Modern.az

Yevda Abramov: "Türk və Azərbaycan mətbuatında bəzi yalnışlığa yol verilir"

Yevda Abramov: "Türk və Azərbaycan mətbuatında bəzi yalnışlığa yol verilir"

29 Aprel 2010, 11:01

Dünən İsrail parlamentində (Knesset) təmsil olunan bəzi partiyaların nümayəndələri qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı müzakirələr keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Səsvermə nəticəsində təklif qəbul edilib. Qeyd edək ki, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov iki gün öncə parlamentdəki çıxışında qondarma “erməni soyqırımı” məsələsinin Knessetə çıxarılmayacağını bəyan etmişdi.

 

Modern.az Yevda Abramovla əlaqə saxlayaraq parlamantdəki çıxışını onun yadına salıb. Milli Məclisin üzvü isə məsələylə bağlı saytımıza açıqlamasında deyib ki, sözügedən təklifin keçməsi hələ qondarma iddiaya dair məsələnin Knessetdə müzakirəsi demək deyil. Onun sözlərinə görə, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun indiyədək gördüyü işlər sayəsində qondarma iddia Knessetin Xarici əlaqələr komitəsində müzakirəyə çıxarılmayıb.

“Buna baxmayaraq matrın 28-də Knessetdəki bəzi fraksiyaların təkidi ilə bu məsələyə dair təkliflər səsləndirilib. Fraksiya iclasında 20 nəfər iştirak edib. 12 nəfər lehinə, 8 nəfər əleyhinə səs verməklə məsələni Xarici Əlaqələr Komitəsinin müzakirəsinə tövsiyyə ediblər”. Y.Abramov qeyd edib ki, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu 3-cü dəfədir belə təpki ilə qarşılaşır. Y.Abramova deyib ki, deputat olduğu 4 il yarım ərzində 3 dəfə sözügedən məsələnin Knessetin Xarici əlaqələr komitəsində müzakirəyə çıxarılmasının qarşısını almağa nail olublar. “Biz çalışacağıq ki, İsrail parlamentində qondarma “erməni soyqırımı” müzakirə olunmasın. Qondarma “erməni soyqırımı”nın İsrail parlamentində müzakirəsi üçün xüsusi canfəşanlığı ərəb partiyası göstərir. Türk və Azərbaycan mətbuatında bu məsələ ilə bağlı yalnışlığa yol verilir. Bu məsələnin İsrail Knessetində müzakirə olunacağı barədə məlumatlar yersizdir. Bu məsələ öncə komitə tərəfindən müzakirə olunmalıdır. Fraksiya məsələni müzakirə komitəyə tövsiyyə edib, ancaq nə vaxt müzakirə olunacağı bilinmir. Biz öz tərəfimizdən ciddi işlər aparırıq. Hesab edirəm ki, bu məsələnin İsrail parlamentində müzakirəsinə imkan verməyəcəyik”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir