Modern.az

Ehtiraslar labirintdə-2

Ehtiraslar labirintdə-2

7 Noyabr 2013, 16:06

(əvvəli var)

Hekayə

Aslanın yeddisi çıxmamış Nura ərini də qoltuğuna vurub qardaşı evinə yerləşdi. Eşidib-bilənlər - “gör nə canıyanan qızdır, bu ağır günündə anasına, gəlininə dayaq olmağa çalışır”,- dedilər. Bircə Səriyyə arvad hiss edirdi ki, bu xına o xınadan deyil.

O vaxt – Valehin qızı doğulanda nənənin şərəfinə adını Nuriyyə qoymuşdular: Səriyyə-Nuriyyə. Molla duasını başa vurub uşağın adını üç dəfə qulağına oxuyan kimi, “məni bu qara qızla anacaqlar” - deyə arvad ərindən qalan qır-qızılını körpəyə vəsiyyət eləmişdi. Onun bu səxavəti doğmaca qızlarının bərk xətrinə dəymişdi: “Anamız bizə qıymadığını nəvəsinə verdi...” Nailəylə Adilə elə o vaxtdan hey umu-küsü edərdilər ki, Nuriyyəni yaman əzizləyirsən haa, ay ana, bizimkilər nəvən deyil?.. Arvad heç özünü o yerə qoymazdı. Qız da nə qız – qara kişmiş. Amma Nuriyyə böyüdükcə nənəni dilxorçuluq bürüyürdü. Çünki “qara kişmiş” deyə sevələdiyi şipşirin nəvəsi yaman paxıl qız olmuşdu, əmiuşağı-bibiuşağıyla yola getmirdi, məhəllədə hansı oyuna qatılsa dava salırdı, kimlə dostlaşsa başlayırdı o biri uşaqlarla bunun arasını vurmağa... Nənənin öyüd-nəsihəti nəticəsiz qalırdı. Səriyyə arvad ha fikirləşirdi ki, gəlinim də xoşxasiyyətdi, qanacaqlıdı, mərhəmətlidi. Nəslimizdə yoxdu beləsi, bu uşaq kimə çəkib...

“Qara kişmiş”in əməlləri Səriyyənin ürəyində gizli qüssəyə çevrilmişdi. Üstəlik xəbər tutanda ki raykomda işləyən gəlini uşağın adını yaş kağızında “Nura” yazdırıbmış, bir az da pərt olmuşdu. Ancaq yenə də Nuriyyəni hamıdan çox istəyirdi. İndi ürəyi qan ağlayan nənə istəkli nəvəsinin əməllərindən yaman təşvişə düşmüşdü. Dalağı sancırdı ki, bu gəlişin axırı yaxşı qurtarmayacaq.

- Dərd bir olsa, çəkməyə nə var, - deyə Səriyyə arvad qızlarına gileylənirdi. - Bu Sivet də Aslanın ölümünü Bənövşədən görür. Elə hey deyir, Fia ayıq yatır, necə olub Aslanın gəlişindən xəbər tutmayıb? Sivet deyir, bəlkə oğlumun yanındakı qızı görüb, qısqanclıqdan qapını özü bağlayıb üstlərinə...

Ömrünün yükünü güclə çəkən Səriyyə arvad işığı sönmüş gözlərini sualedici baxışlarla qızlarının üzünə dikib astadan pıçıldadı: - Vallah, babalı öz boyunnarına, mən inanmıram. Bənövşə belə qansızlıq edər yəni?

Qızlardan səs çıxmadı. Aslanın ölümündəki müəmma ölümün özündən betərdi. Bu müəmmanın yükü itkinin yükündən qat-qat ağırdı. Doğmalarının qəddini də, başını da əymişdi. Əgər qardaşoğlu hamı kimi öz əcəliylə, adam kimi ölsəydi, dərd yarıydı. İndi bibilər bilmirdilər camaatın ağzını necə yumsunlar. Hər ağızdan bir avaz gəlirdi: - Kişi də lotusunu evə gətirib, arvadının qulağının dibində onunla mazaqlaşar?.. Bəyəm Aslanın pulu yoxuydu kefini bir oteldə-zadda çəkə?.. Aaz, bunnarın istəyi Leyli-Məcnunu keçmişdi. Nooldu birdən-birə gəlib bu yerə yetişdilər?..

Həə, elin ağzı çuval kimi açılmışdı, yığıb-yığışdırmaq da qohum-əqrəbanın öhdəsinə düşmüşdü. Bibilər söz-söhbəti səngitməyə çalışırdılar. Nura isə hər yerdə yanan ocağın üstünə neft tökürdü. Yetənə deyirdi ki, qardaşımın başını Bənövşə yedi. Svetlana da gəlinini dindirmirdi. Bənövşə gözünə dəyən kimi “niyə oğlumu qorumadın, Fia? Oğlumu sənə əmanət etmişdim”,- deyə danlamağa başlayırdı. Gərginlik gündən-günə artırdı. İndi əsəblər daha tarım çəkilmişdi. 

Bənövşə hələ özünə gəlməmişdi. İçinə qapanıb yaşayırdı. Daha doğrusu, yaşamırdı, sürünürdü. Evdə, həyət-bacada kölgə kimi dolaşırdı. Soyuğa-sazağa-şaxtaya məhəl qoymadan saatlarla qarajın qabağında hərəkətsiz dayanır, arada başını yuxarı qaldırıb hansısa məchul nöqtəyə baxır-baxır, qəfildən silkinib  ayılan təhər olur, yenidən gözlərini qarajın içinə zilləyirdi. Onun bu halı Nuranı yaman sevindirirdi: -“Deyəsən, dəli olur. Lap yaxşı! Atdıraram dəlixanaya.” Hərdən də hövsələdən çıxırdı: -“Bircə dəlimiz çatışmırdı. Özünü artistliyə qoymağına bax.” Tez-tez təkrarlanan bu halların baş verdiyi günlərin birində Nura dözmədi:

– Bu nömrələr mənim yanımda keçməz, ay çoxbilmiş. Özünü camaata göstərmə. Keç içəri,- deyə Bənövşəni qarajın qabağından itələməyə başladı. Gəlin yerindən tərpənmədi. Sanki baldızını eşitmirdi.

– Aaz, məni saymırsan? Demədim rədd ol evə? - Nuranın qışqırığı həyəti bürüdü. Hasarın o tayından səsi eşidən Laləzar özünü yetirənədək iş işdən keçmişdi. Gözü qızmış Nura gəlinin təpəsinə-təpəsinə döyəcləyirdi. Balaca Seymur qorxu içində yalvarır, “bibi, noolar anamı öldürmə”,- deyib ağlayırdı. Durduq yerdə Nura elə vəhşiləşmişdi ki, bir qarama da uşağın başına saldı. Seymurun yerə yıxıldığını görən Bənövşə sanki yuxudaydı ayıldı və qolaylanıb tərs şillə çəkməyilə Nuranın burnundan qan fışqırmağı bir oldu. Həyətdə bir mərəkə qopdu, gəl görəsən. Qəbir üstündən qayıdanlar küçədən səsi eşidib hövlnak özlərini həyətə atdılar. Svetlananın dalınca baldızları və qudası içəri girdi. Nuranın qana bulaşmış üz-gözünü, hələ də yerdə sərili qalan Seymurun “anamı öldürmə”- deyə  yalvarışlarını, ayaq üstdə tir-tir titrəyən Bənövşənin donuq baxışlarını görüb hamısı mat qaldı.

Oksana tez qızının üstünə qaçdı, Bənövşəni qucaqlayıb ona dayaq olmağa çalışdı. Bənövşə ruh kimi anasının qolları arasından sürüşüb torpağa çökdü. O, huşunu itirmişdi.  Mayor Aydın təcili yardım çağırtdırdı. Bənövşəni ayıltmaq asan olmadı. Həkimlərin dediyinə görə, o, dərin sinir böhranı keçirmişdi.

Bu arada bibiləri əl-ayağa düşüb Nuranın burnuna duzlu pambıq qoymuşdular. Qan kəsilmişdi. Amma onu susdurmaq olmurdu. Qışqırır,  Bənövşənin qarasınca deyinir, özünü təmizə çıxarırdı.

İki od arasında qalan Svetlana nəvəsini qucağına alıb kiritməyə, evdə nə baş verdiyini öyrənməyə çalışırdı: - Sənə noolub, mənim balam? Nənəsinin ulduzu, günəşi!

Nəvazişdən bir az da kövrələn Seymur nənəsinin boynunu qucaqlayıb hıçqırırdı: - Bibim anamı öldürmək istəyirdi, dedim eləmə, məni də vurdu.

Uşağın sözü qaranlıqda şimşək olub gizlinləri aydınlatdı. Anlaşılmayan tək şey Nuranın qəzəblənməsinin səbəbiydi. Əmiləri peşman-peşman əllərini yellədilər. Qohumların reaksiyasını görən Nura - “yalan danışma!”- deyə uşağın üstünə yeriyəndə Svetlana dözmədi. Qızına möhkəm təpindi. Evdə bir neçə dəqiqəlik sükut yarandı. Axşam camaat dağılışandan sonra anası Nuranı dilə tutub evinə yollamaq istədi. Qız iki ayağını bir başmağa dirəyib getmədi.

– Mən burda qalacam. Gedirsə, o getsin. Bura mənim atamın evidir, mayor Aydının xarabası deyil!

“Görəcəkli günlərim varmış”,- deyə Svetlana astadan pıçıldayırdı. Oksana vəziyyəti belə görüb - “mənim qızım sahibsiz-zad deyil ki, başına-başına döyəsiz”- deyərək qapını çırpıb çıxdı. O, həyətdən ərini çağırmağa yollanmışdı. Aydını tapan kimi dil boğaza qoymadan, birnəfəsə dedi:

– Aydın, elin qınağından keçib, qırxa qədər balamı burda qoysam, uşağımı çərlədərlər. Kim nə deyir-desin. Gözümün ağı-qarası bircə övladım qalıb. Onu da Nuranın əlinə verib məhv edəmmərəm,- deyə Oksana ərini razılaşdırmağa çalışırdı. - Anası bir yandan burunlayır qızımı, balası bir yandan. Evə aparsaq, bir həkimə də göstərərik. Üç həftə keçir, hələ bu qız kəlmə kəsməyib. Eləcə məlul-məlul baxır. Eşitdin, təcili yardım nə dedi? Qıza əməlli-başlı müalicə lazımdı. İndi üstünə düşməsək, sonra gec olar.

Oksana elə hikkəliydi ki, əri istəsə də bu məqamda ona etiraz edə bilməzdi. Qadının gözəl çöhrəsini hirs boğmuşdu, əlləri titrəyirdi. Əslində Aydının da ürəyindəndi qızını acı xatirələrin şahidi olan bu evdən uzaqlaşdırmaq. Amma elin tənəsindən, yaman söz-söhbətdən çəkinirdi.

Həmin axşam Aydıngil qudalarıyla məsləhətləşib qızlarını apardılar. Balaca Seymur da anasıyla getdi. Uşağın gözü yaman qorxmuşdu, elə bilirdi anasını gözdən qoyan kimi o da öləcək. Darvazadan çıxanda Bənövşə ayaq saxlayıb qaraja tərəf döndü, sonra adəti üzrə yuxarı – səmaya boylandı. Baxışlarıyla kiminləsə vidalaşdı. Seymurun əlindən bərk-bərk tutub atasının maşınına doğru irəlilədi. O an heç kəs bilmirdi ki, ər evinin darvazasından adlayan Bənövşəni hansı sürprizlər gözləyir. Nuradan başqa evdəkilər hamısı ağlaşırdılar. Aslanın qırxı çıxmamış arvad-uşağının doğma ocağı tərk etməsi yaman yer eləmişdi onlara. Ev dağılan tifaqa oxşayırdı. Səriyyə arvadın ürəyinə qorxu çökmüşdü: birdən bu gedişin dönüşü olmaz... 

Bənövşəgil evi tərk edəndən iki-üç gün sonra Bozdar da yoxa çıxdı. Həyət-baca sahibsiz qalmışdı. Bozdarın sayıqlığına öyrəşmiş qəsəbə camaatı onun yoxluğunu dərhal sezirdi. Hüzrə gələnlər danışırdılar ki, Bozdarı qəbristanlıqda görüblər. Aslanın vəfalı köpəyi gecələr sahibinin qəbri üstə uzanıb səhərədək ulayırmış. Bu xəbəri eşidən bibiləri him-cimlə Nuranı göstərib - “bunda Allahın heyvanı qədər vəfa yoxmuş, qardaşı ölən kimi arvad-uşağını perikdirdi” - deyə pıçıldaşdılar.   

Havalar get-gedə lap soyuyurdu. Arada qar yağır, gecələr şaxta düşürdü.  Svetlana isə qapı-pəncərəni nə qədər açıq qoysa da, ev sərinləmirdi. O nə adam içində dinclik tapırdı, nə də təklikdə. Ürəyi elə yanırdı ki, cızdağı çıxırdı. Elə bil içində ocaq qalanmışdı. İstisi anbaan şiddətlənirdi. Aslansız ev Svetlanaya yaman işgəncə verirdi. Hadisədən xeyli keçsə də, yasa gələn-gedənin arası kəsilmirdi. Zarafat deyil, Svetlana Qriqoryeva-Mehdizadə on beş il bu rayona rəhbərlik eləmişdi. Camaata əl tutan ikinci katib olmuşdu. Valehin də el arasında xətri-hörməti çoxuydu. Mehdizadələr bu rayonda köklü nəsil idilər. Üstəlik mayor Rüstəmzadəylə qohumluqları onları bir boy da ucaltmışdı. Amma başlarına gələn müsibətdə min xətir-hörmət bir itkinin yerini doldurmurdu. Doğmaların ürəyi Aslanın yoxluğuyla barışmırdı. Anası bütün günü ürəyində oğluyla söhbətləşirdi: - “Özünlə birgə evimizin rahatlığını, sevincini də apardın, oğul. Bu səssizlikdə mən necə yaşayım? Sənin ölümündə Fianın barmağının olub-olmadığını necə öyrənim? Gəzirdin, belə lap yaxşı eləyirdin. Qaraja niyə girdin, yer başına qəhət idi, ay oğul? Nura hey deyir... Yoox, yaxşısı budur, sən heç bilmə onun dediklərini. Qanın qaralmasın. Başım ayazısın araşdıracam görüm, qızım deyənlər nə dərəcədə düzdür. Mən bu işi belə qoymaram. Çox da ki hamı deyir “qəzadır”. Qızım deyənlər düz olsa, Fialkanı yandırıb-yaxacam. Ona cəhənnəmi bu dünyada yaşadacam. ...Olmasa da səndən sonra gözüm götürmür onu. İncimə oğlum. Sizi qoşa görməyə öyrəşmişdim. Sən öldün getdin, arvadın sappasağ durur. Ona hər baxanda yanındakı boş yer tikan olub batır bəbəyimə. Kaş, o öləydi, sən qalaydın. ...Oğuuul, ay oğuuul! Həmişə deyərdin ki, böyüyəndə memar olacam, ana, sənə böyük ev tikəcəm. Bu yurdu kimə qoydun getdin, ay oğuuul? Sənsiz nəyimə gərək bu boyda ev? Qalmışam tək Nuranın ümidinə. Otuz il bir yastığa baş qoyduğum ərimdən mənə qalan yeganə yadigar Nuradı.”

***

Qardaşıgildən qayıdan Nailə asta-asta qəsəbənin o başına üz tutmuşdu. Bu yas onları yaman əzirdi. Yorulub əldən düşmüşdü. Fikirdən başı çatlayırdı. “Anam gedib evinə yığışsa, biz də hər gün gəlmək məcburiyyətində qalmarıq. Svet də yazıqdı. Bilmir oğlunun dərdini çəksin, yoxsa gələn-gedənin qeydinə qalsın.”

Bir az irəlidə iki cavan gəlin gedirdi. Başları söhbətə elə qarışmışdı ki, səslərinin necə yüksəldiyini hiss etmirdilər. Əslində küçə də bomboşdu. Qış vaxtı, rayon yeri, axşamın qaranlığında kim olacaqdı ki yolda-izdə. Nailənin qulağına tanış adlar dəyəndə onu maraq bürüdü, Aslangildən danışırdılar. Nailə bibi diqqətini cəmləyib gəlinləri tanıdı: bayaq Nuranın yanına gəlmişdilər.

– Bu Nurada kin varmış haa, axır ki dediyini elədi.

- Nə kin, Ləman?

- Həmidə, yadındadı biz doqquzda oxuyanda Bakıdan yazıçılar gəlmişdi? Raykomda görüş oldu haa?

– Hə, hə.

–       Orda bunnar yaman tutaşdılar. 

–       Nəyin üstə?

–       Nəyin olacaq, gülün. Güldən başlayan dava nüfuz məsələsinə döndü.

–       Nə nüfuz, ay Ləman, bir əməlli-başlı danış görüm.

–                   O vaxt Svetlana Qriqoryeva ikinci katibiydi. Görüşün təşkilinə Nuranı da qoşmuşdu. Bu da eləmədi tənbəllik, neçə gün əldən-ayaqdan getdi. Gecələr yatmayıb plakatlar hazırladı. Hələ gələnlərin ən məşhur kitablarının şəklini də çəkib, yanında sitatlar vermişdi. Qonaqların qabağına salınan süfrələri elə yuyub kraxmallamışdı ki, hamısı şax dururdu.

Bu yerdə Həmidəni gülmək tutdu.

–       Düz deyirsən? Sən canın?

–       Əlbəttə. Qızda həvəsə bax, gedib özünə təzə kofta da tikdirmişdi.

–       Aaaa... Başı xarabdı ki? Yazıçılar ona elçi düşəcəkdilər?

–       Yazıçılar yox, Camal.

–       Hansı Camal, ay qız?

–                   Bir səbr elə daa. Altı aylıqsan? Həəə. Deməli, görüş qurtaranda Nura forslana-forslana keçdi qabağa, məktəblilər adından təşəkkür edib gül verdi qonaqlara.

–                   Qızda fərasətə bax haa.

–                   Ölsə, başqasına macal verməzdi. Axı o gülləri bircə-bircə bağban Əhmədin bağından seçib dərmişdi, sonra da canı çıxa-çıxa payi-piyada raykoma gətirmişdi. Yadındaa, o vaxt Nura necə arıq idi? Salona girəndə oğlanlar söz atdılar ki, qucağındakı güllər özündən böyükdü.

–                   Yadıma düşdü, xatırladım. Ləman, elə danışdın, lap kino lenti kimi gözümün qabağında canlandı hər şey. Kaş, məktəb illərimiz olaydı.

–                   Uyma, ay qız, uyma! Sözümün canı var. Nuranı bir ömürlük nifrətlə silahlandıran hadisə o görüşdə baş verdi.

–                   Nooldu ki?

–                   Canına azar oldu. Ona kim deyirdi o qədər canfəşanlıq eləsin. Nuraya quruca “sağ ol” dedilər, güllər isə Bənövşəyə çatdı. Hələ bir kompliment də   aldı Bənövşə xanım. Həmidə ağız-gözünü əyə-əyə həmin yazıçını yamsıladı: - “Biz də bu gözəl gülləri özü çiçək olan məktəbli qızımıza bağışlayırıq!”- Bu dərdə dözmək olar, Ləman? Kim dözsə də, Nura dözəmməz.

Bayaqdan söhbətə qulaq verən Nailəyə qardaşı evindəki intriqaların səbəbi  agah oldu.

Ləman çiyinlərini yırğalayıb - bir bəzənmişdi, gəl görəsən - dedi. - Əslində yazıçılardan kompliment qopardıb Camalın gözünə girmək istəyirdi, o da olmadı. O anda Nuranı ilan vursa, belə yandırmazdı. Fıs-fıs fısıldayırdı. Plakatları cəhənnəmə, heç koftası da işə yaramamışdı.

–                   Yazıq. Əməli-başlı təhqir olunub ki. Dərdindən öldüyü oğlanın gözü qabağında sındırıblar qızı. Vay-vaaay. ...Həmin gün hazırlığım vardı, müəllim yanına gedirdim deyə mən tez çıxmışdım. Buralarından xəbərim olmayıb.

–                   Elə bilirsən bununla iş bitdi? Bitmədi. Bakıdan gələnlər salondan çıxan kimi cumdu Bənövşənin üstünə. Gözünə döndüyüm də Nuraya bir od qoydu, tüstüsü təpəsindən çıxdı. Nazlana-nazlana qayıtdı ki, layiq görsələr  sənə verərdilər, mənə yaraşdırdılar ki, mənə verdilər!

–                   O da azacıq aşın duzu deyil haa.

–                   Əsas mərəkə sonra başladı. Yuxarı sinifdəki caniklər Nuranın ədasını lağa qoyub gülüşdülər. Başladılar ki, raykom balası olanda noolar, gərək hər şey sənə çata? ...Adama oxşamır, gör özünü kimlə müqayisə edir... Bu atmacalardan Nuranı lap od götürdü. Pərtlikdən bilmədi harda gizlənsin. O vaxtdan “sarı pişiyə” düşmən kəsildi. Yazıq qız elə bilirdi ki, onu Camalın gözündən bu hadisə salıb. Ta xəbəri yoxuydu ki, oğlanın bundan zəhləsi gedir.  

–                   Deyirsən yəni o hayıfı çıxır gəlinindən? Gör neçə il keçir. Onsuz da Bənövşə də yarımadı. Bədbəxt oldu. Aslan ölümüynən qızı biabır elədi...

–                   Sən Nuraya bələd deyilsən? O unudaar? Qardaşı arvadı yox, lap gözünün işığı ola, yenə Nura nə unudar, nə də bağışlayar.

–  Məni qınama, qızın içindəki zəhər sifətinə çöküb elə bil. Belə baxanda üz cizgiləri düzgündü, qaşı-gözü yerindədi. Di gəl ki, Nurada bir zərrə xoşagəlimlik, cazibə yoxdu. Vaqif də onu xətirlər xətrinə aldı. Məktəbdə adını “zəhər tuluğu” qoymuşdular, yadındaa?

–                   Qardaşı Bənövşəylə evlənəndə Nura hirsindən çat verib çatlayırdı. Bütün günü qızı qaralamaqla məşğuldu. Ancaq Aslanın məhəbbəti elə güclüydü ki, bacısının qarayaxmaları milçək vızıltısına dönürdü.

–                   Yaxşı görək sən də. Belə güclüydü ki, getdi lotuşkasıyla qarajda öldüü? Arvadını sevən kişi bu qələti eləməzdi.

–                   Sən bilmirsən, Nura nə oyunlardan çıxırdı. İlk illər bütün cəhdləri daşa dəyirdi. Aslan firmaya düzələndən sonra nooldusa, düşdü bacısının toruna. Əlinə yaxşı pul gələn kimi, Nuranın tapdığı gözəlçələrə xərcləyirdi.

–                   Öz aləmində həyatdan kam alırmış daa, Ləman.

–                   Əvvəl-əvvəl ötəri əyləncə sandığı könül əyləndirmələr yavaş-yavaş vərdişə çevrildi. Aslan Nuranın əlində oyuncaq olmuşdu. Çıxammırdı onun torundan. O qədər üzü üzlər gördü ki, pozuldu Aslan. Axırı da öz başını yedi.  

***

İndi əsl qisas məqamıydı. Nura bütün heyfini Bənövşədən çıxacaqdı. Gəlinin yığışıb atası evinə getməsi lap əl-qolunu açmışdı.

– Ana, bu evi mənim adıma saldıracaqsan. Ölsəm qoymaram atamın yurdu, qardaşımın evi o adamaoxşamaza qalsın.

– Nə sərsəmləyirsən, Nura? Lap həddini aşdın haa. Mən ölmüşəm bəyəm, evi sənin adına saldıram? Sənin evinə nə gəlib?! Ərini də götür, günü bu gündən get otur evində! Məni hövsələdən çıxartma.

Anasının bərk qəzəbləndiyini görən Nura hiyləyə əl atdı. Sifətinə yazıq ifadə verib - “Allah eləməsin, sənə bir şey olsun...”- deyə yalandan ağlamsınmağa başladı. - Səndən başqa kimim var mənim? Atam ölüb, qardaşım da bu adamaoxşamazın badına getdi. Özün bilirsən ki, qohumların da Aslanı sevirdilər, məni gözləri götürmür. Yetim qalan canım. Uşağım da olmur. Sabah Vaqif məni boşasa, küçələrdə qalacam. Səncə, gəlinin imkan verər, mən gəlib burda yaşayam?

Uşaq söhbəti Svetlananın yarasına duz basdı. Neçə dəfə Almaniyaya da aparmışdı qızını, ən yaxşı həkimlərə göstərmişdi. Çarə tapılmamışdı. Əslində Nuranın elə bir xəstəliyi də yoxuydu ki, müalicə eləsinlər. Sadəcə, uşağı olmurdu.  Ümid Allaha qalmışdı.

Bir xeyli fikrə gedən Svetlana  handan-hana dilləndi:

–                   Neçə ki mən sağam, gəlin sənə “gözün üstə qaşın var” deyə bilməz! Lazım olsa, burda yaşayacaqsan. Mərtəbənin birində sən olarsan, birində də onlar. Gözünə soxmayacaq ki, bu boyda mülkü?! Amma hələ ki ərin-evin var, bu sevdan baş tutmaz. Nə bilirsən, bəlkə sabah doğacaqsan? İndidən başlamısan qara-qara fikirlərə.  

Axırıncı sözləri deyəndə Svetlana qəhərlənmişdi. Nura anasının yumşaldığını hiss etdi. Axır ki, zəhərini damızdıra bilmişdi. Bundan sonrası çətin olmayacaqdı.

(ardı var)

oktyabr, 2013

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir