Modern.az

Tanınmış şairlər müstəqillik ideologiyasının təbliğindən razıdırmı?

Tanınmış şairlər müstəqillik ideologiyasının təbliğindən razıdırmı?

18 Oktyabr 2013, 16:05


18 oktyabr Azərbaycanın ikinci dəfə öz  müstəqilliyinə qovuşduğu gündü. Müstəqillik əslində hər zaman sağlam ideologiyanın məhsulu olub. Cəmiyyətdaxili təfəkkür inkişaf etdikcə, o  cəmiyyəti təşkil edən insanların dövləti də özünün müstəqil inkişaf tarixinə qədəm qoyur. Sırf düşüncə məhsulu olan istiqlal, müstəqillik bir çox sahələrin sayəsində formalaşır ki, onların da önündə gələn ədəbiyyatdır. Vaxtikən  “xalqlar həbsxanası” adlandırılan SSRİ də öz nüfuzunu gücləndirmək üçün ədəbiyyatdan əsas təbliğat məqsədi kimi inkişaf edib.

Hələ Azərbaycan Demokratik Cümhuriyyəti  yarananda dahi Məhəmməd Əmin Rəsulzadə başda olmaqla dövrün ziyalıları, dövlət xadimləri ədəbiyyatdan dövlətçilik ideologiyasını inkişaf etdirmək məqsədilə istifadə ediblər. Bu, Məhəmməd Əminin sonradan yazdığı “Çağdaş Azərbaycan ədəbiyyatı“ əsərində öz əksini tapıb. Zaman keçdi və dünyanın yenidən qarışdığı bir dönəmdə Azərbaycanda meydan hərəkatları baş verdi. Bildiyimiz kimi, o hərəkatın da önündə məhz, ədəbiyyat xadimləri dururdu. Bəxtiyar Vahabzadə,  Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi, Vaqif Bayatlı Odər və başqalarının ideoloji cəhəddən yönləndirdiyi kütləni o zaman hakimiyyətdə olan heç bir siyasətçi yönləndirə bilməzdi. Bəs indi necə? Ədəbiyyat və milli ideologiya tandemi bu gün öz işini necə görə bilir? Yuxarıda adı çəkilən şairlərin ikisi ilə əlaqə saxladıq. 

Millət vəkili, xalq şairi Sabir  Rüstəmxanlı bu mövzunun daha geniş söhbətə ehtiyacı olduğunu vurğuladı: “Ədəbiyyat da dövlətçilik  ideologiyası təbliğatının bir forması olmalıdı. Bu barədə söhbət ancaq bayramlarda yada düşməməlidi. Mütamadi müzakirə olunmalıdı. Əslində bu məsələ ayaq üstə danışılası məsələ də deyil. Xeyli vaxt tələb edir. Hərdən görürük ki, gənclər arasında sorğu keçirilir. Çox primitiv bir suala gözlərini döyə-döyə baxırlar. Fikirləşirsən ki, 20 ildir keçdiyimiz müstəqillik yolu hələ ki bu insanların ruhuna hopmayıb. Odur ki, bu cür ciddi mövzu barədə daha geniş söhbət etməyimiz yaxşı olardı“. 

Tanınan şair Vaqif Bayatlı Odər isə məsələyə başqa cür yanaşdı. O, milli ideologiyanın inkişafını və dövlətçilik amilinin gücləndirilməsini ədəbiyyatın yox, siyasətin işi olduğunu vurğuladı:
“Müstəqillik uğrunda ən yaxşı mübarizə aparan ədəbiyyat olub. “Müstəqllik” deyəndə göz önünə ədəbiyyatçılar gəlirdi. O zaman siyasətçilər demək olar ki, yox idi. Olanları da sözlərini deyə bilmirdilər. Bizim vaxtımızda da dövlətçiliyin ən güclü təəssübkeşi ədəbiyyat olub. O öz sözünü deyirdi. Düzdü, onları sıxışdırırdılar. Elə mənim özümü də neçə dəfə sıxışdırıblar. Yadıma gəlir ki, Bəxtiyar Vahabzadəni “Gülüstan” poemasına görə həbs etmək istəyirdilər. Xəlil Rzanı həmçnin həbs etmişdilər. Elə mənim özümü də neçə dəfə ora-bura dartıblar. Ədəbiyyat istiqlal uğrunda mübarizənin ön cəbhəsi idi. Sevinirəm ki, indi yaxşı siyasətçilər yetişir və onlar dövlətçiliyin formalaşmasında fəal rol oynayırlar. Yəni ki,  ədəbiyyatın bu funksiyasını əllərindən alıblar. Nə yaxşı ki, alıblar. Çünki yazıçılar daha çox öz işlərilə məşğul olsalar yaxşıdı. Bizə də tez-tez zəng edib soruşurlar ki, siz niyə filan siyasi prosesə qarışmırsız? Ədəbiyyatçılar daha çox ədəbiyyatla məşğul olsalar yaxşıdı”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi