Modern.az

Azərbaycan yazıçıları “eynəkli əmilər” haqda nə deyirlər?

Azərbaycan yazıçıları “eynəkli əmilər” haqda nə deyirlər?

Ədəbi̇yyat

18 Oktyabr 2013, 12:01

Ötən il Avropa psixoloqları “10 lazımsız sənət hansıdır?” mövzusunda sorğu keçiriblər. Nüfuzlu universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi sorğuda bir çox maraqlı cavablar olub. Amma ən çox lazımsız sənət ədəbi tənqidin adı çəkilib. Tələbələrin bəziləri kinayəli cavab verib: “Bəzi eynəkli əmilər və xalaların işi bütün günü roman oxuyub orda nəsə axtarmaqdır. Elə fikirləşirlər ki, hər şeyi dəyişə biləcəklər. Amma heç də belə deyil. Onların heç nəyə xeyri yoxdur”. Bu çağdaş Avropa gəncinin ədəbi tənqidçiyə olan münasibətidir. Bəs Azərbaycan ədəbi icması ədəbi tənqidçilərə necə münasibət bəsləyir?

Modern.az tanınmış yazarlar arasında sorğu aparıb.

Əkrəm Əylisli: “Tənqidçinin özü yazıçı olanda, yazıçını duyanda bunun ədəbiyyata çox xeyri olur. Xüsusən rus tənqidçilərinin mənim yazılarım haqqında dediyi fikirlər çox olub. Bizim ədəbiyyatda da Mehdi Hüseyndən tutmuş ta ən yeni tənqidçilər mənim barəmdə yazıblar. Onların hamısına minnətdaram. Çünki çox səmimi olublar. Amma səmimi olmayanlar da olub. Bir sosial mövzu önə çəkiləndə, əsərdə dövrün nöqsanı yazılanda ona qarşı tənqidlər başlanırdı. Bu da mənim başıma dönə-dönə gəlib. Məsələn, ilk yazılarımdan olan “Dağlara çən düşəndə” əsərində məktəb sistemindən söhbət gedirdi. 1965-ci ildə yazılmışdı. Əsərə hücumlar olundu. Guya bu əsərdə adamlar, məktəb sistemində hadisələr düzgün təsvir olunmayıb. İstəyirəm özümdən keçən məsələləri sizlərə danışım. Bu hadisələr lap çox olub. Bunları yadıma sala bilmirəm. “Kür qırağının meşələri”, “May günü” hekayələrim ətrafında aylarla-illərlə söz-söhbət gəzib. Partiya iclaslarında qərarlar çıxarılıb.

Tənqidçi səni inandıra biləndə və sən də ona inananda onun obyektivliyini görəndə bu sənə çox yaxşı təsir edir. Amma təəssüf ki, bu məktəb getdi. İndi daha gözəl gənclər yetişir. İndi elə müəlliflər-tənqidçilər var ki, o dövrün tənqidçilərindən daha istedadlıdırlar. Məsələn, dostum Vaqif Yusifli köhnə nəslə xas bir tənqidçi idi, amma qardaşı Cavanşir Yusifli ona nisbətən daha modern nəslin tənqidçisidir”.

Yaşar: “Əsərin istiqamətlənməsində, yazıçının özünün formalaşmasında şübhəsiz ki, ədəbi tənqidin rolu böyükdür. Ədəbi tənqid hardasa sənəti elmə istiqamətləndirən bir xətdir. Yazıçı əgər sənət yaradırsa, ədəbi tənqid onun elmi əsaslarını hazırlayır. Dünyada və Azərbaycanda illər boyu bütün dövrləri əhatə edən bir ədəbi tənqid olub. Bizdə ədəbiyyatın içində ola bilən, onun istiqamətlərini duyan ədəbi tənqid olub. Biz daha çox rus ədəbi tənqidi həmişə maraqlandırıb. Ədəbi tənqidçilərimiz rus ədəbi tənqidinin şinelindən çıxıb. Bir var Dostoyevskini oxumaq, bir də var Dostoyevskini Koryaginin gözüylə oxumaq. Bir var Dostoyevskini oxumaq, bir də var Dostoyevskini Daniel Andreyevin gözüylə oxumaq. Əlbəttə ki, oxucunun bilmədiyini, kənarda buraxdığı məqamları ədəbi tənqid ona çatdıra bilir. Sən onu dərk edəndə yazının əyyarı artır. Məsələn, yazının əyyarı 583-dürsə, ədəbi tənqidçinin yanaşması ilə oxuyanda 973 olur. Sən artıq başa düşürsən ki, əsər heç də sən gördüyün kimi deyilmiş, bunun daha dərin qatları var imiş.

Təkcə rus ədəbiyyatına yox, ümumiyyətlə bütün dünya ədəbiyyatına yeni baxış yanaşma gətirən ədəbi tənqidçilər var. Bu, Belinskidən başlayan bir ənənədir. Bizim Azərbaycan tənqidçilərinə də bunun təsiri olub. Markes deyib ki, tənqidçi yazıçı ilə oxucu arasına girən artıq bir şeydir. Yəni ki, tənqidçiyə ehtiyac yoxdur. Mən bu fikirlə qəti razı deyiləm. Elə tənqidi əsərlər var ki, onları oxuyanda elə bil ki, sırf bədii əsər oxuyursan. Bu mənada mən tənqidi bədii ədəbiyyatın çox vacib bir atributu sayıram”.

Qəşəm Nəcəfzadə: “Böyük ədəbiyyat jurnal və dərnək ətrafında yaranır. Çünki hər ikisində şeirlər oxunur,  sonra həmin şeirlər müzakirə olunur, əsər-əskikləri deyilir və s. Bu da yazıçının gələcəkdə necə formalaşacağını təmin edir. Ədəbi tənqidçi həm oxucuların zövqünü, həm də yazarın necə yazacağını formalaşdırmalıdır. Məncə, tənqidçinin özü şair olmalıdır. Tənqidçi şair olanda onun tənqidi daha yaxşı alınır. Amma mən çox təəssüf edirəm ki, bu gün Azərbaycan ədəbiyyatında olan tənqidçilərin ədəbiyyata heç bir xeyri yoxdur. Nəyə görə? Çünki tənqidçilər öz tənqidi əsərlərində birbaşa əsərin içinə girmirlər,  ətrafında fırlanırlar. Əsəri geniş aça bilmirlər. Yazıçı nəyi demək istəyir, onu tapa bilmirlər. Bu gün bizim yazıçılarımızda elm çoxdur, hiss isə az. Halbuki hiss ədəbi tənqiddə daha xeyirlidir”.

Elçin Hüseynbəyli: “Ədəbi tənqidin ədəbiyyatın inkişafında rolu həmişə olub. Ümumiyyətlə, ağıllı adam üçün tənqid çox faydalı şeydir. Tənqidi fikir şəxsən sənin özünə deyilir və hansısa bir yazıda deyilir, bunun fərqi yoxdur. Əsas odur ki,  tənqiddən müsbət mənada faydalanasan. Adam da var ki, tənqidi qəbul etmir, amma ondan müsbət mənada faydalanmağı bacarır. Geniş mənada ədəbiyyat və ədəbi tənqidin qarşılıqlı münasibətlərindən söhbət gedirsə bunları demək çox çətindir. Ümumiyyətlə, indi oxucular da çox deyil. Odur ki, ədəbi tənqid tərəfindən ədəbi əsərin dəyərləndirilməsi o qədər də rezonans doğurmur. Oxucu məkanı dar olduğu üçün tənqid öz işini yaxşı görə bilmir. İstisnaları nəzərə almasaq indiki Azərbaycan tənqidi oxucularda bir çaşqınlıq yaradır. Azərbaycan ədəbiyyatında yaş fərqindən asılı olmayaraq, müəyyən sektalar yaranır. Oturub bir yerdə çörək yeyirlər və nə yazdıqlarından asılı olmayaraq əsəri tərifləyirlər. İstedadlı adamı da nə yazmasından asılı olmayaraq tənqid edirlər”.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir