Modern.az

“Azərsu” beynəlxalq tədbirdə: “Yer kürəsində insanların yarısı içməli su qıtlığı ilə üzləşəcək”

“Azərsu” beynəlxalq tədbirdə: “Yer kürəsində insanların yarısı içməli su qıtlığı ilə üzləşəcək”

Dünya

18 Oktyabr 2013, 15:15
08-11 oktyabr 2013-cü il tarixlərində Macarıstanda Budapeşt Su Sammiti keçirilib. Gələcək əməkdaşlıq və  perspektiv inkişaf  vəd edən sammitdə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də iştirak edib. “Azərsu” ASC sammit çərçivəsində təşkil olunmuş su resurslarının idarə olunması və kanalizasiya xidmətləri sərgisinə qatılıb. Müxtəlif ölkələrdən 40-dan çox təşkilatın təmsil olunduğu sərgidə “Azərsu” ASC-nin stendləri nümayiş etdirilib.
“Azərsu” ASC-nin stendlərini ziyarət edən qonaqlara  Səhmdar Cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeni texnologiyalar və qazanılan zəngin təcrübə haqqında ətraflı məlumat verilib. Eyni zamanda sərgi ziyarətçilərinə “Azərsu” ASC-nin son illər həyata keçirdiyi  əsaslı tikinti və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş etdirilib. Yüksək peşəkarlıq və tərtibatla hazırlanmış ekspozisiya materialları sərgi ziyarətçilərinin böyük marağına səbəb olub. Sərgi çərçivəsində “Azərsu” ASC-nin nümayəndə heyəti  UNESCO, Beynəlxalq Hidroloji Proqram, Dünya Su Şurası, Qlobal Su, Təhükəsizlik və Sağlamlıq    İnstitutu,  Beynəlxalq Su Ehtiyatları Assosiasiyası, Hidrogeoloqların Beynəlxalq  Assosiasiyasının, müxtəlif universitetlərin  elm xadimləri və  nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə məhsuldar görüşlər keçirin.

Ümumilikdə Budapeşt Su Sammiti qlobal problemlərin müzakirəsi və gələcək əməkdaşlıq baxımından səmərəli olub. BMT-nin  baş katibi Ban Ki Mun, Macarıstan prezidenti Yanoş Adar, UNESCO-nun baş katibi İrina Bokova, bir sıra ölkələrin hökümət rəsmilərinin iştirak etdiyi sammitdə  ATƏT, BMT-nin  Avropa İqtisadi Komissiyası, Dünya Bankı, BMT-nin  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin   Sənayenin İnkişafı  Komissiyası, Dünya Su Şurası,  Dünya Səhiyyə Təşkilatı, Dünya Meterologiya Təşkilatı və  nüfuzlu şirkətlərin  nümayəndələri də təmsil olunub.

Sammitdə çıxış edən BMT-nin baş katibi cənab Ban Ki Mun dünyada içməli su çatışmazlığı ilə bağlı qlobal problemlərdən bəhs edib və  onların həlli yollarından danışıb.  Baş katib gələcəkdə yaşanacaq su çatışmazlığı ilə bağlı xəbərdarlıq edərək bildirib ki, 2030-cu ilə qədər yer kürəsində yaşayan insanların yarısının kəskin içməli su qıtlığı ilə üzləşəcək. Baş katib şirin su mənbələrindən səmərəli və məqsədli şəkildə istifadə olunmasını tövsiyə edib. Sammitin plenar iclasında çıxış edənlər içməli su təminatındakı problemlərin aktuallığından bəhs etmiş və bu sahədə əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıblar.




Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub