Modern.az

Elmi və yaradıcı qurumların bərbad saytları - Araşdırma

Elmi və yaradıcı qurumların bərbad saytları - Araşdırma

Ədəbi̇yyat

2 Noyabr 2013, 10:49


Çağdaş dünyanı idarə edən informasiya məfhumu bu gün internet vasitəsilə zamanın ən prioritet hadisəsinə çevrilib. Media da öz növbəsində dövlət qurumları və digər əlaqəli təşkilatlarla əsasən elektron ünvanlar vasitəsilə əlaqə saxlayır. İdarəedici dövlət qurumlarını hələ ki, bir kənara qoyaq, görəsən, bu gün Azərbaycanda elmi, ədəbi, mədəni qurumlara xas elektron ünvanlar necə fəaliyyət göstərir?

Modern.az bu istiqamətdə keçirdiyi kiçik araşdırmasını sizlərə təqdim edir.           

Azərbaycan Rəssamlar İttifaqının rassam.az adlı rəsmi saytı cəmi 4 bölümdən ibarətdir. Rəssamlar, tənqidçilər, nəşrlər bölümündən ibarət olan sayt xəbərlərlə də “təmin edir”. Amma çox təəssüf ki, ən son xəbər sentyabrın 24-də qoyulub. O da Rəssamlar İttifaqının dövlət səviyyəsində  keçirilən qurultayı ilə bağlıdır. Amma xəbər sırf quru informasiya təsiri bağışlayır və ittifaqın gələcək planlarından bəhs etmir. Son xəbərdən əvvəlki informasiya isə yalnız may ayının 8-də sayta yerləşdirilib. Özü də martın 25-də baş verən bir olay barədədir. Beynəlxalq “Soltan Məhəmməd” adına mükafatına namizədlərin əsərlərindən ibarət sərgi-müsabiqənin açılışı" adlı xəbər yalnız 2 ay yarımdan sonra saytda əksini tapıb.

Azərbaycan Bəstəkarlar İttifaqının saytı – compasers.az (və ikinci – composers.musiqi-dunya.az) demək olar ki, yox səviyyəsindədir. Öncə nəzərə çatdırmaq lazımdır ki, saytda xəbərlər bölməsi ümumiyyətlə yoxdur. İctimaiyyət nüfuzlu mədəni qurumda baş verən prosesləri izləmək imkanından məhrumdur. Saytın özü isə xronologiya məzmunludur. Plenum və qurultaylar bölməsi olsa da xronoloji faktlardan başqa heç bir məlumat vermir. Xəbərlər bölməsinin olmadığından saytın yenilənməsindən söz açmaq yersizdi.

Azərbaycan Yazıçılar Birliyinin elektron ünvanı olan ayb.net saytı zəngin arxivi ilə seçilməsə də, digərləri ilə müqayisədə qənaətbəxşdir. Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bütün diqqətin bu saytın inkişafına yönəltdiklərini bildirir. Saytda həm Azərbaycan, həm də dünya ədəbi gündəminin lazımınca əks olunacağı bildirilir. Amma hələ ki, saytın xəbər arxivi demək olar ki, kitab təqdimatlarından ibarətdir. Sayt ən son oktyabrın 31-də yenilənib.

Teatr Xadimləri İttifaqının yeni yaradılan teatrittifaqi.az saytı isə digər mədəni qurumlardan irəlidədir. Saytda Azərbaycan teatrı və teatr xadimləri barədə məlumatları  çox asanlıqla almaq olar. Məxsusi xəbərlər bölümü olmasa da sayt festivallar, yubileylər, anım günləri, tədbirlər barədə sürəkli məlumatlar verir. Bundan başqa çox zəngin arxivə malik olan saytda video və audio arxivlə yanaşı zəngin kitabxana da var. Amma hər şey təbii ki yaxşı deyil. Məsələn, saytda dünya mədəni gündəmi demək olar ki, işıqlandırılmır. Dünya mədəniyyəti, teatr aləmində baş verən dəyişikliklər saytda öz əksini tapsa çox əla olar.

Azərbaycan Kinematoqrafçılar İttifaqının  rəsmi saytı isə qeydiyyatdan keçmə ərəfəsindədir. Cinema.aznet.org adlanacaq saytın bu sahədə informasiya qıtlığının qarşısını kəsəcəyinə inanırıq.

Azərbaycan Milli Elmlər Akademiyasının sciense.gov. az saytı isə öz fəaliyyətinə görə nəinki mədəni, eləcə də bəzi idarəedici qurumların elektron ünvanına örnək ola bilər. Belə ki, Azərbaycan və dünya elm arenasında baş verən proseslər, beynəlxalq elmi əlaqələr saytda hər gün yeniləşir. Xəbər siyasətindən də əlavə akademiyanın tabeliyində olan institut və təşkilatlar, onların şöbələri və hətta o şöbələrdə çalışan insanlar barədə ətraflı məlumat almaq olar. Saytda  çatışmayan bəzi məsələlərdən biri də elmi arxivinin o qədər də zəngin olmamasıdır. Elektron kitabxananın yaradılmasına da ehtiyac duyulur. 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!