Modern.az

Mehriban bacanaqlar

Mehriban bacanaqlar

12 Oktyabr 2013, 23:48

Hər bir əsərin mövzusu həyatdan götürülür. Obrazlar, surətlər, qəhrəmanlar da bu həyatın yetirmələridir. Bəzən bu surətlər ümumiləşdirilmiş xarakter daşıyır. Zaman keçdikdən sonra yazıçının özü, çox vaxt isə onun ölümündən sonra əsərlərini tədqiq edən alimlər prototipləri araşdırmağa və açıqlamağa başlayırlar.  
Atam Qabilin bütün əsərlərinin – istər şeir, poema olsun, istərsə də nəsr–öz real qəhrəmanları var. Yəqin ki, nə vaxtsa bunlar geniş ictimaiyyətə açıqlanacaq. Birini deyim, keçim mətləbə. Heydər Əliyevin irsi bu gün geniş tədqiq olunur. Amma çoxları da bilmir ki, bədii ədəbiyyatda onun obrazını ilk dəfə atam, 1975-80-ci illərdə qələmə aldığı “Ömür həbləri” romanında təsvir edib. 1991-ci ildə kitaba avtoqraf yazaraq böyük dövlət xadiminin özünə də göndərib.

Sovet quruluşunu qamçılayan bu romanda çox prototip var: akademik Hacıbəy Sultanov, Ali Məhkəmənin sabiq sədri Abdulla İbrahimov. Və ən nəhayət podpolkovnik obrazı. Bu üç obraz məhkəmə iclasçılarıdırlar. Cəmiyyətin mənfi ünsürlərini ittiham edən, üzə çıxaran, cəzalandıran insanlardır. Üçüncü hakim–podpolkovnik isə şair Qabilin yeganə bacanağı, o vaxt Sərhəd Qoşunlarının podpolkovniki olan, SSRİ-nin əlaçı çekisti, Azərbaycan SSR-in əməkdar hüquqşünası, kəşfiyyatçı, 38 yaşlı azərbaycanlı podpolkovnik Abbasəli Ramazan oğlu Novruzov idi.

Həmin gənc podpolkovnik xalamın əri idi. Sonralar Sərhəd Qoşunlarının komandanı təyin olundu, general-mayor rütbəsinə layiq görüldü.

Şair Qabili 38 yaşlı sərhədçi-zabiti ümumiləşdirilmiş obrazın prototipi seçməyə nə vadar etmişdi? Əlbəttə ki, Abbasəli Novruzovun xalqına ləyaqətlə xidməti, istedadı, cəsarəti, vətənpərvərliyi, bir türk övladı kimi Sovet Ordusunda xüsusi bir fiqura çevrilərək Sərhəd Qoşunları Zaqafqaziya dairəsinin kəşfiyyat idarəsinin rəis müavini kimi yüksək vəzifəyə ucalması. Atam tarixi qabaqlamışdı, bəlkə də tələsmişdi. Amma sonrakı həyat sübut elədi ki, bütün bu işlər hələ Abbasəli Novruzovun fəaliyyətinin yarısı imiş. Əsas işlər qabaqda idi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında gənc və müstəqil Azərbaycanın Sərhəd Qoşunlarını sıfırdan qurmağa, inkişaf etdirməyə hələ 15 il qalırdı.

Atamla onun taleyində qəribə bir oxşarlıq var. Ali məktəbi bitirdikdən sonra tale onların hər ikisini məzun kimi Yardımlıya göndərib. Biri müəllim olub, biri isə komendant müavini, sərhədçi. Biri Ağasəf kişinin böyük qızı Hacıbəyimə, o biri isə Raisəyə vurulub. Sonra isə Yardımlıdan yeni, böyük həyata pərvazlanıblar. Biri yaradıcılıq yolunu seçib, o biri isə hərbi sahəni. Biri məşhur şair olub, o biri sərkərdə. Qabil Əməkdar İncəsənət Xadimidir, Abbasəli Novruzov Əməkdar Hüquqşünas. Biri  xalq şairidir, o biri əlaçı çekist. Qabil “Şöhrət”, “İstiqlal” ordenlidir, Abbasəli Novruzov “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Atam rus dilindən bədii tərcümələr edərdi, Abbasəli isə fars dilini mükəmməl bilir, hərbi tərcüməçidir. Hər ikisinin bir oğlu var. Hər ikisi vətənpərvər, xalqını sevən insanlardır. Hər ikisi sədaqətinə, mövqeyinə, dəyişməz əqidəsinə görə ümummilli liderimiz Heydər Əliyev tərəfindən  həmişə yüksək dəyərləndirilirdi. Nəhayət, bütün bu titulları kənara qoyub  onları yeganə adla çağırırdılar. Birini şair, birini isə sərhədçi.

Abbasəli Novruzovun mənim həyatımda da rolu az olmayıb. Balaca idim. Hər dəfə Yardımlıya gedəndə, Şorsulu sərhəd-keçid məntəqəsində maşınımızı saxlayıb pasportları yoxlayırdılar. Mən balaca olduğum üçün sərhədçilər heç veclərinə də almırdılar. Bu da mənə toxunurdu. Ağlayırdım. Ağlayırdım ki, bəs məndən niyə pasport istəmirlər. Bunu eşidən və həm də gözəl psixoloq olan Abbasəli balaca bir bloknot alır. Mənim böyük şəklimi ora yapışdırır. Altından rus dilində adımı, atamın adını, familiyamı və sərhəddən keçməyə icazəli olduğumu yazır. Sonda da imzasını qoyur: “Kapitan Novruzov”. Artıq Şorsulu keçid məntəqəsində atamdan, anamdan pasport tələb edəndə, onlardan əvvəl mən öz pasportumu irəli uzadırdım. Əlbəttə ki, kapitan Novruzovun verdiyi simvolik “pasportu”. Sərhədçilər də oxuyub “çest” verirdilər.

İllər keçdi. Bu rəmzi pasport hərbi biletə çevrildi. 18 yaşında artıq mən sərhədçiydim. Polkovnik Abbasəli Novruzov ehtiyata buraxılmışdı. Özünün də dediyi kimi, sərhəddə onu mən əvəz edirdim. Bütün komanda heyəti onu gözəl tanıyırdı. Adı gələndə “ağsaqqalımızdır” deyib ayağa dururdular. Məni də “Plemyannik Novruzova” çağırırdılar. Yəni ki, “Novruzovun bacısıoğlu”. Yox, elə bilməyin ki, bundan sui-istifadə edirdim. Yaxud da ki, mənə əlavə güzəştlər verilirdi. Əksinə, Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində olan Sərhəd Qoşunlarında belə şeylər heç ağlasığan da deyildi. Bu qohumluğa görə mənə etimad göstərib, inanıb əlavə sərhəd-kəşfiyyat, tərcüməçilik işlərinə cəlb edirdilər. Üstəlik Kommunist Partiyasına da üzv qəbul etmişdilər.

Atam əskərlikdə olmamışdı. Amma hərbi geyimdə şəkilləri çoxdur. Hamısı da Abbasəlinin müxtəlif çinlərdə olduğu vaxtların mundir və furajkalarıdır. Hər dəfə  Abbasəli bizə gələndə onun furajkasını alıb başına qoymaqdan həzz alırdı. Hətta şəkildən də göründüyü kimi sərhədçilərin sağlığına badə də qaldırırdı.


Abbasəli Novruzovun həyatı, yüksəlişi atamın, ailə üzvlərimizin gözü qabağında sürətlə inkişaf edirdi. Biz onu general görmək istəyirdik. Amma polkovnik rütbəsində ehtiyata çıxdı. Ədliyyə orqanlarında işə düzəldi. İdarə rəisinin müavini idi. 1987-ci il mayın 24-də 50 yaşının tamamında atam ona əruz vəznində “Abbasəli” adlı gözəl bir şeir  həsr elədi. Bu şeirə həm də Abbasəli Nobruzovun 50 illik həyatının bədii tərifi, inikası da demək olar.

Otuz il əzm ilə sərhəddə duran Abbasəli,
Vətən eşqi ilə hər an qəlbi vuran Abbasəli 

Ömrün ulduzlu səmasından üç ulduz qaldı,
Ləkəsiz, zərli paqonlarda nişan Abbasəli.

Həmən ulduzlar hələ sayrışacaqdır hey hey...
İstefa verməyini etmə guman, Abbasəli.

Kişinin zinəti qeyrət və təvazö və həya –
Sənə bəxş etmiş üçün də Yaradan... Abbasəli.

Neçə rəis və komandirlərin olmuşsa da bil,
Hamısı Rəisədən başqa yalan, Abbasəli.

Min bir əsgər yetiribsən, atalıq tacınısa
Anarındır başına indi qoyan, Abbasəli.

Tək oğul bəxş eləyibdir bizə tale, nə olar,
Bu da bir yaxşı naxış, yaxşı nişan, Abbasəli.

Sən nağıllardakı Simurq quşusan bizlər üçün,
Bizlər üçün teli yox, qəlbi yanan, Abbasəli.

Çox böyük şərtdir qohumluq, buna yoxdur sözümüz,
Qanacaqla bilinir yaxşı-yaman, Abbasəli.

Aramız pərdəlidir, pərdə də gül yarpağıdır,
Bu gülü soldura bilməz də xəzan, Abbasəli.

Gör nə naziksən, əşi, pərdədədir hirsin də,
Baxsa yad, görməz alıb dağı duman, Abbasəli.

Başladın ki, “Qadası, qurban olum” söyləməyə,
Bu qeyz dalğasıdır ki, ay aman, Abbasəli.

İşin haqq, vərdişin haqq, qulluğun ədliyyə işi,
Haqqa möhtacdı bu gün cümlə-cahan, Abbasəli.

Əlli il də qadası, ən azı ömr et, hələlik,
Can sağ olsun, düzələr yerdə qalan, Abbasəli.


Abbasəlidən danışıb, Dərələyazı yada salmasaq düzgün olmazdı. Pafoslu sözlərdən istifadə etməyi xoşlamıram. Sadəcə 4 ay bundan qabaq bir xatirə yadıma düşdü. Qələmə alıb Modern.az saytında çap elətdirdim. Adını “Abbasəlinin təəssüfü, İbrahimin arzusu” qoydum. Bu məqaləni o yazımdan Vətən həsrətli Abbasəli Novruzova aid hissəylə yekunlaşdırmaq istəyirəm. Təki təəssüfü çin olan arzuya çevrilsin. Amin.

“1987-ci ilin yay ayları idi. Yardımlıda idik. Nənəmgildə. Atam, anam, mən, xalam Raisə, xalamın əri Abbasəli, oğlu Anar. Şəhərin səs-küyündən uzaq, şəlaləli, bulaqlı, meşəlik bir mühitdə. Darıxmırdıq. Anam üçün anası, atası, bacısı, mənim üçün Anar, atam üçünsə həmpiyalə bacanaq Abbasəli. Qarşıda isə 2 aylıq bir yay tətili. Günlərin bir günü Abbasəli dedi ki, ay Qabil, sabah gedəcəyəm şəhərə, xalaoğlu Gülmalı ilə gedəcəyik Vətənə - Dərələyəzə. (Ermənistan SSR) Uşaqlığımızı  yada salacağıq, qohumlarla görüşəcəyik. Bulaqlardan su içəcəyik.

 Bu sözləri deyəndə Abbasəlinin çöhrəsi nura boyandı, gözləri parıldayırdı, işıq saçırdı. Bilirdi ki, bu gün Yardımlı bulağından su içən Abbasəli, sabah bu vaxt Dərələyəzdə olacaq. Uşaqlıq dostlarıyla birlikdə. Qəbir üstünə gedəcəklər. Sonra bulaq başında toğlu kəsib kabab bişirəcəklər. “Kimiydik. Adi, yetim kənd uşağı. İndi isə polkovnik, prokuror, idarə rəisiyik” – deyərək qoyun otaran balacalara özlərini örnək də göstərəcəklər. 

Üstündən iki gün keçdi. Abbasəli getməmişdi. Atam səbəbin soruşanda “Qabil, nə isə Gülmalının işi çıxdı, gedə bilmədik” – dedi. Atam sevindi. Abbasəli getsəydi darıxacaqdı axı...

Yay tətilin başa vurduq. Hamıya məlum, əslində məchul hadisələr başlandı. Növbəti yay yenə də Yardımlıdaydıq. 1988-ci il idi. Abbasəli qəmgin idi. Dərələyəz Yardımlıdan cəmi-cümlətanı bir addımlıqda idi. Gülmalı da vəzifədən çıxmışdı. Boş idi. Amma o yerlərə, bütün varlığına hakim kəsilən doğma yurda səfər ümidi boşa çıxmışdı. Ara qarışmışdı. Ümidini üzmürdü. Bəlkə, gələn il... Amma simalarda ümiddən daha çox sual oxunurdu. Keçən ilki ümid real idi, builki ümid isə sual. Təəssüf.

Abbasəli Novruzov sonralar dəfələrlə məzuniyyətə çıxdı. Sərhəd Qoşunlarının baş komandanı oldu. General-mayor rütbəsinə layiq görüldü. Gülmalı dünyasını dəyişdi. General Novruzov istefaya çıxdı. Ağsaqqal ziyalı, təcrübəli sərkərdə bu gün də təəssüf hissini gizlədə bilmir, vətən həsrəti ilə yanan qəlbi təsəlli tapmır. Sərhədin o tayında üzərində narahat ruhların dolaşdığı doğma yurd yerlərinə baxıb “Allah Gülmalının evin tiksin. Heç olmasa axırıncı dəfə o yerləri görəcəkdik...” – deyir. General qəlbindəki həyəcanı, ürəyini parçalayan qəmi, kədəri boğub, əsgəri qamətini düzəldir, simasına sarsılmaz bir ifadə hakim kəsilir, gözlərində qığılcımlar alovlanır. Zəhmli bir səs ucalır: Mən generalam. Şərəfim döyüşə səsləyir məni, Ana Vətən, doğma torpaq, canım yolunda fəda olsun! Mən döyüşə hazıram! 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi