Modern.az

«Osmanlıllar ilə azərbaycanlılar bir millət və bir lisanda…»

«Osmanlıllar ilə azərbaycanlılar bir millət və bir lisanda…»

26 Oktyabr 2013, 16:06

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan türk ziyalılarından Abdulla Məhəmmədzadə Tofiq Sur (1882-1912) ilk təhsilini dünyaya gəldiyi Gəncədə ruhani məktəbində - mədrəsədə almışdır. O, buranı bitirdikdən sonra bir müddət təhsil aldığı həmin məktəbdə müəllimlik etmişdir. Surun öz təbrincə desək, o heç vaxt müəllimlik etməkdən bezməmişdir: «Müəllimlikdən bezmədim. Bu, mənim ən sevimli əməlimdir. Nasıl ondan bezərim, nifrət edərim»? Əsla!». Ancaq müəllim fəaliyyəti ilə kifayətlənməyən Abdulla Sur «Şərqi-Rus» qəzetinin baş redaktoru Məhəmməd Ağa Şahtaxtlının dəvəti üzrə Tiflisə getmiş, bir müddət həmin mətbu orqanda da çalışmışdır.

«Şərqi-Rus» qəzetinə yazdığı məşalələrindən görürük ki, o, İslam dinini nəinki yeniliyə, müasirləşməyə və mədəniyyətə zidd saymış, əksinə bunların əsasını təşkil etdiyini bəyan etmişdir. Surun fikrincə, mədəniyyətin inkişafında İslam dini mühüm yer tutmuşdur, bu rolunu indi də davam etdirməkdədir. Bu mənada, İslam dinini mədəniyyətə və müasirləşməyə əngəl kimi görənlərə qarşı çıxan Abdulla bəy hesab edirdi ki, bunu iddia edənlər ya islamiyyətin əsil mahiyyətindən xəbərsizdir, ya da bilərkədən cəmiyyətin şüurunu qarışdırırlar.

A.Sur hesab edirdi ki, müsəlman dünyasının inkişafı üçün ilk növbədə, valideynlərin uşaqlara, kişilərin qadınlara münasibətində dəyişiklik olmalıdır. Belə ki, Avropada olduğu kimi, müsəlman dünyasında da uşaqları qorxutmaqla deyil, qayğı və düzgün yol göstərməklə tərbiyə etmək lazımdır: «Avropa üsulu ilə tərbiyə verən atalar uşaqlarını çox sevərlər, oxşarlar… Avropalı ata-analar heç bir vaxt cocuqlara söyüş, qarğış etməzlər». Onun fikrincə, bu kimi mühüm amillər İslam dinində də öz əksini tapmışdır. Bu mənada, o, «Hər gün küçələrdə görürük» (1906) məqaləsində yazırdı ki, artıq müsəlmanlar uşaqlarına zülm verməkdən əl çəkib, onları dünəyəvi məktəblərə qoymalıdırlar. Yalnız bu halda müsəlman uşaqları da başqa millətlərin uşaqları kimi elm və tərbiyəyə yiyələnərlər. Sur yazırdı: «Üsuli-cədid üslubunca hər şəhərimizdə, qəsəbəmizdə, qeyri yerlərimizdə məktəblər təsis edəlim. Bisavad böyüklərimiz üçün dəxi məktəblər təsis edəlim. Övlad və millətimizə insaniyyət qanunu təsfir və təhfim etməyə çalışalım. Hər yerdə «cəmiyyəti-xeyriyyələr» təsis və tərtib edib fəqirlərimizə, yetimlərimizə, bikəsilərimizə, dullarımıza, qocalarımıza, şikəstlərimizə və korlarımıza ianət edəlim. Onları evləndirəlim. Millət və Vətənə sadiq, doğru xidmətkarlar yetirəlim».


«İrşad» qəzetində nəşr olunan «Əski İstanbul xanımları» (1906) məqaləsində isə o, yazırdı ki, qadınların tərbiyəsindəki problemlər cəmiyyət tərəfindən onlara lazımi dəyərin verilməməsidir. Halbuki qadınlar yeni nəslin formalaşmasında ən facib faktordur. Bunu anlayan Avropa millətləri artıq qadınların hüquqlarını tanımağa və cəmiyyətdə müəyyən status daşımalarına konstitusion baxımından da razılıq verməyə başlayıblar. Ancaq müsəlman ölkələrində hələ də bu sahədə ciddi problemlər var. Çünki müsəlmanlar elm və maarifdən çox uzaq düşüblər. Ancaq vaxtilə elm və maarifi Şərqdən öyrənən Qərb millətləri indi onları üstələyiblər. Sur «Bir tövsiyə» (1906) məqaləsində yazırdı: «Mühüm olduğu vəchlə cümlə millətlər maarif və mədəniyyəti əsasən bir-birlərindən iqtibas edə-edə gəlmişlər. Əski yunanlar, romalılar ərəblərə məlum oldular.Avropanın qərbi xristianları bugünkü mədəniyyət əsasını ərəblərdən (əslində ərəbdilli islam mütəfəkkirlərindən -F.Ə.) aldığı zatən bəllidir». Onun fikrincə, indi dünya yoldaşlarımızın cümləsinin elm və mərifət nurlarına bürünüb rahat-rahat yaşamalarına səbəbkar məhz İslam mədəniyyətidir: «İstədiklərinə nail olmuşlar, hər məkanda izzət və hörmət görüyorlar. Hər gün, bəlkə hər saat öz millətlərinə xidmət etməkdədirlər. Onlar üçün hər gün bir-iki mərifət, sərvət və istirahət qapıları açıyorlar. Dindaşlarının və vətəndaşlarının qeydinə qalıyorlar. İndi onları bu halətdə, özümüzü cəhalətdə görüncə xəcalət çəkmirizmi? Utanmırızmı?».

Bununla da, A.Sur belə bir qənaətə gəlirdi ki, əgər İslam dininin, Türk millətin və Azərbaycan Vətəninin azadlığını və inkişafını istəyiriksə Avropa millətləri kimi, buna çatana qədər malımızdan, canımızdan və qanımızdan heç bir şey əsirgəməməliyik. Çünki yox yerdən, yaxud da ömrümüzü cəhalət içində keçirməklə nəyəsə nail olmaq mümkün deyildir. Sur yazırdı: «Bizə də sevgili millətimizin cəhalət qaranlığından mərifət aydınlığına çıxması üçün xərclər, məsrəflər lazımdır. Başqa dövlətlilər yanında ibrət alın! Onlar öz millətləri xeyrinə yüz minlərcə, bəlkə milyonlarca ianələr veriyorlar. Siz də millətimizin qeydinə qalın!».

Surun fikrincə, Avropalı millətlərdən ibrət almaq isə yalnız onu təqlid kimi başa düşülməməlidir. Yəni müsəlman türklər öz adət-ənənələrinə hörmət etməklə yanaşı, müasirləşməyə də biganə qalmamalıdırlar. Çünki elə bir əsr gəlmişdir ki, zamanla ayaqlaşmayan millətlər başqa millətlərin arasında əriyib yox olur. Sur yazırdı: «Zəmanəyə müvafiq adətlər, rəsimlər qəbul etməliyiz. Bu adətlər bizim dinimizi, islamiyyətimizi əlimizdən almaz. Bilakəs millətimizi cəhalət girdabından xilas edər».

Maraqlıdır ki, müasirləşmək, zəmanə ilə ayaqlaşmaq və maarif kəsb etmək üçün Avropa millətlərindən, o cümlədən Rusiyadan nümunə götürməyi tövsiyə edən Sur milli keyfiyyətləri isə Türkiyədən öyrənməyi məqbul saymışdır. Bunu, Sur belə izah etmişdir: «Demək istərəm ki, mədəniyyət və maarifi-ümumiyyəti Rusiyadan, Avropadan öyrənəlim. Milli libasımız, ədəbiyyatımız və bunlara dair ülum və fünunu da İstanbuldan alalım. Madam ki, kəndi aramızda müqtədir ədiblər, mühərrirlər, müəllimlər yoxdur, mütləqa oraya möhtacız.  Bizə görə, ədəbiyyat elmində İstanbullu türk qardaşlarımız ilə bir dərəcəyə gələlim də sonra İstanbuldan müstəqil oluruz. Onlar ilə bərabər lisanımızın islahını, ədəbiyyatımızın kəsbi-vüsət etməsini biz də çalışmaya başlarız. Şimdilik onlara möhtac olduğumuzu danmayacağız».

Abdulla Surun təhslini davam etdirməsi üçün Türkiyəyə-İstanbula getməsi (1906) ilə onun dünyagörüşündə müəyyən dəyişikliklər baş vermişdir. Doğrudur, o, yenə də əvvəlki kimi İslam dininə və Şərq mədəniyyətinə böyük hörmətlə yanaşır, onların cəmiyyətdəki rolunu təsdiq edirdi. Ancaq bütün bunlarla yanaşı, Sur Türkiyə dönəmindən etibarən İslam mədəniyyəti ilə yanaşı, Türk və Qərb mədəniyyətinə daha geniş yer vermişdir. Başqa sözlə, Surun bu dövrdən etibarən müasir ruhlu İslam-Türk mədəniyyətinin sintezindən çıxış etdiyi daha çox hiss olunur.

İstanbulda yazdığı bəzi məqalələrində («Günəş doğduqdan sonra») bir daha Şərq mədəniyyətilə Qərb mədəniyyətini, İslam dini ilə Xristian dinini müqayisə edən, hər iki halda üstünlüyü sonunclara verən Sur bütün bunlara baxmayaraq müsəlman dünyasının, Şərq mədəniyyətinin oyanacağına və dirçələcəyinə ümidini kəsməmişdir. Doğrudan da, çox keçmir ki, «Şərqdə şəfəq sökülərkən», «Xavər zəmin oyandı» əsərlərində artıq Sur Şərq və İslam dünyasının oyanışından bəhs etmişdir: «Demək ki, Şərq oyanıyor… O Fərabilər, Firdovsilər, Nizamilər yetişdirən Asiya oyanıyor. Demək ki,  Oğuzların, Çingizlərin, Teymurların məzarı qiyam ediyor!».

İstanbulda olarkən (1906-1908) «Türk ədəbiyyatına bir nəzər» adlı əsər yazan A.Sur burada türk ədəbiyyatının yaranması və inkişafı tarixinə ümumi bir nəzər yetirmişdir. Yeri gəlmişkən, «Azərbaycan türklərinin ədəbiyyatı» monumental əsərinin müəllifi Firudin bəy Köçərli xatirlərində yazırdı ki, həmin əsərin yazılmasında Abdulla Surun böyük əməyi olmuşdur: «Şəxsən biz mərhum Mirzə Abdullaya «Azərbaycan türklərinin ədəbiyyatı» əsərimizə Gəncə şair və yazıçılarının tərcümeyi-halları və əsərlərindən nümunələr, qiymətli materiallar göndərdiyi üçün minnətdarıq. Mərhum doğma ədəbiyyatı böyük məhəbbətlə sevər və bizim əsərimizə lazım olan məlumatları toplamaqda bütün xahiş və tapşırıqlarımızı həvəslə yerinə yetirərdi».

A.Surun milli dil məsələsi ilə bağlı mövqeyi «molla nəsrəddinçi»lərə yaxın idi. Onun fikrincə, dövründə Məhəmməd Hadinin, Əlabbas Müznibin dili çox ağırdır və xalqın danışdığı, qandığı dildən uzaqdır. Sur hesab edirdi ki, onlar daha çox Osmanlı türklərindən Nacini, Namiq Kamalı, Hamidi və başqalarını təqlid edirlər. Milli dilin ədəbiyyatda inkişafı ilə bağlı Sur daha çox Abdula Şaiqin, Əhməd Cavadın şeirlərini və yazılarını bəyənmişdir. Bir sözlə, Sur üçün Azərbaycan türklərinin el dili daha məqsədəuyğun idi: «Baxın nə qədər təmiz türkcədir:

Bu dağlar, ulu dağlar,
Çeşməli, suou dağlar.
Burda bir qərib ölmüş,
Göy kişinər, bulud ağlar. 

Türk ruhundan çıxma bir şeir deyilmidir? Qafqazlı malıdır. Babalarımızın yadigarıdır. Elindir».

Bütün bunlara baxmayaraq, Sur Türkiyə türkləri və Azərbaycan türklərinin həm dillərinin, həm də soyköklərinin bir olduğunu bəyan edirdi. Onun fikrincə, sadəcə Türkiyə türkcəsi Azərbaycan türkcəsinə nisbətən bir qədər çətin anlaşılır. Buna səbəb də Türkiyə türkcəsinin ərəb-fars dillərinin təsirinə daha çox məruz qalmasıdır. Ancaq bütövlükdə Türkiyə və Azərbaycan türklər vahid türk millətinin övladları və vahid türk dilinin təmsilçiləridir. Bu mənada, Sur da Mirzə Ələkbər Sabir kimi, «osmanlı dilindən türk dilinə tərcümə» anlayışını qətiyyən qəbul etməmişdir. O, «Tərcüməmi, təbdil və yaxud təhvilmi?» məqaləsində yazırdı: «İndi baxalım: «Osmanlı şivəsində, Osmanlı ləhcəsində yazılmış bir türk kitabını Azərbaycan türkcəsinə tərcümə etmək» demək səhihmidir, yoxsa qələtmidir? Binaəleyh, əvvəlcə tərcümənin nə olduğunu anlayalım. Budur, önümdə duran Şəmsəddin Sami bəy həzrətlərinin «Qamusu-ləfzi»sini açıb baxıram: tərcümə - bir lisandan digər lisana döndərmə. Anlaşıldımı? Osmanlıllar ilə azərbaycanlılar bir millət və bir lisanda olduqları üçün, Osmanlı türkcəsindən Azərbaycan türkcəsinə demək qələt, həm qələti-fəhşdir».

Qeyd edək ki, A.Sur ədəbi-tənqidi görüşləri ilə də məşhurdur. Onun bu cürə əsərləri arasında «Füzuliyə bir nəzər», «Nəfiyə bir nəzər», «Sinan paşaya bir nəzər», «Nigar xanım» və başqaları mühüm yer tutur. Şübhəsiz, bunların arasında ən tanınmışı isə «Füzuliyə bir nəzər»dir. Çünki Sur ilk dəfə böyük Azərbaycan türk şair-mütəfəkkiri Füzulinin əsərlərini elmi yöndən təhlil etmişdir.

1912-ci ildə gənc yaşlarında dünyasını dəyişən Sur haqqında böyük Azərbaycan şairi Hüseyin Cavidin dedikləri son dərəcədə qiymətlidir: «Əvət, mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi. Həm də pək durbin (uzaqgörən),  pək münəqqid bir ədib idi. Qafqas toprağı bir də pək güc öylə cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb dodurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar».

Milli şair Əhməd Cavad isə A.Sura aşağıdakı şeirini həsr etmişdir:

Quran nədir? Anlamzdıq.Vətən nədir? Bilməzdik.

Qarşımızda yetimlərin göz yaşını silməzdik.

Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,

Dilimizin, dinimizin getməsinə gülürdük.

Bu vətənin bunu görən südü təmiz evladı,

Bir qaç kişi o gün bizim qara günü anladı.

Ağladılar, sızladılar, yalvardılar Allaha,

Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara…

Ancaq dünən başımıza kölgə salan bir bulut,

Önümüzdə!.. Haqqın varsa, ey daş yürək, gəl unut!

Yoq… Yoq… Sizin məzarınız qəlbimizin ən dərin,

Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir