Modern.az

“Bavariya”-“İnter” finalı: Azərbaycan jurnalistləri kimə azarkeşlik edəcək? (sorğu)

“Bavariya”-“İnter” finalı: Azərbaycan jurnalistləri kimə azarkeşlik edəcək? (sorğu)

29 Aprel 2010, 14:01

UEFA Çempionlar Liqasının finalında oynayacaq klublar artıq bəllidir. Almaniyanın “Bavariya” və İtaliyanın “İnter” klubları mayın 22-də İspaniyanın paytaxtı Madriddə keçiriləcək finalda qarşılaşacaqlar.

“İnter” yarımfinalda İspaniya “Barselona”sına (3:1 və 0:1), “Bavariya” isə Fransanın “Lion”una (3:0 və 1:0) qalib gəlib.  

Heç şübhəsiz bu komandaların Azərbaycanda da çoxlu azarkeşi var. Elə jurnalistlər arasında da. Futbola maraq göstərən jurnalistlərimiz “Bavariya”-“İnter” finalında kimə azarkeşlik edəcəklər?

Modern.az bu sualla bəzi həmkarlarımıza müraciət edib.

 

“Media forum.az” saytının redaktoru Hikmət Sabiroğlu: “Finala sözsüz ki, baxacam. Ancaq heç birinə azarkeşlik etmirəm. Mən nadir hallarda başqa ölkələrin komandalarına azarkeşlik edirəm”.

 

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli: ““Bavariya”ya azarkeşlik edəcəm. Çünki “İnter” “Barselona”nı udub. Mən isə əvvəldən “Barselona”ya azarkeşlik edirdim. Həm də “İnter”in oyun üslubu xoşuma gəlmir. Ümumiyyətlə, “İnter”lə hansı komanda oynasaydı, italyanlara deyil, rəqiblərini dəstəkləyəcəkdim”.

 

Qol.az saytının redaktoru Aydın Bağırov: “Mənim 2 ən sevimli komandam var. Onlardan biri “Barselona”dır ki, o da uduzdu. Digəri isə “Bavariya”dır. Çox böyük əminliklə deyirəm ki, bu dəfə “Bavariya” udacaq”.

 

“Yeni Müsavat” qəzetinin idman yazarı Vüsal Mehdioğlu: “Finala çıxan komandaların heç birinə rəğbətim yoxdur. Ancaq “İnter”in baş məşqçisi Joze Maurinyonun karyerasına azarkeşlik edirəm. Çünki o, bir sıra klubların inkişafında böyük işlər görüb. Uzun illər finala çıxa bilməyən “İnter”i finala kimi gətirə bilib”. “Bizim yol” qəzetinin siyasət yazarı Natiq Cavadlı: “Sevimli komandam “Barselona”dır. Amma dünən axşam yarımfinalın cavab oyununda hakim “Barselona”ya qarşı ədalətsizlik, “İnter”ə tərəfkeşlik etdi. Finalda “Bavariya”ya azarkeşlik edəcəm. Çünki “İnter” hakimin dəstəyi ilə finala çıxdı”.

 

“Ekspress” qəzetinin idman yazarı İntiqam Məmmədov: “Çox adam deyir ki, “İnter” güclüdür. Ancaq bu futboldur. Bilmək olmur kim udacaq, ya uduzacaq. Rəğbət bəslədiyim komanda “Bavariya”dır. Məncə o udacaq. Çünki onun titulları da çoxdur”.

 

“Mərkəz” qəzetinin redaktoru Bəxtiyar Elcan: “Mən 7-8 ildir ki, “Barselona”ya azarkeşlik edirəm. Təəssüf ki, ispanlar yarımfinalda uduzdular. Məncə finalda “Bavariya” udacaq. Çünki “Bavariya” daha sürətli klubdur. “İnter” baş məşqçinin hesabına qələbə qazandısa, düşünürəm ki, finalda “Bavariya” komanda oyununun hesabına qələbə əldə edəcək”.

“APA-sport”un baş redaksoru İxtiyar Əsgərov: “Mən heç birinə azarkeşlik etmirəm. Mənim azarkeşlik etdiyim komanda “Barselona” idi. O da uduzdu”.

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə: “Mən “Qalatasaray”ın azarkeşiyəm. Çox istərdim türk klubu finalda oynasın. Amma “Qalatasaray” olmadığı üçün “İnter”ə azarkeşlik edəcəm. “İnter”in oyun taktikası xoşuma gəlir. Bu komandada  çoxlu ulduz futbolçular var. Onların oyununu bəyənirəm”.

 

“Şərq” qəzetinin əməkdaşı Seymur Qasımbəyli: “Mənim azarkeşlik etdiyim komanda “Barselona” idi. O da uduzdu. Bu komandaya uşaqlıqdan azarkeşlik edirəm. Səbəbini deyə bilməyəcəm. Ancaq finalda yaxşı oyun olsa baxacam”.

 

Günay MUSAYEVA

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?