Modern.az

“Muğam-2013” müsabiqəsinin qalibi: “Tərif arxayınlıq gətirir, ona aldanmaq olmaz” - MÜSAHİBƏ

“Muğam-2013” müsabiqəsinin qalibi: “Tərif arxayınlıq gətirir, ona aldanmaq olmaz” - MÜSAHİBƏ

Mədəni̇yyət

8 Noyabr 2013, 11:29

İki gün öncə Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam televiziya müsabiqəsi – 2013”ün final konserti keçirildi. Müsabiqə iştirakçılarından 14 nəfərinə diplom verilən gecədə münsiflər heyətinin yekdil qərarı ilə Sərxan Bünyadzadə birinci yerin sahibi oldu.

Modern.az saytının müsahibi müsabiqənin qalibi Sərxan Bünyadzadədir.

– Musiqiyə həvəsim kiçik yaşlarımdan yaranıb və valideynlərim məni 10 yaşımda Nehrəm musiqi məktəbinə yollayıblar. O məktəbdə ilk muğam nəfəslərini öyrənmişəm və orda ilk müəllimim Hünər Əliyev olub. Demək olar ki həmişə oxuyurdum və hamı bilirdi ki, səsim var, bu səsin mənim gələcəyimdə böyük rolu olacaq. Yeri gəlmişkən, 13 yaşlı qardaşım Ayxanın da çox gözəl səsi var və Bakıda keçirilən bir neçə müsabiqənin laureatı olub.

– Adətən, uşaqlar incəsənəti seçəndə (bu daha çox qızlara aid olsa da, bəzən oğlanlara da aiddir) valideynləri bunu istəmir. Onları daha çox həkim, müəllim görmək istəyir. Sizin seçiminizə etiraz edən oldu?

– Düzdü. Amma hamı həkim, müəllim olsa, bəs bu xalqın xanəndəsi kim olacaq?! Bizim də vətənə və xalqa xidmətimiz bu cürdür. Azərbaycanın musiqisini, muğamımızı yaşatmaq borcu bizim üzərimizə düşdü və bu borcu yerinə yetirmək bizim üçün böyük bir şərəfdir.

– Nehrəm musiqi məktəbində neçə il oxudunuz?

– 5 il. Məktəbi bitirdikdən sonra, 2006-cı ildə Naxçıvan Musiqi Kollecinə daxil olmuşam. Bu məktəb mənə muğamların sirlərini, musiqi mədəniyyəti, səhnə mədəniyyəti və bir çox şeylər öyrətdi. Oradakı müəllimlərimin də üzərimdə əməyi çoxdu: Əbülfəz Məmmədov, Qurban Qasımov, Vahid Quliyev, Əşrəf Abdullayev, Şirzad Abutalıbov və s. Ümumiyyətlə, Naxçıvanda keçirilən bir çox müsabiqənin laureatı olmuşam.

Kollecində oxuduğum müddətdə eşitdim ki, gənc xanəndələr arasında muğam müsabiqəsi keçiriləcək və bu müsabiqə Astara rayonunda olacaq. Müəllimlərimin dəstəyi ilə bu müsabiqəyə qatıldım. Müsabiqənin münsiflər heyəti hazırkı müsabiqənin münsiflər heyəti idi, o cümlədən  indiki müəllimim Gülyaz Məmmədova. Çox uğurla davam edən müsabiqənin laureatı oldum. Və 2010-da kolleci bitirib hərbi xidmətə yollandım.

– Muğam müsabiqəsinə qatılmaq fikri hardan ağlınıza gəldi?

–  Hərbi xidmətdən qayıdandan sonra mənim könlümdən Bakıya getmək və orada ustadlardan muğamların dərinliyini öyrənmək keçirdi və bu arzuma da çatdım. 2012-ci ildə Bakıya yollandım və Gülyaz Məmmədova məni öhdəsinə götürdü. Bir il dayanmadan 2013-cü ildə keçiriləcək muğam müsabiqəsinə hazırlaşdıq. Nəhayət, müsabiqənin AzTV-də reklamını verdilər. Məni həyəcan basdı. Məşqlər daha da gərginləşdi. Müsabiqəyə qatıldım. 3 turda münsiflər heyəti haqqımda qərarı müsbət idi. Nəhayət, sonuncu tur və həyəcan. Adım 20-likdə çəkildi. Sevincimin həddi-hüdudu yox idi.

– Yaxşı oxuyurdunuz və tərifləyirdilər. Bəs bu təriflər sizdə arxayınlıq yaratmırdı?

– Əlbəttə ki, tərif yaxşı şey olsa da, ondan qaçmaq lazımdır. Çünki tərif arxayınlıq gətirə bilər. Amma Allaha şükür olsun ki, məndə arxayınlıq olmadı. Çalışdıq və mənə elə gəlir ki, əməyim hədər getmədi. Münsiflər heyəti və Azərbaycan xalqının qarşısında imtahan verdik.

– Qalib olduğunuzu eşitdiyiniz an nə hiss keçirdiniz?

– Qalib olduğuma inanmırdım. Adım birinciliyə çəkildiyi an heç nə hiss etmirdim. Çünki məndə hər bir hissdən var idi: sevinc, kədər...

– Sevinci anladım. Bəs kədər niyə?

Çünki bu yerə çətinliklə, əzab-əziyyətlə gəlib çıxmışam. Buna görə də peşman deyiləm. Əziyyət çəkməyən insan həyatın dadını, dəyərini bilməz. 

– Muğam ustalarından kimi özünüzə örnək bilirsiniz?

Əslində, Azərbaycanın bütün muğam ifaçıları örnəkdir. Mən hamısından bəhrələnirəm. 

– Muğamdan başqa digər musiqi növlərinə də qulaq asırsınız?

- Əlbəttə, Azərbaycanın klassik musiqilərinə, simfonik muğamlara, retro musiqilərə də çox qulaq asıram. 

– Adətən, muğam oxuyanlarda estrada oxumaq da yaxşı alınır. Nə vaxtsa istəyərsiniz ki muğamla yanaşı estrada da oxuyasınız?

– Məncə, yox. Çünki indiki estradamız mən istəyən formada deyil. Retro musiqilər oxuyardım. Arada oxuyuram.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır