Modern.az

“MƏŞHURLARIN VƏSİYYƏTİ” - İosif Brodski: ”Mən gələcəyi görən qaraçı qadını deyiləm...”

“MƏŞHURLARIN VƏSİYYƏTİ” - İosif Brodski: ”Mən gələcəyi görən qaraçı qadını deyiləm...”

Ədəbi̇yyat

2 Noyabr 2013, 10:30

Modern.az saytı “Məşhurların vəsiyəti” rubrikasından növbəti yazını təqdim edir. Bu dəfə öz “vəsiyyəti”ni sizə “oxuyan” şəxs mürəkkəb kompozisiyalı, ağ şeirin ən böyük ustadı Nobel mükafatı laureatı İosif Brodskidir. Bu təbii ki, şairin ölən zaman dediyi vəsiyyət deyil. Bu, əsiyyət xarakterli bir çıxışdır. 1987-ci ildə Nobel mükafatına layiq görülən Brodski 1988-ci ildə uzun müddət dərs dediyi ABŞ-ın Miçiqan Universitetinin tələbələri qarşısında tarixi çıxış edir. Əslində o zamanın gənc tələbələrinə ömürlük vəsiyyət kimi qiymətləndirilən bu çıxış bütün zamanlar və məkanlar üçün aktualdır. Onu ixtisar və şərhlərlə sizə təqdim edirik:

Broski 15 yaşında məcburi şəkildə məktəbi buraxıb və kitablarla özünü yetişdirməyə başlayıb.  XX əsrin ən böyük və ən qəliz şairlərindən olacaq İosif sonradan buna görə məhz, “Brodski məktəbi”nə minnətdar olacaq. Bir Brodski məktəbinə, bir də onu Nobel mükafatçısı səviyyəsinə qədər qaldıracaq çətin, məşəqqətli həyata. Ömrünün axırına kimi onun üçün yalnız bir “Söz kraliçası” olacaqdı. O da Mariya Svetayeva. Çünki o rəsmən özünü bu xanımın şeirlərində tapa bilirdi. Baxmayaraq ki, poeziyaya  Barıtınski, Lomonosov, Puşkini təqlid etməklə gəlib. Sonradan dilin ən incə qatlarına enəcək Brodski üçün bu cür başlanğıc heç də təsadüfi deyildi. Onun üçün dil hər şey idi. Dərin məna, həyat, insan barədə düşüncələr məhz, dilin qatları hesabına çıxacaqdı. Odur ki, Brodski bu vəsiyyət-çıxışında belə bir nüansı qeyd edir:

“Düşünürəm ki, həm indi, həm də gələcəkdə dilinizin dəqiqliyinin qayğısına qalmalısınız. Öz lüğətinizi genişləndirməyə və onunla bank hesabı kimi  rəftar etməyə çalışın. Ona böyük diqqət göstərin və öz dividentlərinizi artırın. Burada  məqsəd nə sizin yataqdakı bəlağətiniz və peşəkar uğurlarınıza kömək, nə də sizi alicənab məclislərin ağıl dağarcığına çevirməkdir. Məqsəd sizə özünüzü mümkün  qədər dəqiq və dolğun ifadə etmək imkanı verməkdir. Bir sözlə məqsəd sizin tarazlığınızdı. Çünki lazımınca ifadə olunmayanlar və söylənilməyənlər nevroz deməkdir. İnsan qəlbi günbəgün yenilənsə də onun özünü  ifadə etmək imkanı çox zaman dəyişməz qalır. Özünüifadə bacarığı təcrübədən geri qalır. Bu da öz növbəsində psixikaya ölümcül təsir edir”.

Onun məşəqətli həyat tarixçəsi 1960-cı illərdən başlayır. Bu zaman o artıq məşhur idi və şeirləri çoxları tərəfindən sevilirdi. 1963-cü ildə “Veçernıy Leninqrad” qəzetində Brodskinin əleyhinə “Ədəbiyyat ətrafı tüfeyli” adlı yazı dərc olunur. 1964-cü ildə həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilir. Doğrudur, Anna Axmatova və digər nüfuzlu şəxslərin köməyilə Brodski vaxtından tez həbsdən çıxır,  lakin təqiblər ondan əl çəkmir, nəticədə 1972-ci ildə İsrael vizası ilə soveti tərk edir, əvvəlcə Avropaya, sonra isə Amerika Birləşmiş Ştatlarına gedir. Beləliklə də, İosifin BRODSKİ dövrü başlayır. Bu dövrü iki xüsusiyyətə görə səciyyələnir: məşəqqətli həyat və poeziyanın zirvəsi. Amma məncə, birinci detal ikinci detalın təkamülünə rol oynayıb. Belə ki, o sevimli valideynləri ilə heç zaman  görüşə bilmir: nə özü İttifaqa qayıdır, nə də valideynlərini xaricə buraxırlar. Valideynlərinin dəfninə belə, gələ bilməyən şair bütün həyatdan küsür. Yaradıcılığa qurşanır və sonradan İttifaqın dəvətlərini də cavabsız qoyur. “Vəsiyyətnamə-çıxışında” Brodski bu kövrək məqama bu cür toxunur:

“Həm indi, həm də gələcəkdə valideynlərinizə qarşı mehriban olun. Onlara qarşı çıxmayın, çünki böyük ehtimalla onlar sizdən tez öləcəklər və beləliklə də siz özünüzü ən azından bir günah hissindən sığortalayacaqsız. Əgər üsyan etmək vacibdirsə bunu kövrək olmayanlara qarşı edin. Valideynlər çox yaxın hədəfdilər: məsafə elədi ki, hədəfə dəyməmək mümkün deyil. Valideynlərə qarşı – “mənə sizin qəpiyiniz də lazım deyil”- kimi üsyanlar əslində olduqca burjua əməlidi, çünki üsyançıya böyük rahatlıq gətirir. Bu yola nə qədər gec düşsəniz, deməli mənəvi burjuaya çevrilməniz bir o qədər gec baş verəcək. Başqa sözlə siz daha uzun müddət skeptik,  tərəddüd  edən və intellektual narazı kimi qalacaqsınız və bu sizin üçün daha yaxşıdır”.

Çıxış digər detalları da özündə çox gözəl əks etdirir. Burada biz Brodski rakursundan görünən  siyasət və siyasətçiləri də seyr edə bilirik. O, zaman və dil ilə təkbətək qalaraq bütün dünyanı özündən təcrid etsə də, məhz, siyasi nədənlər üzündən Sovet İttifaqına ayaq basa bilmir. Sovet onun üçün yaşayış məskəni olduğu üçün yox, poetik dilinin, düşüncə qatının, dərin psixologizminin vətəni olduğu üçün dəyərli idi. Amma o, bu dəyərlər sistemindən tam olaraq ayrı qalır. Odur ki, Brodski pəncərəsindən siyasət bu cür görünür:

“Siyasətçilərə çox etibar etməyə çalışmayın. Onlar yaxşı halda sosial şəri azalda bilərlər, amma onu tam yox edə bilməzlər. Bu irəliləyiş nə qədər çox olsa belə, etik nöqteyi-nəzərdən həmişə diqqətə layiq olmayacaq qədər azdı, çünki həmişə bu irəliləyişdən xeyir tapmayan bir nəfər olacaq. Dünya kamil deyil, qızıl əsr olmayıb və olmayacaq da!  Dünyada yalnız bir şey baş verəcək, adamların sayı artsa da dünyanın ölçüləri dəyişməyəcək. Seçdiyiniz adam nə qədər ədalətli olsa belə vəd olunmuş bölünməli olan çörəyin tikələri adamların sayının artmasına rəğmən kiçiləcək”. 

Mürəkkəb kompozisiyalı poeziyasının içində batmasına baxmayaraq Amerika mühiti onu çox sevir. Nəinki Amerika, eləcə də bütün dünya ədəbi cameəsi hamıdan fərqlənən şairdən artıq çəkinirdi. Təsadüfi deyil ki, 1987-ci ildə 47 yaşında ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Bu nominasiyada ən cavan laureat olmasına baxmayraq Brodski öz sdadəliyində qalır. Bəlkə də , saədlik deyildi, sadəcə o, elə bir mərhələdə idi ki, heç bir qüvvə, hətta Nobel mükafatı belə Brodskinin əhvalına təsir edə bilmədi. Nobeldən sonra sosial rifahı yaxşılaşsa da Brodski yenə də öz obrazlar, süjetlər sistemidə və ədəbi dil dünyasında qalır. Çıxışda sadəliyi önə çəkməklə dünyanın, insanların və o insanlardakı eqoların o qədər də nəzərə çarpacaq bir məqam olmadığını dilə gətirir: 

“Gözə girməyə çalışmayın və təvazökar olun. Biz insanlar  indi daha çoxuq, yaxın gələcəkdə daha da artacağıq. Günəşli yer uğrunda mübarizə hökmən başqalarının,  mübarizə aparmayanların hesabına baş verir. Sizin kiminsə ayağını tapdalamanız hələ ki,  həmin adamın başına çıxmanız deyil. Özü də bu nöqtədən gördüyünüz hər şey-insan dənizi, üstəgəl sizinlə eyni görkəmli amma etibarsız mövqeyi tutanlar–varlılar və məşhurlar olacaq. Ümumiyyətlə,  insan bir birinə bənzəyənlərdən fərqlənməklə həmişə nəsə xoşagəlməz bir hala səbəb olub. Əlavə etmək lazımdır ki,  indi varlılar və məşhurlar da məhdud saydadır və yuxarılarda da darısqallıq var. Əgər siz zamanında məşhur olmaq qərarına gəlmisizsə,  buna çox aludə olmayın. 
Başqa birisi kimi olmaq arzusu şəxsi unikallığın itməsi deməkdi. Digər tərəfdən də əlbəttə bu kütləvi istehsalı stimullaşdırır. Amma ömür bizə bir dəfə verildiyindən rəngli nəşrlər də daxil olmaqla klişelərdən qaçmaq lazımdı. Öz unikallığını anlamaq, hətta qazanılan nailiyyətlərə qədər–sizin reallıq hissinizi qısır edir, bu bir yana, həmin unikallığı bayağılaşdırır da. Gəliri və görkəmi nəzərə alınarsa  onları nəzəri olsa da qeyri- məhdud olanların arasında olmaq hər hansı klubda olmaqdan daha yaxşıdı.

Mən sizə  həmçinin  asta danışmağı da tövsiyə edərdim, amma qorxuram ki, məni ağını çıxarmaqda təqsirli biləsiniz. Amma unutmayın,  yanınızda hökmən biri var - yaxınınız! Heç kim sizdən onu sevməyi tələb etmir, amma çalışın onu narahat da etməyəsiz. Yaxınınızın ayağını bərkdən tapdalamayın, əgər onun qadınına gözünüz düşsə, xəyal gücünüzün zəif olduğunu fikirləşin“.

Vaxtikən İttifaqa dönməkdən ötrü Brejnevə yazdığı məktub cavabsız qalır. Qürbət onun şəxsi taleyinə, sevgi məsələlərinə də təsir edir. O çox gec, 1990-cı ildə Mariya Sostani ilə ailə  qurur, 1993-cü ildə bu nikahdan bir qızları dünyaya gəlir. Amma artıq onun ömrünün sonları idi.  Bu illərdə vətənə aid xeyli şeirlər yazır, amma vətənə heç vaxt qayıtmır. Böyük şairin çıxışı bu notlarla bitir:

“Mən gələcəkdən xəbər verən qaraçı qadını deyiləm. Amma çox şeyləri sizin xeyrinizə danışmağım bəllidi. Əvvəla siz doğulmusunuz, varsız, bu artıq öz-özlüyündə işin yarısıdı. Sonra da siz artıq demokratiyada dəhşət və utopiya arasındakı yolun yarısındasız və bu da individiuma daha az meneə yaradır. Mən burda səkkiz il dərs demişəm, mənimlə bərabər dərs deyənlərin bəziləri indi də burda çalışır. Mən sizin gələcəyiniz haqqında nəsə deyə bilərəm: onu deyə bilərəm ki, siz ayaqlar altında qalmayaqcaqsız. Sizi uğur gözləyir. Çünki on il sonra bu şəhəri xatırlayarkən anlayacaqsınız ki, siz insan kimi formalaşmısız”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı