Modern.az

“50 Azərbaycan nağılının dünyada oxşarı yoxdur” – MÜSAHİBƏ

“50 Azərbaycan nağılının dünyada oxşarı yoxdur” – MÜSAHİBƏ

Mədəni̇yyət

31 Oktyabr 2013, 11:05

Modern.az-ın müsahibi Folklor İnstitutunun direktoru, filologiya elmlər doktoru Muxtar İmanovdur.

  - İnsitutun işi nədən ibarətdir? – Folklor İnstitutunun  əsas işi folklor  materiallarının toplanması, sistemləşməsi, arxivləşdirilməsi və elmi araşdırılmasıdır. Son olaraq gördüyümüz işlərdən ən vacibi 2012-ci ildə başladığımız “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi, araşdırılması” layihəsidir. Baxmayaraq ki, rayonlar işğal altındadır layihə çərçivəsində xeyli işlər aparmışıq. Əyani təsəvvürün yaranması üçün deyə bilərəm ki, əhalisi 72 min nəfər olan Laçın camaatı 57 adda şəhər-rayonda məskunlaşıb. Kəlbəcər camaatı isə 56 şəhər rayonda və 707 yaşayış məskənində yaşayır. Belə bir şəraitdə folklor nümunələrini toplamaq, sistemləşdirmək işi çox çətinləşir. 2012-ci ildə hər biri 500 səhifəyə yaxın olan 3 cildlik “Qarabağ: folklor da bir tarixdir” əsər meydana gəldi. Bundan əlavə, Qarabağın unudulmaqda olan musiqi növləri, rəqsləri və təsniflərindən ibarət 3 disk hazırladıq. İlin yekununda “Qarabağ folkloru: problemlər və perspektivlər” adlı konfrans keçirdik. Bu il daha üç cild çap etdik. Beləliklə, “Qarabağ: folklor da bir tarixdir” kitabı ümumilikdə 6 cilddə buraxıldı. İndi Ağcabədidə ikinci konfransı keçirmək istəyirik. Çünki əməkdaşlarımız ən çox orda toplama işləri apara bildi.

Çovqan milli oyunu ətrafında münaqişə yaşanır. Onunla bağlı araşdırmalar olubmu?  

– Əməkdaşımız Füzuli Bayat televiziyada bu mövzuda çıxış edib da çox savadlı şəkildə izah etdi ki, çövkən ümumi Şərq oyunudur, həm də bunun türklərə daha çox aidiyyəti var. Bunu isbat etməyin ən yaxşı yollarından biri də İnstitut əməkdaşların topladığı materiallardadır. Məsələn, Ağcabədidə çovqan oyununun bir neçə forması, variantı var. Onlardan biri də çoban oyunudur. Çobanlar iki dəstəyə bölünür. Üç yaxud beş nəfər çoban o tərəfdə eyni sayda çoban da bu tərəfdə dayanır. Əskidən, yaxud yapıncıdan bir top düzəldib eni 3 metrə yaxın olan qapılardan keçirməlidirlər. Bu çövkəndən o qədər də fərqlənməyən atüstü oyundur. Əməkdaşlarımızın topladığı materiallarda bu haqda geniş məlumat var.

 

– Güney Azərbaycan folkloru ilə bağlı hansı işlər görülür?

– Bu, yaralı yerimizdir. Müəyyən səbəblərdən ora əlimiz çatmır, ora gedib tədqiqat işləri apara bilmirik. Ordakı ziyalılar, onların kitablarının, mətbu orqanların hesabına məlumatlar əldə etdik: “Güney Azərbaycan folkloru” adlı seriyaya başladıq. Artıq bu seriyadan iki cildi çap etmişik və inşallah gələcəkdə də növbəti buraxılışları çap etmək fikrindəyik.

Bəs, Güneydən başqa Azərbaycanın tərkibində olmayan digər tarixi ərazilərimizdə bu işlər aparılırmı?

– Borçalıda, ana vətəndən kənarda qalan soydaşlarımız var. Biz də Elxan Məmmədlinin başçılığı ilə ora araşdırma qrupu göndərdik. Borçalı folkloruna aid əsaslı işlər görüldü. Biz də həmin nümunələr əsasında “Borçalı folklor örnəkləri” adlı kitab çap etdik

. – Hazırda institutun qarşısında hansı problemlər durur? – Öncə toplama problemlərimiz var. Təbii ki, tədqiqat problemləri ilə də üz-üzəyik. Təkcə toplama ilə iş bitmir. Onları tədqiq edib araşdırmaq da lazımdır. İnstitutda “Mərasim folkloru” şöbəsi var ki,  əsas vəzifəsi Azərbaycan folklorunun mərasimlərdən gəlmə köklərini araşdırmaqdır. Bu şöbənin qarşısında bəzi problemlər dayanır. İnstitut şöbələrindən biri də “Folklor və yazılı ədəbiyyat”dır. O şöbənin əsas problemi ortaq məsələləri araşdırmaqdır. Yalnız hansısa yazıçının əsərlərində folklor  motivlərinin araşdırılmasına biz hələ sovet dövründə son qoymuşuq. Bu heç o qədər də əhəmiyyət daşımır. Əvəzində folklorla yazılı ədəbiyyatın ortaq problemlərinə baş vururuq. Tutaq ki, şifahi ədəbiyyatda heyvanlarla bağlı nağıllar var, yazılı ədəbiyyatda bu təmsillə əvəz olunur. Orda da təhkiyə var, burda da. Biz də onların ortaq və fərqli cəhətlərini araşdırırıq.

Hazırda institutda “Müasir folklor şöbəsi” yaratmışıq. Biz indiyə kimi müasir folklorumuzu öyrənməmişik. Klassik folklor nümunələrimiz təbii ki, var. Amma müasir folklorumuzda da öz növbəsində hansı problemlər yaşanır? Şəhər folkloru ilə kənd folkloru arasında hansı problemlər meydana çıxıb? Bir el, bir oba kənddən köçüb şəhərə gələndə hansı dəyişikliklər baş verib? Bir mühitdən digərinə düşməyin folklora hansı təsirləri var? Bütün bu suallar cavabsız qalmışdı. Bu məqsədlə institutun elmi tədqiqat proqramına bu şöbəni əlavə etdik.

Folklor İnstitutunun nə qədər əməkdaşı var?

– 223. Onların 80 nəfəri cavan oğlanlar və qızlardır. Qarabağ folklorunun toplanmasının əsas əziyyətini onlar çəkib – İlkin Rüstəmzadə və Ləman Süleymanova. Onlar kəndbəkənd, şəhərbəşəhər gəzərək həmin materialların toplanmasına, həmin kitabların araya-ərsəyə gəlməsində böyük iş görüblər. İlkin Rüstəmzadə elə bir uğurlu tədqiqat işi yazıb ki, onu Akademiyanın təşkil etdiyi müsabiqəyə yollayacağıq. Rəyasət Heyəti o işi bəyənsə Prezidentinin gənclər üçün təşkil etdiyi mükafata təklif edəcək. Onun işi nədir? Dünyada bir sistem var. Bir amerikan və bir Çin folklorşünası böyük nağıllar kataloqu deyilən beynəlxalq süjet göstəricisi hazırlayıb. Həmin süjet göstəricisi əsasında ayrı-ayrı xalqlar öz nağıllarını təzədən yaradıblar. Rusların da Andreyev adlı bir folklorşünası bu sistemlə Şərqi slavyan nağıllarını hazırlayıb. Bu türklərdə və başqa xalqlarda da var. Amma təəssüflər olsun ki, bu işi görməmişdik. Bu işi İlkin Rüstəmzadə təkbaşına görüb, həmin sistemi yaradıb. Biz də kitab halında çap edib mükafata təqdim etdik. Nəzəri tərəfindən bir misal deyim ki, həmin tədqiqat əsərində biz müəyyən etdik ki, Qarabağda toplanmış 300 nağılın 50-dən çoxunun beynəlxalq süjet göstəricisində oxşarı yoxdur. Yəni heç bir xalqın nağıllarında bu süjetlər yoxdur. Bu yalnız Azərbaycana məxsusdur. Bu o deməkdir ki, bunu heç kim nə qonşu millət, nə də başqaları öz adına çıxara bilməzlər.

 

Elmin Nuri      

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub