Modern.az

Köhnə erməni fitnəsinin yeni hədəfləri

Köhnə erməni fitnəsinin yeni hədəfləri

Ölkə

24 Sentyabr 2009, 18:55

“Böyük Ermənistan - dənizdən-dənizə”. Fitnəkar ermənilərin daşnak liderlərinin neçə əsrlərdən bəri gerçəkləşdirməyə çalışdığı üç dəniz – Qara dəniz, Aralıq və Xəzər dənizi arasındakı əfsanəvi “Böyük Ermənistan” ideyası siyasəti, nə yazıqlar ki, bu gün də davam etməkdədir. Bu ideya xüsusilə son 21 ildə - 1988-ci ilin yanvar-fevral aylarından başlayan və bugünədək davam edən Qarabağ münaqişəsi fonunda daha çox özünü büruzə verməkdə və gündəmi məşğul etməkdədir. Təəssüf ki, bizlər bu illər ərzində ermənilərin ortaya atdıqları məlum ideyanın xülya və cəfəng ideya olması üzərində baş sındırmaqda davam etsək də, fitnəkar qonşularımız həmin ideyanın gərçəkləşdirilməsi məqsədilə ermənisayağı üsulla zaman-zaman vahid proqram əsasında fəaliyyət göstərməkdədirlər.

Vaxtilə saxtakar erməni tarixçilərindən olan Lalayan Daşnaksütyun partiyasının mübarizəsinin məqsədini şərh edərək belə yazırdı: “Azərbaycandakı Qarabağ, Naxçıvan, Gürcüstandakı Borçalı, Axıska, Axalkələk torpaqlarını məhv etmək və Türkiyənin Şərqi Anadolu, lap Aralıq dənizinədək ərazisini qopartmaqla nəhəng müstəqil Ermənistan yaratmaq”. İrəvanda çap olunmuş “Armeniya v pervoy polovine XVIII veka” xəritəsində isə Azərbaycanın bütün ərazisi, kiçik Asiyanın 1/3 bir hissəsi və cənubi Gürcüstan ərazisi də “Böyük Ermənistan”ın tərkib hissəsi sayılır. Eyni zamanda Bakı şəhəri erməniləşdirilərək “Bakunaker” kimi verilir. Ümumiyyətlə, qatı şovinist erməni müəllifləri İrəvan, Moskva və digər yerlərdə nəşr etdirdikləri kitablarda, saysız-hesabsız məqalələrdə Alban dövlətini Ermənistanın tərkib hissəsi sayır, o cümlədən Ermənistanın tarixi coğrafiyasını Qara dəniz, Aralıq dənizi və Xəzərin qərb tərəfini ehtiva edən ərazilər kimi təqdim edirlər...

Yuxarıda qeyd etdiyimiz kimi, ermənilər məlum fitnəkar ideyanın reallaşdırılması yönümündə öz çirkin fəaliyyətlərini bir an da olsun səngitmirlər. Ələlxüsus Gürcüstana səfərim zamanı gördüyüm, şahidi olduğum məqamlar, kifayət qədər etibarlı mənbələrdən əldə etdiyim məlumatlar bizlərin xülya və cəfəng ideya hesab etdiyimiz “dənizdən-dənizə” ideyasının nə qədər böyük bir təhlükəyə çevrildiyini bir daha ortaya qoymuş oldu.

İlk öncə qeyd edək ki, ermənilərə görə “Böyük Ermənistan”ın tərkib hissəsi olan Rusiyanın cənub bölgələri bu gün faktiki olaraq ermənilərin nəzarəti altındadır. Daha doğrusu, Rusiyanın Stavrapol, Krasnodar və digər cənub bölgələri ruslardan daha çox ermənilərin nəzarətindədir. Bu sözləri eynilə Rusiyanın məşhur kurort şəhəri olan Soçi (bu şəhər vaxtilə Gürcüstana məxsus olub və sonradan Orconokidze tərəfindən ruslara bağışlanıb) haqqında da demək olar. Məlumatlara görə, bu şəhərdəki dənizkənarı torpaq sahələri, turizm obyektləri ermənilərin tabeçiliyndədir...

Ermənilərə görə, “Böyük Ermənistan”ın tərkib hissəsi olan daha bir ərazi - Gürcüstanın separatçı Abxaziya Muxtar Respublikasıdır (Qeyd edək ki, 1993-cü ilin sonlarından bu bölgə Rusiya qoşunlarının nəzarətindədir və sonuncu Rusiya-Gürcüstan müharibəsindən sonra bu separatçı respublika Rusiya tərəfindən müstəqil dövlət kimi tanınıb).  Qeyri-rəsmi məlumatlara görə, Abxaziya əhalisinin 60 faizi, demək olar, ermənilərdən ibarətdir. Özü də bu əhali yerli ermənilər yox, zaman-zaman buraya məqsədyönlü şəkildə yerləşdirilmiş ermənilərdir. Bu gün Abxaziya Muxtar Respublikasının Ali Soveti sədrinin müavinlərindən biri milliyyətcə erməni olan şəxsdir. Özü də bu post sadəcə və sadəcə ermənilər üçün nəzərdə tutulmuş bir postdur. Yəni, Abxaziya parlamentində ermənilərin sayının çoxluğundan və azlığından asılı olmayaraq, bu vəzifə məhz həmin millətin təmsilçilərindən olan bir parlamentari üçün nəzərdə tutulur. Abxaziyada fəaliyyət göstərən, terrorçuluq və separatçılıq əməllərilə “məşhurlaşan” Baqramyan polku barədə isə geniş danışmağa bəlkə də, ehtiyac yoxdur. Bu polkun elə sonuncu Rusiya-Gürcüstan müharibəsi zamanı hansı rol oynadığı hamıya yaxşı məlumdur. Ümumiyyətlə, gürcü mənbələrinə və müstəqil mənbələrin məlumatlarına görə, uzun illərdən bəri davam edən abxaz-gürcü qarşıdurmasında zaman-zaman bu polkun qaniçən əsgər və zabitləri tərəfindən xeyli sayda milliyyətcə gürcü olan şəxslər qətlə yetirilib, gürcü millətindən olan insanlar Abxaziyadakı öz tarixi yurd-yuvalarından didərgin salınıblar. Bundan başqa, Abxaziya ilə sərhəddə yerləşən Gürcüstanın Zuqdudi (Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın vətəni) bölgəsi azad iqtisadi zona elan olunduğuna görə burada ermənilərin sürətli şəkildə məskunlaşması, onların bu bölgədə çəkisinin artması da diqqəti çəkən məqamlardandır. Son illər - xüsusilə Aslan Abaşidzenin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Gürcüstanın başqa bir bölgəsi – Acarıstan Muxtar Respublikasında da ermənilərin sayı və çəkisi günü-gündən artmaqdadır. İndiki Gürcüstan hakimiyyəti müsəlman acarları bu bölgədən ölkənin digər bölgələrinə köçürməklə, əsasən də Azərbaycan türkləri yerləşən Kvemo-Kartli bölgəsində məskunlaşdırmaqla Türkiyənin Acarıstanla bağlı öhdəliyindən “qurtulmaq” məqsədi güdsə də, əslində, bilərəkdən və bilməyərəkdən ermənilərin dəyirmanına su tökməkdədir. Artıq bu bölgədə Ermənistanın baş konsulluğu fəaliyyət göstərir. Eyni zamanda, bu bölgədə Yerevan Dövlət Universiteti öz filialını açıb. Bu azmış kimi, hər gün Yerevan-Batumi aviareysi, o cümlədən gün ərzində dayanmadan, yəni, sərhəd-gömrük nəzarəti xidmətində yoxlamadan keçməyən Yerevan-Batumi qatarı hərəkətdədir. Bununla yanaşı, başqa bölgələrə köçürülməkləri üzündən evlərini satmaq məcburiyyətində qalan acarların mülklərini daha çox ermənilər alırlar. Təbii ki, bunlar da hamısı Ermənistan və onun böyük havadarı olan Rusiya tərəfindən planlı surətdə həyata keçirilir və keçirilməkdədir. Bu gün, demək olar ki, bu strateji əhəmiyyətli bölgədə - xüsusilə paytaxt Batumidə əksər obyektlər, turizm şirkətləri ermənilərə məxsusdur. Deyilənlərə görə, bu obyektləri əldə etmək üçün erməni biznesmenlərinə Ermənistandan, Rusiyadan, hətta Qərb ölkələrində yaşayan, faəliyyət göstərən erməni diasporundan böyük maddi-mənəvi dəstək verilməkdədir. Gürcüstanın ermənilər çoxluq təşkil edən Samsxeti-Cavaxetiya bölgəsindəki mövcud durumdan isə danışmağa belə dəyməz. Sadəcə, onu qeyd etmək yerinə düşər ki, bu bölgə tam olaraq ermənilərin nəzarətindədir. Gürcüstan hökuməti, belə demək mümkünsə, bu bölgəyə nəzarəti faktiki olaraq itirib. Elə bu yaxınlarda Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstan Konstitusiyasında erməni dilinə ikinci dövlət dili statusunun verilməsilə bağlı bəyanatı deyilənlərə əyani sübut sayıla bilər...

Ermənilər “Böyük Ermənistan - dənizdən-dənizə” ideyası ilə bağlı planlarını zaman-zaman Azərbaycanda da həyata keçirməyə çalışıblar və bu gün də davam edən Qarabağ münaqişəsi buna sübutdur. Əgər 1918-20-ci illərdə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ərazisi 114 min kvadratkilometr civarında idisə, Qarabağ münaqişəsinə kimi bu ərazidən cəmi 86,6 min kvadratkilometr qalmışdı. Tarixən Azərbaycan türklərinə məxsus olan torpaqlar – Göycə, Zəngəzur, Vedibasar, İrəvan və sair ermənilərin nəzarətinə keçmiş və belə demək mümkünsə, Qərbi Azərbaycan torpaqları hesabına indiki Ermənistan yaradılmışdı. Bu azmış kimi, Azərbaycanın Qarabağ bölgəsində beş rayondan ibarət Dağlıq Qarabağ Muxtar Vilayəti formalaşdırılmışdı. Məlum Qarabağ münaqişəsinin başlanmasından sonra isə Azərbaycan nəinki Dağlıq Qarabağa aid olan, eyni zamanda, ona bitişik olan bir neçə rayonu, hətta Qarabağ bölgəsinə aid olmayan bölgələri də (üst-üstə götürdükdə, təxminən 20 faiz) itirmək məcburiyyətində qaldı.

…Bu acı reallığı dəyişmək üçün bizlərdən sadəcə və sadəcə silkələnmək, bir məğrur türk milləti olaraq yenidən özümüzdə təpər tapıb ayağa qalxmaq, ermənilərə və onların havadarlarına “dur!” demək, qardaş Türkiyə və strateji müttəfiqimiz olan Gürcüstanla bir yerdə məlum ideyanın gerçəkləşməsinə, reallaşmasına yol verməmək tələb olunur. Allah-Təala haqlı olanın, həm də güclü olanın tərəfindədir...    

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir