Modern.az

Kinoteatrı özünə tabe edən heykəl - Natəvan - “Yeni Bakının köhnə heykəlləri” - LAYİHƏ

Kinoteatrı özünə tabe edən heykəl - Natəvan - “Yeni Bakının köhnə heykəlləri” - LAYİHƏ

Mədəni̇yyət

12 Oktyabr 2013, 12:47


16 yaşlı oğlunu itirən, məhəlli çaxnaşmalardan, ailədaxili faciələrdən bezən Xan qızı. Amma bütün bunlara baxmayaraq o öz mətinliyini itirmir. O, öz nəsil-şəcərəsinə çox sadiqdir. Qarabağ qadınının mərdanəliyinin təcəssümü funksiyasını yerinə yetirə bilir. Bütün Qarabağ xanlığının çox hörmət etdiyi Natəvan ömrünün son illərini məhz, bu təsvirə uyğun şəkildə başa vurur. Amma onu el içində sevdirən cəhət isə bu cür faciələrin içində öz mübarizliyini , qadın mətinliyini qoruyub saxlaması olmuşdu. Dərdini ancaq yazdığı şeirlərə və hərdən çəkdiyi rəsmlərə tökən Xurşudbanu Natəvan azərbaycanlı qadınının mərdanəlik simvoluna çevrilir. Günlərin bir günü bu rəmzi daşın üzərinə çevriləcəkdi. Və...

Beləliklə, Modern.az saytı “Yeni Bakının köhnə heykəlləri” adlı layihəsində növbəti yazını təqdim edir. Bu dəfə “Natəvan” heykəli barədə.

Bakı 1950-ci illər....

Artıq mədəni quruculuq özünün pik nöqtəsinə çatmaqdadır. Müharibənin acı nəticələrini arxada qoyan SSRİ tabeliyində olan respublikalarda həm sənaye, həm də mədəni quruculuq işlərinin görülməsini sürətləndirir. Şəhərsalma, arxitektura işləri ilə yanaşı memarlıq və heykəltəraşlığa da xüsusi diqqət yetirilirdi. Bakı İcraiyyə Komitəsinin katibi mərhum Əliş Lənbəranski heykəltəraşlığın inkişafı və şəhərdə abidələrin ucaldılmasına xüsusi nəzarət edirdi. Məhz, bu dönəmlərdə İttifaqda  öz sahəsində xüsusi nüfuz sahibi olan

Heykəltəraş Ömər Eldarov

Natəvanın məşhur portreti ilə qarşılaşır. Qeyd edək ki, layihəmizdə qocaman sənətkar xalq rəssamı və Rəssamlıq Akademiyasının rektoru olan Ömər Eldarovun adına tez-tez rast gələcəyik. Odur ki, Azərbaycan heykəltəraşları arasında ən məhsuldarı olan Eldarov barədə azacıq da olsa, məlumat verək. O, 1927-ci ildə Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ.Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. Onun əsərlərinə misal olaraq Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Heydər Əliyevin, Sədrəddin Ayninin, İbn Sinanın, İhsan Doğramacının, Üzeyir Hacıbəyovun, Səttar Bəhlulzadənin, Vaqif Mustafazadənin, Niyazinin və başqalarının şərəfinə əsasını qoyduğu əsərlər var. 

Keçək Natəvan heykəlinə. Deməli o əvvəlcə portreti görür. O portretdə Qarabağ qadınının məğrur baxışı və bu məğrurluqda əks olunan kədər rəssama çox təsir edir. Natəvanın özü qədər rəsmi də qadın universallığını çox gözəl əks etdirirdi. Bir ana kimi sevgi və kədərin, bir el qızı kimi mübarizliyin və liderliyin kompozisiyası portretdə çox böyük ustalıqla əks olunmuşdu. Eldarovu bu vəhdət valeh edir və o,  ayrı-ayrı şəkillərdən ayrı-ayrı kompozisiyaları yığaraq qeyri adi bir portret yaradır. Sonra isə bu portreti mərmər üzərinə köçürür. Ömər Eldarovun yaradıcılığına bələd olanlar razılaşarlar ki, onun əsərlərində gərgin, dramatik vəziyyətlərə təsadüf etmək çətindir. O, daha çox lirik, poetik mövzulara meyl göstərir. Bu səbəbdən də Xurşudbanu Natəvanın heykəlini əsil şövqlə  yaradıb. Bu əsərdə sənətkarın əvvəlki əsərlərinin heç birinə bənzəməyən orijinallığı və məna çalarlığı ilə seçilən cəhətlər çoxdur. Heykəltəraş çətin bir işin öhdəsindən gələrək, müsəlman qadınlarına xas olan xüsusiyyətləri gözəl, lirik şairə obrazında birləşdirərək təsvir etməyi bacarıb.

Heykəl üzərində o qədər də çox zaman sərf olunmayıb. Cəmi dörd ilə şəhərin ən mərkəzi küçələrinin kəsişməsinə yerləşən Natəvan heykəli hazırlanır və 1961-ci ildə açılışı olur.  Ömər Eldarovun şah əsərlərindən olan heykəlin memarları E. İsmayılov və F.Leontevadır. Onlar sənət əsərinin üzərində böyük ustalıqla işləyirlər. Düşüncəli Şərq qadınını təcəssüm etdirən heykəlin postamenti milli ornamentlərlə hörülür və Natəvanın paltarı dairə ilə  çox gözəl tutuşdurulur. Onun hər bir cizgisi paltarının qırışlarından tutmuş kəlağayısınadək, əlindəki qələmdən barmaqlarının vəziyyətinə qədər - hər şey onu yaradıcı bir obraz, nəcib insan, milli xüsusiyyətlərə malik bir qadın kimi gözlərimiz önündə canlandırır.

Heykəl kinoteatrı necə ram etdi?

Heykəlin taleyinin uğurlu alınmasında əsas cəhət onun üçün çox gözəl görüm nöqtəsi  hazırlamaq idi. Heyət buna çox çalışır. Belə ki, ən mərkəzi nöqtədə yerləşən heykəlin ətrafı öz “yaşıdları” ilə əhatələnib. Heykəlin sağ və solunda klassik memarlıq binaları və 50-ci illərin tipik eklektik fasadları yerləşir. “Azərbaycan” kinoteatrı abidə üçün fon rolunu oynayır. Kinoteatrın fasadının oyuq şəklində həll olunması heykəlin dairəvi kürsülüyü ilə uyarlıq təşkil edir. Adama elə gəlir ki, əsər bu ölçülərdən bir qədər kənara çıxsaydı, bəlkə də indiki effekti verə bilməzdi.  Ustalıq öz işini o qədər yaxşı yerinə yetirib ki, nəhəng kinoteatrın fonunda heykəl itməyib. Əksinə öndən baxanda kinoteatr sanki heykəlin bir hissəsinə, onu  tamamlayan elementə çevrilir. Rəng uyarlığı, monumental bənzərlik hər iki tikilini vahid orqanizm şəklində təcəssüm etdirib. Hansı rakursdan baxılmasından asılı olmayaraq görüm nöqtəsi zəifləmir. Dar küçələrin ölçüsünə görə o qədər də uca salınmayan heykəl yaxınlığındakı insanların maraq dairəsindən kənara çıxmır.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?