Modern.az

Azərbaycanda bələdiyyələrə əlavə səlahiyyət verilməsə...

Azərbaycanda bələdiyyələrə əlavə səlahiyyət verilməsə...

Qarabağ

29 Aprel 2010, 17:13

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİBaprelin 29-da Azərbaycan Media Mərkəzində “Bələdiyyələrin birləşdirilməsinin doğurduğu problemlər” mövzusunda mətbuat konfransı keçirib.

Modern.az-ın məlumatına görə, İTYİB-in sədr müavini Rövşən Ağayev  bildirib ki, bələdiyyə qurumlarının fəaliyyətinin səmərli qurulması üçün hökumətə İTYİB tərəfindən 10-a qədər tövsiyələr təqdim edilib. Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarənin gücləndirilməsi istiqamətində vətəndaş cəmiyyəti, o cümlədən İTYİB əlindən gələni edib, amma təəssüf ki, hökumət tərəfindən zəruri addımlar atılmayıb. Hələ də həlli vacib olan məsələlər qalıb.

İTYİB eksperti Samir Əliyev bələdiyyələrin birləşməsi prosesində və sonradan ortaya çıxan problemlər barədə təqdimat edib. Onun sözlərinə görə, Azərbaycanda yerli özünüidarə institutu yaradılanda bələdiyyələrin sayı 2667 olub. Fəaliyyətlərinin 10 ili ərzində bu orqanların sayı artaraq 2008-ci ildə 2757-yə çatıb. S.Əliyev deyib ki, 17 mart 2009-cu ildə «Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında» qanuna növbəti dəyişiklik edilən sonra  ölkə ərazisində fəaliyyət göstərən 1567 bələdiyyə birləşmə məqsədi ilə Milli Məclisə müraciət edib. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 29 may 2009-cu il tarixli, 826-IIIQ saylı Qanunu ilə parlamentə müraciət edən bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayı 572-yə qədər azaldıldı. 995 bələdiyyə qurumu ləğv edildi, Füzuli rayonu ərazisində isə əlavə olaraq 2 yeni bələdiyyə - Birinci Zobuncuq və Beşinci Zobuncuq bələdiyyələri yаrаdıldı. Bu qanunun qəbulundan sonra ölkə üzrə fəaliyyət göstərən bələdiyyələrin sayı 2757-dən 1762-ə qədər azaldıldı.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bələdiyyələrin də birləşdirilməsi həyata keçirilib. Muxtar Respublikada 84 bələdiyyənin birləşdirilməsi nəticəsində 40 bələdiyyə qurumu yaradılıb, 47-si ləğv еdilib. Əlavə olaraq 3 bələdiyyə qurumu yaradılıb. Bu birləşmə nəticəsində Naxçıvan MR-də bələdiyyələrin ümumi sayı 215-dən 171-ə qədər azalıb.

Ümumilikdə ölkə üzrə aparılan birləşmə tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldılıb. Birləşmə nəticəsində ölkə üzrə 1044 bələdiyyə ixtisar olunub, 5-i isə yaradılıb. Bu isə son nəticədə 1039 və ya 38% bələdiyyənin azalması deməkdir.

Ekspert diqqəti problemlərə yönəldbi. S.Əliyevə görə, hökumət birləşdirməni “1 inzibati ərazi vahidi – 1 bələdiyyə” prinsipi ilə həyata keçirtsəydi yaxşı olardı. Düzdür birləşmə inzibati ərazi vahidliyi əsasında aparılıb. Ancaq hələ də bəzi inzibati ərazi vahidliklərində bir neçə bələdiyyənin qalması müşahidə edilir. Digər problem birləşmə zamanı təmsilçiliyin nəzərə alınmamasıdır. Ekspert digər problemlər qismində bələdiyyə qurumunun yaradılması üçün əhali sayının aşağı həddinə məhdudiyyətin qoyulmaması və dövlət hakimiyyət orqanlarının birləşmə prosesinə hazır olmamasını göstərib.

Mövcud problemlərdən danışan S.Əliyev qeyd edib ki, bir sıra bələdiyyələr hələ də maliyyə əməliyyatları apara bimirlər, işçilərinə əmək haqqı verə bilmirlər. Səbəb də Ədliyyə Nazirliyi tərəfindən birləşmiş bələdiyyələrin nizamnamələrinin təqdiqinin ləngidilməsidir: “Birləşmə qərarı 1 il öncə verilib və yeni seçilmiş bələdiyyələr 4 aydır fəaliyyət göstərir. Bu vaxta qədər nə maliyyə əməliyyatı apara bilib, nə də işçilərinə maaş verə bilib. Birləşmədən sonra bələdiyyələrin möhürlərini yığıdılar. Bir neçə ay keçəndən sonra yeni möhürlə təmin etdilər. Nizamnamələri isə hələ də təsdiq olunmayıb. Nizamnamə təsdiq olunmadığından bələdiyyə VÖEN və bank hesabı aça bilmir”.

Sonda S.Əliyev birləşmə ilə bağlı yaranmış problemlərin həlli üçün təmsil etdiyi təşkilatın təkliflərini diqqətə çatdırıb. Onun sözlərinə görə, əhalinin təmsilçiliyin təmin edilməli və bələdiyyələrin formalaşması üçün əhali sayının aşağı həddinə məhdudiyyət qoyulmalıdır. Ekspert hesab edir ki, əhali sayı üçün aşağı hədd 1500-2000 ola bilər. Əhalinin yuxarı həddinə isə qoyulmuş məhdudiyyət götürülməlidr. Çünki ekspertə görə, Seçki Məcəlləsinin 210.2.1-ci və 210.2.8-ci maddələrinə görə, əhalisinin sayı 500-dən az olan ərazilərdən tutmuş əhalisinin sayı 299.999–dək olan ərazilərdə bələdiyyələrin yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, əhalinin sayı 300.000 nəfərdən çoxdursa, həmin bələdiyyə bölünməlidir. Bu da böyük şəhər bələdiyyələrinin yaradılmasını mümkünsüz edir. Bundan başqa bələdiyyələr maliyyə fəaliyyətini bərpa etmək üçün Ədliyyə Nazirliyi tərəfindən təcili olaraq onların nizamnamələrin təsdiqi həllini tapmalıdır. Və ən nəhayət, bələdiyyələrə əlavə səlahiyyət və maliyyə təminatının verilməsi təmin ediməlidir.

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır