Modern.az

Ehtiraslar labirintdə

Ehtiraslar labirintdə

15 Oktyabr 2013, 17:31

[email protected]

Hekayə

İt susmaq bilmədən hürürdü. Neçə gündü qonşular Bənövşəgilin itinin səsindən zinhara gəlmişdilər. Bozdar pəncəsiylə qarajın qapısını cırmaqlaya-cırmaqlaya zingildəyirdi. Nə qədər qulluğunda dursalar, xeyri olmurdu. Nə qabağında qalaqlanmış sümüklərə məhəl qoyurdu, nə də Seymurun xırdaca əlləriylə çəkdiyi sığala. İki-üç dəfə su qabını da vurub aşırtmışdı. Allahın heyvanı elə bil  insanları qandırmaq istəyirdi ki, dərdim yemək-içmək deyil. Bozdara yaxşı bələd olan Bənövşə itin narahatlığından şübhəyə düşmüşdü. “O bizə nəsə anlatmaq istəyir. Bəlkə qarajda oğru var. Ya da ilan girib. Hər nədisə, Bozdarın harayı qarajla bağlıdı.”

Aslan səfərdəydi. Yenə Polşaya getmişdi. İşlədiyi firmanın Azərbaycan təmsilçisiydi deyə, ilin on iki ayı bir ayağı orda olurdu. Ezamiyyətə maşınla getdiyindən qarajı da bağlayıb açarı özüylə aparmışdı. İndi bu dəmir qapını necə sındıracaqları fikri Bənövşəni almışdı.  Gecəni Bozdarın səsindən yatammamışdı. Sübh tezdən qarajın qapısında durub ulayan iti görcək qəti qərara gəldi ki, nə təhər olur-olsun, bu gün qarajın qapısını açdıracaq. Bənövşə eyvandan qonşularını harayladı:

– Nazim dayı, ay Nazim dayı, alətlərini yığıb gəlsənə biz tərəfə. Qarajın kilidini kəsək görək bu it nə istəyir, niyə gecə-gündüz əl çəkmir burdan.

– Aslan gəlib hirslənər ay Bənövşə, bir itin ulamağıyla qarajı şikəst eləmə. Bizim arxitektorun acığına gələr, - deyə qonşu hay verdi.

– Acığına gələrsə gəlsin. Neçə gündü yuxumu da qarışdırıram. Gedəndən bir dəfə zəng eləməyib. Narahatam. Bozdar da bir yandan qanımı qaraldır. Sən açmasan, atamı çağırtdıracam, gəlib açdırsın.

– Bənövşələr bənövşəsi, sən bir az da səbr elə, - deyə Nazim usta  qızı kimi əzizlədiyi cavan gəlini sakitləşdirməyə çalışdı. - Ərinin qayıtmağına çox qalmayıb. Gəlsin yeddi qıfıl altında saxladığı qarajını özü açsın, sən də rahatla. Orda nə matahı varsa, dədəm Nurəddinin yuxusunda  görmədiyi kilidləri vurub qapısına. Rəqəmsal texnikadı-nədi, mənim başım çıxan şey deyil bunlar.

Bu məqamda Nazimin arvadı yırğalana-yırğalana özünü yetirdi. Hündürboylu, cantaraq Laləzar qapıbir qonşusunu yaman çox istəyirdi, Bənövşəgillə birevli kimiydilər. Öz övladları xaricdə yaşadığından ər-arvad mehrlərini bu ailəyə salmışdılar. Uşaqlıqdan Laləzargilin əlində-ovcunda böyüyən Aslan da əvvəllər yaxşı oğlanıydı, mehriban, hörmətkeş... Ona nə oldusa, Polşaya ayaq açandan sonra oldu. Son illər yolunu azmışdı, hərdən içib gəlir, arvadının gününü qara eləyirdi. Elə bu qış kefin havasına neçə dəfə Bənövşəni gecəyarı döyüb çölə atmışdı. Səsə  oyanan Laləzar cavan gəlini evinə gətirib ovutmuş, yer açıb yatırtmışdı. Səhər oyananda arvadını yanında görməyən Aslan dəli kimi Bənövşəni axtaranda sorağını Nazim dayıgildən alıb sakitləşərdi. Siftə-siftə bir-iki gün utanardı dədə-baba qonşularından. Bir müddət sonra əhvalat yenidən təkrarlanardı.

Laləzar ərinin səsinə səs verdi: - Yeddi qıfıl altına qoyar da a kişi, “Maserati”di, nədi ona iki yüz minə yaxın pul sayıb uşaq. Bizim bütün nəslimiz o boyda pulu bir yerdə görməyib.

Simsar bildiyi qonşudan bir şey çıxmayacağını görən Bənövşənin əlacı kəsildi. Atasına zəng vurub məsələni danışdı. Aydın kişi polisdə işləyirdi, qızı onu axtaranda bölmədəydi. Əvvəl-əvvəl qızını sakitləşdirməyə çalışdı: - A qızım, bağlı qarajda ilan nə gəzir? Həm də it ilandan qorxmaz axı, ağlın özünə getməsin, a bala...

Elə ki Bənövşə oğru məsələsinin üstündə israr etdi, söz mayorun ağlına batdı. O, dərhal yeznəsigilə yollandı. Hər ehtimala qarşı tədbirli gəlmişdi. İdarədən iki nəfər əməliyyatçı da götürmüşdü. Aslangilin həyətinə polislərin gəldiyini görən məhəllə camaatı dərhal ora toplaşdı, yoldan ötənlər də ayaq saxlayıb nə baş verdiyini öyrənməyə çalışınca, həyətdə adam əlindən tərpənməyə yer qalmadı.

Nazim usta polislərin köməyi, qonşuların şahidliyi ilə qarajın qapısını sındırmağa başladı. Yaman qəliz kilidə rast olmuşdu, hələm-hələm öhdəsindən gələmmirdi. İt də bir yandan işi çətinləşdirir, düz qapının qabağında quyruğunu bulaya-bulaya ulayırdı. Nə qədər təpinsələr də, Bozdar öz postunu tərk etmirdi. Get-gedə adamları sirli bir xof basır, qorxu bürüyürdü. Oğlunu qucaqlayıb həyəcanla qapının açılmağını gözləyən Bənövşə havadan fəlakət qoxusu duyurdu. Ürəyində Allaha dua edir, yalvarırdı. Bir də başını qaldıranda yuxarıdan, səmadan bir cüt yaşıl gözün ona zilləndiyini gördü. Bu, Aslanın gözləriydi. Bənövşəni titrətmə tutdu. O arada polislər də ətrafı nəzərdən keçirib bu fikrə gəlmişdilər ki, belə qıfılı sındıran oğru hələ anadan olmayıb. Ətrafda heç bir şübhəli iz-filan yox idi. Paqon yoldaşları mayor Aydın Rüstəmzadəni kənara çəkib məsləhət verirdilər ki, qızını sakitləşdir, nahaq yerə bu cür texnikanı zay eləməsin. Bağlı qaraja kimsə girəmməz. Əldə fakt yox, dəlil yox. Bir itin hürməyilə qapı sındırmazlar...

Aydın kişi çox dedi, qızı az eşitdi. Bənövşə atasını dinləmək istəmədi. Göydəki gözləri görəndən sonra içindəki fəlakət hissi anbaan güclənirdi. Mütləq qapını açdıracaqdı. Kilid tilsimə düşmüşdü elə bil. Usta Nazimin sınaqdan çıxartmadığı hoqqa qalmadı, kilid açılmadı ki, açılmadı. Adamlar üşüsələr də heç kəs evinə getmək istəmirdi. Saatlar keçdikcə insanları bürüyən maraq artırdı. Əlini-əlinə sürtə-sürtə qızışmağa çalışan, ayaqları donmasın deyə tez-tez atılıb-düşən qonşulardan biri ortalığa dedi ki, dəmir qapını qaynaq aparatıyla kəsmək daha asan olardı. Bu söz ağıllarına batdı. İki-üç saat kilidlərlə əlləşəndən sonra, nəhayət, qapını kəsib açdılar.

Qaraj açılan kimi hamını heyrət bürüdü: Aslanın maşını içəridəydi. Halbuki həftənin əvvəlində məhəllənin gözü qabağında özünəməxsus ədayla  “Maserati”sini sürüb getmişdi, bir daha evə qayıtdığını görən olmamışdı. Kəngərli qəsəbəsi kiçik yerdi. Buralarda kimin evində asqıran olsa, kimin toyuğu tərs yumurtlasa, hamı xəbər tutardı. Amma...

Qapı azca aralanan kimi Bozdar aradan sivişib içəri cumdu. İt “Maserati”nin şüşələrini döyəcləyib cırmaqlamağa başladı. Ulartısı tükürpədici ahəngə yüksəlmişdi. Hövlnak özünü qaraja atan Bənövşəni ömrü boyu unuda bilməyəcəyi dəhşətli mənzərə gözləyirdi: maşının içində qaralmış lüt kişi silueti sezilirdi. Sifəti yataq fason açılmış oturacağa kipləşdiyindən üzü seçilmirdi. Boynunun ardında quyruq kimi bağladığı uzun sarışın saçlarından Aslana oxşayırdı. Bənövşənin ürəyi qopdu: “Allah iraq eləsin.” Eybəcər pozada uzanmış kişinin başı altdakının çiynindən yana sürüşmüşdü. Sifəti qapqara qaraldığından ilk baxışda kişi, ya qadın olduğu sezilməyən həmin ikinci şəxs də lüt idi. Maşındakıların heç biri tərpənmirdi.

O an Bənövşəyə elə gəldi yuxu görür. Arxadan uzanan bir əl onun gözlərini qapadı və belinə dolanan qüvvətli bir qol Bənövşəni  sürükləyib buradan uzaqlaşdırmağa cəhd etdi. İçindəki müqavimət hissi necə güc gəldisə, Bənövşəni maşından aralamaq mümkün olmadı. Əlləri qapıların tutacağına pərçimlənmişdi. Ayaqlarını yerə necə dirəmişdisə, deyərdin bəs, qızı  buraya mıxlayıblar. Xeyli dartışmadan sonra mayor Aydın Rüstəmzadə vəziyyətə təslim oldu. Qızının gücünə məəttəl qalmışdı: Bənövşə bu gücü hardan alıb? Mayorun ürəyi qan ağlayırdı. Qızı burdaykən vəzifəsini icra edəmmirdi. Bundan da qorxunc cəsədlərin şahidi olmuş mayor soyuqqanlığını itirmişdi. Onun başı Bənövşəyə qarışan vaxt  yoldaşları bölməyə zəng vurub vəziyyəti bildirmiş, ekspertiza çağırmışdılar.

Gözləri zülmətdən, bədəni zindandan qurtulandan sonra Bənövşə silkinib ətrafına baxdı. Bir də əyilib maşının içinə nəzər yetirdi. Bu, o idi! Aslandı! Daha şübhə yeri qalmamışdı. Kimsə qarajın işıqlarını yandırmışdı, hər yan işıq selində üzürdü. Polislər camaatı qarajdan çıxartmağa çalışırdılar. Adamların üzündə qorxu, heyrət, rişxənd, təəccüb, acıma ifadələri vardı. Laləzar lap yaxınlıqda yerə sərilmişdi, kimlərsə onun üzünə su çiləyir, sinəsini isladırdılar. Qadın ağırçəkili olduğundan görünür gücləri çatmırdı onu yerdən qaldırmağa. Dəhşətli nidaların, qışqırıq və hıçqırıq səslərinin içindən oğlunun qorxmuş, hürkmüş hönkürtüsü gəldi Bənövşənin qulağına. Balasını axtarmağa başlayan ana səsə tərəf boylansa da, Seymuru görəmmədi. Yenidən gözləri qaraldı. Kipriklərini qovuşdurub şüurunu aydınlaşdırmağa çalışdı. Yavaş-yavaş kösöv tək qaralmış siluetdə ərinin cizgilərini tanımağa başlayırdı. Bəli, maşın Aslanındı, içindəki də özüydü! Bəs, nə vaxt qayıtmışdı evə? Həyətə səssiz girmək mümkün deyildi axı... Bənövşə çox ayıq yatırdı, illah da, Aslan evdə olmayan gecələr səksəkəli olurdu. Yataq otaqları ikinci mərtəbədəydi, pəncərəylə üzbəüz olan darvaza açılan kimi səsi eşidilirdi. Kürsülü ata-baba evini söküb yerində bu mülkü tikən Aslan nədənsə qarajın yerini dəyişməmişdi. Həyətin bir küncündə, şam ağaclarının altında yerləşən qarajı əməlli-başlı təzələmişdi. Bənövşə bu işlərə çox da baş qoşmazdı, çünki Aslan memar idi, zövqünə də söz yoxuydu.  

Bənövşə ərinin sevimli “Maserati”sinə hər baxdığında yeni bir detal kəşf edirdi. Aslanın qucağındakı qadınıydı. Yaşı on səkkiz-iyirmi ancaq olardı. Qarasaçlı-qaraqaşlı olsa da, buraların adamına oxşamırdı. Başqa millətdəndi. Bədbəxtin qızı nə biləydi, eşqbazlıq elədiyi maşın ona məzar olacaq.

Polislər maşının qapılarını sındırıb cəsədləri çıxardana qədər Bənövşəni ordan tərpətmək mümkün olmadı. Axıradək durdu. Hər şeyi gözüylə gördü. Təkrar-təkrar baxdı, yəqinləşdirdi. O, heykəl kimi donmuşdu. Nə danışır, nə tərpənirdi. Xəbəri alan anası Oksana da özünü yetirmişdi. “Fia, mənim balam, Fia”- deyə sızıldayırdı. Gözəlliyilə gözlərə meydan oxuyan bu qadını Aydın tələbə vaxtı Xarkovdan gətirmişdi. Anası tapşırmışdı ki, oğlum, xaxolların qızları gözəl olur, mənə ordan elə bir gəlin gətirərsən ki, qəsəbədə mənim gəlinimin əlinə su tökməyə yarayan gəlin olmasın, Tərifənin gəlini adnan deyilsin. Aydın da anasının sözünü yerə salmayıb özüylə birgə milis məktəbində oxuyan bu qızla evlənmişdi. Ancaq evə dönəndən sonra arvadını sistemdə işləməyə qoymamışdı, öz idarələrindəcə dəftərxanaya düzəltmişdi. Necə olsa bura Azərbaycandı, rayon yeriydi, cavan gəlinin milisdə işləməsi söz-söhbət doğurardı. Anası Tərifə ölən günədək gəlininin gözəlliyi, ağlı-kamalıyla fəxr eləmişdi. Oksana Aydına bir oğul, bir qız doğmuşdu. Oğulları Səməd iki il qabaq Kürdə batan uşaqları xilas edəndə boğulmuşdu. İndi də bu faciəylə üzləşən qadın şoka düşmüşdü: gözlərini qızından ayırmadan zülüm-zülüm ağlayırdı. Qəhərdən boğazı qurumuşdu. Səsi çıxmırdı. Eləcə gözlərindən yaş sellənirdi.

Bənövşənin əsl adı Fiona olsa da, qəsəbədə hamı onu nənəsinin qoyduğu adla çağırırdı. El arasında bununla bağlı gülməli bir əhvalat da danışırdılar. Deməli, anasının qoyduğu ad nənəsinin, nənəsinin qoyduğu adsa anasının dilinə yatmırmış. Körpəlikdən daha çox Bənövşə deyə çağırılmasına öyrəşən qızcığaz məktəbə gedəndə sənəddəki adını tanımayıb. Müəllim neçə dəfə “Rüstəmzadə Fiona” adını oxusa da, sinifdə ayağa qalxan olmur. Axırı məsələ aydınlaşır və uşağı çaşdırmamaq üçün jurnalda onu özünün bildiyi adla qeydə alırlar. Beləcə, məktəbi bitirənə kimi Bənövşə adı qalır üstündə. Sənəddə Fiona, həyatda Bənövşə. Elə indiyədək də ona anasından başqa Fia deyən yoxuydu...

Əməliyyatçılar hadisə yerində müayinəni başa çatdırıb meyidləri morqa götürdülər. Sahibinə məzar olmuş “Maserati” də ekspertizaya göndərildi. Akt tərtib edib şahidlərə imzalatdılar. Aslanın min bir arzuyla tikib keçən yay içinə köçdüyü ev hüzrə gələnlərlə dolub-daşdı. Həyətdə adam əlindən tərpənməyə yer  qalmadı. Qohum-əqrəba qol çırmayıb işə girişdi. Yas mərasiminin qəfil sazağı bir anın içində toylu-büsatlı evin bütün qapılarını açıb, mülkü öz əsarətinə aldı. Vay-şivənlə həyətə girən Nura Bənövşənin üstünə yeriyib - qardaşımı sən öldürdün!- deyərək ona bir şillə çəkəndə çoxlarının əlindən stəkan düşdü, isti çay üst-başlarına dağıldı. Baldızına donuq nəzərlərlə baxan Bənövşə Nuraya heç nə demədi, dilini ağzında sürüyərək - qayınanama teleqram vurun, gəlsin, - dedi.  

Aslanın anası Svetlana üç ildi Almaniyadaydı. Əri öləndən sonra buralarda bənd alammamışdı. Yaxşı pul qazanmaqçün xaricə üz tutmuşdu. Beş dildə sərbəst danışan Svetlana keçmiş raykom işçisiydi, vaxtilə ikinci katib olmuşdu. İndi Münhendəki holdinqlərdən birində tərcüməçi işləyirdi. Hər il bayramlarda gəlib övladlarına baş çəkərdi. Vaxtilə oğlunun sevib-seçdiyi Fionanı həvəslə almışdı. Özü rus olduğundan qudasının ukrain olması ürəyindən xəbər vermişdi. “Gənclərin ikisi də qarışıq ailədəndi, bizimki  yaxşı tutar” - demişdi əri Valehə. Aydıngillə qohum olmaq Valehin də döşünə yatmışdı. Fionanı ancaq Nuranın gözü götürməmişdi. Qardaşı evlənən gündən gəlinin gözünü oymuşdu, ta özü ərə gedənəcən. İndi də araları soyuq idi. Baldız-gəlin yola getmirdilər. Nuranı təbdən çıxartmaqda Fiona da azacıq aşın duzu deyildi. Oksana qızını nə qədər danlasa, xeyri olmurdu. Deyirdi ki, ana, sən bilmirsən o mənə necə nifrət edir, hər addımda məni ərimin gözündən salmağa çalışır. Mən də fürsət düşdükcə onu pisləyirəm Aslana, qoy bacısından zəhləsi getsin.

İndi Nuranın əlinə yaxşı fürsət düşmüşdü. Qardaşının ölümündə gəlini günahlandırıb dama basdıracaqdı. Fionanı dəmir barmaqlıqlar arxasında təsəvvür edincə, az qaldı Aslanın ölümünə sevinsin. Şaqqanaq çəkib gülmək istəyirdi ki, gözü ətrafında yas tutanlara sataşdı. Nənəsi Səriyyə ağı deyib ağlayırdı, bibiləri də ona qoşulub bayatıyla oxşayırdılar cavan qardaşbalasını. “Vay Aslan, vay! Bu nə işdi tutdun?” sədaları ərşə dirənmişdi. Nura tez özünü yığışdırdı. “Səni görüm yanasan Fia, axır qardaşımın başını yedin” - deyə qışqırıb ağlayanlara qoşuldu.

O həmişə eqoist olmuşdu. Özündən başqa kimsənin yaxşı gününü istəməzdi. Axır vaxtlar Aslanın qaz vurub qazan doldurması Nuranı lap acıqlandırmışdı. “Bəsdi, qazanıb bu adamaoxşamaza yedizdirəsən. Pulun var, bir az da özünə bax” - deyirdi qardaşına. Onu yüngüləxlaqlı yeniyetmə qızlarla tanış edirdi. Evindəsə ərinin baş-beynini xarab eləmişdi: - Aslana bax, gözünə su ver. Görürsən arvadını necə bəsləyir. Mənim nəyim ondan əskikdi? Bəxtim yoxdu, bəxtim, - deyə Vaqifi tənbehləyib boynuna minnət qoyardı - əslində sənə ərə gəlməyimin baiskarı qardaşımdı. Gedib o zəhləmgetmişi almasaydı, mən də məcbur qalıb evdən uzaqlaşmazdım.

Ekspertizanın cavabı bəlli olanda Svetlana hələ gəlib çatmamışdı. Avropada havalar pis keçdiyindən təyyarələr vaxtında uça bilmirdi. Xəbər yollamışdı ki, mənsiz oğlumu basdırmayın. Nuranın orda-burda yaydığı şayiələr ayaq açsa da, yeriyəmmirdi. Camaat bağlı qarajın necə açıldığına şahidiydi. Ancaq yenə də ürəklərə xal düşürdü. Nura qabağına keçənə danışırdı ki, Aslan Fionanı boşamaq istəyirdi, o da tələ qurub qardaşımı evlənəcəyi qızla birgə qaraja salıb, öldürüb. Yoxsa, hardan bilirdi onların yerini? Niyə kəsdirirdi dəmir qapını? Atası da polisdə işləyir, arxayındı ki, işi düzüb-qoşacaq, sudan quru çıxacaq. 

Bənövşənin ata-anası bilmirdilər qızlarının başına gələn faciənin dərdini çəksinlər, yoxsa onu Nuranın böhtanlarından qorusunlar. Əlqərəz, vəziyyət çox gərgin idi. Aslanın qohumları gözünü Svetlananın yoluna dikmişdi. Son sözü o deyəcəkdi.

Svetlana qəsəbəyə çatanda taksini birbaşa polis idarəsinə sürdürdü. Ekspertizanın imzalı-möhürlü kağızında yazılmışdı ki, hadisədə qəsd əlaməti tapılmadı. Ölənlər intim münasibətdə olarkən qazdan boğulublar. Yəqin  üşüdükləri üçün maşının peçini yandırıbmışlar, bağlı qarajda çıxmağa yer tapmayan qaz tədricən içəridəkiləri zəhərləyib. Aslanın yanındakının şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmamışdı. Qadının çantasında heç bir sənəd yox imiş. İstintaq meyidin yiyəsinin tapılacağına ümid bağlayırdı.

Ordan çıxan kimi morqa gedən ana nəyin bahasına olur-olsun oğlunun cəsədini görmək istəyirdi. Öləndən sonra günlərlə bağlı maşında, havasız yerdə qalan meyidlər qaralıb şişmişdi. Morqda lazımi dərmanlar vurulsa da, baxılası təhərdə deyildilər. Amma ana ürəyi oğlunun cəsədini görməmiş sakitləşməzdi. Nə qədər dilə tutsalar, Svetlananı yola gətirəmmədilər. Qohum-əqrəba hamısı bura yığışmışdı. Ananın ürəyi də, gözləri də qan ağlayırdı. Ciyərparasının vücuduna dönə-dönə, nəsə axtarırmış kimi diqqətlə baxdı, baxdı... Qarşısındakı cəsəddə Aslanın yaraşığından əsər-əlamət qalmamışdı. İyirmi səkkiz yaşlı oğlunun itkisi dözülməzdi.

Kəngərli qəsəbəsinə çatanadək əldən-dildən düşmüş Svetlana oğluyla “görüşdən” sonra tamam heydən düşdü. Ayaq üstə ölü kimiydi. Onu birtəhər cəsəddən ayırıb evə apardılar.

Sabahısı Aslanı dəfn elədilər. Yas yerində iynə atsan, yerə düşməzdi. Svetlana camaata məhəl qoymadan gəlinini qabağına qoyub, ağlına gələni danışırdı:

– Bu nə qəzaydı başıma gətirdin, Fialka? Oğluma sahib çıxmadın. Ha deyirdim mənim balam gözəllik sevəndi, özünə fikir ver. Hər gələndə sənə ən gözəl alt paltarlarını alıb gətirirdim Avropadan. Deyirdim, oğlumun qoynuna girəndə bunları gey...

Svetlananın yanan ürəyindən qopan sözlər məclisdəkilərin acığına gəldi:

– Bu nə danışır, az? Heç hənanın yeridi? İçəridə ağbirçəklər var.., kişilər eşidiiir...

– Urus nə qanır ayıbı.

–  Elə deməyin. Varı-yoxu bir oğlu vardı. Yazıq neyləsin. Tüstüsü təpəsindən çıxır. Deyəsən, arvadın başına hava gəlib.   

Hıçqırıqlar içində boğulan Svetlanaya bir az su içirtdilər. Toxtayan kimi başladı yenə gəlini danlamağa.

– Aslanımın evini yıxdın, Fialka. Seymuru doğandan sonra oğluma baxmadın. Biz də ana olmuşuq. Bəyəm uşaq doğandan sonra ərə fikir verməzləəər?? Yandırdın məni, qız, yandırdın. Məni də, özünü də. Bu hayıfı səndə qoymaram.

Bayaqdan özünü güclə saxlayan Oksana dözməyib qudasına təpindi: - Əl çək uşağımın yaxasından, Sveta. Oğlun balamın evini yıxdı, bəs olmadı, sən də bir yandan yarasına duz basırsan. Yekə arvadsan. Sözünü bil.

Bənövşə isə nə dinir, nə ağlayırdı. Donuq baxışlarını bir nöqtəyə dikib məlul-məlul baxırdı. O nöqtədən Aslanın yaşıl gözləri Bənövşəni izləyirdi. Bənövşə şokdaydı, ağır depressiya yaşayırdı. Öz içinə elə qapanmışdı ki, ətrafdakıların səsini duymur, nə dediklərini anlamırdı. Çalışdığı bankın bütün işçiləri burdaydı, məktəb yoldaşları, Aslanla birgə ailəvi dostları, rəfiqələri... Hamısı onun dərdinə yanırdı. Bənövşənin ruhu cisminin bulunduğu yerdən o qədər aralanmışdı ki, başsağlığı verənlərə də key-key baxırdı. Unutmadığı yeganə varlıq oğluydu, o da qaraj açılan gün necə qorxmuşdusa, xəstəxanalıq olmuşdu. Həkimlər Seymuru yas yerindən uzaqda tutmağı məsləhət görmüşdülər.  

iyul, 2013
(davamı var)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır