Modern.az

Sözxanadan REPORTAJ

Sözxanadan REPORTAJ

7 Noyabr 2013, 10:34


Burda hamı Sözə qonaq gəlir. Amma əlahəzrət Söz təbii ki, hamını özünə yaxın buraxmır.  Müəyyən müşahidələrdən sonra Söz öz işartılarını kimin içində görürsə, onu da qəbul edir və onun özünü də Söz adama çevirir. Biz də bu cür Söz Adamlarının cəm olduğu yerə, yəni Yazıçılar Birliyinə yollandıq. Ora çatanda Azərbaycanın Sözxanası olan bu məkanda - Natəvan klubunda məndən qabaq bir xeyli adamı Söz özünün süzgəcindən keçirməkdə idi. Artıq neçə ildir ki, fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin növbəti toplantısı keçiriləcəkdi. Həm Məktəbun üzvü, həm də Modern.az saytının müxbiri kimi olay yerindəydim.

Gənc Ədiblər Məktəbi-1 özünün uğurlu kadrları ilə nə dərəcədə vacib bir layihə olduğunu hələ çoxdan sübut edib. Belə ki, bu məktəbdən çıxanlar indi həm Azərbaycan mediası, həm də ədəbiyyatında oxunan imzalardandır. Elə bugünkü Gənc Ədiblər Məktəbi-2-nin qonağı da ilk müdavimlərdən idi. Bu, “Balerina” povesti ilə Milli Kitab Müsabiqəsində ikinci yerin sahibi, eyni zamanda digər əsərləri ilə müxtəlif mükafatlara sahib olan xanım yazar Pərvin Nurəliyeva idi.

Tədbiri GƏM-in rəhbəri və Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid açdı. Pərvin xanım barədə tanıtım nitqindən sonra gənclik və ədəbiyyat mövzusuna toxunan Rəşad müəllim  “söz mehmanlarına” bu işin nə qədər çətin və nə qədər məsuliyyətli olduğunu da vurğuladı.
Söz emalatxanası iki cür ola bilir. Biri fərdidir ki, o hər bir yazarın içində, beynindədir, digəri isə ictimai əhəmiyyət daşıyır ki, bu da Yazıçılar Birliyidir. Müşahidələrdən gördük ki, gənc yazarlar öz emalatxanalarının potensialı ilə Böyük emalatxanaya daha da bağlanmağın yollarını arayırdılar. Rəşad Məcidin gənclik və ədəbiyyat barədə nitqləri isə təbii ki, onlar üçün əlavə bir stimul olacaqdı.

Sonra söz tədbirin qonağı Pərvinə verildi. Danışarkən hiss etdik ki, gəncləri həvəsləndirmək və onlara yaradıcılığın ilkin pilləsinə çatmaq üçün stimul verəcək adam kimi bu xanım çox düzgün seçilib. Özü, karyerası və başlanğıcında olduğu ədəbi yol barədə çıxışında təsirli məqamlar var idi. Hiss olunurdu ki, bu xanım həqiqətən də ədəbiyyatı və Sözü yaşadır. Söz də onu yaşadacaqmı, bunu təbii ki, zaman  göstərəcək.

Yadımda ən çox iki məqam qaldı. Birincisi, magistr təhsili aldığı vaxtlarda gərgin dərs və iş qrafikindən sonra taksiyə verəcək pulu olmadığından avtobusla gələrkən uzun bir yolu qət etməsidir. Bu fakt Pərvin xanınla ortaq nöqtəmiz olduğundan mənə də təsir etdi. Digər məqam isə  yazı yazma prosesi barədə dedikləri idi. Yazının ruhunu tapana qədər yazarın çəkdiyi çətinliklər, beyin klapanlarının açılmasından sonra sel kimi axan sözlər hər bir ədəbiyyat adamına tanış olan səhnələrdi.

Sonra məktəbin üzvləri gənc yazara suallarını ünvanladılar. Hər verilən sualda hiss olunurdu ki, sual verən şəxs nə iləsə maraqlanıb sual verməzdən qabaq özününifadə etməyə çalışır.
Məktəbin koordinatoru olan Emin Piri və aktiv üzvlərdən olan Ramil Əhməddən  sonra sual verən şəxslərdə bu məqam hiss olunurdu. Tədbirin birinci hissəsi məhz, Pərvin xanıma suallar və onların müzakirəsi ilə bitdi.

İkinci hissədə isə məktəbin üzvləri ənənəvi olaraq  öz şeirlərini deməyə başladılar. Yenə də hərənin şeiri öz gözündə ideal idi, yenə də başqası öz şeirindən savayı heç nəyə “qulaq asmırdı”.

Söz isə onları dinləyirdi... Təbii ki, öz süzgəcini də işə salmışdı....






Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi