Modern.az

Dərslik müəllifinin tərsliyi uşaqları şikəst edir - Ekspertlər

Dərslik müəllifinin tərsliyi uşaqları şikəst edir - Ekspertlər

24 Oktyabr 2013, 16:39


Orta məktəbin, xüsusən aşağı siniflərin dərslikləri ciddi narazılıq mənbəyidir. Narazılığın əsaslı olması hətta Təhsil Nazirliyində də qəbul edilir. Mikayıl Cabbarovun nazir təyinatından sonra nazirlikdə dərsliklərlə bağlı ayrıca araşdırmalar aparılıb. Milli Məclisin müvafiq komissiyalarında da bu məsələ deputatların diqqətindədir. Ümumi rəy budur ki, sovet dövründə azyaşlıların zehni inkişaf səviyyəsinə və qavrama qabiliyyətinə uyğun dərsliklərin ləğvi ilə təhsildə ciddi səhvə yol verilib.

Təhsil ekspertləri də vurğulayır ki, əvvəllər “Keçi”, “Pişik”, “Buz” və s. şeirlərlə uşaq düşüncəsinə hesablanmış ədəbi nümunələrin yeni, əksər vaxt məzmun və mənası dolaşıq müasir ədəbi nümunələrlə əvəzlənməsi təhsil sisteminə sağalmaz zərbə vurub.

Mövzu ilə bağlı Modern.az-a danışan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə bu kimi faktların bir xeyli olduğunu dilə gətirdi: “Məndə bu mövzuda xeyli faktlar var. Onları qurultayda demişdim və Birliyin sədri Anar da fikrimlə razılaşıb. Uşaq dərsliklərində salınan şeir və hekayələr, onların dili və ifadə formasında xeyli naqisliklər var. Uşaq dərslikləri həvəskar şəkildə yazılmamalıdır. Xüsusi pedaqoji qruplar tərəfindən hazırlanmalıdır. Çox yaxşı olardı ki, bu qrup Təhsil Nazirliyi ilə Yazıçılar Birliyinin birgə iştirakı ilə yaranaydı. Dərsliklərə elə müəlliflərin adı salınır ki, şəxsən mən uşaq ədəbiyyatı şöbəsinin təmsilçisi kimi o adamın adını birinci dəfədir eşidirəm. Sanki dərslik yazılan axşamı o adama zəng edib deyirlər ki, mən dərslik hazırlayıram, mənə ana mövzusunda bir şeir göndər. Uşaq da o cür şeirləri oxuyanda ağzı-gözü əyilir. Çünki ifadə tərzi düzgün deyil. Şeirlərin əvvəlcə ifadə tərzi düzgün olmalıdır ki, uşaqların rabitə nitqinin inkişafına kömək etsin. Uşaq əxlaqına da mənfi təsir göstərməsin. Yazılan əsərlər uşağın yaş psixologiyasına ünvanlansın. Bağça yaşlı uşaqlarla məktəbli və yuxarı yaşlı uşaqlar üçün yazılan şeirlər tam fərqli olmalıdır. Hər bir yaş dövrünün öz şeirləri var. Dərslik hazırlayanlar görkəmli yazarlardan istifadə etməlidir. Tərtibçilər özünə əziyyət verib bütün uşaq yazarlarını tanımalıdır. Dünya uşaq ədəbiyyatından tərcümə olunan əsərlər bizim öz milli mənəvi düşüncəmizə və maraqlarımıza hesablanmalıdır”.

Psixoloq Elnur Rüstəmov isə bu tipli faktların uşaqların şüuraltısında yer alaraq onların gələcək inkişaf dinamikasına mənfi təsir edəcəyi qənaətindədir: “Uşaq dərslikləri hazırlanarkən pedaqoq, sosioloq, psixoloqların rəyi alınmalıdır. Bəzən,  elə mətnlər, elə şeirlər olurdu ki, onlar uşağın şüuraltısına öz mənfi təsirini göstərə bilər. Ona görə də bu kimi hallar mütləq nəzərə alınmalıdır. Bəzən, elə şeir dastan, nağıl verilir ki, onlar artıq keçmişdə qalıblar. Cəmiyyətin indiki fikir sistemi ilə uyğunlaşmır. Məsələn, indi cəmiyyətdə polis var. İbtidai sinifdə oxuyan uşağa o sahənin müsbət tərəfləri aşılanmır. Yaxud hərbçi, həkim elə bir interpretasiya olunmuş formada verilməlidir ki, uşağın gələcəyinə müsbət təsir etsin. Uşaqlar gələcəkdə həmin obraza qarşı müsbət fikirdə olsunlar. Məsələn, uşaqdan soruşursan ki, kim olmaq istəyirsən? Deyir ki, yol polisi olacağam. Soruşursan ki, niyə? Deyir, keçən dəfə yol polisi atamı saxlayıb ondan pul aldı. Mən də yol polisi olub pul qazanacağam. Həmin mətnlərdə bu kimi peşə sahibləri başqa tərəfdən göstərilməlidir. Məsələn, uşaqlar üçün yazılan mətnlərdə göstərilməlidir ki, yol polisi bir qoca qarının əlindən tutub yolu keçirdi. Qoy o sahə barədə uşaqlarda müsbət emosiyalı fikirlər formalaşsın. Bu model dəyişməlidir. Bunun üçün də bağça və ibtidai siniflərdən başlayaraq iş görmək lazımdır. Biz bunu etmirik. Gözləyirik ki, böyüyər başa düşər”.


  Elmin Nuri

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir