsulu təəşşi təmimdə görüb, var qüvvətilə bunları millətimizin içinə idxala sərf edə. Bu baharımız zənnimizcə o vaxt başlana bilər bilər ki, Asiya zülm və istibdadın varisləri olan indiki xeyirsiz və millətə əziyyəti çox olan nücəbamız qismindən nüfuz və iqtidar tüccar (tacirlər) sinfinə keçə ki, ziyalılıarmız bu son sinifdən çıxa».

Bu məsələlərdə M.A.Şahtaxtlı müəyyən qədər haqlı görünsə də, İslam dininə münasibətdə həddən artıq radikalı etməsi və birmənalı şəkildə Avropa dəyərlərinin müsəlman-türk ölkələrində tətbiq olunmasını iddia etməklə səhvlərə yol vermişdi. Bizcə, M.A.Şahtaxtlı bu cür radikal qərbpərəst və ruspərəst mövqeyini isə «Şərqi-Rus» qəzetində dərc olunan məqalələrində daha açıq şəkildə ifadə etmişdir. Belə ki, o, bu qəzetdə yazdığı məqalələrdə Ə.Ağaoğlu, Ə.Hüsenyzadə və Ə.Topçubaşovdan fərqli olaraq, müsəlman-türk dünyasının problemlərdən çıxış yolunu islamçılıq və türkçülükdə yaranmasında deyil, ümumiyyətlə, islam dəyərlərindən imtina edilərək qərbləşməkdə, avropalaşmaqda, hətta ruslaşmaqda görürdü. Onun fikrincə, dini xurafata və mövhumata qarşı mübarizə aparmaq, islahatlar həyata keçirmək çox gecdir. Bunun üçün istər müsəlman, xaçpərəst, istərsə də məcusi, saibi üçün olsun çıxış yolu, indiki avropalıların vaxtilə keçdikləri körpü ilə keçməkdir: «Daha bu körpünü buraxıb boğula-boğula sudan keçmənin nə ləzzəti var? Bu gün aləmi-islamiyyətin işıqlı yerlərində Avropada vücuda gətirilən açıq, asan, faydalı kitablar, əsərlər, alətlər gündən-günə çoxalmaqda, alimlər onlardan istifadə etməkdədir».

Beləliklə, türk-müsəlman xalqlarının mövcud problemlərdən xilas olması və inkişafı üçün radikal qərbçiliyi əsas prinsip kimi götürən M.A.Şahtaxtlı bu yolda «İttihadi-islam»ı əngəl kimi görür, bu məfkurədən çıxış edənləri, xüsusilə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Əlimərdan Topçubaşov və başqalarını «panislamizm»ə, yəni «islam birliyi»nə çalışmaqda ittiham edirdi. Şahtaxtlının fikrincə, «panislamizm»in mənəvi zərəri  isə xristian dövlətlərini, Avropa mədəniyyətini müsəlmanlara düşmən göstərməsi, bu mədəniyyətə yiyələnmələrinə əngəl olmalarıdır. Bununla da Şahtaxtlı Ə.Ağaoğlu, Ə.M.Topçubaşov başda olmaqla islamçı-türkçü ideoloqları qeyri-səmimi­likdə ittiham edir, onları islamçılığın və türkçülüyün qabaqcılları kimi görmədiyini qeyd edirdi.

Ə.Ağaoğlu isə M.Şahtaxtlını daha çox «Şərqi-Rus» qəzetində müasir və milli ruhlu islamçılığa qarşı yönəlmiş mülahizələrinə görə tənqid etmişdi. Ağaoğlunun fikrinə görə, «Şərqi-Rus» bundan xilas olmaq üçün, cəmiyyəti Qərb dəyərləri ilə tanış etməklə yanaşı, Şərqin tarixi-fəlsəfi cəhətdən öyrənilməsinə, həmvətənlərininin dünyaya baxışının və mənəvi həyatının yeniləşməsinə də öz töhfələrini verməlidir Məmməd Tağı Sidqi, Firidun bəy Köçərli və başqa aydınlarımız isə bu qarşıdurmaya qarşı çıxaraq bunu, millətin birliyinə və inkişafına zərər hesab edirdilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?