Modern.az

«Turanlılarız, sahibi-şənü şərəfiz biz»

«Turanlılarız, sahibi-şənü şərəfiz biz»

Ədəbi̇yyat

19 Oktyabr 2013, 17:33

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan türk ziyalılarından Əbdülxaliq Qafarzadə Cənnətinin (1855-1931) yaradıcılığında İslam dininə, Vətənə, Millətə və Hürriyyətə aid şeirləri xüsusi yer tutmuşdur. Azərbaycan türk şairi Seyid Əzim Şirvani məktəbinin davamçılarından olan Cənnəti gənc yaşlarından dini və dünyəvi elmlərə maraq göstərmişdir.  Onun istedadlı bir gənc olmasını görən S.Ə.Şirvani bacardığı qədər Cənnətiyə dəstək olmağa çalışmışdır. Hələ, 1880-ci illərdə birgə iştirakçısı olduqları şeir məclislərində Cənnətinin istedadını görən S.Ə.Şirvani onun həmin dövrdə az tanınmasına təəccübünü də ifadə etmişdir. Seyid Əzimin bu təəccübünə Cənnətinin cavabı konkret olmuşdur: «Kiminin məşhurəti olur, kiminin hünəri».

Qeyd edək ki, Cənnəti də bir çox Azərbaycan mütəfəkkirləri (S.Ə.Şirvani, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və b.) kimi, yaradıcılığında İslam dininə, müsəlmanların maafrilənməsinə, Məhəmməd peyğəmbərin (s) mövluduna, İmam Hüseynin (ə) təziyədarlığına və s. müəyyən yer ayırmışdır. Məsələn, o, Peyğəmbərə (s) həsr etdiyi şeirlərində Allahın Rəsulunu yer üzünü işıqlandıran böyük bir şəxsiyyət kimi təsvir etmişdir:

Doğdu gün, saldı işıq aləmə mövludi-Nəbi,
Qoydu dünyayə qədəm yəni Rəsuli-ərəbi…

Dəmbədəm xəlqə yetir feyzü-səxavü cüdun,
Rəhməti-aləm olubdur qədəmi-məsudun,
Aləmi-ünsdə hərçənd olub mövludun,
Leyk batində səni xəlq eləyib məbədun,
«Nəbi ol vəqt ki, bilfel gərəkməzdi nəbi».

Peyğəmbərin (s) dünyaya gəlməsi ilə xalqın səadətə qovuşduğunu, cəhalət zülmətinin hidayət nuri ilə basıldığını yazan Cənnəti hesab edirdi ki, həmin gecə Allah bir neçə möcüzə də göstərmişdir. Belə ki, Peyğəmbərin mövlud günündə Kəsranın tağı düşmüş, farsların isə atəşi sönmüşdür:

Verdi fəyyazi-əzəl xəlqə səadət bu gecə,
Zülməti-cəhl basıb nuri-hidayət bu gecə,

Görünüb bir neçə ecazi-kəramət bu gecə,
Qoydu dünyayə qədəm xətmi-risalət bu gecə,
«Haşimiyyü, qüreşiyyü, mədəniyyü, ərəbi».

Cənnəti İslam dini ilə yanaşı millət, vətən, tərəqqi və hürriyyətə aid də bir çox dəyərləri əsərlər yazmışdır. Hətta, bir çox müasirlərinə (Əlabbas Müznib və b.) görə Cənnəti Azərbaycan türk şairləri arasında ilk dəfə hürriyyətdən, milli azadlıqdan bəhs etmişdir. Azərbaycan türk mütəfəkkirlərindən Əlabbas Müznib hürriyyətlə bağlı yazdığı şeirlərinə görə Cənnətini «Hürriyyət peyğəmbəri» adlandırmışdır. Cənnəti «Hürriyyət» adlı şeirlərinin birində yazırdı:

Gözümə kül görünür misli-atəşi-Nəmrud,
Məşamə yetməsə buyi-gülabi-hürriyyət.
Adın mədrəsə qoymaqdan isə, cəhl evi qoy
O məktəbi ki, yox onda kitabi-hürriyyət.

Bu şeirində Cənnəti açıq şəkildə yalançı ruhaniləri mədrəsələri cəhalət yerinə çevirdikləri üçün tənqid etmişdir. Çünki şairin fikrincə, kitabların azad şəkildə oxuna bilmədiyi bir yer məktəb və ya mədrəsə ola bilməz. Bu mənada o, inanırdı ki, hürriyyətin gəlişi ilə Vətənində müsbətə doğru dəyişikliklər olacaq və milləti də tərəqqi yolunu tutacaqdır:

Hürriyyət, ey muradi-dili-daği-didəmiz!
Hürriyyət, ey ənisi-qülubi-rəmidəmiz!
Ey taqətü təvanımız, ey nuri-didəmiz,
Qurban ola qüduminə ruhi-pərdəmiz!

Şair yazırdı ki, millətin cəhalətdən və köləlikdən qurtuluşu uğrunda mübarizə aparanlar isə həmişə zülmlə rastlaşıb əzab-əziyyətə düçar olublar. Yəni millət uğrunda çalışanların, onun azadlığı üçün yol axtaranların özləri zəncirlənərək həbsxanlara salınıbılar. Bu mənada, Cənnəti üzünü həmin bəlalara məruz qallmış Əlabbas Müznibə tutaraq yazırdı:

Deyərsəm qurtarım bu milləti qeydi-əsarətdən,
Rəqibi-bimürüvvət göstərir zəncirü qəlladə.

Dilimi kəsmək istər, odlara yaxmaq dilər zalim,
Deyirsəm, ey ağa, bir dəm ayıl, millət gedir badə.

Cənnəti təəssüf edirdi ki, millət uğrunda çalışanları isə bir çox hallarda əksər soydaşları da mübarizə meydanında yalnız buraxırlar. Hətta, öz içimizdən elələri tapılır ki, qarınlarından və vəzifələrdən ötrü qarındaşlarını və soydaşlarını məhv edirlər. Bunu cəhalət və nadanlıq adlandıran Cənnəti yazırdı:

Çıxar yüz nəqş ilə sair miləl meydanə, bax cəhlə,
Dəyişməz vəzini bir zərrəcə bu milləti-sadə.

Qadın tək dəsti-zalimdən xilas etməz gəribanın,
Qarındaşını məhv etmdə bənzər qanlı cəlladə.

El üçün ağlayan gözdən, demişlər, kur olur axır,
Əzəldən kur imiş el qüssəsindən gəlməyən dadə.

Ümidin kəssə hər kəs öz elindən, bikifayətdir,
Kifayətsizlər ümidindəyiz, Həq yetsin imdadə.

Beləliklə, əcnəbi millətlərin inkişaf etdiyi bir zamanda Azərbaycan türk millətinin geridə qalmasının səbəbini Cənnəti bir tərəfdən çar Rusiyasının mütəmləkəçi siyasətində, digər tərəfdən yalançı «millətpərəstlər»in və «ruhanilər»i n əməllərində görmüşdür. Onun fikrincə, millətin gözünü kor edib onu elm və maarifdən, ədəb-əxlaqdan uzaq tutan «millətpərəstlər»in və «ruhanilər»in də gec-tez iç üzü açılacaqdır:

Hər kimin  kim, çeşmi-insafın qərəz kur eyləmiş,
Bimürüvvət duz qatıb xəlqin aşın şur eyləmiş.

Mə qılmış mərdümü elmü məarifdən həsud,
Gözləri çıxsın ki, xəlqin didəsin kur eyləmiş.

 Öz bəni-növini tərğib eyləmiş nadanlığa,
elmü əxlaqü ədəbdən qalibən dur eyləmiş.

Əcnəbilər eyləmiş kəsbi-təməddün gör necə,
Fəzlü daniş sayəsində dəhri məmur eyləmiş.

Şair yazırdı ki, yalançı ruhanilər özləri bu dünyada eyş-işrət sürdükləri halda, digər dindaşlarına və soydaşlarına isə axirətdə Cənnəti vəd edirlər:

Var əgərçi axirətdə cənnətü hurü qəsur,
Leyk anınçün bəratın şeyx məmhur eyləmiş.

Kəsbi-sərvət, vaizin zəmincə, bir işdir əbəs,
Həq bizi ancaq  səlatü sövmə məmur eyləmiş.

Həqqdən qafildir əzbəs, anlamaz elmi-hüquq,
El gözündə Həqq onu oldur ki, mənfur eyləmiş.

Gər deyirsəm çirkdir əmmaməsi, təkfir edər,
Gör necə şeytan o biidraki məğrur eyləmiş.

Cənnəti hesab edirdi ki, bir millət təhqir olunduğu halda bu həqarətə cavab verməli, yəni milli oyanışa nail olmalıdır. Ancaq həqarətlə qarşılaşdığı halda, ona cavab verə bilməyən və bununla razılaşan millət tarix səhnəsindən silinəcəkdir. Onun fikrincə, bu mənada milli oyanışın ən böyük düşməni cəhalətdir:

Bizə var dörd qəvi düşmən, desən kimlər? Deyim, öyrən:
Cəhalətdir, cəhalətdir, cəhalətdir, cəhalətdir!

Azərbaycan şairi yazırdı ki, azərbaycanlıllar soykökünə görə türk, turanlı olduğuna görə heç vaxt həqarətlə razılaşa bilməz. Onun fikrincə, bu mənada indiki əsrdə müstəmləkə altında yaşamağımız müvvəqqətidir və azərbaycanlılar keçmiş şanlarını xatrılayaraq yenidən milli oyanışa nail olmalıdırlar:

Hərçənd düçari-mühəni-əhli-cəfayız,
Hərçənd bu əyyamdə pabəndi-bəlayiz,
Ey xar görən bizləri, bizlər nücəbayız,
Meydani-həmiyyətdə ələmdari-vəfayiz.
Turanlılarız, sahibi-şənü şərəfiz biz,
Əslafımızın nayibi xeyrül-xələfiz biz.

Ey zülmü-cəhalət, həzər et göz yaşımızdan,
Durr olmalısan torpağımızdan, daşımızdan,
Bu yolda mədəd bizlərə məsləkdaşımızdan,
Hürriyyət üçün vaz keçəriz can-bahımızdan.
Turanlılarız, sahibi-şənü şərəfiz biz,
Əslafımızın nayibi xeyrül-xələfiz biz.

Bütün hallarda, Cənnətinin fikrincə, kim millətinə xidmət edirsə həm aləmdə adı və izi qalacaq, həm də rəhmət qazanacaqdır:

Cənnəti, millətə edən xidmət,
Olar aləmdə zindəvü cavid.
Qazanar zikri-xeyir ilə rəhmət,
Mərdi-fəalü pakbazü səid.

Şairin şeirlərində Milləti qədər Vətənə bağlılığı da çox yüksək səviyyədə olmuşdur. Belə ki, o, yaradıcılığında Vətənə aid bir sıra şeirlər yazmış, torpağını satanları ən ağır şəkildə ittiham etmişdir.  Cənnəti yazırdı ki, kim torpağını satarsa gözünə qara torpaq dolacaqdır:

Ey səcdə qılan xakə, nədir bu hərəkatın,
İman ki yoxun, başına dəysin bu səlatın,
Ey türk! Vətən tərki qılar qəti-həyatın,
Məhməl olur ol dəm hərəkatü səkanatın,
Birdir vətənin, getsə həyat ilə məmatın,

Təlqin oxyur, Cənnəti, həngami-vəfatın.
Bu şivənü  fəryadı əbəs qılmayır üşşaq,
Torpaq satanın çeşminə olsun qara torpaq!

Cənnətinin Vətənə həsr etdiyi ən məşhur şeiri isə «Vətən təranəsi»dir. Şairin fikrincə, hər bir millət üçün torpaq o qədər müqəddəsdir ki, dərisi bədənindən soyulsa belə, kimsə ondan bir qarış da olsun başqasına verməməlidir:

Torpaq, məsələn, bir səri-suzəncə verilməz,
Məlbusimizi soysa da düşmən tənimizdən…

Himmət ediniz, düşməni məhv eyləyəlim ta,
Ətfal kimi qaçmayalım məskənimizdən.

Zülmat kimi tirəvü tar olsa da dünya,
Nurani edək ani dili-rövşənimizdən.

Namusi-vətən hifzi üçün bəzl edəlim can,
Ta vizrü vəbali götürək gərdənimizdən.

Ancaq onun Vətənə həsr etdiyi şeirləri «Vətən təranəsi» ilə də bitmir. Əksinə, bu şeirin davamı olaraq şair «Vətənim»i qələmə almışdır:

Verməm  vətənin bayrağını düşmənə hərgiz,
Pirahəni-sancaq mənim axır kəfənimdir.

Qeyd edək ki, Ə.Cənnəti yaradıcılığındakı İslam-Türk və Vətən məfkurəli ruhunu istər Azərbaycan Cümhuriyyəti, istərsə də Azərbaycanın Sovet Rusiyası işğalı altındakı dövründə davam etdirmişdir. 1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunmuş «Bayrağımız» şerində o yazırdı:

Olsa meydanda əgər şəqqəgüşa bayrağımız,
Düşmənin qəddini etməzmi düta bayrağımız?

Çün hilali çəkib ağuşə səadət təcmin,
Məhi-nov tək olub əngüştnüma bayrağımız.

Görsə köksündəki ay-yulduzu, göz xirələnir,
Bərqi-lame kimidir çöhrənuma bayrağımız.

Donadılmış gül ilə, səbzə ilə, zənbəq ilə,
Sanki gülşəndə tapıb nəşvü nüma bayrağımız.

Qibleyi-taəti-ixfvanı-səfadır, əlhəq,
Kəfəni-cismi-şərifi-şühəda bayrağımız.

Ta ki türk oğlu ayıqdır, vətəni qoruyacaq,
Yatmayıb, yatmayacaqdır əbəda bayrağımız!

Cənnəti, xiteyyi-Azərbaycan cənnətdir,
Sayə salmış ona tuba kimi ta bayrağımız.

1919-cu ildə «Azərbaycan» qəzetində nəşr olunmuş «Sancaq» şerində o, yazırdı:

Uğurlusan, xoşyəminsən, gözəlsən,
Sayəndə yaşarız vəcdi-hal ilə.
Nöqsansızsan, bimüslü bibədəlsən,
Kəmalə yetmisən bir hilal ilə.

Göksündə ay-yıldız səma misali,
Şənin çox yüksəkdir, rütbəndir ali,
Sənə baş endirər alivü tali,
Xidmətində durar canü mal ilə.

Rayəti-nüsrətsən, fatihi-kişvər,
Bayraqlar içində yox sənə bənzər.
Təməvvücün görcək buludlar titrər,
Öylə kim, dəryalar bir şimal ilə.

Vacib olmuş biz millətə hörmətin,
Həqq artırsın günü-gündən rifətin.
Gər bilməsək sənin qədrü-qiymətin,
Yaşarız dünyada infial ilə.

Sayəndə ordumuz olmuşdur cəri,
Sözümüzün səninlədir kəsəri,
Hilalında vardır nüsrət əsəri,
Əsrlərlə nə ki mahü sal ilə.

Rəzmgah içində sabitqədəmssən,
Aləmlərdə şöhrətinlə ələmsən.
Cənnəti, sən əgər sahibqələmsən,
Yaz sancağın vəsfin xoş məqal ilə.

Doğrudur, bu cür milli-dini ruhlu məfkurəni Sovet dövründə yaşatmaq Cənnəti üçün heç də asan olmamışdır. Bir tərəfdən Sovet casuslarının təqibi, digər tərəfdən ailəsində baş verən bədbəxtliklər (övladlarını vaxtsız itirməsi) Cənnəti üçün dözülməz olmuş, 1931-ci ildə o, vəfat etmişdir. Bütün hallarda, Cənnətinin dünyagörüşündəki milli-dini və vətən ruhlu məfkurə isə ömrünün sonuna qədər onu tərk etməmişdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi