Modern.az

Azərbaycan jurnalistləri hansı seriallara baxırlar? (sorğu)

Azərbaycan jurnalistləri hansı seriallara baxırlar? (sorğu)

Media

27 Aprel 2010, 15:44

Seriallar televiziya kanalları üçün tamaşaçı auditoriyası yığmaq baxımından əlverişli vasitədir. Son illər Azərbaycan telekanalları da bu vasitədən eninə-boyuna istifadə etməkdədir. Azərbaycanda yerli və xarici telekanallarda yayımlanan türk, rus, Latın Amerikası ölkələrinin seriallarını izləyən böyük tamaşaçı auditoruyası var. İndi təkcə böyüklər deyil, həm də azyaşlılar serial qəhrəmanlarının adlarını əzbərdən bilir, həmin filmlərin növbəti seriyallarını səbirsizliklə gözləyirlər.

Azərbaycan jurnalistləri arasında da serial həvəskarları az deyil. Modern.az saytı bunu media nümayəndələri arasında keçirdiyi kiçik bir sorğu ilə müəyyənləşdirə bilib.

 

APA-nın baş direktoru Vüsalə Mahirqızı seriala baxmağa vaxtının olmadığını deyir: “Mən elə xoşbəxtlərdən deyiləm. Çünki boş vaxtım heç zaman olmur. Yaxınlarda “Kanal D”də “Hanımın ciftliyi” adlı serial başlamışdı. Ona baxmaq istərdim. Çünki çox sevdiyim yazıçı Orxan Kamalın əsəridir. Amma həmin serialın cəmi bir bölümünə baxa bildim. Tanışlarım “Kurtlar vadisi” serialını tərifləyirlər. Ancaq mən ona da baxa bilməmişəm. Hər halda, istirahətə vaxt ayıra bilmək xoşbəxtlikdir. Heç yay tətilində də imkan olmur. Cəmi 10-15 gün tətilim olur. Onda da çalışıram qızıma vaxt ayırım, ya da xaricə səfər edim”.

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli serial həvəskarı deyil və ona görə də heç zaman belə filmlərə baxmır: “Həm də serialların hansı məqsədlə çəkildiyini yaxşı bilirəm. Biznes proyektlərinin və siyasi texnologiyaların girovuna çevrilmək istəmirəm”.

 

Köşə yazarı Elxan Şahinoğlunun seriala baxmağa marağı yoxdur: “Türk seriallarına baxmasam da, bir neçə serialda nələrin baş verdiyindən qısa şəkildə xəbərdaram. Çünki, ailə üzvlərim baxdığından istər-istəməz, müxtəlif kanallarda seyr edilən serialların səsi mənim qulağıma da çatır. Ancaq bütün hallarda seriallara marağım yoxdur. Bəzən seriallar maraqlı başlasalar da, sonrakı seriyalar süni surətdə uzadılır. Məsələn, əvvəllər "Kurtlar vadisi"nin ilk bir neçə seriyasına baxmışdım. Sonrakı seriyalar xoşuma gəlmədiyindən daha seyr etmədim. Hesab edirəm ki, 6 və ya 8 ay seriala baxmaq vaxt itkisidir”.

Digər köşə yazarı Taleh Şahsuvarlı da seriala ümumiyyətlə baxmır: “Azərbaycan telekanallarına baxmıram. Peyk antenam olmadığı üçün xarici telekanalları da izləyə bilmirəm”.

  

“Azadlıq” qəzetinin əməkdaşı Arzu Abdulla heç bir seriala baxmadığını deyir: “Seriala baxmağı ümumiyyətlə xoşlamıram. Rusların kinolarını çox sevirəm. Demək olar ki, sovet dövründə çəkilən rus filmlərinin hamısına baxmışam”.

 

Mia.az saytının redaktoru Zaur Əhməd vaxt tapanda bəzi serialları izləyir: “Televizora çox baxmıram. Teleseriallardan “Kurtlar vadisi-pusu”ya baxıram. Ona da hərdən bir. Bəzən komik səhnələr, bəzən də şişirtmələr olur. Amma Türkiyə-ABŞ münasibətləri, Türkiyənin regiondakı vəziyyəti ilə bağlı maraqlı məqamlar olur. Aktyor seçimini də yüksək qiymətləndirmək olar. Ümumi götürdükdə pis deyil. Hər halda Azərbaycanda onun yarısının yarısını da çəkə bilmirlər”.

“525-ci qəzet”in əməkdaşı Aqil Lətifov serialları ancaq axşamlar izləyə bilir: “Əsasən “Kurtlar vadisi”, “Adanalı” və “Hanımın ciftliyi”ni izləyirəm. Bu seriallların ssenarisi çox xoşuma gəlir””.

 

“Demokrat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı seriala baxmır: “Qətiyyən serialları sevmirəm. Bircə baxdığım film “Baharın 17 anı” olub. Çox yaxşı serialdır. İndiki seriallar kommersiya maraqları naminə çəkilən mənasız filmlərdir. Mənim nəyimə gərək, Brazilyadakı qara gədə qonşu arvadı niyə sevir...”.

 

Müstəqil jurnalist Aynur Elgünəş serialları izlədiyini deyir: “Ümumiyyətlə telekanallarda əksər verilişlərə baxıram. Xoşuma gəlməsə də, özümü məcbur edirəm ki, sonra bilgim olsun. Seriallar isə məni əyləndirir. Mütəmadi izlədiklərim də var. “Kurtlar vadisi-pusu”, “Aşkı Memnu”, “Arka sıradakılar”. Bir şeyi də qeyd edim ki, insan həmişə nağılı dinləmək istəyir. Serial da nağıl kimidir. Sonu xoşbəxtliklə bitir və insan hardasa içindəki stressi atır. Amma onu da deyim ki, növbəti seriyanı həsrətlə gözləyənlərdən deyiləm. Sadəcə, gecələr boşluğu doldururam”.

 

“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı hazırda iki serialı izlədiyini deyir: ““Kurtlar vadisi-pusu” və “Brako po zaveşanie” seriallarını izləyirəm. Bu filmlərə dövlət kriminallığı və siyasi motivlərinə görə baxıram. Məsələn, “Brako po zaveşanie”də rus kəşfiyyatının ingilis biznesmenə qarşı Bakıda apardığı əməliyyatlar da yer alıb. Çox maraqlıdır. İstərdim dostlar da izləsin. Ancaq daha çox tarixi-sənədli və ciddi filmlərə baxıram”.

 

“Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu serial həvəskarı olmasa da, bəzilərini izləyir: “İmkan olanda baxıram. Ancaq “Kurtlar vadisi-pusu”nun bütün seriyalarını izləyirəm. Burada siyasi məsələlərə yer verilməsi diqqətimi daha çox cəlb edir. “Aşk və cəza” serialına isə evdə baxdıqları üçün mən də məcburən  baxmalı oluram. Ancaq bu serialda baş rolun ifaçısının hərəkətlərindən xoşum gəlmir”.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı əvvəllər serial həvəskarı olsa da, indi baxmadığını deyir: “Türk seriallarından “Min bir gecə”, “Asmalı konak”, “Yapraq dökümü”nə baxmışam. Türk serialları ruhumuza daha yaxın idi. Məişət ssenarisi əsasında çəkilmişdi. Ancaq indi telekanallarımızda Brazilya serialları verilir. Onlar da həmin ölkələrdə bəyənilməyən, keyfiyyətsiz filmlərdir ki, Azərbaycan kanalları tamaşaçılara sırımağa çalışır. Ona görə də daha baxmıram”.

“Üç nöqtə” qəzetinin redaktoru Pünhan Əfəndiyev türk serialını izlədiyini deyir: “Türk kanallarının birində “Canım ailəm” adlı serial verilir. Həmin serial ailə həyatından bəhs etdiyi üçün ona baxıram. Hər zaman geniş ailə arzusunda olmuşam. Bu baxımdan həmin serial xoşuma gəlir”.

 

“Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli yalnız bir serialı izləyir: “Vaxtım olanda “Kurtlar vadisi-pusu”ya baxıram. Bu serial Türkiyə ictimai-siyasi həyatını tam əks etdirməsə də, müəyyən qədər ehtiva etdiyi üçün izləyirəm”.

Müstəqil jurnalist Aynur İmranova bir neçə serialı izləyir: ““Aşkı Memnu”, “Şöhrət yolu”, “Aşk və cəza” seriallarını izləyirəm. Burada insan iddialarının olması diqqətimdədir”. 

Günay MUSAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir