Modern.az

Cavid haqqında qısa haşiyə

Cavid haqqında qısa haşiyə

25 Oktyabr 2013, 12:16

Hüseyn Cavid yalnız doğum günündə xatirəsi canlandırılacaq bir şəxsiyyət deyil. İnsan həyatının bütün məqamlarında həm ədəbi zövq olaraq, həm də ömür yolu olaraq səndən aralanmayacaq bir dəyərdir Hüseyn Cavid. 1981-ci ildə Cavidin ev muzeyi Naxçıvanda yeni açılanda o bir mərtəbəli həyət evində sanki onun aurasına yığışardıq. Muzeyin həyətini təmizlərdik, torpaq gətirib güllər əkərdik, ona aid olduğu düşünülən əşyaları acgözlüklə seyr edərdik. Rəhmətlik müəllimim Asif Kələntərli sevdirdi mənə Hüseyn Cavidi. Onun əksər şerlərini və pyeslərini orta məktəbin 9-cu sinfində oxuyarkən muzey olan doğulub boya-başa çatdığı evdə oxumuşam, əzbərləmişəm. Arifin monoloqu, İblisin monoloqu bu gün də düşüncə rahatlığı üçün istifadə etdiyim estetik materiallardır.
Azərbaycan ədəbiyyatında istedadın gücünə fərqlənən, sevilən şairlər az deyil. Ancaq mütəfəkkir-şair deyə təsnifat aparanda yalnız Cavidi bu siyahı boşluğunda görə bilirəm. Mənim təsəvvürüm belədir: Şair problemi, predmeti təsvir edir, mütəfəkkir-şair isə təsvir etdiyi problemi, predmeti özü çözür. Bunun üçün istedad yetərli olmur. Mütləq ədəbiyyata başqa sferadan gətirilən fantaziyalar, görüşlər bənzərsiz bir kalorit qatır. Əsasən üç sferadan bunu gətirmək mümkün sayılır: Elm, Fəlsəfə və Mifalogiya-Din. Yəni istedadın üzərinə bu qaynaqlardan gələn görüşlər qatılmayınca mütəfəkkirə çevrilmək mümkünsüz olur. Azərbaycanda bəlli bir yaş həddindən sonra yazarların böyük çoxluğunun mütəfəkkirə çevrilə bilməməsi gerçəyi də bu amildən qaynaqlanır. Ədəbiyyata istedadla yanaşı, bilgi boşluğu səbəbindən elmdən, fəlsəfədən və ya dindən çeşidli fantaziyaları daşıya bilmirlər. Hiss olunur ki, Cavid elmdən, fəlsəfədən, dindən əxz etdiyi sistemli bilgi ilə ədəbiyyata gəlib. Öz düşüncə axtarışına vasitə olaraq ədəbiyyatı seçib. Cavid Azərbaycan ədəbiyyatına Şekspir, Höte mütəfəkkirliyinə yaxın bir obraz olaraq daxil olub. Başqalarında əsas fərqi: O, qoyduğu problemin elmi, fəlsəfi, dini açılışını verməyə çalışıb. O, öz Peyğəmbərini, İblisini, Şeyx Sənanını, Topal Teymurunu, Siyavuşunu, Xəyyamını çözüb və yalnız Cavidə xas obrazlar toplusu olaraq təqdim edib.
Bu gün Cavid yaradıcılığı mənim üçün daha çox estetik zövqdür, bilgi deyil. Onun obrazlarının mesajları deyil, şerinin ahəngi, axıcılığı daha cəlbedicidir. Bununla belə, Azərbaycan ədəbiyyatında qlobal düşüncəni, dəyərləri sistemləşdirməyə cəhd edən tək şair-mütəfəkkir olaraq qaldı. Ən maraqlısı da budur ki, ölümündən sonra da Cavidin ədəbi üslubunu təkrarlamağa, təqlid etməyə kimsə cəsarət etmədi.

Cavid az saylı şəxsiyyətlərdəndir ki, yaşamı ilə də, ölümü ilə də, ölümündən sonra Vətənə dönüşü ilə də hadisəyə çevrilə bilib. Allahın rəhməti özünün, Müşginaz xanımın, oğlu Ərtoğrulun və qızı Turanın üzərinə olsun.
Otuz il öncə Cavidin də içində yer aldığı Azərbaycan düşünürlərini üşüdən mühiti aşağıdakı şer parçasında beləcə təsvir etmişdim...

Bir axşam Məhəmməd Hadi,
Sata bilmədiyi şerləri cibində,
üşüyə-üşüyə çökürdü yerə-
Bakının soyuq dalanlarının birində.
Bir axşam Mirzə Cəlil
üşüyə-üşüyə
əl yazılarını yığıb sobanı qaladı-
kimsə yan otaqda
için-için ağladı.
Bir axşam Hüseyn Cavid,
üşüyə-üşüyə,
zolaqlı köynəyinin nömrəsini tikirdi.
Və yaza bilmədiyi
şerlərinin dərdini çəkirdi...
Bir dərd oyur içimi,
Ürəyimi bişirir-
Bu yurdun şairləri
niyə belə üşüyür?
Niyə belə üşüyür?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı