Modern.az

Onun bir şeir dünyası da var...

Onun bir şeir dünyası da var...

2 Noyabr 2013, 14:27

“Əgər insan istedadlıdırsa, o, bütün sahələrdə istedadlıdır!..”
 Cek London (Con Qriffit Çeyni)

 Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmlər doktoru, professor, Azərbaycan Respublikasının Dövlət mükafatı laueratı Teymur Kərimli 60 yaşını haqladı... Amma, o mənim gözümdə 70-ci illərin ortalarından, Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuduğu illərdən tanıdığım, həmişə ciddi, enerjili, gözlərində parlaq, işıqlı bir təbəssüm gəzdirən, səmimiyyəti ilə ürək qızdıran bir gənc kimi qalmaqdadır... Aradan uzun illər –  35 ildən çox keçsə də, 60 yaşına catan, özü demiş, şəvə saçlarını bu yollarda bəyazlaşdıran Teymur bütün bunları, hamıya nəsib olmayan (coxlarının yarı yolda itirdiyi) bu istiqanlı xarakterini, gəncliyə məxsus enerlisini böyük məharətlə qoruyub saxlaya bilmişdir...

Teymur Kərimli erudisiyalı, coxtərəfli yaradıcılıq stixiyasına malik ziyalılarımızdandır. AMEA-nın vitse-prezidenti, akademik  İsa Həbibbəyli onu “Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısı” adlandıraraq Teymur Kərimlini  bir nizamişünas, füzulişünas, nəsimişünas, ərəb və fars dilli qədim və orta əsrlər ədəbiyyatımızın müasir mərhələdə dəyərli bilicisi olan şərqşünas, mahir mətinşünas, bacarıqlı tərcüməçi, çox dəyərli ədəbi-bədii, elmi külliyyatların tərtibçisi, redaktoru, dərsliklər müəllifi, humanitar elmin təşkilatçısı kimi səciyyələndirmiş, sözün həqiqi mənasında Teymur Kərimlinin müasir Azərbaycan filoloji elminin layiqli təmsilçisi obrazını ustalıqla yaratmışdır...    

Filologiya elmlər doktoru, professor Vaqif Arzumanlı isə qələm dostunu belə səciyyələndirir:

“Çox istedadlı alimdir, ziyalıdır, etibarlı insandır, həmkardır, dostdur Teymur Kərimli. Maraqlı elm yolu keçib, hərtərəfli ziyalı kimi yetişib. Görüb-götürüb, bərkdən-boşdan çıxıb.  Uzun illərdir ki, Teymur Kərimli klassik ədəbiyyatımızın istedadlı araşdırıcısı və bacarıqlı təbliğatçısıdır. Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli söz ustalarını öyrəndikcə, araşdırdıqca özü də bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib.”

Onu haqlı olaraq klassik ədəbiyyatımızın dəyərli tədqiqatçısı hesab edirlər, o həmcinin mənəvi dünyamızın da “tədqiqatçısıdır”, amma bu dəfə bir şair kimi! Həm də,  istedadlı bir şair kimi! Olduqca maraqlı şeirlərin, “Hicran ömrü” şeirlər kitabının müəllifidir. Mən də istədim ki, həmişə mərhəmanə münasibət bəslədiyim qələm dostumun bu yubileyi mərhələsində poeziya yaradıcılığından dnışım, bəqədri-qüvvə onun şair obrazını canlandırmağa cəhd edim!..

Onu da xatırladım ki, hələ vaxtilə, ədəbi ilin yekunlarına həsr edilmiş poeziyaya aid icmallarımda ilk dəfə Teymur Kərimlinin şeir yaradıcılığından icmal janrına uyğun bir tərzdə danışmış, “məşhurların” dırnaqarası təhnizlərini də eşitmişdim... Xalq deyimidi: “Olmasaydı paxıllar, bağ çəpəri neylərdi?!”  Teymur özü də yaxşı deyib:

                                        Baxıb bu dünyanın paxıllarına,
                                        Gülüb ağıllının ağıllarına,
                                        Düşüb sevənlərin nağıllarına,
                                        Bir sevgi uğrunda ölmək istərəm.

Əzizim Teymur,  dəxli yoxdur, əminliklə deyir və təstiq edirəm ki, sən müasir aləmdə dəyərli bir alim, qədim və orta əsrlər ədəbiyyatının tanınmış mütəxəssisi, ən ümdəsi, görkəmli nizamişünas kimi tanınsan da, yaradıcılığa şeirlə başlamısan, ömrü boyu şeir yazmısıan, yazırsan və yazacaqsan.  Bu, çox nəsif şəkildə çap edilmiş “Hicran ömrü” (2010, 251 səh.) hələlik ilk şeirlıər kitabın da bu faktı təstiqləyən ən bariz nümunədir. Və bu kitabda gedən (hələ gizlinclərini, “sandıqda” qalanları demirəm) gedən şeirlərdən bilinir ki, bu sahədə qələm təcrübələrin hələ universitet illərindən (inanıram ki, lap ilk gənclik çağlarından, damarlarına vic-vicə düşəndən) başlanmış, sonra dairə genişlənmiş qoşmalar, gəraylılar, qəzəliyyat silsiləsinə çevrilmişdir...

Mən bu şeirləri oxuyandan sonra belə qənaətdəyəm ki, elm səni Akademiyanın müxbir üzvü etsə də, bu qələm təcürbələrin göstərir ki, elmə keçməsəydin belə istedadlı bir şair kimi şöhrət məqamına çata bilərdin.

Lakin biri digərinin ardınca maraq dairənə daxil olan mövzular, ideyalar, cəmiyyətin sosial-mənəvi sifarişləri səni tamamilə təbii olaraq, geniş panoramalı klassik tipli tədqiqatlar yaratmağa sövq etsə də, başqa sözlə elmin - ədəbiyyatşünaslığın ağır yollarına  çəksə də, yaradıcılıq həyatıyın hər bir mərhələsində poeziyanın sehirli aləmindən ayrılmamısan.

Və yaxşı olub ki, ayrılmamısan! İnanıram ki, birinci şeir kitabın “Hicran ömrü” ilk və son olmayacaq, bizləri “Ömrün vüsallı anları”na da qovuşduracaq...  

Teymur Kərimli bir peşəkar kimi alimdir, təbii stixiyası ilə şairdir... Bu şairliyin mənbəyində isə zəngin, klassik bədii potensiya dayanır, impuls oradan gəlir. Onda elmi erudisiya ilə bədiyyatdan gələn ürək genişliyi qəribə bir tərzdə qovuşa bilir. Bir də ən əvvəl, bütün bunlar onun doğulduğu, nəşvi-nüma tapdığı torpaqdan, təbiətdən, mühitdən gəlir. Oraları mən, əfsuslar olsun ki, görməmişəm! Amma, İsa müəllimin sənə həsr etdiyi məqaləsinin bir məqamında oxudum: “...Teymur Həşim oğlu Kərimov  1953-cü il, oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun ucqar dağ kəndlərindən və Kiçik Qafqazın ən uca zirvələrindən biri olan Qazangöl dağın ətəyində, Ordubad Göy gölünün sahlində yerləşən Nürgüd kəndində anadan olub.”  Bu canlı, belə şairanə təsvir sənin doğulduğun məkanın gözəlliyini göz önündə cilvələndirir. Di, gəl, bundan sonra şair olma! Şair olmasaydın bunu deyə bilməzdin:

                                            Nağıllardan doymadıq, bizə nə dedi gerçək?
                                            Səni, hey gidi dünya, səni, ey gidi gerçək !..
                                            Vüsal nağıla döndü, hicran – əbədi gerçək.
                                            Həsrətin acısıdır, indi sinəmi dağlar,
                                            Harda qaldı o günlər, harda qaldı o çağlar?! 

O günlər, o çağlar uzaqda, illərin ilğımlığında qalsa da, hardasa damla-damla, sızqa-sızqa sənin şeirlərinə hopa-hopa bu günlərinə qədər gəlib çıxıb...

Amma Teymurun şeirlərində illüzor ilğımlar yoxdur. Bəşər şüurunun dumanlılığından aydınlığa doğru bir lövhə var onun beynində. Necə ki, dağ yamacından duman çəkildikcə göz önündə lacivərd gözəllik cilvələnir, belə bil proyeksiyada  neqativdən pozitivə keçir.  Şüurun dumanlıqlarından, uzaqlıqlarından indiyə yaxınlaşan və aydınlaşan bir məqam! Teymur şeirində, bax bu məqamı yaxalaya bilir! Ona görə də onun şeirlərində təsvir-təqdim olunan məqam səmimidir, istidir, ürəyin dərinliyində şirin bir ovqatdır... Təbəssüm doğuran, dodaqqaçdı yaradan bir ovqat!..

                                         Nahaq sənə dəli dedim,
                                         Özüm səndən dəliyəm mən.
                                         Anabioz halındayam –
                                         Nə diri, nə ölüyəm mən.

                                         ...Sevgidən payım az oldu,
                                        Yar payımı saymaz oldu,
                                        Kimsə məni duymaz oldu, -
                                        “Si” notunun ziliyəm mən.

   Yeri gəlmişkən, onu deyim ki, Teymur elmi anlayışları, müasir texnokrat ifadələri, heca şeir qəlibinə oturmayan ifadələri çox asanlıqla, sərbəst bir tərzdə, özü də yeni obraz qiyafəsində yerbəyer edə bilir...  Bu hecada nisbətən asandır, amma əruzda, özü də qəzəldə müşgüldür. Lakin Teymur çox müşgüllərə açar saldığı kmi bunu da asanca həll eir. Məsələn, onun qəzəlindəki bir beyti nəzərinizə çatdırım. Məşuq məşuqəsinə deyir:

                                        “Sinəni aç, şifrəni sındır daha,
                                        Faylını yığ qəlbimə flyaş kimi.”

   Dalınca, tamam klassik tərzdə, yenə sərbəst şəkildə, heç nə olmayıbmış kimi klassik təşbih gəlir:

                                         “Qana dönübdür ciyərim eşqidən,
                                         İndi gözümdən axadır (axmaqdadır mənasında) yaş kimi.” 

   Və yaxud:

                                       Bilmirəm, dünyada varsan, ya xəyalımsan mənim,
                                       Bədbinim, şux sevgilim, hirslim, həyalımsan mənim.

                                        ...Sənsiz, ey can cövərim, mümkün deyil mövcudluğum;
                                        Karbohidratım, aminturşum, zülalımsan mənim.

                                       ...Sən ki varsan, pul, qızıl, sərvət mənə lazım deyil, -
                                        Sevgi bankında tükənməz kapitalımsan mənim.

                                        Qoy dünya sənə qəddar, vəfasız söyləsin, -
                                        Öz vəfalım, öz vəfalım, öz vəfalımsan mənim.    

     Burada seçmələrlə verilən  söz və misralara, ümumiyyətlə yaradıılığındakı söz və obrazlara  diqqət yetirsəniz (anabioz, “si” notu, şifrə, fayl, flyaş, karbohidrat, amin turşusu, zülal, sevgi bankı, məhəbbət kapitalı, əxlaq bosu, odadavamlı libas, işvə lavası, dəm qazı –  “nəfəsimdə dəm qazı var – ahımdan dünya dəm olur...”, hüceyrə - “bədənimdə son hücüyrə, qalınca gözlərəm səni”, mesaj – “bir gözəl rəhm edib mesaj göndərdi”, kanal – “”Dincliyim dəhnədən sovuldu getdi, Qayğının kanala dolan vaxtıdı”, xəritə - “Gəzdiyimiz yerlər xəritəmizdir”,  kilid, parol – “Barışmağı kilidləyib, Küsməyi parol eyləmə”, mazol – “Gönümdən zol çıxarmısan, Könlümü mazol eyləmə”, ədədi sıra, həndəsə - “Mən ədədi sıra, həndəsisən sən, Bu quru canımın rəndəsisən sən, Tanrının ərköyün bəndəsisən sən, Bilirəm, yazımı pozduracaqsan...”, klon – “Klonlaşıb – görünüşə inanma”, şans – “Şansını çox da zorlama”, seçgi, Avropa Şurası – “Eşqimiz seçgiyə güman qoymadı, Avropa Şurası bizə qarışdı”, efir, simbioz – “Mən sənin sadəcə simbiozunam.”  -  /“simbioz” bioloji termindir, iki orqanizmin bir-birindən istifadə edərək müştərək yaşaması hadisəsidir/ və s.)    görərsiniz ki, müəllif bilərəkdən sözlərə müdaxilə edib, qoşmada, gəraylıda, qəzəldə yeni, müasir obrazlar işlədib, sanki klassik formanı yenilik xatirinə korrektə edib...

    Amma bircə bu məlumdur ki, bu qoşmalar, gəraylılar, qəzəllər klassik qəliblərini saxlasalar da,  öz sintaksisi ilə fərqlənir, müasirləşir, əsrimizin çağdaş şeirinə çevrilir...                                 

   Bu cür yeni yanaşmalar Teymurun şeirlərində ara-sıra deyil, ardıcıllıq  təşkil edir, onun manerasına çevrilir. Mərhum akademik, hamımızın kamili-ustad adlandırdığımız  Bəkir Nəbiyev Teymurun şairliyinə  öz “Ustad xeyir-duası”nda yazır: “Kitabdakı şeirlərdə, hansı mövzuya həsr edildiklərindən asılı olmayaraq, ünsiyyətə çağıran bir ruh, doğmalıq təlqin edən təbəssüm, zəmanəmizin ən qlobal hadisələrinə münasibətdə özünü göstərən bir nikbinlik var.”

    Budur, o nikbinliyin təbəssümlü bir işartısı:

                                     ...Hələ qabağımı kəsib qadağa,
                                     Hələ qonmamışam yaşıl budağa,
                                     Hələ qoymamışam dodq-dodağa,
                                     Hələ bal-şəkərə bulaşmamışam.

                                     ...Könül, fəğana gəl nazlı yar üçün,
                                     Sən ki, yaranmısan nazlı yar üçün,
                                     Əlim göynəyibdi qoşa nar üçün,
                                     Niyə nar koluna dolaşmamışam!

Və yaxud:

                                     Yaşın qürubunda gün hardan çıxıb,
                                     Bir gül bənizliyə vurulmuşam mən.
                                     Sakitcə coşmuşam payız selitək,
                                     Calxanıb-calxanıb durulmuşam mən.

                                     ...Onsuz da bürüyüb kədər qəlbimi,
                                     Tərpədib inlətmə gəl sarı simi,
                                     Himəbənd partlayan bombalar kimi –
                                     Bir yox kəlməsinə qurulmuşam mən.

Elə bil, Molla Pənah Vaqif, Seyyid Əbdülqasım Nəbati, Qasm bəy Zakir keçmiş əsrlərin arxasından, dodaqlarında təbəssüm bizim əsrə boylanırlar...  Özü də bütün klassikanı kamil bilən bir püxtə şairin (hərçəndi onun hələlik bircə şeirlər toplusu var) məhəbbət lirikasından! Belə götürəndə Teymur səmimi, coşğun, məhəbbət lirikasında adət etdiyimiz minor laddan uzaq, nikbin, şən ruhlu notlar üzərində köklənmiş, həyatdan nəşət edən məhəbbət şairidir, incə, lətif hisslər şairidir...

Onun şeiriyyət aləmi haqqında yazan, moskvalı tədqiqatçı, yazıçı publisist, filologiya üzrə fəlsəfə doktoru Abuzər Bağırovun bu fikri ilə tam şərikəm: “Öncədən qeyd edim ki, onun alimliyi şairliyinə mane olmamış, əksinə əksər şeirlərdə əndazəli bir intellektual səviyyə göz önündədir. Bununla belə, onun intellekt işığının zoruna yazılmış bircə şeirinə də rast gəlmək mümkün deyil. Teymur ancaq ürəkdən gələn hisslərini obrazlı deyim tərzi ilə kağza köçürən şairdir. Şairin könül oxşayan bir sıra ürkək-kövrək, qəmli-dəmli lirik nümunələri, müasir insanın daxili dünyasını klassik qəlibdə ehtizaza gətirən qəzəlləri, tanışlara, dostlara, doğmalara həsr olunan səmimi ithafları, duzlu-məzəli bəzəmələri, iynəli-tikanlı sancmaları, ədəb-ərkanlı ustufca bənzətmələri, gül balaların büllur kimi saf qəlbinin poetik dindirmələrini özündə ehtiva edən şeirləri onun poetik aləmində cəmlənibdir.”

 Mənə elə gəlir ki, Teymur şair olanda daha da saflaşır, təmizlənir, katarsisə uğrayır, sadəlövhcəsinə qapıldığı gerçək həyatın qatı gercəkliyindən uzaqlaşaraq saf, təmiz, ülvi, özü üçün  qurduğu  həyat ritminin axarına düşür və yelkənlənir... Poeziya dəryasının ştlində belə, yelkən qaldırmağı bacarır, yelkənlənərək öz səadətinin üfüqlərinə doğru üzməyə başlayır... Poeziyanın dilində öz ruhunu yorumlayır...

Teymurun şeirlərinə bu rakursdan yanaşdıqda əhəmiyəti və dəyəri görsənir, hamının şeirinə çevrilir. Yəni, Teymurun şeirliyindən çıxıb, oxucusunun da şeirinə, könül xoşluğuna və könlünün poetik etiraflarına çevrilir... Bu prizmadan onun poeziyası da, şeir yaradıcılığı da İctimai hadisə faktına çevrilir və fərdi mənəviyyat ictimai mənəviyyata doğru meyillənir, ədəbi mühitdə öz missiyasının məkanını tapır. Teymur şeirlərində, sözün həqiqi mənasında praqmatikdir, çünki o özündən ətrafa -  insana yönəlik, açıq cəmiyyətə yönəlik məzmunda və istəkdədir...

Elə bu məziyyətləinə görə 60 yaşını haqlamış şair Teymurun şeirində biz bu praqmatik, həyati ritmikanı görürük, duyuruq və əminliklə deyirik ki, onun şeir yardıcılığı da müasir oxucunun ruhunu oxşaya-oxşaya müasir oxucunun estetik zövqünü cilalamağa qadirdir:

...Hicran ölkəsinə səfir olaram,
Sənsiz mən rəqəmsiz sıfır olaram,
Dərdindən dağılıb efir olaram,
“Sən məni bir daha görməyəcəksən!”

Günahı “bəlkə”də, “axı”da görrəm,
Azı gizlətmərəm, çoxu da görrəm,
Mən səni hər gecə yuxuda görrəm, -
“Sən məni bir daha görməyəcəksən!”

Teymurun şair babaları daha çox irrasional idraka söykənmişlər. Teymur isə babaların bu “şirin” fəsəlisinə uymadan şeirində, işində, təfəkküründə, dünyaduyumunda , poetik təfəkkür formasında rasionalistdir!.. Onun şeirləri mistikadan kənar, sağlam təfəkkrə və təbii poetik məntiqə söykənir. Bu, indiki posmodern “əndrabadiliyindən”, eksperimentallığından arınmış, durulmuş  şeiriyyətdir...

Bircə bizə o qalır ki, heyfslənək ki, arınmış, durulmuş aləmə Teymur Kərimli sanki arabir üz tutur, bu seyrəngahda arabir seyrə çıxır... Bəlkə də, bizə elə gəlir. Amma həqiqiqət budur ki, Teymur nədənsə şeir yaradıcılığı ilə dövrü mətbuatda görsənmir, ya şeirini mətbuata, ya da mətbuatı şeirinə “qısqanır”, dəyməcədən çəkinir:

Bizim eşqimizə göz dəyəcəkdir...
Bu qədər xoşbəxtlik olmaz insanda.
Biri bir pıçpıçı söz deyəcəkdir,
O söz yayılacaq bütün cahanda...
O söz səni məndən qoparacaqdır,
O söz məni qəbrə aparacaqdır.

İnsanlar yığışıb həkimlər kimi –
Bu eşqin rüşeymin yoxlayacaqlar.
Əllərində bıçaq, gözlərində kin,
Onu bətnimizdə doğrayacaqlar.

   Onun şeirlərinə nəzər saldıqda görürük ki, bu şeirlərin məzmununu, mövzusunu Teymur Kərimli yaxından tanıdığı, həmişə mənəvi, ruhi və fiziki təmasda olduğu insanların həyatlarının müxtəlif qatlarından götürmüş, onları daha da dərinləşdirmiş, mənalandırmış, zərif, incə, təbssüm doğuran, poetik, təsirli, emosional bir dillə, ironik, fəlsəfi duyğu və düşüncələrlə növbələşən  bədii-poetik lövhələrə çevirmişdir. Onun şeirlərində aydın görsənən bir emosional naturalizm mövcuddur, xüsusən ithaf, bəzəmə və sancmalarında.

      Bu cəhətdən onun şeirləri rəmzlərdən, simvolikadan nisbətən uzaqdır, aydın və səlist, dürüst və real tonda, üslubdadır...  Poetik düşüncəsinin miqyası və tipologiyası ilk baxışda ədəbiyyatdan kənara çıxır, heç ədəbiyyata dəxli olmur fikrinə düşürsən. Amma mətləbə dərindən nüfuz edəndə görürsən ki, bədii idrak materialı kimi, burada şeirin dili ilə ümumən insan, ümumən cəmiyyət araşdırılır və təqdim edilir... Elə bil, Teymur Kərimli şeirlərinin əksəriyyətində və ya bir qismində dünyanın harmoniyasını yox, disharmoniyasını axtarır və burada da güya klassikaya arxalanır – gah Füzuli beytinə, gah Yunis Əmrə, gah Aşıq Ələsgər, Mirzə Rəhim Fəna, Seyid Əzim, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Səməd Vurğun, Əliağa Vahid, Cəfər Cabbarlı, Məmmədhüsen Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz şeirinə, gah da Türk və Azərbaycan xalq və bəstəkar mahnılarına qoşulmalar (buna beyinəqoşulma da deyirlər) edir, dadlı-duzlu, iynəli, kəskin ictimai məzmunlu, satirik cövhərli poetik bənzətmələr yazır . Ustadlarından aldığı söz cilasını özününküləşdirir, müasir lada çevirir... 

    Onun şeir yaradıcılığı üç istiiqamətdədir, daha doğrusu üç başlanğıcdan nəşət edir. Özünün adlandırdığı kimi “Ciddi şeirlər” (?!), “İthaflar”, “Bəzəmələr, sancmalar, bənzətmələr”... Amma, nə ad qoyur-qoysun mətləbə dəxli yoxdu, sirri sonuncu  kəlam daha dürüst ehtiva edir – bənzətmələr... 

   “Bəzəmələr, sancmalar, bənzətmələr” başlığı altında toplanan şeirlər adından da göründüyü kimi satirik üslubda qələmə alınmış nümunələrdir. Məlumdur ki, satira bütün zamanlarda, dünya ədəbiyyatı tarixində cəmiyyətin, ələlxüsus insan mənəviyyatının inkişafında əvəzsiz rol oynamışdır. Satira və satirik gülüş gerilik və nöqsanlar əleyhinə çevrilmiş qüdrətli ədəbi-bədii silahdır, cəmiyyətin demokratikləşməsinə və tərəqqisinə kömək edən güclü vasitədir. Bədii gülüşün bütün obyektlərində güclü ictimai məzmun vardır. Elə buna görə də gülüş öz təbiətinə görə demokratikdir. O, hüquq bərabərsizliyinin, zorakılığın, istibdadın, avtoritarizmin, bütün neqativ halların təzahürlərinə qənim kəsilən bir bədii vasitədir...

   Teymur Kərimli əsrlərin sınağından keçən bu bədii-poetik vasitədən, üsuldan özünəməxsus şəkildə istifadə edərək maraqlı satirik obraz və xarakterlər, incə komik situasiyalar, zərif yumoristik gülüş yarada bilir... Və onun poetik təfəkkür tərzinin bir cəhəti də bu istiqamətdə aşkarlnır.

      Satirik vəziyyət yaratmaqda  çox incə duyum, fəhm, müşahidəçilik qabliyyəti, obrazı əhatə edən mühitin və insanları güldürə bilən cəhətləri görmək məharəti gərəkdir, satirik psixoloji aləmi dəqiq bilmək satirik üçün zəruri şərtlərdəndir. Burada tənqidi detalların təbiiliyi əsas şərtlərdəndir.

    Satirada maraqlı, ictimai mənası olan, səciyyəvi satirik, komik detallar lazımdır və bütün bunları Teymur görür və qəribə bir istehza və kinayə  ilə şeirinə gətirir... Onun satirası öldürücü deyil, ironiya vasitəsilə islahedicidir... Bu şeirlər, əslində poetik parodiyalardır... O, şeirin dili ilə müşahidə etdiyi satirik vəziyyəti – mənfiliyi, yaramazlığı , eybəcərliyi və pisliyi sadəcə məsxərəyə qoyur, atmacalarla gülür və güldürür... Onun şeirlərində satirik situasiyanı yaradan yumor, komiklik,  istehza, sarkazm, eyham, ironiya, kinayə, hətta qroteks təkin komponentlərin çuğlaşmasını aşkar görmək olur və bütün bunlar sosial məzmunla müşaiyyət edilir, başqa sözlə sosial məzmunda özünü göstərir.

Məsələn, M.Ə.Sabirə bənzətmə olan, beş bəndlik “Bakı alimlərinə” şeirindən:

Alim, özünü sən də bir insanmı sanırsan?
Axmaq kişi, pulsuzluğu asanmı sanırsan?

...İnsan deyilən şey başı yormaz, dədə qurban
Üç-dörd manata boynunu burmaz, dədə qurban,
Eşşək qafası xonçada durmaz, dədə qurban,
Eşşək başını məclisə şayanmı sanırsan?
Pulsuz kişi insanlığı asanmı sanırsan?

Tökdün gözünü, höccələdin bir-neçə on il,
Öyrəndin axırda iki, üç, dörd, ya beş dil,
Alver dilini öyrənə bildinmi, a qafil?
Yoxsa yaşamaq elmini asanmı sanırsan?
Biz pul yığırıq, yoxsa ki, yoxdanmı sanırsan?

 Və yaxud, Füzuliyə bənzətmədən:

Rüşvət almaq ta ki, olmuş yaxşı bir adət mana,
Nəqqədər alsam da çox, çox az gəlir rüşvət mana.
Söylədim alma rüşvət, çək bu xalqın qeyrətin,
Qoy alım mən rüşvəti – xalq eyləsin nifrət mana!
Milli ət, milli xörək mədəmdə boldur, arxadaş,
Neynirəm mən milləti, lazım deyil milət mana!
...Tanrı yazmış hər kəsə dünyada bir qismət, qağa,
Qismət olmuş, neyləyim, zəhmət sana, ləzzət mana?!

Yenə də, Füzuliyə bir bənzətmədən:

Heyrət, ey pul, surətin gördükdə lal eylər məni,
Bənzimi qaçmış görən dollar xəyal eylər məni.
Tale qul etmiş məni gənc menecrlər eşqinə,
Hər yetən diler əsiri-mülkü mal eylər məni.
...Ey Füzuli, bank yolundan bir kənara çıxmaram,
Bu prospekt daxili-əhli-kamal eylər məni.

Son misal da, Səməd Vurğunun dillər əzbəri “Azərbaycan” şeirinə bənzətmədən:

Çox keçmişəm bu bazardan,
Əlvan-əlvan ryadlardan,
Eşitmişəm reketlərdən:
Gedir alver, gülür insan,
Bazarbaycan, Bazarbaycan!

Dünya bilir sən mənimsən,
Özəlləşmiş vətənimsən,
Qara qızıl məskənimsən,
Talan edim hansı yandan,
Bazarbaycan, Bazarbaycan!

...Sən yumuşaq, mən bir zəli,
Odur ki, bağlıyam, bəli!
Səni yeməz hansı dəli?
Qan soraram damarından,
Bazarbaycan, Bazrbaycan!

Azərbaycan ədəbiyyatı, belə götürəndə ümumilikdə janr, növ, üslub və formaca zəngin olduğu kimi, satirik obraz və xarakter, komik situasiyalar, yumoristik pafos, komizmin ifadə vasitələri və üsulları baxımından da zəngindir. Teymur satiranın qrotesk, sarkazm, tabu, məzhəkə, qaravəlli, efvemizm, kontrast, kinayə, istehza və s.bu kimi komponentlərindən  yeri gəldikcə, mizan-tərəzidə, özü də xüsusi səriştə ilə istifadə edir, hətta bu cizgilər həssalıqla onun məhəbbət lirikasında, qəzəllərində belə nəbizvari tərzdə, amplidut döyüntülərlə iştirak edir və şeirini ictimailəşdirir, təbəssüm və dodaqqaçdı yaradır...

Ümumiyyətlə, Teymurun bütün təfəkküründə (tədqiqatlarında da) klassikanı, klassik fikri müasirlik prizmsında görmək və şərh etmək cəhdi var. O, qədimə, orta əsrlərə, geriyə baxır, bir sərraf kimi, oradan bu günümüzə hansı ziqiymət lazımdır heç nəyi zədələmədən onu götürür, yerdə qalan onu maraqlandırmır...  

Onun ideya-estetik strategiyasında mübhəmlik yoxdur, aşkarlıqdır və aşkar müasirlikdir... O şeirlərində də sanki “keçmişə bu gündən” baxış bucağı yaradır, amma bu gündən yazır, keçmişi yaxalıyıb bu günümüzə gətirir! O, klassik düşüncənin müsir təfsirini, improvizəsini  verməyi bacarır... Teymur nə yazır-yazsın inersiya ilə yazmır, genotipdən gələn cövhərlə yazır:

Sorma dərdimi telefonda, gülüm – (telefon – badi-səbadan)
Mən bir hekayətəm, xeyli uzunam.
Soruşsan sənlə mən nə nisbətdəyik –
Sən bir sal qayasan, mənsə tozunam.

Bülbül boz sərçədir gülşəndən ayrı, (Klassik deyim tərzi)
Can adi efirdir bədəndən ayrı. (Yeni deyim tərzi)
Necə yaşayaram mən səndən ayrı –
Mən sənin sadəcə simbiozunam.

Müasirlik, heç şübhəsiz, o zaman mükəmməldir ki, tarixi-mənəvi köklərdən qopmur, təfəkkür genotipini inkar edən müasirlik bütün hallarda ögey, yad gendən əmələ gələn, zərərli, milli məsləkdən uzaq düşmüş müasirlikdir!

  Teymurun şeir yaradıılığında müşggüllük, anlaşılmazlıq yoxdur, sadəlik və sadəlikdən nəşət edən bir səmimiyyət, duyduğuna, gördüyünə məhəbbət var. Teymurun şeirlərində qəzəb, nifrət yoxdur, sevinc, kədər, həyəcan var, özü də bunlar dərkedilmiş sevincdir, kədərdir, həyəcandır...

   Bunlar həqiqətin dərkinə yönəlik, həqiqəti ifadə edən nəsnələrdir... Və ən yaxşı cəhət budur ki, bu həqiqətlər buketi fərdi deyil, Teymurun dili ilə ifadə olunan hamımızın həqiqətidir!

     Bu həqiqətləri o, xüsusi bir həssaslıqla qələmə alır.  Bu həssalıq o dərəcədə cəzbedicidir ki, Teymur yaşadığı dövrün, təmasda, ünsiyyətdə olduğu mühitin əksər nyuanslarını şeirinə gətirə bilir. O insanları içdən tanıya bilir və xarakter yaradır. Bu cəhət onun ithaf şeirlərində - Akademik Bəkir Nəbiyevə, Məmməd Araza, Hüseyn Kürdoğluna, Abuzər Bağırova, Şamil Salmanova, Vaqif Arzumanlıya, Alim və Fərqanə Qasımlılara, Şirindil Alışanlıya, Rəhim Əliyevə, Məhərrəm Qasımlıya və digər dostlarına, əzizlərinə, gül balalara həsr etdiyi şeirlərdə daha qabarıq görsənir. Xarakterik bir misal:

                                           Arzumanlı Vaqifin dostluqda istedadı var,
                                           Dostunun fəryadına hər ləhzə yüz imdadı var.
                                           Təkcə alim olmayıb, hər mətləbə vaqifdir o,
                                           Bir zaman Vaqif olan Molla Pənahın adı var.        

     Teymurun şeir yaradıcılığı poetik struktur etibarı ilə də diqqətçəkəndir! O, şeirimizin hecasında özünü daha sərbəst, əruzunda isə lap sərbəst hiss edir. Qoşma, gəraylı, rübai, bayatı, təcnis hecanın müxtəlif şəkilləri, qəzəl, sərbəst şeir...  Bunların hər birinə onun şeirlərində nümunələr, özü də fərqli, dəyərli nümunələr var. Ancaq o, forma əsiri deyil. Forma onun üçün poetik-ictimai fikirlərini ifadə etməyə bir vasitədir.  Məsələn, “Olmaz” qoşması  və “Göstərin” gəraylısı müasir ağrılı düşüncələrin apogeyinə yüksələn  nümunələrdəndir:

Boz çaqqala boz qurd adı verməklə,
Çaqqal dönüb aslan olmaz, qurd olmaz!
Ağciyərə: “Arş, irəli!” deməklə,
Noxud boyda böyrəkləri dörd olmaz!

...Ala qarğa kəklik kimi səkəmməz,
Çaqqal-çuqqal şir biləyin bükəmməz,
Zatıqırıq vətən qəhri çəkəmməz
Torpaq dərdi nanəcibə dərd olmaz!

Yağı düşmən sinəsinə çək dağı,
Qoy titrəsin baxışından hər yağı,
Vətən oğlu, qoyub qaçma torpağı,
Qürbət eldən vətən olmaz, yurd olmaz!

...Nələr gəldi gör başna can Vətən,
Dad namərdin, nanəcibin əlindən.
Vallah gərək qopardasan dilindən,
O dildə ki, Vətən sözü vird olmaz.

Gəraylıdan da üç-dörd bənd şərhsiz-filansız təqdim edəcəyəm:

Mən Şuşanı görməmişəm, -
Şuşanı mənə göstərin.
Dağ başından uçuruma
Düşəni mənə göstərin.

Girmədiyim dəb qalmadı,
Demədiyim gop qalmadı,
Topxanada top qalmadı –
Meşəni mənə göstərin.

İlk baharın sazağında,
Anasının qucağında,
Xocalının ocağında
Bişəni mənə göstərin.

Bu yoldan yüküm gedəcək,
Dərdimi çəkim, gedəcək...
Önümüzdə kim gedəcək? –
Paşanı mənə göstərin!
    
Teymur Kərimlinin poetik təxəyylündə bədii interpretasiya son dərəcə güclüdür. Əslində, onun şeirləri gerçəkliyə interpreativ baxış ardıcıllığıdır, bu üsulla gercəkliyi poetik təhlildir.  Burada onun alimlik səriştəsi ilə, təbii poetik istək axarı birləşə bilir. Bu poetik təhlillərdə müəllifin fikir və idrak surəti, subyektiv emosiya ovqatı nə qədər əks olunursa, zamanın, ictimai mühiin fikir-idrak sürəti, emosiya ovqatı da, demək olar ki, o qədər öz əksini tapır, bədii-estetik çevrilmə hadisəsi baş verir...   Taftalogiya olmasın, Teymur Kərimli bütün yaradıcılıq növlərində, istiqamətlərində nə yazırsa yazsın, onların hamısında  bir şairlik ruhu və cövhəri aşkar görsənir və o şair olaraq qalır!! O elmində, tədqiqatlarında, lap elə tərcümələrində də şair olaraq qalır! Şəksiz, bütünlükdə onun təfəkkürü öz xarakteri, öz tipalogiyası ilə şair təfəkkürüdür...

  Müşahidə etdiyimiz kimi, dövrün təlatümləri, əksilikləri, ziddiyyətləri, sosial, mənəvi, əxlaqi dilemmalar onun da şair taleyindən yan keçməyib. Teymur Kərimlinin ədəbi taleyi uğurlu ədəbi taledir! Bu talein əsas axarında həqiqətin dərki, ədalətsizliyin faş və ifşası, insanlığın məhəbbətə çulğanmış ucalığı durur... Elə şairlik bu deməkdir!

Bu gerçəkdir ki, ədəbiyyat mənəvi anlayışdır, həqiqətlərin təbliği, ədalətsizliklərin faş olunması, insanlığın uca tutulması məqamıdır... Ədəbiyyatın maqik gücü də buradadır!

   O ki, qaldı poeziyanın maqik gücnə, söz özü yaranışından maqikdir və bütün maqiklik sözdən gəlir... Bu maqik güc olmasaydı sən şeirdə, özü də yaxşı şeirdə özünü görə, özünü tapa bilməzdin. İnsan bircə sözündə də özünü tapsa, özünü görə bilsə elə bil ki, ən azı xoşbəxtlik qapısının kandarına qədər gələ bilib. Bircə o qalır ki, əlini uzadıb açsın... Teymur bu qapıların kodunu özü tapıb, özü də düşərində tapıb!

   Onu bilirəm ki, Teymur, nəzərdən keçirdiyim bu şeirlərin sənin həyatının, hisslərinin, xatirələrinin, yaşadığın duyğulu anların bir parçasıdır, anıdır, özündə gizlədiyi zamandır! Zaman hər yandan ötüb keçəndir! Bircə şeirdən, sözdən yan ötə bilmir. Zamanı təkcə söz dondurub saxlayır. Hərdən şeirlərini oxu və donmuş xatirələri oyat, bir daha yaşa!..

   Mən elə bilirdim səni çox yaxından tanıyıram, amma şeirlərini oxuduqdan sonra səni daha yaxından tanıdım... Tanıdım və sevindim!.. Sevindim ki, sən elə bu Teymursan – səmimi, təpərli, incə, zərif duyğulu, etibarlı, dəyanətli, ədalətli Teymursan! Şair ayrı cür ola bilməz! Bax, şeirin magik gücü, kim nə deyir desin, elə budur!!

  Teymurun şeir yaradıcılığı, təlatümlə, tufanla gəlmir, həlim, ahəstə... Arası kəsilməz sızqa bulaqlar təkin aramla axır, bum-buz, ürəyə məlhəm, könül yanğısını söndürən ağ sular kimi...

   Yaxşı olan budur ki, sənin mühitin şeirinin canına hopub və orda yaşayır... Sənin canında olan söz energiyası burada da səmərəsini verib, havayı yerə sərf olunmayıb... Amma, sən şeir kitabı çap etdirsən də, yenə də şairlik iddiasında deyilsən və şeirin, poeziyanın, poetikanın cikinə-bikinə akademik səviyyədə bələd olsan da, sənə elə gəlir ki, şeir yazmaq sənin xobbindir...

   Bəlkə də, bu sənin “oturub-durduğun” ustadlarıyın (Nizaminin, Füzulinin, Nəsiminin...) xofundandır, qazandığın intellektual məkanın mirajındandır, bilmirəm! Təkcə onu bilirəm ki, sən şairsən, özü də, ustadı-kamillərdən dərs almış şair!! Sən intellekt səviyyəsi ala-yarımçıq olanlardan deyilsən! Sən yuxusuz gecələrdə qazandığın klassik və müasir intellektinlə nəslən gələn səmimiyyətini, təbiiliyini, “saf kəndçiliyini” də qoruyub saxlamaqda mahirsən və elə bu hər şeyə bəs edər!!

    Səni oxumaq olduqca maraqlıdır və bu maraq elə bu dediyimdən gəlir. Şeirlərində qazandığın intellektlə, gendən gələn səmimiyyətin, təbiiliyin birləşdiyindən şeirlərin mənə olduqca oxunaqlı və maraqlı gəldi... Bir şeirindən, bir misrandan da yan ötə bilmədim...

 Xəbərin varmı, sən səndən əvvəl yazanlar kimi yaza-yaza səndən əvvəlkilərə oxşamırsan və səndən sonrakıların isə dabanlarını qırırsan. Çünki əlində qələm-kərənti poeziya biçənəyində girəvəli vər tutmusan...

 Teymur ümumiyyətlə orjinal adamdır,heç kimə bənzəməyən öz dünyası, söz dünyası var. Şeirində də belədir – bənzərsiz, orjinal! Deyirlər, haradasa adam öz ustadlarına bənzər! Nizami, Füzuli, Nəsimi, Cavid kimi “ustadlarla” oturub-duran, ixtilat edəndən nə gözlərdin, nə sözlərdin! Havayı yerə deməyiblər ki, həmxasiyyət olmaq elə bu tərzdən keçir...  

   Sənin şeiriyyətinin başqa bir cəhətini də duydum! Sən poeziyada vunderkind oyunçulara bənzəyirsən, istənilən mətnlə sərbəst rəfdar edə-edə söz oyununa – süjet, obraz, dil oyununa çıxırsan, söz meydanında çövkan oynamağı bacarırsan...

   Yekun: Teymur Kərimli intellektualllıq və təfəkkür baxımından ədəbiyyatımızda xüsusi çəkiyə malik, sanballı qələm adamıdır...  O, müxtəlif xətt növlərində yazılan əlyazmalarını səlis oxuduğu kimi, ürək sirlərini də oxumağı bacarır...

     Teymur, sən şeirində də öz yaradıcılıq missiyana sadiqsən və bu sadiqliyə həmişə tapın... Öz könül odanda qızına-qızına bizləri də qızdır...

  Teymur, əziz qələm dostum, sonda mənə bircə bu qalır deyəm ki, 60 yaşna qədər hansı enerji, istedad və ilhamla, məsuliyyətlə, laübalıqla yazmısansa 70, 80, 90-da da elə bu enerjini Allahımız səndən əsirgəməsin!.. Çünki səndə belə bir təbii yaradıcılıq kompleksi, yaradıcılıq ehtirası, mənəvi-idraki stixiya var və əminəm ki,  var olaraq qalacaq...

   Teymur Kərimli bir alim, mütərcim, filoloq, mətinşünas, publisist ömrü yaşadığı kimi, dəyərli, maralı, hissedilən bir şair ömrü də yaşayır! Qələm dostlarımızın hərəsi bir yandan onun yaradıcılıq ömrünü mübarəklədi, mən də ona bu 60 illik yubileyində şairlik ömrünü mübarəkləyir və qutlayıram! Şairlik ömrün mübarək, Teymur Kərimli!..

Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi