Modern.az

Folklorşünas: “Çövkən türklərdən farslara keçən milli oyunumuzdur” - MÜSAHİBƏ

Folklorşünas: “Çövkən türklərdən farslara keçən milli oyunumuzdur” - MÜSAHİBƏ

26 Oktyabr 2013, 13:46


İran qədim çovqan adının Azərbaycanın milli oyunu kimi UNESCO-da qeydiyyat keçməsinə nə vaxtıdır etiraz edir. Tarixi-milli mənşəyi mübahisəli oyunun necə və harda yaranmasını Modern.az-a BDU-nun dosenti, folklorşünas Məhəmməd Məmmədov şərh edib.

– Orta əsrlərdə vaxtaşırı müharibələr güclü və məharətli döyüşçülərin hazırlanmasını tələb edirdi ki, onda da çovqan oyunu mühüm rol oynayıb. Çünki o, at üstündə oynanılırdı, güc və məharət tələb edirdi. Bu oyunun yaranma məkanı və zamanı barədə o qədər də geniş məlumat verilməyib. Bir sıra müəlliflər bu oyunun Sasanilər dövründə yarandığını qeyd edir. Onlar Firdovsinin “Şahnamə”sinə istinadən bu oyunun İranda meydana gəldiyini bildirir. Rus müəllifləri çovqanın İran-fars mədəniyyətinə aidliyi, ingilis müəllifi də Sasanilər dövründə sevilən bir idman oyunu olduğu qənaətindədirlər. Lakin bir sıra müəlliflər də var ki, onlar çovqanın sırf türklərə məxsusluğunu nəzərə çatdırırlar. Məsələn,  gürcü tədqiqatçısı Robakidze bir məqaləsində bu oyunu türklərdən Sasanilərə keçdiyini göstərir. Krımski də bu oyunun türklərdən Sasanilərə, Sasanilərdən də ərəblərə keçdiyini bildirib. Nizaminin “Şərəfnamə”sində çovqan oyununun hətta Əhəmənilər dövründə mövcud olduğunu göstərir, hətta yazır ki, İsgəndər göndərdiyi elçiyə bir top və bir çuval küncüt verilir Bu da o mənada verilir ki, yəni sən hələ uşaqsan əvvəlcə get çövkən oynamağı öyrən.

Ümumiyyətlə, çovqan sözünün  lüğəti mənası nədir?

– Çövkən sözünün lüğəti mənası “ağaclıq”dır. Yəni oyun zamanı istifadə olunan ağacdan hazırlanmış alət.

Bu oyunu Azərbaycanla bağlayan daha hansı detallar varmı? 

– Çovqanın Azərbaycanla bağlılığına dair faktlar çoxdur. Görkəmli alim Məmməd Dadaşzadənin belə bir fikri var ki, oyun Sasani imperiyasında yarana bilər. Amma bir məsələni yaddan çıxarmaq olmaz. Sasani imperiyasının formalaşmasına təkcə fars mədəniyyətinin deyil, həmçinin o ərazidə məskunlaşan digər xalqların da təsiri olub. Məişət və mədəniyyətimizdə bir sıra ortaq cəhətlər var. Nizami özünün “Xosrov və Şirin” əsərində də bu məsələyə elə çövkənin timsalında ustalıqla cavab verib. Burada türk qızı olan Şirinin Sasani hökmdarı Xosrovdan çövqan oynamaqda heç də geri qalmadığı göstərilib. 400 illik Sasani hakimiyyətinə son qoyan ərəblər belə çovqan oyununu mənimsəyib özəlləşdirməyə çalışıblar.

Tarixi roman janrında yazan yazıçılarımızdan biri Məmməd Səid Ordubadinin “Qılınc və qələm “ romanında xüsusi bir fəsil çovqan oyununa həsr olunub. O bölümdə göstərilir ki, ərəb xilafəti dövründə bu oyun ən təntənəli bayramlar, xüsusi günlər zamanı bu oyunun ən yaxşı oyunçuları kimi Azərbaycanlılar ora aparılırdı.

– Klassik Azərbaycan ədəbiyyatında çövkən adına nə dərəcədə rast gəlinir?

– “Kitabi-Dədə Qorqud” dastanının Salur Qazanın evinin yağmalanması boyunda belə bir ifadə var: “Qılıncını nə öyərsən, mərə kafir, əyri başlı çövkənimcə gəlməz mənə”. Burada biz həmin dövrdə oğuz türkləri arasında çövkən oyununun populyar olması faktını görürük. Klassik şairlərimiz Qətran Təbrizi, Xəqani Şirvani, Zülfüqar Şirvani, Nəsimi, Xətai və digərlərinin şeirlərində çovqanla bağlı müəyyən ifadələrə rast gəlirik. Əgər şairlər bu oyunu belə ətraflı təsvir ediblərsə deməli ən azından yetərin qədər bilgilərə sahibdirlər. Əgər belə olmasaydılar bunu kağız üzərinə köçürməzdilər. Nəsimidə belə bir ifadə var: “Başımı top eylədim, meydana girdim oynaram”. XIII əsrin məşhur “Siyasətnamə” əsərində biz bu kimi faktlara rast gəlirik. Məmməd Dadaşzadə özünün “Azərbaycan xalqının orta əsrlər mənəvi mədəniyyəti “ əsərində Örənqalada, yəni Beyləqan ərazisində bir ərazidə şirli qablar üzərində çövkən oyunçusunun rəsmi onu göstərir ki, bu milli oyun həqiqətən də Azərbaycanda yaranıb və yayılıb. Çovqan oyunu ildə bağlı I Şah Təhmasibin “Kuh və çövkən”, yəni top və çovqan əsəri var. XVII əsr türk səyyahı Övliya Çələbinin yazılarında oyun barədə məlumatlara rast gəlirik. Təbrizdə mərkəzi yerlərdə oyun meydanları barədə məlumat verilib. Bu faktın özü belə göstərir ki, qədim Azərbaycanda bu oyun çox məşhur olub.  

– Fars ədəbi nümunəsi olan “Qabusnamə”də də çövkən oyunu və onun qaydalarına aid ayrıca bir fəsil var...

– Bəli, “Qabusnamə”də belə bir bölüm var. Amma mən sizə ayrıca bir faktı da deyim. Ərəb müəllifi İbn Qasidin belə bir əsəri var: “Şahlar üçün çövkən oyununun qaydaları”. Düzdü, həmin əsər indi əldə yoxdur. Tarixçi Zahirəddin Nişapuri yazır ki, Sultan Məhbusun yanında çövkən oyununun görkəmli oyunçuları çox böyük hörmət qazanıblar. Hətta orda adlar da çəkilir. Məsələn, oğuzlardan Xası bəy rəqibi Cövliyyəyə özünə olan etimadın elə-belə olmadığını, sultanın yanında hörmətinin boş yerdən qazanmadığını göstərməkdən ötrü onu çovqan oynamağa çağırır. Cövliyyə onun məharəti qarşısında aciz qalır və onu alqışlayır. Xası bəyin at çapması, top oynatması, atı vaxtında ram etməsi onu heyran edir. Nizamülmülkün “Siyasətnamə” əsərində göstərilir ki, şahlar bir-birlərinə elçi göndərərkən məqsəd yalnız yolları, ərazi ilə bağlı mənfi materiallar əldə etmək deyil, həmçinin həmin ərazilərdə çovqan meydanlarının vəziyyətini də müəyyənləşdirmək idi. Bir çox hökmdarlar hədiyyə kimi bir birlərinə çövkən oyunçusunun qızıldan işlənmiş kiçik heykəlini yollardılar. Roma hökmdarından Sasani hökmdarı Xosrov Pərvizə, yaxud daha yaxın tarixdə Nadir şaha bu cür hədiyyə göndərilib. Çovqan oyununu idarə edən şəxslər də padşahın, hakimiyyətin yanında xüsusi hörmətə sahib idilər. Müxtəlif xalqlarda çövkən müxtəlif cür adlandırılıb. Məsələn, gürcülərdə bir ayrı cür,  taciklərdə tamam başqa cür adlandırılıb. Çövkən adı yalnız bizlərdə deyilib.

– Bu oyun Avropaya da gedib çıxdığı deyilir...

– Çovqan oyunu Qərbdə hokkey və polo adı ilə məşhurlaşıb. İngilislər polo oyununu hindlilərdən götürüb. Təsadüfi deyil ki, bir neçə il bundan qabaq ölkəmizə gələn ingilis polo oyunçuları “Sevinirik ki, polonun vətəninə gəldik” ifadəsini işlədiblər.

– Sonda bir iki cümlə milli oyunumuz olan çovqanın qaydalarından danışardınız?

– Çövkən mütləq şahların iştirakı ilə keçirilirdi. Yeddi yaşına qədər olan uşaqlar piyada, yeddi yaşından  böyüklər isə at üstündə oynayırdılar. Meydanın uzunluğu 90 metr, eni isə 60 metr idi. Hər iki tərəfdə kərpicdən salınmış eni 3 metr, hündürlüyü isə 2, 5 metr olan qapılar olardı. At üstündə olan oyunçunun çövkən adında ağaclığı olardı. Nisbətən çömçə formasında olan çövkənin uzunluğu 1.25 metr idi. At dayanarkən topa zərbə vurmaq qəti qadağandır. Mütləq at hərəkət edən zaman çövkən topa toxunmalı idi.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır