Modern.az

Bəndalının çimməkliyi

Bəndalının çimməkliyi

Ədəbi̇yyat

23 Oktyabr 2013, 10:06


Dağ başındakı bu kiçik şəhərin dərdli sakinləri tək büllur kimi səsi ilə ara-sıra zəngulələr vuran, qıvrım qaşları, koroğlusayağı bığları, iri cüssəsi ilə əfsanəvi qəhrəmanlara bənzəyən Bənna Bəndalı sübhdən şər qarışanadək iş başında idi. Hər axşam işdən yorğun qayıdanda üç qızını da səfərbər edən, oxlov kimi arıq, uzun arvadı Səltənət özü Bəndalını gülərüz qarşılayaraq “İSTİ SU HAZIRDIR GƏL ÇİM!” deməklə yuyundurub tərtəmiz geyindirər, keçi pendirindən, şorundan yüngülvari yedizdirib, kəklikotu, yaxud itburnu çayı içirdib təmiz yatağa salardı. İş başını elə qatmışdı ki, Bəndalı heç hörgüsünə yumurta sarısı qatmaqla düşmənin basa bilmədiyi möhkəm qalalar ucaltmış babası Murtuzalının yurdu sayılan, qarşı dağın arxasındakı doğma kəndində də olmamışdı. Yeniyetmə, naşı vaxtında başı üzərinə qaldırıb hörgüyə qoymaq istədiyi iri daş əlindən sürüşüb düşərək bir ayağını ömürlük şikəst etməklə onu əsgərlikdən də saxlamışdı... Qaradinməz, adamayovuşmaz sayılan Bəndalının yeganə ünsiyyəti özüboşaldan avtomaşınla ona qum daşıyan Həsi ilə idi. Alabəzək balıqların üzdüyü sularından baldırğan, yarpız, lilpar, qıjı ətri gələn, müxtəlif mineralların qarışıb əlvan rənglər qatdığı, Qarqar, Xaçın çayları yaxılıqda olsa da, hörgüdə yekrəng, gilli Kür qumuna üstünlük verən Bəndalının sağ əli Həsi idi. Ən azı həftədə bir dəfə Həsinin İliç lampalarını yandıran şəhərə baş vurub gətirdiyi Kür qumu Bəndalınun üzünü müştərilərin yanında ağ edərdi. Odur ki, tikib başa çatdırdığı evlərə görə verilən qonaqlıqlarda ömrü boyu dilinə içki vurmayan Bəndalı tut arağı ilə dolu badəni başı üzərinə qaldırıb “Sağ olsun Həsi...” deməklə kifayətlənirdi ki, elə ünsiyyət də bundan ibarət idi...

Əsgərlikdə tank sürmüş Həsinin ən yaxın dostu isə ordudan tərxis olunduqda özü ilə gətirdiyi mexanik yoldaşı sarışın Kondrat idi. Bu yerlərin adamları əsgərlikdən qız gətirilməsinə öyrəşsələr də, ilk dəfə oğlan gətirən Həsiyə heyrətlənməyə bilmədilər. Qafqaz dağlarının vurğununa çevrilsə də, hamının onu Domkrat çağırmasına dözüb, içəndə “matuşka” kimi müqəddəs kəlmələrinin “matışkaya” çevrilməsinə üsyan edən Kondrat az zamanda dilimizi öyrənib adamlara qarışmışdı. Mühasibatlıq kursunu bitirib istirahət mərkəzində çalışan din,  dil ayrılığına baxmayaraq daim birlikdə olan Leyli və Əsli adlı iki rəfiqə ilə ailə quran sürücü Həsiylə mexanik Kondrata bənna Bəndalı öz əlilə yamacda bir cüt xudmani ev də tikmişdi... Tikdiyi evlərin sayını itirsə də hələ ki, bir çətən külfəti ilə daşlı yolun üstündəki qol-budaqlı palıd ağacının altına aldığı böyürtkən, moruq kollarının arasında itib - batmış, atasının ortasında mineral bulaq qaynayan zirzəmisini qaya çapmaqla tikib, şura hökumətinin qorxusundan üstünü çiy kərpicdən qaraltdığı köhnə daxmada yaşayan Bəndalının özünə daşdan yuva qurmaq fürsəti uzaq gələcəyə aid idi. Hələ ki, əsas qazancı ərlik yaşına çatıb, bütün günü özlərinə cehizlik xalça, palaz, kilim toxuyan qızlarının işlətdiyi rəngbərəng, yun, pambıq ipliklərə xərclənirdi. Kiçiyi belə ərlik yaşına çatan qızlarına könül açmaq istəyən cavanlar daşlı yolun üstündəki qol-budaqlı palıd ağacına dırmaşaraq böyürtkən, moruq kollarının arasındakı həyətə boylansalar da  Bəndalının cehizlik toxuyan, arabir anaları ilə qarşı dağa üz tutan qızları nadir hallarda göründüklərindən hələ ki elçi göndərən yox idi...   

İsti yay axşamı şər qarışanda ayaqyalın, şalvarını çrmamış, qolsuz maykada böyürtkən, moruq kollarının qarşısında durub arvadı Səltənətin ocaq üstünə qoyduğu iri qazandakı suyun qızmasını gözləyən Bəndalını sürətlə sürdüyü özüboşaldan avtomaşınını güclə durduran Həsi üzdən salıb yanında oturdaraq düz İliç lampalarını yandıran şəhər istiqamətinə sürdü. Həsinin söylədiyi kimi Kür üstündə salınmaqla ölkəyə elektrik işığı verən bu şəhərə çatınca bənna Bəndalı Qarqar, Xaçın çaylarının qumundan imtina etdiyinə görə  özünü ən azı yüz dəfə qınadı. Həsinin dolanbac yollarla dağlardan enməklə, bağlı-bağatlı həyətlərdə ucalan ikimərtəbəli ağ mülkləri arxada qoyduqda bənna Bəndalı adamların, pambıq tarlalarının arasındakı bulaqsız, meşəsiz yerlərdə məskunlaşmalarını, ev-eşik qaraltmalarını yaxın məsafədəki Kür qumu ilə bağladı. Yoxsa ki, adamlar dağların cənnət qoynunu atıb, ilan mələyən bom-boz təpələrin dibindəki cəhənnəmin istisində boğulmazdılar. Nəhayət ki, beşmərtəbəli binaların arasından şütüyüb keçən avtomaşını çinarları yaşıl vahədə boy verən Kür çayının sahilindəki, taxta kürsülü evi alçaq gül hasarından görünən bir küçədə yerində mıxlandı. Artırmada samovarlı çay süfrəsindən qalxan əndamlı sarışın qadın gülə-gülə kündə kimi şişman qollarını açaraq avtomaşına sarı şığıdı. Arabir rus kəlmələri də işlədən qadın Həsini duz kimi yalayıb qonaqları həyətə ötürəndə taxta evin bir tərəfinin çökməsi Bəndalının diqqətini çəkdi. Çay süfrəsi kələm, xiyar, badımcan turşularının, kolbasaların, araq, şərab butulkalarının hesabına genişləndi. Alçaq gül hasarından keçib gələn sarışın qonşu qadınlar deyəsən xəngəl tədarükü gördülər. Bu qadınların toxucu olduqlarını öyrənən Bəndalını onların ipliklərini kimlərin aldıqları, harada boyatdırdıqları düşündürdü. Və məlum oldu ki, vaxtilə İvanovka adlı bir şəhərdən gələn bu qadınlar hal hazırda tənəzzülə uğrayan toxuculuq fabrikində çalışırlarmış. Məclis qızışanda qadınların qollarını boynuna dolayıb içirtmək cəhdləri Bəndalının müqavimətini qırdı. Və ömründə ilk dəfə dadına baxdığı içkinin təsirindən hallanan Bəndalı ətin xəngələ bükülməsinə təəccüblənməyə macal tapdı. Özünə gəldikdə isə sarışın qadınların onun qıvrım qaşlarına, koroğlusayağı bığlarına əl gəzdirdiklərini görən bənna Bəndalı bu görkəmlə dağ başındakı doğma yurda qayıtmağı şəninə sığışdırmadı. 

Bəna Bəndalının ipliksizlikdən bezən qızlarının Həsinin özüboşaldan avtomaşınını daim daşa basmaları, erməni Tatevosun Qafqazı işğal edən pravoslavların şərəfinə ucaltdığı kilsənin zəngi kimi səslənməklə atalarının yoxa çıxmasının dağ başındakı bu xırda şəhərin sakinlərinin yaddaşından silinməyə imkan vermirdi. At ölmüşdü, itlərin bayramı idi. Tikilməsi yarımçıq qalmış evlərin hörgüsünün tamamlanması Domkratın  qonşu erməni kəndlərindən iy alıb gələn, Qarqar, Xaçın çaylarının qumu ilə kifayətlənən bənna qayınlarına həvalə olunurdu. Onların tikdikləri evlərin divarlarında xaçvari nişanlar yonmasına belə məhəl qoyan yox idi... İsti Kür qumunun bolluğundan vəcdə gələn bənna Bəndalı isə İliç lampalarını yandıran şəhərin sarışın toxucularının çökmüş evlərini söküb yerində daş divarlar ucaltmaqla məşğul idi... Ay ötdü, il dolandı və günlərin bir günü bəna Bəndalının ipliksizlikdən bezən qızlarının fasiləsiz daşlamaqla bezdirdikləri Həsinin əzik-üzük, şüşələri, işıq lampaları sınıb çatlamış özüboşaldan avtomaşını İliç lampalarını yandıran şəhərə üz tutub Kür çayının sahilində, təzələnən gül hasarı belə daşlaşmış evin qarşısında dayandı. Ayağını çəkə-çəkə sakitcə quzu kimi keçib  özüboşaldan avtomaşının kabinəsinə oturan Bənna Bəndalının sanki ərpimiş ciyərləri tədricən artan dağ havasının təsirilə körük kimi basılanda uzun fasilədən sonra o, zəngulələr də vurmağa başladı..... Daşlı yolun üstündəki qol-budaqlı palıd ağacının daim kölgə saldığı böyürtkən, moruq kollarının arasındakı çiy kərpic daxmadan çıxan  Səltənətin: “İSTİ SU HAZIRDIR GƏL ÇİM!” deməsi ilə gələcəkləri az qala sual altında qalan qızların nigarançılığına son qoyuldu...  Bununla belə, öz günahı ucbatından Domkratın qayınlarının sıradan çıxardıqları Bənna Bəndalı cehizlik xalça, palaz, kilim toxumaqdan uzaqlaşan qızlarını rəngbərəng, yun, pambıq ipliklərlə təmin edə bilmirdi ki, yaşadıqları, dünyaya meydan oxuyan bir ölkə dağılmağa başladı... İstirahət mərkəzi də bağlandığından Həsi Leylini işdən çıxarıb evdə oturtsa da, Əslinin təkidi ilə Kondrat maya qoyub arvadına qəlyanaltıxana açdırmışdı ki, Bənna Bəndalı da arabir oraya baş vurub kiminsə onu tut arağına, çaxıra, yaxud pivəyə qonaq edəcəyini gözləyərdi... Evə sərxoş qayıdanda qoşa gördüyündən bir neçə dəfə özünü çırpdığı qol-budaqlı palıd ağacını, əli ilə bir gözünü qapamaqla tək görüb yanından sivişib böyürtkən, moruq kollarının arasında itib batmış həyətinə girən Bəndalının qızları ağlaşma qursalar da Səltənət səbrlə isti su tədarükü ilə məşğul idi...

Kondratın siyasi fəaliyyətə girişən qayınları mitinqlərlə başlayan silahlı müqavimətlə bu yerlərdə ikinci Ermənistan yaratmağı tələb etdilər. Siyasi liderlərdən birinə çevrilən Kondrat Panteleyeviçin düzəltdiyi əldəqayırma silahları tezliklə tanka, topa çevirən qayınları güc gəlib özünümüdafiə dəstəsinin cavanlarını qırıb, şikəst etməklə adının qarşısındakı “bənna” kəlməsi  “kefli” ilə əvəzlənən Bəndalının ailəsi də daxil olmaqla məzlum əhali dağlardan arana qovuldu. İyirmi ildən artıq doğma yurdda qoyub gəldiyi alabəzək quşların cəh-cəh vurduğu almalı, armudlu, zoğallı, əzgilli, yemşanlı, dağdağanlı, qozlu fındıqlı meşələrin, sürülərinin, naxırının göz oxşadığı güllü–çiçəkli dağların, buz bulaqların, göbələkli, çiyələkli, yemlikli, əvəlikli, quzuqulaqlı, qırxbuğumlu, ballıcalı, unnucalı, kəklikotulu yamacların, həyətindəki keçilərinin, toyuq çücəsinin, arı pətəklərinin, lap elə çiy kərpicdən qaraltdıqları köhnə daxmasının zirzəmisində qoyub gəldiyi bal, bəhməz, qovurma küplərinin, motalının həsrətini çəkən arvadı Səltənətlə çadırda, yük vaqonunda, İliç lampalarını yandıran şəhərədəki fəhlə yataqxanasında  məskunlaşdıqdan  sonra yeni tikilən qaçqın şəhərçikdən mənzil alan  bənnalıqla yanaşı kefliliyi də unudan Bəndalının yeganə təsəllisi bu yerləri tərk edən sarışın qarılara qoşulub İvanovsk adlı şəhərə üz tutmaqla buradakı toxuculuq kombinatında çalışan qızlarının kiçiyinin Toxtamış adlı tatar oğlanla ailə qurması idi...  Bədənində döyüşlərdən qalma qəlpələr gəzdirsə də, mühasibliyi kara gələn arvadı Leyli ilə birgə İliç lampalarını yandıran şəhərin kənarında, mötəbər məclisdə: “İşğal altındakı torpaqlarımız kisədə deyil ki, kimsə gedib dalına alıb gətirə!” deməklə qaçqınların nifrətini qazanan biznesmenə məxsus “Ana Kür” adlı qum karxanasında səsli küylü ekskovatorunun səsini, qışqıra-qışqıra, qazan dibi qaşıyan səsi ilə oxuduğu  qədim xalq mahnısının “Uca dağlar, qarlı dağlar başında, bir yar sevdim tirmə şalı var başında” sözləri ilə batırmaq istəyən Həsinin sayəsində burada qarovulçuluq edən Bəndalının cüssəsi əyilmiş, qıvrım qaşları ağarmış, bığını isə dibindən qırxmışdı. İndi gecə növbəsindən gəlib daş kimi düşən, sinəsi sanki alovlandığından nəfəsini belə çəkə bilməyən Bəndalı əlini cibina salmağa imkan tapıb, deyilənə görə hansısa şəhərin çirkab sularının axıb töküldüyündən əslində üfunət qoxumalı olan Kürün qumunu ovuclayıb burnuna yaxınlaşdırmaqla, elə bil Qarqar, Xaçın çaylarının yüz rəngə çalan çınqıllı qumunun ətrini ciyərlərinə çəkdi və özünü uca dağ başında hiss etdiyindən, sinəsi batıb, saçları qar kimi ağarıb, gözləri çuxura düşüb səsi kallaşan Səltənət qarının: “İSTİ SU HAZIRDIR GƏL ÇİM!” kəlmələrini eşidə bilmədi... Cəsədi qaralıb kösövə dönən Bəndalının ruhu dağlara doğru üz tutmuşdu...

Aydın Dadaşov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?