Modern.az

Arif Qazıyevdən Əbülfəs Qarayevə ETİRAZ: “Muğam Teatrını niyə ləğv etdilər?"

Arif Qazıyevdən Əbülfəs Qarayevə ETİRAZ: “Muğam Teatrını niyə ləğv etdilər?"

Mədəni̇yyət

5 Noyabr 2013, 13:13

“Neçə il əziyyərt çəkib Dövlət Muğam Teatrını yaratdım. Heç bir ölkədə olmayan, dünyada yeganə professional muğam teatrı idi. Teatrın bağlanıb, işçilərinin bölüşdürülməsi məni çox məyus edir”. Bu sözləri Modern.az saytına açıqlamasında Dövlət Muğam Teatrının keçmiş rəhbəri və yaradıcısı Arif Qazıyev deyib. O qeyd edib ki, Dövlət Muğam Teatrının yaradılması o vaxtı ölkə rəhbərliyi tərəfindən də müsbət qarşılanmışdı.

“Bir sıra ölkələri gəzib muğamlarımızı dünyada yaymağa başladıq. Əvvəl binamızı təmir adı ilə əlimizdən alıb bağladılar və şadlıq sarayı etdilər. Bina o vəziyyətə salınıb ki, artıq orada tarixdən əsər-əlamət yoxdur. Mən də danışmayım deyə, təqaüdə göndərdilər”.

A.Qazıyev bildirib ki, respublikada heç bir işə yaramayan və işləri görsənməyən o qədər teatr var ki, onlara vəsait ayrılır, yaşadılır. Lakin Dövlət Muğam Teatrı ləğv edilir.

“Kiminsə nəsə xoşuna gəlməyib, teatrı bağlayıb. Respublikada yeganə Muğam Teatrına şərait yaratmırlar. Bu erməni muğam teatrı deyil ki, Azərbaycan Dövlət Muğam Teatrıdır”.

A.Qazıyev teatrın 30 illiyində də Mədəniyyət və Turizm Nazirliyindən heç kimin onları təbrik etmədiyini vurğulayıb. Bununla da o, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi ittiham edib.

“Teatyrın 30 illiyini keçirmədilər. Heç nazir və ya nazirlik işçiləri gəlib, təbrik etmədilər. Bu bizim sənətimizdir”.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Dövlət Muğam Teatrının ləğv edilməsi barədə qərar verib. Baş nazir Artur Rasizadənin imzaladığı qərarda qeyd edilir ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilir. Ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.

Baş nazir sözügedən qərarı imzalayarkən, Mədəniyyət və Turizm, Maliyyə nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklif nəzərə alıb. 

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır