Modern.az

Ədalət Əsgəroğlunun 40-ı çıxmamış...

Ədalət Əsgəroğlunun 40-ı çıxmamış...

Ədəbi̇yyat

14 Oktyabr 2013, 17:13

-          Ağez, salam.

-         Salam.

-         Bu uşağın xeyir işi nə oldu a..?

-         Bəs bilmədin? Ölənlərin rəhmətlik. Gəlinin  90 yaşında nənəsi rəhmətə getdi. Ona görə toyu təxirə saldıq.

-         Allah rəhmət eləsin. Amma xeyir işi çox da uzatmazlar.

-         Bilirəm. Arvadın 40-ının çıxmasını gözləyirik.

-         Düz edirsiz. Ölüyə hörmət qoymaq lazımdır. Əvvəllər ilin gözləyirdilər. İndi 40-ı çıxsa bəsdir.

-         Əlbəttə ki... Nə olsun qocadır. Hamımız öləcəyik. Bir də ki, bu bizimçün deyil a... Cavanlar da ibrət götürməlidir. Biz öləndə də bu cür hörmətimizi saxlamalıdırlar.

-         Düz deyirsən qırx qırxdır. Ölüyə sonuncu hörmətimizdir.

ƏDALƏT ƏSGƏROĞLUGİLİN MƏHLƏSİNDƏ

-         Xəbərin var?

-         Nədən?

-         Ədalət Əsgəroğlu rəhmətə gedib.

-         Vay. Nədən? Cavan idi ki...

-         İnfarktdan. 56 yaşında.

-         Allah rəhmət eləsin.Nə işləyirdi?

-          Şair idi. Amma vəzifəsi çox böyük idi. Azərbaycan Yazıçılar Birliyində mətbuat katibi idi.

-         Bunun nəyi böyük vəzifədir ki. Yazıçılar Birliyində hamısı yazan-pozan. Özləri katibdirlər də... Bunlara nə katib? Dilləri yoxdur ki, özlərini müdafiə etsinlər? Bütün günü saytda, qəzetdədirlər də...

-         Elə demə çox böyük vəzifədir. Nə olurdusa bu yazığı verirdilər qabağa. O da boğula-boğula, qarala-qarala ondan yuxarı vəzifəlilərin sözün deyirdi. Buna görə çox dostlarıyla üz-göz, düşmən də olmuşdu.

-         Amma nə deyirsən de, mətbuat katibi böyük vəzifə deyil...

-         Çox böyük vəzifədir.

-         Anardan da? Fikrət Qocadan da? Çingiz Abdullayevdən də?

-         Hə... hə...

-         Sübut elə.

-         Bax katiblərdən kimsə ölsə Allah eləməmiş, birinci 40 –nın çıxmağın gözləyəcəklər. Sonra da bir-iki ilə qurultay çağırıb yerinə adam qoyacaqlar. Amma Ədalət Əsgəroğlunun vəzifəsi o qədər vacib bir postdur ki, 7-si çıxan kimi, 2-ci cümə  axşamında yerinə adam təyin etdilər. Özü də qəzet, sayt qalmadı... car çəkdilər.

-         Bəs mentalitet? Adət-ənənə. 40-ın çıxmağı. Ölüyə hörmət? Ölüyə yox e... sənətkara, şairə  hörmət?

-         Ay rəhmətliyin qızı, nə qoyub, nə axtarırsan?

-         Əgər yazıçılarımız belə şeylərə hörmət qoymurlarsa, onda xalq nə etsin?

-         Az danış. Ölən ölməsin. “Allah Ədalət Əsgəroğluna rəhmət eləsin” de. Yaxşı adam idi.

-         Həm də ki, Azərbaycanın düşünən başlarının, yazan əllərinin danışan dili idi...  rəhmətlik.

-         Canı qurtardı bu həyatdan. Ev qalmaqallarından. Fikrət Qoca Şərif Ağayar davalarından, uşağı yaşında yazarlarla katiblər arasındakı qovğalardan. Daha nələrdən... Daha nələrdən...

-         Allah o dünyasın versin. Yəqin ki Cənnətdədir. Axirət Dünyası Azərbaycan Yazıçılar Birliyinin sədri Qabil çox istəyirdi onu. Gözündən uzağa buraxmaz. Yəqin ora çatan kimi mətbuat katibi təyin edib.

-         Yox, heç vaxt. Sənin ağlın burdakılara  getməsin. Ordakıların qələmləri də var, düşünən başları da, özlərini müdafiə etməyə dilləri də. Mətbuat katibinə ehtiyacları yoxdur. 

-         Nə isə... çox qəliz danışdın  Dur ATV-ni aç. Zaurun verilişi başlayır. Bir az şoka düşək. Axşam da “Möhtəşəm yüz il” serialı var. Yadından çıxarma.. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir