Modern.az

“Bizdə 54 siyasi partiyanın qeydiyyatdan keçdiyini eşidən əcnəbilər təəccülənirlər”

“Bizdə 54 siyasi partiyanın qeydiyyatdan keçdiyini eşidən əcnəbilər təəccülənirlər”

29 Aprel 2010, 18:05

Modern.az saytının suallarını Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov cavablandırır

- İlqar müəllim, bu günə qədər Azərbaycanda neçə QHT və neçə KİV qeydiyyatdan keçib?

- Bu günə qədər qeydiyyatdan keçən QHT-lərin sayı 2500-dən, mətbu orqanlar isə 4 mindən artıqdır. Bilirsiniz, ölkə başçısı tərəfindən QHT sektorunun inkişafına çox böyük diqqət yetirilir. Bunun nəticəsi olaraq Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Şura faliyyət göstərdiyi iki ildən artıq müddətdə xeyli işlər görüb və çox fəaldır. Büdcədən layihələrin maliyyələşdirilməsi üçün vəsait ayrılır və hər il QHT-lərə yardım edilir. Onlar da səmərəli fəaliyyətlərini davam etdirirlər. Digər tərəfdən, QHT-lərin qeydiyyat proseduru qaydaları da müəyyənləşib. Biz onlara bu sahədə hər cür kömək göstəririk. Məsələn, qanunvericiliklə bağlı müəyyən məsələlər ortaya çıxmışdı, biz onların tənzimlənməsində, qrantlarla bağlı müəyyən kömək göstərdik. Hazırda da yenilikləri tətbiq etmək istəyirik. Qrantların qeydiyyatı barədə məlumatları internet vasitəsilə yaymaq istəyirik. Cəmiyyət də bilsin ki, hansı təşkilatlar nə vaxt, hansı məbləğdə qrantlar alıb və onun qeydiyyatı ilə bağlı heç bir problem yoxdur.

- QHT-lərin qeydiyyat məsələsində birpəncərəli sistemin tətbiqi təklifini səsləndirənlər var. Bu məsələyə sizin fikriniz necədir?

- Faktik olaraq bu gün QHT-lərin qeydiyyatı vahid pəncərə sistemidir. Ona görə ki, həmin təşkilatlar özləri gəlmədən sənədlərini göndəririlər, heç bir məmurla təmasda olmurlar. O sənədlərə baxılır və cavab verilir. Təəssüflər olsun ki, QHT yaradanlar müəyyən mənada hüquqi cəhətdən tam hazırlıqlı insanlar olmurlar. Ona görə ki, insanlar müxtəlif təbəqədən olurlar və göndərdikləri sənədlərdə müəyyən qüsürlar mövcud olur. Biz o qüsürları göstəririk, cavab göndəririk. Bəzi insanlar isə bunu maneə kimi qiymətləndirirlər. Əslində bu sırf prosedur və hüquqi məsələlərdir. Məsələn, elə təşkilatlar olur ki, nizamnamədə hər hansı dəyişikliklərlə bağlı bizə müraciət edirlər, biz görürük prosedura uyğun deyil, onlara məktub göndəririk. Cavab gəlir, görürürk ki, həmin səhvlər yenə təkrar olunur. Biz məcbur olub özümüz hazırladığımız nümunəni onlara göndəririk. Deyirik ki, bu nümunəyə uyğun yazın. O nümunəni doldurub yenə bizə göndərirlər, görürük ki, yenə səhvlər var. Axırda məcbur olub onları dəvət edirik, deyirik, bizim yanımızda yazın, bax bu qaydada hazırlayın.Yalnız ondan sonra düzgün yazıb bizə verirlər. Bizdə bəzən elə təsürrat yaranır ki, belə təşkilatlar bunu bilərəkdən edirlər ki, vəziyyət gərginləşsin, özlərini sınmış kimi göstərsinlər.

- Yeri gəlmişkən bir qrup qeydiyyatdan keçməyən QHT rəhbərləri bu yaxınlarda qeydiyyat prosesindən narazılıqlarını bildiriblər.

- Ümumiyyətlə, Şuranın iclasında dəfələrlə o məsələlər müzakirə edilib. Müəyyən problemlər olursa, faktiki aradan qaldırılır. Bu gün bizdə bu sahədə heç bir problem yoxdur.

- İlqar müəllim, bu gün qeydiyyatdan keçmiş elə QHT, KİV adı var ki, yalnız gülüş dogurur. Bunun qarşisini almaq mümkün deyilmi?

- Bunu özləri düşünməlidirlər. Adlarla bağlı qanunvericilikdə konkret müddəalar var. Bu qanun normasıdır. Biz qanundan kənar norma tətbiq edə bilmərik. Qanunvericilikdə belə bir norma var, görkəmli şəxslərin adı ilə yaradılan təşkilatların adları yalnız onların ailə üzvləri tərəfindən qadağan oluna bilər, bir də eyni adlı təşkilatların yaradılmasına məhdudiyyət var. Qanunvericlikdə adlarla bağlı bundan başqa məhdudiyyət yoxdur. Biz ancaq qanunvericliklə işləyirik.

- Siz həm də QHT Şurasının üzvüsünüz. QHT-lərin maliyyə hesabatı ilə bağlı nə deyə bilərsiniz?

- Bilirsiniz ki, qanunvericlikdə dəyişiklər mövcud olub. Keçən il  iyun ayında Milli Məclis tərəfindən bir qanun qəbul olundu. Orada QHT-lərin Maliyyə Nazirliyinə hesabatlarının təqdim edilməsi nəzərdə tutulur. Qanun icra olunur. QHT-lər öz  maliyyə hesabatlarını nazirliyə təqdim edirlər. Məndə olan məlumata görə, Maliyyə Nazirliyi bu sahədə QHT-lərə kifayət qədər kömək göstərir.

Bilirsinız ki, maliyyə məsələrlərinə Vergilər Nazirliyi tərəfindən baxılır. Biz sırf qeydiyyat məsələlərinə baxırıq.

- 2009-cu ildə və bu ilin ilk rübündə hansısa siyasi partiyanın  qeydiyyatı ilə bağlı sizə müraciət edilibmi?

- Mən xatırlamıram ki, 2010-cu ildə belə müraciətlər olsun. Məlumat üçün deyim ki, bizdə 54 siyasi partiya qeydiyyatdan keçib. Bu böyük bir rəqəmdir. Bu sahədə fəaliyyət göstərən hər hansı bir xarici ölklərin nümayəndələrinə bu məlumatı verəndə onlar təəccülənir ki, bu qədər siyasi partiya ola bilərmi. Bu da ölkəmizdə aparılan demokratik islahatların təzahürüdür.

- Qeydiyyat üçün sizə müraciət edən siyasi təşkilatlardan qeydə alınmayanlar varmı?

- Ola bilər. Belə sənədlər daxil olanda biz onları öyrənirik, baxırıq, nöqsanlar müəyyən olunur. Bunu üçün xeyli sənədlər toplanmalıdır.

 

Təhminə PAŞAYEVA

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər