Modern.az

Professor müğənnilər: “Fəlsəfə doktoru elmi dərəcəsi alacağam” - SİYAHI

Professor müğənnilər: “Fəlsəfə doktoru elmi dərəcəsi alacağam” - SİYAHI

25 Oktyabr 2013, 12:42


Sənət icmasında elə şəxslər var ki, xalq artisti ola-ola dövlət himninin müəllifini belə, bilmir. Eləsi də var ki, səhnəyə çıxa-çıxa pedaqoji fəaliyyəti və elmi dərəcəsi var.

Modern.az saytı elmi dərəcəsi olan sənətçiləri təqdim edir.

Xalq artisti, xanəndə Arif Babayev uzun illərdir ki, professordur. O həm Dövlət Konservatoriyasında, həm də Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi fəaliyyət göstərir.

Xalq artisti, Dövlət Musiqili Teatrının aparıcı aktyorlarından olan İlham Namiq Kamal da Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Tarzən Ramiz Quliyev də professor statusu daşıyır.

Xalq artisti Mələkxanım Əyyubova isə bu il professor olub: “İki il öncə “Muğam sənətinin inkişafında dövlət qayğısı” adlı mövzunu müdafiə etdim. Amma diplomumu bu il almışam. Mədəniyyət və İncəsənət Universitetinin professoruyam”.

Əməkdar artist Gülyanaq Məmmədova isə hazırda Mədəniyyət və İncəsənət Universitetində dərs desə də, elmi dərəcəsi yoxdur. Amma: “Müəllimə işləyirəm. Magistraturanı da burda bitirmişəm. Hazırda doktorantam. Mövzum ötən il təsdiqləndi. “Azərbaycan xalq və bəstəkar mahnılarının problemlərinin həll olunması” adlı mövzunu müdafiə etdikdən sonra fəlsəfə doktoru elmi dərəcəsi alacağam”.

Xalq artisti Azər Zeynalov da Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

Əməkdar artist Ədalət Şükürov isə 2007-ci ildən iqtisad elmləri namizədidir. Şükürov elmi işini Sankt-Peterburqda müdafiə edib. “Daha bir elmi dərəcə almaq olar. Amma gərək gedim-gəlim. Buna isə vaxt yoxdur”.

Azərbaycan Dillər Universitetinin müəllimi, tanınnış müğənni Elxan Şirinov isə dosentdir.

 

İntiqam Valehoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir